Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1022/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı texnoloji departamentində təmirçi-elektrik vəzifəsində işləyir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22.06.2016-cı il tarixli icra vərəqəsinə əsasən, 26.05.2006-cı il tarixli X2, 07.06.2008-ci il tarixli X3 və 07.01.2013-cü il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı 23.05.2016-cı il tarixdən başlayaraq hər ay qazancının yarısı (1/2 hissəsi) miqdarında aliment tutularaq X4 verilməsi qət olunmuşdur. "xxxx" ASC-nin “Qaradağ” filialı ilə İddiaçı arasında 01.06.2021ci il tarixdə 48 ay müddətinə BPM**********47 saylı kredit müqaviləsi bağlanmış və aylıq 222,2 manat ödənişin olması nəzərdə tutulmuşdur. 16.11.2021-ci il tarixdə verilmiş İddiaçı kart hesabından çıxarışdan müəyyən olunur ki, o, 08.05.2021-ci il tarixdə 298,02 manat məbləğdə aprel ayı üçün əmək haqqı almış və bu məbləğdən 222,2 manat hissəsi kredit ödənişinə silinmişdir. 04.06.2021-ci il tarixdə iddiaçının kart hesabına 239,48 manat məbləğində may ayı üçün əmək haqqı daxil olmuş və bu məbləğdən 222,2 manat çıxıldıqdan sonra, ələ alınacaq məbləğ 13,36 manat təşkil etmişdir. 08.07.2021-ci il tarixdə iddiaçının kart hesabına iyun ayı üçün 283,31 manat məbləğində əmək haqqı daxil olmuş və bu məbləğ kredit borcuna silinmiş, ələ alacağı məbləğ 0 manat olmuşdur. 09.08.2021-ci il tarixdə iddiaçının kart hesabına iyul ayının əmək haqqısı üçün 232,97 manat daxil olmuş və bu məbləğ tamamilə silinmiş, iddiaçının ələ alacağı məbləğ 0 olmuşdur. 09.09.2021-ci il tarixdə iddiaçının kart hesabına avqust ayının əmək haqqısı üçün 215,47 manat daxil olmuş və bu məbləğ kredit borcuna silinmişdir. 07.10.2021-ci il tarixdə iddiaçının kart hesabına sentyabr ayının əmək haqqısı üçün 175,07 manat daxil olmuş və bu məbləğ kredit borcuna silinmişdir. 05.11.2021-ci il tarixdə İddiaçı kart hesabına oktyabr ayının əmək haqqısı üçün 267,25 manat pul daxil olmuş və bu məbləğ silinmişdir. Həmin hesabdan çıxarışdan görünür ki, İddiaçı 2021-ci ilin aprel-oktyabr aylarında aldığı əmək haqqısı tamamilə tutulmuş və onun əlində dolanacaq üçün pul vəsaiti qalmamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq, "xxxx" ASC tərəfindən İddiaçı 2021-ci ilin apreloktyabr aylarında əmək haqqısı qanunsuz olaraq tutulmuşdur. Göstərilənlərə əsasən, "xxxx" ASC tərəfindən İddiaçı əmək haqqı hesabından 2021-ci ilin aprel-oktyabr aylarında qanunsuz silinmiş 1622,79 (bir min altı yüz iyirmi iki manat yetmiş doqquz qəpik) manat pul vəsaitinin geri qaytarılmasına dair qətnamənin qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçı kredit müqaviləsi imzalayıb, öz üzərinə öhdəlik götürmüşdür. Belə ki, həmin müqavilənin 7.2.2-ci bəndinə əsasən, borc ödənilməyi təqdirdə kredit müqaviləsi üzrə əsas və faiz borcları borcalanın sərəncamı olmadan, onun istənilən bank hesabından akseptsiz qaydada tutulması (silinməsi) nəzərdə tutulmuşdur. Ona görə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan kreditor "xxxx" ASC ilə borclu İddiaçı arasında bağlanmış 01 iyun 2020-ci il tarixli, BPM**********47 saylı “X12” kredit müqaviləsinin surətindən görünür ki, bank borcluya kartın qüvvədə olduğu müddətə istifadəyə görə illik 20%-dək ödəmək şərti ilə 15000 (on beş min) manatadək məbləğdə kredit limiti ayırmışdır. Qeyd olunan müqavilənin 7.2.2-ci bəndinə əsasən, müvafiq hesablardan və müştərinin bankdakı digər hesablarından Tamkartdan istifadə edilməklə aparılmış əməliyyatların, texniki overdraft məbləğləri, bank komissiyaları, cərimə faizləri, Tamkartdan istifadə ilə bağlı bankın çəkdiyi faktiki xərclərin məbləğləri, o cümlədən Kredit üzrə ödəniş müddəti çatmamış əsas borcun qaytarılması, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsi məqsədilə müvafiq məbləğdə pul vəsaitləri borc alanın bankdakı bütün bank hesablarından akseptsiz qaydada silinə bilər. Beləliklə, iş materiallarından da göründüyü kimi, İddiaçı cavabdeh "xxxx" ASC ilə kredit müqaviləsi bağlamış, iddiaçı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank kredit müqaviləsinin şərtlərini əsas götürərək iddiaçının hesabından müvafiq tutmalar aparmış və bu zaman Bank tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdeh "xxxx" ASC ilə həmin müqaviləni bağlamışdır. Borclu İddiaçı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank kredit müqaviləsinin şərtlərini əsas götürərək iddiaçının əmək haqqı kartından tutmalar aparmağa başlamış və bu zaman Bank tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (qanunsuz olaraq əmək haqqı kartından tutmaların aparılmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul tələbi»nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1022/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1022/2022
12.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver