Məhkəmə qərarları › İş №e-2(006)-1056/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1056/2023

03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1056/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı istifadəsində olan “Kia-Rio” markalı, **- VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər, Nizami rayon, H.Əliyev prospekti ilə üzü Bağırov körpüsü istiqamətinə 3-cü zolaqla hərəkət edərkən Bağırov körpüsünə çatmamış qəflətən gözləmədiyi anda sağ isdiqamətdə hərəkət edən “Hunday Sonata” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa doğru, yəni onun idarə etdiyi Kia-Rio markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilini sol yan hissəsindən vurmuşdur. İddiaçı idarəetməni itirərək, köməkçi yola çıxaraq avtomaşını dayandırmışdır. Hadisə zamanı arxa oturacaqda əyləşmiş anası Həlimə Həsənovaya xəsarətlər yetirilmişdir. Bakı şəhər, Nəsimi rayon Polis İdarəsində araşdırma aparılmış, anası Həlimə Həsənova MTE və ETT PA birliyinin Nizami rayon şöbəsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti aldığı barədə rəydə qeyd edilmişdir. Eyni zamanda, “Hunday Sonata” Markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün manevr etməsi nəticəsində ona məxsus Kia-Rio markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşınına maddi ziyan vurmuşdur. Digər tərəfdən, iddiaçının H.Əliyev prospekti ilə üzü Bağırov körpüsü isdiqamətdə avtomaşını idarə edərkən cavabdeh- Cavabdeh idarə etdiyi “Hunday Sonata” Markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1-ci yoldan manevr edərək onun getdiyi 3-cü yola keçməsi nəticəsində avtomaşınının arxa oturacağında oturmuş sərnişinin-anası Həlimə Həsənovanın aldığı xəsarətə görə maddi və mənəvi ziyan dəymişdir. Onun mülkiyyətində olan “Kia-Rio” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmirinə və ehtiyat hissələrinə 4.420 manat xərc çəkməli olmuşdur. Qüsur aktının yazılmasına Avtoservis 555 MMC-yə 150 manat xidmət haqqı ödəmişdir. Mənəvi ziyan olaraq 4.000 manat civarında qiymətləndirib. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixdə saat 20.23 radələrində “Kia-Rio” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Həsən Əliyev prospektindən Bağırov körpüsünə çatmamış “Hunday Sonata” Markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü sağ zolaqdan sola manevr edərkən avtomaşınına vurduğu 4.855 manat maddi ziyanın, həmin vaxt iddiaçının avtomaşınında əyləşmiş anası Həlimə Həsənovanın aldığı xəsarətlə bağlı 4.000 manat mənəvi zərərin və hadisə nəticəsində avtomaşınından isdifadə etmədiyi üçün taksi xidmətlərinə çəkdiyi xərclər görə əldən çıxmış fayda 1.000 manat, ümumilikdə 9.855 manat və 100 manat dövlət rüsumun cavabdeh-Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, maşına dəymiş 4.855 manat maddi zərər, 1.000 manat əldən çıxmış fayda, 118,50 manat dövlət rüsumu, cəmi 5.955 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizələrin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Kənan Əliyev tərəfindən qəbul edilən 24 noyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddənin tələblərinə əsasən “Hunday Sonata” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü vətəndaş Cavabdeh inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material Nizami rayon məhkəməsinə təqdim olunması məqsədilə RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-18/2023 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 200 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən 13 dekabr 2022-ci il tarixli, 59/2022№-li qüsur aktından görünür ki, İddiaçı məxsus Kia Rio minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 4.420 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 45428№-li ödəniş tapşırığından görünür ki, X1 Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi olaraq 750 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 47298№-li ödəniş tapşırığından görünür ki, İddiaçı Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi olaraq 2100 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********№-li mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 118,55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 9/2099№-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Kia Rio” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4.140 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəə növündə ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, Cavabdeh tərəfindən idarə olunan “Hyundai Sonata” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə saat 20:23 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektindən üzü Bağırov küçəsi istiqamətində 1-ci zolaqla hərəkətdə olarkən sağ zolağa manevr etmək istəyən zaman, 3-cü zolaqla hərəkətdə olan İddiaçı məxsus olan “Kia Rio” minik markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi kimi 2.100 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh müvafiq polis idarəsində və Nizami Rayon Məhkəməsinə verdiyi izahatında təqsirli olduğunu etiraf etmişdir. Lakin, bugünədək cavabdeh iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün heç bir cəhd göstərməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobili barəsində tərtib edilmiş akta əsaslanaraq, 4.855 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. İş üzrə hərtərəfli, tam və ədalətli tədqiqat aparılması məqsədilə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus 2012-ci il buraxılışlı avtomobilin təmir-bərpa xərci 4.140 manat təşkil edir. Məhkəmə iddia tələbini iş üzrə toplanmış sübutlarla yanaşı tədqiq edərək hesab edir ki, tələb qismən təmin edilməlidir. Belə ki, göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halını təşkil edir. Lakin, cavabdehin təqsiri nəticəsində iddiaçıya məxsus avtomobilə onun iddia etdiyi 4.855 manat məbləğində zərər dəyməsi işin mübahisəli halını təşkil etdiyindən, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və nəticədə müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci 4.140 manat təşkil edir. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş aktı və ekspert rəyini müqayisəli şəkildə araşdıraraq, eyni zamanda iddiaçıya 2.100 manat məbləğində sığorta ödənişinin ödənildiyini nəzərə alaraq hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən ödənilmiş sığorta məbləğini çıxmaqla aradakı fərqin (4.140 - 2.100 = 2.040 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi daha obyektiv və ağlabatandır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Hazırki iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən təqdim edilmiş rəy məhkəmə tərəfindən mötəbər sübut hesab olunur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-1096.2, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh 2.040 (iki min qırx) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 1.000 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu hissədə tələbini sübut edən halları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddia qaldırılması üçün ödənilən 118,50 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2.040 (iki min qırx) manat məbləğində maşına dəymiş zərər və 118.50 (yüz on səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar