Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1021/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Ağsu rayonun Bico kəndində anadan olmaqla Sumqayıt şəhəri K.Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 2 qeydiyyatda olmaqla yaşayır. Özünə minik avtomobili almaq istəyirdi. Bu səbəbdən internetdə sosial şəbəkələrdə verilən elanlara baxırdı. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən verilən elanda Kia Rio markalı, ** UJ *** dövlət qeydiyyat nömrəli minik avtomobili xoşuna gəldi. Avtomobilin sahibi Cavabdeh1 ilə əlaqə saxladı. Avtomobilin ona satış qiymətinin 8.800 manat olması barədə razılaşdılar. Cavabdeh avtomobilin qeydiyyat vəsiqəsini ona göndərdi. O, xx.xx.2024-cü il tarixdə eManat vasitəsi ilə 250 manat pulu cavbadeh Cavabdeh1 adına göndərdi (qəbz əlavə edilmişdir). Cavabdeh1 avtomobilini Cavabdeh2 ilə onun yaşadığı Sumqayıt şəhərinə göndərdi. Cavabdeh1 tapşırığı ilə razılaşdırılmış 8.800 manat pulu xx.xx.2024-cü il tarixdə Cavabdeh2 ödədi. Bundan sonra Cavabdeh1 avtomobilin razılaşdırılmış pulunu onun nümayəndəsinə tam ödənilməsinə telefonla əmin olduqdan sonra iddiaçının sənədlərinin (şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi) surətinin göndərilməsini istədi. İddiaçı sənədlərini ona göndərdi. Bundan sonra xx.xx.2024-cü ildə iddiaçıya Baş etibarnamə verdi. İddiaçı avtomobili ustaya göstərmək üçün 15 manat, rulovoy lenti üçün 120 manat, yağın ölçü cihazı üçün 250 manat, yağ dəyişmə üçün 160 manat (yağ, filtr və usta pulu), əlavə ödənişlər etmişdir. Avtomobil hazırda iddiaçının istifadəsindədir. Etibarnamə veriləndən bir neçə gün sonra Cavabdeh1 birtərəfli qaydada etibarnaməni ləğv etdirdi və avtomobilini geri tələb etdi. Aralarında bağlanmış müqavilə öhdəliklərini pozub. İddiaçı ona pulu tam ödədikdən sonra avtomobili geri qaytaracağını bildirdi. Lakin, cavabdeh iddiaçının ona nağd olaraq ödədiyi 8.800 manat pulu və çəkdiyi xərclərini qaytarmaq istəmir. Ona görə də pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə bərpa edilməsi üçün müraciət etməli olmuşdur. Göründüyü kimi cavabdehlər ilə aralarında bağlanmış müqavilə şərtləri tam yerinə yetirilmiş, lakin onların qəsdən edilmiş təqsirli hərəkətləri nəticəsində müqavilə öhdəlikləri pozulduğundan alınmış pul, əmlakın yaxşılaşdırılmasına çəkdiyi xərclər və ziyan ödənilməsinə cavabdehdirlər. Avtomobilin alqı-satqısına görə tərəfindən ödənilmiş avtomobilin alınması üçün 8.800 manat, avtomobilin rəsmiləşdirilməsi, texniki baxış, yaxşılaşdırılması üçün iddiaçı tərəfindən ödənilmiş 160+120+250+15=545 manat, dəymiş zərərə görə 310 manat pul cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması, 9345 manat əsas, 310 manat mənəvi zərər, 120 manat ödənilmiş dövlət rüsumu, vəkil xidmətinə görə ödənilmiş 220 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etdi ki, Cavabdeh2 ilə Saray postunda avtomobilli yoxlatdılar. Daha sonra Cavabdeh1 ona avtomobillə bağlı ümumi etibarnamə vermiş və yalnız bundan sonra o, avtomobillə bağlı ödənişi Cavabdeh2 etmişdir. Bundan bir neçə gün sonra isə avtomobili özəlləşdirmək istəyərkən ona məlum oldu ki, ona verilmiş etibarnamə ləğv edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq Cavabdeh1 onun Cavabdeh2 ödəniş etməyindən məlumatlı olduğunu, Cavabdeh1 pulu Cavabdeh2 verməyinə razılaşdığını, pulu verdikdən sonra ona etibarnamə verildiyini, iddia etdiyi behin cavabdeh tərəfin etiraf etdiyini, avtomobilə çəkdiyi xərclərlə bağlı sübutlarının olmadığını bildirdi. 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında qeyd etdi ki, cavabdehlər arasında daha öncələr də mütəmadi şəkildə avtomobillərin göstərilməsi, satılması ilə bağlı əməliyyatlar aparılmışdır. Bu da sübut edir ki, cavabdehlər əlbir hərəkət etmiş və iddiaçını aldatmışlar. İddiaçı ümumilikdə nağd olaraq 50 manat beh, 250 manat kart hesabına göndərilməklə, 8500 manat isə avtomobilin dəyəri olaraq, ümumilikdə avtomobilin alqı-satqısı ilə bağlı cavabdehlərə 8800 manat pul vermişdir. Bundan başqa, iddiaçı avtomobili ustaya göstərmək üçün 15 manat, rulovoy lenti üçün 120 manat, yağın ölçü cihazı üçün 250 manat, yağ dəyişmə üçün 160 manat ödənişlər etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 5.Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin onlara aid hissədə qəbul etməyərək izahatında qeyd etdi ki, hazırki mülki iş üzrə digər Cavabdeh2 onların nümayəndəsi deyildir və onun hüquqlarını müdafiə etdiyi şəxsin avtomobilini satmaq kimi bir hüququ olmamışdır. Ona verilmiş etibarnamə sadəcə avtomobilin idarə edilməsi ilə bağlı olmuşdur. İddiaçı ilə hüquqlarını müdafiə etdiyi şəxs arasında isə heç bir əlaqə olmamışdır. Həmçinin, iddia ərzəsində qeyd edilir ki, iddiaçı tərəfindən Cavabdeh1 250 manat pul ödənilmişdir. Lakin bunu təsdiq etmək üçün iş materiallarına əlavə edilmiş qəbzdə hesabın Cavabdeh2 məxsus olması aydın görünür. Hadisə ilə bağlı isə, hüquqlarını müdafiə etdiyi şəxs digər Cavabdeh2 tapşırmışdır ki, özünə məxsus avtomobili idarə edərək İddiaçı göstərsin. Daha sonra isə özünə məxsus bank kartını Cavabdeh2 “Whatsapp” üzərindən göndərərək İddiaçı təqdim etməsini və vəsaitin həmin hesaba köçürülməsini istəyir. Cavabdeh2 isə bildirir ki, sistemdə ona verilmiş etibarnamə görünmür. Yol Polis idarəsində yenidən yoxlayacaqlar. Əgər orada görünərsə, sənədləşmə işləri həll olunacaq və pul ona göndəriləcəkdir. Lakin bundan qısa müddət sonra hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh2 ilə əlaqə saxlamağa cəhd etsə də, buna nail ola bilməmiş və nəticədə ona vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. Yekun olaraq, Cavabdeh1 heç bir vəsait çatmamış və bütün vəsaiti Cavabdeh2 əldə etmişdir. Odur ki, bu qeyd edilənlərə əsasən iddia tələbinin Cavabdeh1 aid hissədə rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq, iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq hazırda mübahisəli avtomobilin iddiaçıda olduğunu, bununla bağlı hər hansı tədbir görülmədiyini, çünki Cavabdeh1 uzun müddət qızılca xəstəliyindən əziyyət çəkdiyini, hazırda isə baxılan işin yekunlaşmağını gözlədiklərini, Cavabdeh1 ilə Cavabdeh2 arasında əvvəllər də avtomobil satışı ilə bağlı əlaqələrin olduğunu, Cavabdeh1 işləri ilə əlaqədar çox vaxt ölkə ərazisində olmadığını, ola bilsin ki, bir neçə dəfə avtomobil alqı-satqısı ilə bağlı aralarında münasibətlər olduğunu bildirdi. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan sms çıxarışdan görünür ki, 99UJ672 nömrəli neqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində, 16084810 talon nömrəsi ilə texniki baxışdan keçmişdir. 9.Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 99UJ672 nömrəli qeydiyyat nişanlı, Kia Rio minik markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur. 10.Mülki işin materiallarında olan 15 oktyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, Cavabdeh1 tərəfindən Kia Rio minik markalı, 99UJ672 dövlət nömrə nişanlı avtomobil İddiaçı xx.xx.2025-ci il tarixinədək etibar edilmişdir. 11.Mülki işin materiallarında olan 14 oktyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Cavabdeh2 250 manat məbləğində pul köçürülmüşdür. 12.Mülki işin materiallarında olan 09 avqust 2024-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, Cavabdeh1 tərəfindən Kia Rio minik markalı, 99UJ672 dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün səlahiyyətlər xx.xx.2031-ci il tarixədək etibar edilmişdir. 13.Mülki işin materiallarında olan Cavabdeh1 tərəfindən 17 oktyabr 2024-cü il tarixli, ünvan ünvanlanmış **********336 nömrəli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə Ağdaş rayon notariat ofisində İddiaçı verilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. 14.Mülki işin materiallarında olan 15 oktyabr 2024-cü il tarixli, **********49 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 Məhəmməd oğlu tərəfindən nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin təsdiqi üçün 37 manat məbləğində pul vəsaiti ödənilmişdir. 15.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli elektron mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 16.Mülki işin materiallarına əlavə edilmiş whatsapp yazışmalarından çıxarışlar. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 17.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Kia Rio markalı, ** UJ *** dövlət nömrə nişanlı avtomobil hazırki iş üzrə Cavabdeh1 məxsus olmuşdur. Onun tərəfindən verilən etibarnaməyə əsasən sözügedən avtomobil idarə edilməsi üçün digər Cavabdeh2 verilmişdir. Bundan sonra Cavabdeh2 avtomobilin iddiaçı tərəfindən alınması məqsədilə onu iddiaçıya göstərmiş və iddiaçı tərəfindən avtomobilin satış qiyməti olan 8800 manat məbləğində pul Cavabdeh2 ödənilmişdir. Həmçinin, bundan sonra avtomobilin mülkiyyətçisi Cavabdeh1 iddiaçının adına xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə vermişdir. Lakin, sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 tərəfindən ona verilən etibarnamə ləğv edilmişdir. Bundan sonra məlum olmuşdur ki, iddiaçının Cavabdeh2 verdiyi pul vəsaiti Cavabdeh1 verilməmiş, onunla əlaqə saxlamaq mümkün olmamış, nəticədə Cavabdeh1 da iddiaçıya verilən etibarnaməni ləğv etmişdir. Hazırda iddiaçı ona dəymiş 9345 manat maddi ziyan, 310 manat mənəvi zərər, həmçinin ödədiyi 120 manat dövlət rüsumu və 220 manat vəkil xərcinin cavabdehlərdən alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh1 isə iddia tələbini ona münasibətdə təmin edilməməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 18.Azərbaycan Respublikası Mülki Məcəllənin: 14-cü maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsassız varlanma halı qeyd edilmişdir (14.2.7). 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 19.Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 21.Məhkəmə ilk növbədə iddia tələbinin “9345 manat məbləğində maddi ziyanın cavabdehlərdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb həmin hissədə əsaslıdır və qismən təmin edilməlidir. 22.Belə ki, hazırki iş üzrə də iddiaçıya maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, İddiaçı Kia Rio markalı, ** UJ *** dövlət nömrə nişanlı avtomobili almaq məqsədilə Cavabdeh1 etibar etdiyi digər Cavabdeh2 ümumilikdə 8800 manat məbləğində pul ödəmişdir. Lakin həmin pul Cavabdeh2 tərəfindən avtomobilin mülkiyyətçisi Cavabdeh1 ödənilmədiyi üçün sonuncu iddiaçının adına verdiyi etibarnaməni ləğv etmişdir. Göründüyü kimi iddiaçı avtomobilin pulunu ödədiyi halda avtomobili öz mülkiyyətinə keçirə bilməmiş və Cavabdeh2 tərəfindən iddiaçıya 8800 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, 8800 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. 23.Məhkəmə tələbin təmin edilməyən hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı avtomobili aldıqdan sonra onun rəsmiləşdirilməsi, texniki baxışdan keçirilməsi və yaxşılaşdırılması üçün 545 manat məbləğində xərc çəkdiyini iddia etsə də, tələbini əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. 24.Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Məhkəmə tələbin Cavabdeh1 aid hissəsinə münasibətdə qeyd edir ki, tələb həmin hissələrdə əsassız olmaqla rədd edilməlidir. Belə ki, qeyd edildiyi kimi avtomobilin mülkiyyətçisi o, olmasına baxmayaraq digər Cavabdeh2 ona verilən etibarnamədən suiistifadə edərək iddiaçıdan aldığı pulu Cavabdeh1 ödəməmiş, özü mənimsəmişdir. Belə olan halda da hazırki iş üzrə subyektiv cavabdehliyi Cavabdeh2 daşımış olur. Bundan əlavə isə mülki işə əlavə edilmiş tərəflər arasında “whatsapp” sosial şəbəkəsində qeyd edilən pulların həqiqətən də digər Cavabdeh1 tərəfindən istənilməsi qeyd edilsə də, bu pullar Cavabdeh2 tərəfindən müxtəlif bəhanələrlə ona verilməmiş və nəticədə Cavabdeh1 (mülkiyyətçi) verilmiş etibarnaməni ləğv etdirməkdə haqlı olmuşdur. 26.Daha sonra məhkəmə “310 manat məbləğində mənəvi zərərin cavabdehlərdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. 27.Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 28.Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 29.İddiaçı isə hazırda ona cavabdehlərin təqsiri üzündən 310 manat məbləğində mənəvi zərər vurulduğunu iddia etsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası bu hissədə əsassız olduğuna görə təmin edilməməlidir. 30.Daha sonra məhkəmə tələbin məhkəmə xərcləri ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilən hissəsi 8800 manat məbləğində olduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən həmin məbləğə münasibətdə ödənilmiş dövlət rüsumunun 108 manatı Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməli, həmçinin 220 manat vəkil xərci ilə bağlı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən həmin hissədə də tələb rədd edilməlidir. 31.Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin müvafiq qərardadı ilə Cavabdeh2 hərəkətlərində cinayətin əlamətlərinin olmasına dair faktların araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. 32.Beləliklə, qeyd edilənlərə əsasən və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 vurulmuş maddi ziyanın əvəzi kimi 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 108 (yüz səkkiz) manatı tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissələrdə və digər Cavabdeh1 münasibətdə rədd edilməlidir. 33.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyanın əvəzi kimi 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 108 (yüz səkkiz) manatı tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissələrdə və digər Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1021/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1021/2025
26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver