Məhkəmə qərarları › İş №e-2(006)-1044/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1044/2021

16.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1044/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X6 qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X6 qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə təxminən 5 il bundan əvvəl tanış olmuşdur. 2017-ci ilin axırlarında Kamran iddiaçıya bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 55 ünvanındakı binanı yaxın dostu Anar Həsənzadə tikdirir, lazım gələrsə həmin binadan o da ev ala bilər. İddiaçı bu təkliflə razılaşdı və müəyyən müddət sonra Cavabdeh2 və Anar Həsənzadə ilə görüşdülər. Görüşüb danışdıqdan sonra belə razılığa gəldilər ki, Anar Həsənzadə tərəfindən inşa edildiyi bildirilən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 55 ünvanındakı binanın 7-ci mərtəbəsindəki, sahəsi 59 kv.m olan 1 otaqlı mənzili, hər kv.m-nin qiyməti 1200 manat olmaqla iddiaçıya satırlar, iddiaçı isə pulu hissə-hissə ödəyir. Beləliklə, ilkin olaraq iddiaçı tərəfindən Kamranın kirayədə yaşadığı Xətai RPİ-nin yaxınlığındakı evində Kamran və Anara 17000 manat pul ödənildi. Sonradan bir neçə dəfəyə 7000 (yeddi min) manat da ödədi və Anar Həsənzadə iddiaçıya 24000 (iyirmi dörd min) manat məbləğində pul ödədiyi barədə “xxxx” MMC-nin möhürü ilə təsdiqlənmiş xx xxxxxx 2018-ci il tarixli çek təqdim etdi. X9 tərəfindən iddiaçıya aldığı mənzilə dair alqı-satqı müqaviləsi təqdim edilmədi. Bu onunla izah edildi ki, mənzilə dair müqavilə yalnız ödənilməli olan məbləğ tam şəkildə ödənildikdə, yaxud da ödəniləcək məbləğ Banka ödənildikdə verilir. Cavabdeh2 iddiaçıya narahat olmamağı, Anarın onun vaxın dostu olduğunu, özünün də bu məsələdə zamin olduğunu bildirdiyindən, mənzilə görə ödənilməli olan məbləği tam şəkildə ödədikdən sonra müqavilənin ona təqdim ediləcəyi şərti ilə razılaşdı. Daha sonra iddiaçı aldığı mənzilə görə bir neçə dəfəyə ümumillikdə 10000 (on min) manat pulu da Anar Həsənzadəyə ödədi və Anar tərəfindən 10000 (on min) manatın ödənilməsinə dair ona xx xxxx 2018-ci il tarixli müvafiq çek verildi. Bundan sonra, əlavə olaraq iddiaçı tərəfindən 3000 (üç min) manat məbləğində pul ödənildi. Bir müddət sonra iddiaçı işdən çıxdığı üçün qalan məbləği ödəyə bilmədi. İddiaçının Cavabdeh2 və Anar Həsənzadə ilə belə söhbəti oldu ki, ona aldığı mənzilə dair müqaviləni versinlər və müqavilədə ödədiyi məbləği qeyd etsinlər, iddiaçı da ödəməli olduğu qalıq məbləği tapıb onlara ödəsin. Lakin onlar razılaşmadıqları üçün iddiaçı qalan məbləği ödəmədi və ödədiyi 37000 (otuz yeddi min) manatın ona qaytarmalarını tələb etdi. Müəyyən müddət sonra Cavabdeh2 iddiaçıya 5000 (beş min) manat məbləğində pul verərək, həmin pulun ona Anar tərəfindən qaytarılması üçün verildiyini bildirdi. Həm Kamran, həm də Anar iddiaçıya ödəməli olduqları qalan 32000 (otuz iki min) manat məbləğində pulu ona qaytaracaqlarına söz versələr də, hər hansı bir məbləğdə pul ödəmədilər. İlk vaxtlar zənglərinə cavab versələr də, daha sonra Anar ümumiyyətlə zənglərə cavab verməməyə başladı. Son vaxtlar isə Kamran da demək olar ki, zənglərə cavab verməməyə başladı. Adıçəkilən şəxslərin iddiaçıya məxsus 32000 (otuz iki min) manat məbləğində pulu mənimsəmələri sayəsində ağır maddi duruma düşmüşdür. Halhazırda 5 aydır ki, kirayə qaldığı mənzilin kirayə haqqısını ödəyə bilmir. Özü də şəkər xəstəsidir. Bu azmış kimi bir müddət əvvəl iddiaçı və 2 övladı koronavirusa yoluxmuşdular. Şəkər xəstəsi olduğundan xəstəliyi ağır olaraq keçirtdi. Həmçinin evdə müalicə olunmağı üçün təxminən 1500 manat borc almışlar. Həm Kamran, həm də Anar iddiaçıya ödəməli olduqları qalan 32000 (otuz iki min) manat pulu qaytaracaqlarına söz versələr də, indiyədək bu məbləğdən heç nə ödənilməmişdir. İddiaçı xx xxxxx 2020-ci ildə Xətai rayon Polis İdarəsinə və xx xxxxxx 2020-ci ildə isə Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə və Xətai rayon prokuroru cənab Sərdar İmanova şikayət ərizələri yazmışdır. Xətai rayon Polis İdarəsinin Təhqiqat şöbəsində müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılaraq işin mülki xarakterli olması göstərilmişdir. Cavabdehlər iddiaçıya verəcəkləri 37.000 manat puldan, yalnız 15.200 manat pulu qaytarılmışlar. Yerdə qalan 21.800 manat pul isə bu günədək qaytarılmamışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 21 800 (iyirmi bir min səkkiz yüz) manat pulun, mənəvi zərər olaraq 20 000 (iyirmi min) manat və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehlər Cavabdeh2 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarındakı Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis polkovnik – leytenantı Teymur Ağamirovun «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə X5 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh1 tərəfindən İddiaçı 7200 manat pul ödənilmiş və bu barədə sonuncu tərəfindən qəbz yazılaraq materiala əlavə olunmuşdur. Cavabdeh1 rəhbərlik etdiyi «Evian» şirkəti «Ziyəddinoğlu» şirkəti ilə aralarında bağlanmış podrat müqaviləsi əsasında hündürmərtəbəli binanın inşası işlərini görmüşdür. Gördüyü kimi işlərin müqabilində «Ziyəddin oğlu» şirkəti tərəfindən ona mənzil verilmişdir. Həmin mənzillərin birini İddiaçı satmış və hissə-hissə 37.000 manat pul almış, qalan pulu isə sonuncu hissə-hissə ödəməliymiş. Yaranmış maddi çətinliklə əlaqədar Elvira X3q pulu ödəyə bilməmiş və verdiyi pulları geri tələb etmişdir. Anar Həsənzadə pulun bir hissəsini qaytarmış, maddi durumunun çətin olduğundan 29.300 manat pulu qaytara bilməmişdir. Araşdırma zamanı İddiaçı əlavə 7200 manat pul ödəmişdir. Beləliklə məhkəmə iclasında işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mənzil alınması məqsədilə cavabdehlərə ödəniş etmiş, lakin cavabdehlər iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmişlər. Hazırda iddiaçı vurulmuş zərərin əvəzini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi cavabdehlər Cavabdeh2 və X7 İddiaçı verəcəkləri 29500 manat puldan 7200 manat, daha sonra 500 manat qaytarmışlar, lakin qalan 21800 manat pulu isə bu günədək qaytarmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin “mənəvi zərər olaraq 20.000 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi qismən təmin olunmaqla, cavabdehlər Cavabdeh2 və X4 müştərək qaydada 21800 (iyirmi bir min səkkiz yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21830 (iyirmi bir min səkkiz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və X4 müştərək qaydada 21800 (iyirmi bir min səkkiz yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21830 (iyirmi bir min səkkiz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar