Məhkəmə qərarları › İş №e-2(006)-1073/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1073/2025

19.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1073/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh2 MMC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Cavabdeh2nə qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Cavabdeh2nə (bundan sonra – Cavabdeh2 MMC) qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, 18 m2 sahədən ibarət mənzilin sökülməsi nəticəsində vurulmuş 100000 manat məbləğində kompensasiyanın Cavabdeh2 MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 42 ünvanında yerləşən 503 nömrəli mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Xətai rayon İcra Hakimiyyətinin sifarişi əsasında ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli binanın sökülərək yerində Bakı Memarlıq və Şəhərsalma Baş İdarəsinin 63 nömrəli, xx.xx.2020-ci il tarixli icazə sənədi əsasında yaşayış binalarının tikintisi və sakinlərin təmirli mənzillə təmin olunması nəzərdə tutulmuşdur. Qeyd olunan yataqxana binası podratçı təşkilat "xxxx" MMC tərəfindən sökülmüşdür. Sakinlərin yeni inşa edilən binada təmirli mənzillə təmin olunmaları qeyd edilsə də, İddiaçı mənzillə təmin edilməmiş və ya mənzilin dəyəri kompensasiya şəklində ona ödənilməmişdir. Qeyd olunan ünvanda yerləşən yataqxanada iddiaçıya məxsus mənzilin sahəsi 18 kv.metr olmuş, mənzil sökülənədək iddiaçı azyaşlı övladı ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. 2021-ci il tarixdə qeyd olunan yataqxana sökülərkən cavabdeh MTK tərəfindən iddiaçıya məxsus mənzil sökülərkən əvəzində yeni inşa edilən bina tam başa çatdıqdan sonra başqa mənzillə təmin olunacağı bildirilsə də, bu barədə hər hansı müqavilə bağlanmamışdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilin sökülməsi və əvəzində kompensasiya və ya yeni inşa olunan binada başqa mənzilin verilməməsi iddiaçının mənzilə olan mülkiyyət hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. İddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 42 ünvanında yerləşən 503 nömrəli mənzil Cavabdeh2 MMC tərəfindən söküldüyünən iddiaçı azyaşlı övladı ilə birlikdə 2021-ci ilin avqust ayından bugünədək kirayədə yaşayır və aylıq 300 manat kirayə haqqı ödəyir. Bugünədək ödənilmiş iddiaçı tərəfindən ödənilmiş kirayə haqqı aylıq 300 manat təşkil etməklə, ümumilikdə 12.000 manat təşkil edir. Bundan başqa qeyd olunan ünvanda 1 otaqlı mənzilin qiyməti 70-80 min manat arası təşkil edir. Cavabdeh2 MMC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 18 kv.metr sahədən ibarət 1 otaqlı mənzilin sökülməsi ilə əlaqədar iddiaçıya maddi zərər vurulmuşdur və iddiaçının mənzillə təmin olunması, əvvəlki yaşayış səviyyəsinin təmin olunması üçün 100000 manat vəsaitin cavabdehdən alınıb iddiaçıya ödənilməsi zəruridir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********87-05191-093124 reyestr nömrəli, ümumi sahəsi 18 m2 olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 42 ünvanında yerləşən 503 nömrəli mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzil üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti başçısı tərəfindən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan sakinlərin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi üçün 28.7 milyon manat məbləğində vəsaitin 2019-cu il üzrə dövlət büdcəsinin islahatlarla bağlı xərclər yarımbəndində Bakı şəhəri İcra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq tədbirlərin görülməsinin təmin edilməsi ilə bağlı tapşırığından irəli gələn məsələlərin icrası ilə bağlı Prezidentin köməkçisi Əli Əsədovun xx.xx.2019-cu il tarixli, 7/1417 saylı məktubu nəzərə alınaraq ünvan 6 ünvanda yerləşən və qəzalı vəziyyətdə olan binada yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə rayon icra hakimiyyətinin müvafiq komissiyasının yaradılıb, nəticəsi barədə xx.xx.2019-cu il tarixindən gec olmayaraq Bakı şəhəri İcra Hakimiyyətinə məlumat verilməsi tapşırılmışdır. - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti (Sifarişçi) və Cavabdeh2 MMC (Podratçı) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 01 nömrəli podrat müqaviləsindən görünür ki, müqavilənin predmetini müvafiq müqavilənin qüvvədə olduğu müddət ərzində “Sifarişçi”nin sifarişinə əsasən, ünvan 7 ünvanında qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binasının, qəzalı binada yaşayan və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına ehtiyacları olan sakinlərin yaşayış binasının tikilməsi üçün müraciətlərini, həmçinin tikinti işlərinin vaxtında başa çatdırılması məqsədi ilə vəsaitin (büdcə) çatışmazlığını nəzərə alaraq, “Podratçı” tərəfindən mənzil satışından əldə olunan gəlirlər hesabına sökülməsi və həmin binanın yerində yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi təşkil edir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş obyektin tikintisinə dair 63 nömrəli icazədən görünür ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin sifarişi əsasında müvafiq idarə tərəfindən Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 42 ünvanında yeni yaşayış binalarının tikintisinə icazə verilmişdir. - xx.xx.2021-ci il tarixli razılaşma aktından görünür ki, ünvan 9 ünvanında yerləşən ünvan 10tlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 122 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansında olan 5 mərtəbəli, 146 mənzilli qəzalı vəziyyətdə olan yataqxana binasında sahəsi 30 m2 və daha az olan ailələrin hər birinə 30000 manat və sahəsi 30 m2dən çox olan ailələrə mənzilin ümumi sahəsinin 1 m2 üçün 1000 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, ƏMDK yanında DƏDRX-nin ******* nömrəli çıxarış əsasında sahəsi 28.8 m2 olan 501 saylı (vəsait ayrıldıqdan sonra mənzil bölünərək 2 (iki) çıxarış alınıb – 1. X3 xx.xx.2021-ci il tarixli çıxarış, 501 saylı mənzil 12.9 m2 və 2. İddiaçı xx.xx.2021-ci il tarixli çıxarış, mənzil 501B 18 m2) mənzilin mülkiyyətçisi X2 ödəniləcək birdəfəlik maddi yardımın məbləğinin 30000 manat, köçürülmə və 1 aylıq kirayə haqqının 500 manat olması qeyd edilmiş, razılaşma aktı X3 və İddiaçı tərəfindən imzalanmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MB 18/0769 nömrəli yazılı mütəxəssis məsləhətindən görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan evin faktiki vəziyyəti nəzərə alınmaqla 1 m2-nin dəyəri 1944 manat, İddiaçı mülkiyyətində olan evə uyğun mənzillərin kirayə dəyəri 350 manat, həmin ünvanda yerləşən mənzilin xx.xx.2025-ci il tarixə bazar dəyəri 35000 manat, likvid dəyəri isə 33000 manat təşkil edir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, ümumi sahəsi 18 m2 olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 42 ünvanında yerləşən 503 nömrəli mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzil üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İddiaçının da mülkiyyətində olan mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası qəzalı vəziyyətdə olduğu üçün müvafiq dövlət orqanlarından (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2020-ci il tarixli, YTNƏŞ-0170 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli, 50 nömrəli rəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Agentliyinin xx.xx.2020-ci il tarixli, ER-22/295 nömrəli rəyi) aidiyyəti rəylər alınmış Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin sifarişi əsasında Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi 42 ünvanında yeni yaşayış binalarının tikintisinə icazə verilmişdir. Bu məqsədlə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixli, 01 nömrəli podrat müqaviləsi bağlanmış və yuxarıda qeyd olunan ünvanda yeni çoxmənzilli yaşayış binalarının inşa edilməsi sonuncu hüquqi şəxsə həvalə edilmişdir. Digər tərəfdən, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan sakinlərin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi ilə bağlı məktubu nəzərə alınaraq, ünvan 9 ünvanında yerləşən və qəzalı vəziyyətdə olan 5 mərtəbəli yataqxana binasında yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə komissiya yaradılmışdır. Həmin komissiya tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş razılaşma aktından görünür ki, ünvan 9 ünvanında yerləşən ünvan 10tlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 122 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansında olan 5 mərtəbəli, 146 mənzilli qəzalı vəziyyətdə olan yataqxana binasında sahəsi 30 m2 və daha az olan ailələrin hər birinə 30000 manat və sahəsi 30 m2-dən çox olan ailələrə mənzilin ümumi sahəsinin 1 m2 üçün 1000 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, ƏMDK yanında DƏDRX-nin ******* nömrəli çıxarış əsasında sahəsi 28.8 m2 olan 501 saylı (vəsait ayrıldıqdan sonra mənzil bölünərək 2 (iki) çıxarış alınıb – 1. X3 xx.xx.2021-ci il tarixli çıxarış, 501 saylı mənzil 12.9 m2 və 2. İddiaçı xx.xx.2021-ci il tarixli çıxarış, mənzil 501B 18 m2) mənzilin mülkiyyətçisi X2 ödəniləcək birdəfəlik maddi yardımın məbləğinin 30000 manat, köçürülmə və 1 aylıq kirayə haqqının 500 manat olması qeyd edilmiş, razılaşma aktı X3 və İddiaçı tərəfindən imzalanmışdır. Həmçinin, X1 işində iştirak etdiyini, təklif olunan 30000 manat birdəfəlik maddi yardım məbləği ilə razı olduğunu və alacağı təzminat məbləğini bankdakı şəxsi hesabına köçürüldükdən sonra 3 gün müddətində yaşadığı mənzilin boşaldılaraq sökülməsi üçün şərait yaradacağını bildirmişdir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normaları baxımından nəzərə alınmalıdır ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsi üçün ilk növbədə onun iştirakçıları arasında hər hansı bir hüquq münasibəti yaranmalı və bu münasibət qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər, müqavilədən əmələ gələn öhdəliklər, müqavilədən kənar öhdəliklər (mülki-hüquq pozuntusu delikt) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür. Adındanda da göründüyü kimi, digər iki öhdəlik növündən fərqli olaraq müqavilə öhdəliklərinin yaranması üçün onun tərəfləri arasında müqavilənin bağlanması mütləq şərtdir. Qanun tərəflərə imkan verir ki, onlar müqavilə bağlayaraq bununla özlərinin əmlak mənafelərini, hüquq və vəzifələrini, onların yaranması, dəyişməsi və xitamı qaydasını, habelə azad surətdə onun məzmununu, şərtlərini, icra edilməsi məsələlərini müəyyən etsinlər. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından biri də ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında hər hansı öhdəlik hüquq münasibəti yaranmamışdır. Yalnız cavabdehlər arasında bağlanmış podrat müqaviləsinin 2.3.4-cü bəndində cavabdehin öhdəliyi sözügedən qəzalı yataqxanada yaşayan ümumilikdə 146 mənzil sahibinin hər birinin bank hesabına üçüncü şəxs tərəfindən köçürülmüş 30000 manat kompensasiya vəsaitinin sonradan onlar tərəfindən cavabdehə qaytarılması müqabilində (yeni inşa ediləcək yaşayış binasında tikinti işləri başlayan ərəfədə) yataqxananın yerində inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 146 mənzil sahibinin hər birinə 50 m2 sahədən az olmamaq şərti ilə təmirli mənzil təqdim etməsindən ibarətdir. Göründüyü kimi, cavabdehin sözügedən ünvanda qəzalı vəziyyətdə olan yataqxananın yerində inşa etdiyi yeni yaşayış binasında sakinlərə 50 m2 sahədən az olmamaq şərti ilə təmirli mənzil vermək öhdəliyi o halda yarana bilərdi ki, 30 m2-dən çox olan mənzilin ümumi sahəsinin 1 m2 üçün 1000 manat olmaqla ayrılmış birdəfəlik maddi yardımı alan ailələr sonradan aldıqları vəsaiti cavabdehə qaytarmaqla, onunla ünvan 7 ünvanında yeni tikilən yaşayış binasından mənzil verilməsi barədə müqavilə bağlamış olsunlar. Lakin, iş materiallarında sözügedən müqavilə aşkar edilməmişdir. Odur ki, işin qeyd edilən hallarına əsasən məhkəmə iddiaçı ilə Cavabdeh2 MMC arasında hər hansı öhdəlik hüquq münasibətlərinin yaranmaması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, heç bir hüquqi və ya müqavilə əsasına söykənməyən, eləcə də yaranmayan (mövcud olmayan) hər hansı hüquq münasibəti üzrə kompensasiya məbləğinin cavabdehdən tutulması qanunla istisna edilir. Artıq qeyd edildiyi kimi, Cavabdeh2 MMC-nin iddiaçı qarşısında öhdəliyi o halda yarana bilərdi ki, kompensasiya məbləğini razılaşma aktına qol çəkib əldə edən sakin sonradan həmin məbləği podratçı təşkilata, yəni Cavabdeh2 MMC-yə qaytarardı. Lakin, qeyd edilənlərə dair iddiaçı tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyinəzərindən, sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə, iddia tələbinin təmin edilməməli olması nəticəsində gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, hazırki iş üzrə iddia təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat qiymətləndirmə xərci Cavabdeh2ndən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Cavabdeh2nə qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. 300 (üç yüz) manat qiymətləndirmə xərci Cavabdeh2ndən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar