Məhkəmə qərarları › İş №e-2(006)-1036/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1036/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1036/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyana görə 50.000 (əlli min) manat, mənəvi zərərə görə isə 200.000 (iki yüz min) manat, cəmi 250.000 (iki yüz əlli min) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 17 sentyabr 2020-ci il tarixdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq tutulmuş, 30 noyabr 2022ci il tarixli ittiham aktına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. İttihamda göstərilmişdir ki, guya İddiaçı xx.xx.2020-ci il tarixdə istintaqla müəyyən edilməyən “Cavanşir” adlı şəxslə külli miqdarda narkotik vasitəni tamah niyyəti, satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq narkotik vasitələri satma barədə əvvəlcədən sövdələşib cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, qabaqcadan əlbir olduğu “Cavanşir” adlı şəxsdən bir ədəd bağlamada ümumi təmiz çəkisi 6657,013 (altı kiloqram altı yüz əlli yeddi tam mində on üç) qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib, yaşadığı Astara rayonu Təngərüd kəndindəki fərdi yaşayış evinə daşıyaraq, həmin narkotik vasitədən bir ədəd polietilen bağlamada, ümumi təmiz şəkisi 470,0 (dörd yüz yetmiş) qram olan narkotik vasitə qurudulmuş marixuananı evin girişindən sol tərəfdə yerləşən yataq otağının künc hissəsində qoyulmuş çarpayının üzərindəki döşəyin altında, iki ədəd bükümdə, təmiz çəkiləri, 1,236 qram və 0,557 qram olan, ümumi təmiz çəkisi 1,793 (bir tam mində yeddi yüz doxsan üç) qram olan narkotik vasitə qurudulmuş marixuananı və üzərində “Veqas” sözləri yazılmış siqaret qutusunun içərisində bir ədəd siqaret kağızının içərisində doldurulmuş halda, ümumi təmiz çəkisi 0,220 (sıfır tam mində iki yüz iyrimi) qram olan narkotik vasitə qurudulmuş marixuananı girişdən sağ tərəfdə yerləşən yataq otağında olan qoşa çarpayının üzərindəki döşəyin altında və ümumi təmiz çəkisi 6185,0 (altı kiloqram, yüz səksən beş) qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı evin zirzəmisində bir ədəd ağ rəngli torbada qablaşdıraraq saxlamış, 17 sentyabr 2020-ci il tarixdə, saat 12:00 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Təngərüd kəndində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı fərdi yaşayış evində aparılan axtarış zamanı göstərilən bükümlərdə və çəkilərdə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana qeyd olunan yerlərdən aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan saxta və uydurma sübutların əksi olaraq İddiaçı heç vaxt narkotik vasitəni tamah niyyəti, satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq narkotik vasitələri satma ilə məşğul olmamışdır. Belə ki, bu zamana kimi 1 (bir) dəfə narkotik vasitə və psixotrop maddələrin istifadəsi ilə bağlı məhkum olunmuşdur. 17 sentyabr 2021-ci il tarixdə gecə saat 3-4 radələrində polislər İddiaçı evinə gəlmiş, bu zaman o çölə çıxmış və həmin vaxtı evdə onun ailə üzvləri olmuşdur. Ailə üzvləri də polislərin səsinə yuxudan oyanmışlar. Polislər İddiaçı bacısı Bəsirənin evində quldurluq olduğunu dedikdən sonra İddiaçı evə qayıtmış və bacısı Bəsirəgilə getmişdir. 17 sentyabr 2020-ci il tarixdə Astara rayonu Təngərüd kənd sakini olan Bəsirəgilin evində baş vermiş hadisə ilə əlaqədar İddiaçı onların evinin yaxınlığına gəlmiş, həmin zaman çöldə xeyli polis əməkdaşları olmuş, polislər onu görən kimi könüllü surətdə Astara RPŞ-nə dəvət etmişlər. İddiaçı da polisin xidməti maşını ilə birgə şöbəyə gəlmiş, şöbənin inzibati binasına giriş hissəsindən sol tərəfdə yerləşən xidməti otaqlardan birinə salınmış, daha sonra oraya bir neçə polis əməkdaşı da daxil olduqda polis əməkdaşları ona “bilirik ki, sən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğulsan, qarşına sənədlər qoyulacaq, onlara imza çəkərsən, sənin üçün yaxşı olar, yoxsa görərsən” bildirdikdən sonra o da polis əməkdaşlarına “mən narkotik vasitlərin satışı ilə məşğul deyiləm və heç bir sənədə də imza çəkməyəcəm” deyə cavab vermişdir. Belə olduqda polis əməkdaşları İddiaçı işgəncələr verməyə başlamış, otaqda təxminən 5-6 polis nəfəri olmuş, İddiaçı onlardan ikisini şəxsi olaraq tanımış, həmin polis əməkdaşları Ayaz adlı dolu bədənli polis serjantı və Fuad Fətəliyev adlı polis əməkdaşı olmuş, digərləri isə Astara rayon PŞ-nin əməkdaşları olmuş, onların adlarını bilməmişdir. Həmin polis əməkdaşları İddiaçı bədəninin qol, baş, kürək və ayaq nahiyələrinə dubinka və yumuruqtəpiklə zərbələr vurmuş və müxtəlif xəsarətlər yetirmişlər. Bundan sonra İddiaçı yaşadığı evə aparılmış və evin həyətində və içərisində bir neçə nəfər polis əməkdaşının artıq onları gözlədiklərini görmüşdür. Polis əməkdaşları tərəfindən İddiaçı evinin içərisinə və döşəmənin altına bir neçə büküm narkotik vasitə və psixotrop maddə qoyulmuş, həmin bükümlər İddiaçı məxsus olmamışdır. Lakin polis əməkdaşları İddiaçı hədə-qorxu gəlib daha ağır maddələrlə ittiham edəcəklərini bildirdiyi üçün o, məcbir qalıb çəkiliş zamanı əli ilə həmin bükümləri işarə etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X8 Məhkəməsinin 1(106)184/2022 saylı, 05 may 2022-ci il tarixli hökmü ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, həmin hökmlə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)184/2022 saylı, 05 may 2022-ci il tarixli hökmündən verilmiş kassasiya protesti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1734/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı təmin edilməmişdir. Eyni zamanda İddiaçı Astara RPŞ-nin əməkdaşları tərəfindən tutularkən və tutulduqdan sonra döyülmüş, ona işgəncələr verilmiş və hətta ayaqlarının altı alışqanla yandırılmışdır. Belə ki, ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 538 nömrəli rəyindən görünür ki, İddiaçı bel, alın, sol baldır, hər iki əl, sol ayaq pəncəsi nahiyələrində sıyrıqlar aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, müddəti müayinədən 1 gün əvvələ, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Həmçinin, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 Hüquqi Şəxsi tərəfindən verilmiş 490 nömrəli, xx.xx.2021-ci il tarixli rəyində göstərilmişdir ki, tibbi sənəddə qeyd olunan “alın, sağ göz altı, hər iki pəncə nahiyəsində tünd-bənövşəyi rəngli qançırlar” xəsarətlərinin rəng göstəricilərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsində keçirilmiş müayinədən 3-5 gün əvvəl əmələ gəlmiş, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətə aid edildiklərindən dərəcələri təyin olunmur. Həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 Hüquqi Şəxsi tərəfindən verilmiş 490 nömrəli, xx.xx.2021-ci il tarixli rəyinə əsasən “təqsirləndirilən şəxsin alın, sağ göz altı, hər iki pəncə nahiyəsində tünd-bənövşəyi rəngli qançırlar” xəsarətlər 20-22 sentyabr tarixlərdə əmələ gəlmişdir. Belə olan halda bir daha təsdiq olunur ki, İddiaçı ona elan edilmiş ittihamı qəbul etməyəndə Astara RPŞ-nin əməkdaşları tərəfindən döyülmüş və ona işgəncələr verilmişdir. ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 538 nömrəli rəyindən görünür ki, İddiaçı bel, alın, sol baldır, hər iki əl, sol ayaq pəncəsi nahiyyələrində sıyrıqların əmələ gəlmə müddəti müayinədən 1 gün əvvələ, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlmişdir. İddiaçı Astara RPŞ-nin əməkdaşları tərəfindən tutulması və ona saxta narkotik vasitə ittihamı verilməsi onun ailə üzvləri olan X3, X6, X7, X9 və X1 da ağır psixoloji sarsıntılar keçirmələrinə səbəb olmuşdur. Belə ki, azyaşlı övladları İddiaçı təqsirsizliyi sübut edilənədək kənddə ictimai qınağa məruz qalmışlar, sinif yoldaşları tərəfindən daim bu hal onların üzünə deyilmişdir. Buna görə də uşaqlar, demək olar ki, məktəbə də gedə bilməmişlər. Hətta İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ailəsini həm maddi, həm də mənəvi olaraq çətin vəziyyətə salmışdır. Ailənin yeganə qazanc gətirən şəxsi kimi İddiaçı daim fikirləşmişdir ki, görəsən azyaşlı uşaqları nə yedi, nə içdi, xəstələnəndə necə müalicə aldı. Həmçinin, İddiaçı ailəsini təkbaşına saxlamış, onların həm maddi, həm də mənəvi tələbatlarının yaxşı vəziyyətdə olması, uşaqlarının təhsili üçün əlindən gələni etmiş, bu yolda ona heç kim köməklik göstərməmişdir. Əksinə, İddiaçı Astara RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tutulması, onun saxta narkotik maddəsi ilə ittiham edilməsi, döyülməsi, ona işgəncə verilməsi həm onun özündə, həm də ailəsində mənəvi psixoloji sarsıntıların keçirilməsi ilə nəticələnmişdir. İddiaçı 17 sentyabr 2020-ci il tarixdə tutulmuş və bəraət alana kimi, yəni 05 may 2022-ci il tarixədək istintaq təcridxanasında saxlanılmış, bu müddət isə 19 (on doqquz) ay 18 (on səkkiz) gün təşkil edir. İddiaçı barəsində çıxarılmış əsaslı bəraət hökmü ilə kifayətlənməyən dövlət itihamçısı baraət hökmü çıxdıqdan sonra kassasiya protesti verdiyi üçün barəsində məhkəmə araşdırması davam etmişdir. Bütün bu müddət ərzində İddiaçı ailəsi sarsılmış, özünün səhhətində ciddi problemlər yaranmış və iddiaçı müflis olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində İddiaçı vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində İddiaçı şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Cinayət təqibi zamanı İddiaçı şəxsiyyəti alçaldılmış və uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yaranmış, qanunsuz saxlanıldığı 19 (on doqquz) ay 18 (on səkkiz) gün müddətində mənəvi sarsıntı keçirmiş və İddiaçı ona vurulmuş mənəvi ziyana görə 200.000 (iki yüz min) manat pul tələb edir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2020-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun Astara RMX poliklinika şöbəsinin narkoloji kabinetində “Həşiş narkomanı” diaqnozu ilə dispanser qeydiyyatında olmasının nəzərə alınması hökm edilmişdir. Mülki işin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-184/2022 saylı, 05 may 2022-ci il tarixli hökmündən görünür ki, İddiaçı müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, İddiaçı müdafiəçisi Nümayəndə apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad olunması hökm edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 1734/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Əskərov X5 Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-184/2022 saylı, 05 may 2022-ci il tarixli hökmü ilə isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Ali Məhkəməsinin 1(102)- 1734/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı 17 sentyabr 2020-ci il tarixdən 05 may 2022-ci il tarixədək, yəni 1 (bir) il 07 (yeddi) ay 18 (səkkiz) gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məhrum olduğu gəlirlərə görə 50.000 (əlli min) manat məbləğində maddi ziyanın dəyməsini bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd edilməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlarla yanaşı, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 20.000 (iyirmi min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı 1 (bir) il 07 (yeddi) ay 18 (səkkiz) gün həbsdə saxlanılmağı ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən dəymiş mənəvi ziyana görə 200.000 (iki yüz min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar