Məhkəmə qərarları › İş №e-2(006)-1082/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1082/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1082/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Mirsadiq oğlunun, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Mirsadiq oğlunun “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Mirsadiq oğlu cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Mirsadiq oğlu doğma oğlu X2 etdirmək üçün xx.xx.2022-ci il tarixdə İ.Əfəndiyev adına 2 saylı xəstəxanasının cərrah Fuad adlı həkimə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə «Med Aura» klinikasında Fuad həkimə 750 manat məbləğində pul ödəmiş, lakin ödədiyi pulun əvəzində ona hər hansı qəbz verilməmişdir. Bundan sonra tibb bacısı oğlu Mirməhəmmədi əməliyyat hazırlamaq üçün aparmış, ona narkoz verilərək əməliyyat olunmuşdur. Əməliyyatdan təxminən 2 saatdan sonra oğlu palataya yerləşdirilmişdir. Palatada olarkən Fuad həkim gələrək uşağa baxış keçirmiş, sabahdan uşağı evə apara biləcəyi bildirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə oğlu xəstəxanadan evə buraxılmış, evdə uşağın cinsiyyət orqanının dərisinin olmadığı görmüş və bu barədə Fuad həkimə bildirmişdir. Bundan sonra Fuad həkim ona X22 çalışan Gündüz Ağayevə yönləndirmiş, sonuncu baxış keçirərkən uşağın cinsiyyət orqanının əməliyyat zamanı lazerlə yandırıldığını bildirmiş, 8 ay sonra uşağı yenidən əməliyyat edib, yanağından və dodağından ət götürərək uşağın cinsiyyət orqanına əlavə edəcəyini söyləmişdir. Qeyd olunan vaxtda cərrah Gündüz Ağayev müalicə edib əməliyyatın aparılması üçün Cavadzadə adına Uroloji xəstəxanada işləyən cərrah Rəfail Soltanovun yanına göndərmişdir. Cərrah R.S.Soltanov 2023-cü ilin may ayında uşağı müayinə edərkən yaranın sünnət əməliyyatı zamanı elektroqouqulyatorun nəticəsində yaranmasını qeyd edərək, xəstənin alt dodağının selikli qişasının səröəst qreft və skrotum xayalıq dərisindən götürüb defekti bərpa etmək üçün əməliyyat aparılmışdır . Əməliyyatın uğurlu alındığı bildirmə də 6 aydan sonra yenidən əməliyyat olunması zəruriliyi bildirmiş, yaranın bərpasının mərhələli əməliyyatlar nəticəsində mümkünlüyü qeyd edilmiş, bu səbəbdən də iddiaçı uşağın sağlamlığının tam bərpası üçün əldə olunmuş daqnozlar, aparılmış əməliyyatlar və nəticələri barədə sənədləri Türkiyə Respublikasına göndərmişdir. Təcrübəli həkimlərin sənədlər üzərində keçirdikləri konsiliumun nəticəsi olaraq xəstənin sağlamlığının əvvəlki vəziyyətə bərpası mümkünlüyü bildirmiş, bunun üçün 2200(iyirmi iki min) ABŞ dolları pulun ödənilməli olduğu qeyd edilmişdir. Göründüyü kimi bu cür işlərdə həkim təəssübkeşliyi mənfi rol oynayır, bu zamani ikili məsuliyyət olan həm cinanyət məsuliyyəti, həm də mülki məsuliyyət yaranır. Nəsimi rayon prokurorluğu bu iş üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunanlar və keçirilmiş komisiyon məhkəmə-tibbi ekspertizasının rəyi ilə iddiaçının oğlu X1 zərər vurulması müəyyən edilmişdir ki, bu da iddiaçının maddi və mənəvi ziyan vurulmuşdur, hazırda da mənəvi iztirablar davam etməkdədir. Belə ki, qüsurlu əməliyyatdan sonra yaranmış fəsadların aradan qaldırılması məqsədilə əməliyyat keçirilsə də, nəticəsi olmamış, əlavə olaraq mərhələli şəkildə 2-4 dəfə əməliyyat olunması zəruriliyi qeyd edilməklə, bundan sonra müsbət nəticənin gözlənildiyi bildirilmişdir. Bu səbəbdən də iddiaçının səhiyyə sistemininə olan inamı sarsılmış, övladının sağlamlığını, gələcəyini və hazırda yaşıdlarından təcrid olunmasını nəzərə alaraq (qüsurlu əməliyyatla bağlı uşaq xx.xx.2023-cü il tarixdə məktəbə getmir, Türkiyə Respublikasında zəmanətli əməliyyatın aparılmasına qərar vermişdir. X7 barəsində təyin edilmiş Komisyon Məhkəmə- Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli 569/KEŞ saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: "xxxx" Klinikasında tərtib edilmiş a mbulator kitabçadan görünür ki, Mirməhəmməd Seyidlinin üzərində xx.xx.2022-ci il tarixdə «Sünnət» əməliyyatının icra edildiyi qeyd edilmişdir. X10 obyektiv müayinəsi zamanı «Sünnət» əməliyyatı ilə yanaşı sağ qasıq nahiyyəsində də qasıq yırtığı ilə əlaqədar əməliyyatın aparıldığı müəyyən edilmişdir. Bu haqda «Ambulator kitabça»da qeydiyyat aparılmalı olduğu halda aparılmamışdır. Mirməhəmməd Seyidlinin mütəxəssis müayinəsi zamanı onda ilkin əməliyyatdan sonra (sirkumziya) meydana çıxan yatrogen (zədələnmə) hipospadiya penisdə əyilmə və ciddi dəri defekti yaranmışdır. Qeyd olunan hal qüsurlu əməliyyat, yəni aşırı elektrokoter istifadəsi nəticəsində baş verə bilərdi. Buna məsul şəxs əməliyyatı icra edən həkim cərrahdır və qüsurlu müdaxilə səhiyyə sistemində mövcud olan 70 saylı əmrin pozulması kimi qiymətləndirilir. Mirməhəmməd Seyidli "xxxx" klinikasına daxil olduqdan sonra ona elektrokardioqrafiya və qanın laborator analizləri aparılmışdır. Lakin heç bir diaqnoz təyin edilməmiş və müalicə həkimi tərəfindən xəstənin obyektiv müayinəsi haqqında hər hansı bir qeydiyyat aparılmamışdır, yalnız anesteoloji vərəqədə «sünnət» əməliyyatının aparıldığı göstərilmişdir. Aparılmış əməliyyatın tibbi göstərişi haqqında fikir söylənilməsi mümkün olmadı, lakin icra edilmiş ilkin əməliyyat qüsurlu olmuş və aparılmış təkrar cərrahiyyə əməliyyata baxmayaraq, hazırda penisin ventral hissəsində qlansın alt tərəfindən penisin cisminə doğru uretrada açılmış böyük bir defekt, həmin defektdən qeyri-düzgün sidiyin çıxması, ətrafda irinli fibriotik toxumaların görülməsi və penisdə ventral əyilmənin olduğu müəyyən edilmişdir. Hazırda da təkrar rekonstruktiv əməliyyatının aparılmasına zərurəti vardır. Mirməhəmməd Seyidliyə müalicə həkimi tərəfindən xəstənin obyektiv müayinəsi və xəstəliyinin diaqnostikası aparılmamış, tibbi sənədlər tam həcmdə tərtib edilməmiş, həmçinn cərrahiyyə əməliyyatı texniki qüsurla icra edilmişdir. Bununla da səhiyyə sistemində mövcud olan 70 saylı təlimatın, yəni həkimcərrahın nümunəvi vəzifə öhdəliklərinin müvafiq bəndir. Ekspert rəyindən aydın olur ki, bu hal əməliyyat zamanı tibbi avadanlığın (elektrod) istifadə qaydasına düzgün əməl edilməməsi ilə əlaqədar olmuşdur. Buna məsul şəxs “Med Aura” Klinikasında işləyən həkim-cərrah Fuad Nazirovdur. Göründüyü kimi ehtiyatsızlıq nəticəsində cərrahiyyə əməliyyatının gedişi zamanı Mirməhəmməd Seyidliyinin sağlamlığa zərər vurulmuşdur . Odur ki, Mirməhəmməd Seyidliyə "xxxx" klinikasında göstərilmiş qüsurlu tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin həkimlərin nümunəvi təlimatının 12 (diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət,aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir) və 24.1 (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata həyata keçirilməsə) bəndlərinin pozulması kimi qiymətləndirilmiş və buna məsul şəxs "xxxx" Klinikasında işləyən həkim-cərrah Cavabdeh2 olması ekspert rəyində aşkar şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 09 saylı əmrin № 1 əlavəsinə, «Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və Əsasnamə»nin 3-cü bölməsinin metodik göstərişlərinin 30-cu bəndində «Müxtəlif müayinə və müalicə tədbirləri icra olunarkən yol verilmiş qüsurlar və bununla bağlı baş vermiş fəsadlar tibbi fəaliyyətlə əlaqədar olduğundan tibb işçiləri tərəfindən sağlamlığa zərər vurma hesab olunur və Mirməhəmməd Seyidliyə «Med Aura» Klinikasında göstərilmiş qüsurlu tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin həkimlərin nümunəvi vəzifə təlimatın 12 (diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət,aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir) və 24.1 (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə) bəndlərinin pozulması kimi qiymətləndirilmişdir. Yuxarıda göstərilən fiziki və hüquqi şəxslərin təqsirli hərəkətləri nəticəsində (əməliyyat-bərpa xərcləri də nəzərə alınmaqla) ümumilikdə 49150 manat maddi zərər (müalicə və müayinələrə, həmçinin stasionar tibbi xidmətlərə görə ödənilmiş maliyyə vasitələrinin bir hissəsinin ödəniş qəbzləri əldə edilmiş, digərləri barədə isə istintaq orqanının və onun şifahi sorğularına «ödəniş qəbzlər və çıxarışlar digərləri barədə isə istintaq orqanın və iddiaçının şifahi sorğularına “öd\niş qəbzlər və çıxarışlar) 3 ay keçdikdən sonra silindiyinə görə məlumatı verilməsi mümkün deyil» cavabı verilmişdir). Eyni zamanda fiziki və hüquqi şəxslərin təqsirli hərəkətləri nəticəsində ona 50.000 AZN (əlli min) manat mənəvi zərər olmaqla ümumilikdə 99.150 AZN (doxsan doqquz min yüz əlli) manat manat zərər vurulmuşdur. Bununla bağlı zərərin ödənilməsi ilə əlaqədar məhkəmədənkənar danışıqlara baxmayaraq cavabdehlər yarıtmaz fəaliyyətləri və təqsirli hərəkətləri nəticəsində övladının sağlamlığına vurulan maddi və mənəvi zərəri qarşılamaqdan imtina etmişlər. Göstərilənləri nəzərə alaraq cavabdehlərin təqsirli hərəkətləri nəticəsində X1 vurulmuş maddi zərərin əvəzi olaraq 49.150 AZN ( qırx doqquz min yüz əlli) manat mənəvi zərərin əvəzi olaraq 50.000 manat olmaqla, ümumilikdə 99150 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı Mirsadiq oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci ildə o, dostu ilə oğlunun sünnət olunması məsələsi barədə məsləhətləşirdi. Dostu ona Fuad adlı həkimi məsləhət görmüşdür. O, da ondan həkimin nömrəsini almışdır. O, həkimlə danışmışdır. Fuad həkim ona 2 saylı İ.Əfəndiyev adına xəstəxanaya gəlməsini bildirmişdir. Onlar həmin xəstəxanaya getmişlər. Fuad həkim uşağa baxış keçirmiş və ona bildirmişdir ki, bura dövlət xəstəxanasıdır və qeyri-sanitar vəziyyətdir. Ona görə də özəl xəstəxanaya əməliyyat edək. O, da razılaşmışdır. Əlavə olaraq qeyd edir ki, oğlunda həmçinin qasıq yırtığı da var idi. Həkim demişdir ki, bu da əməliyyat olunmalıdır. O, bununla da razılaşmışdır. Həkim ondan əməliyyat üçün 770 manat pul almışdır. Daha sonra oğlunu əməliyyata üçün aparmışlar. Bundan öncə isə heç bir analiz və s.prosedurlar olunmamışdır. O, bütün bu anları videoya çəkmişdi. Uşağa narkoz vurulmuş və 1 saat yarım əməliyyat aparılmışdır. Daha sonra uşaq palataya yerləşdirilmişdir. Həkim ona əməliyyatla bağlı heç bir məlumat verməmişdir. Həmin günün gecəsi oğlu şiddətli ağrıdan yata bilmədiyindən ona ağrıkəsici iynə vurulmuşdur. Səhəri gün o, həkimlə əlaqə saxlamışdır. Həkim ona bildirmişdir ki, «uşağı da götür evinə get». O, da oğlunu evə gətirmişdir. Ancaq bir neçə gün keçsə də, uşaqda qanaxma dayanmadı. O, bununla bağlı həkimə zəng vurmuş, o, dedi ki, normaldır, narahat olmasın. Bir neçə gün də keçmiş, lakin oğlunun vəziyyətində heç bir düzəlmə olmamışdır. O, da məcbur qalıb yenidən həkimə zəng vurmuş, sonuncu dedi ki, «narahat olma, maz yazacam keçib gecədək, uşağı gətir yanıma». O, da uşağı aparmış, həkimə uşağın vəziyyəti normal olmadığı və narahatçılığının keçmədiyini bildirmişdir. Həkim də kremlər yazacağını və bununla da problemin həll olunacağını bildirmişdir. O, ümumilikdə 2000 manata yaxın kremlərə xərc çəkmişdir. Ancaq uşağın vəziyyətinə heç bir düzəlmə olmamışdır. Daha sonra Fuad həkim ona Gündüz Ağayev adlı uşaq cərrahını məsləhət görmüşdür. Dedi ki, «səni yönləndirəcəm ona, get uşağa birdə o baxsın». Həkim həkim də Leyla Şıxlinskaya adlı xəstəxanada işləyirdi. Oğlunu onun yanına aparmışdır. O, oğluna baxış keçirmiş və bildirmişdir ki, uşağın cinsiyyət orqanının kanalı yandırılıb. Buna görə də 8 ay gözləmək lazımdır. Uşağın ağrılarının qarşısını almaq üçün isə iynələr yazmışdır. O, 8 ay gözləmişdir. 8 ayın tamamında oğlunu həkimin yanına aparmışdır. Həkim bildirmişdir ki, o, uşağı əməliyyat bilməyəcək. Daha sonra həkim ona demişdir ki, Rəfael Sultanov adlı uşaq cərrahını məsləhət görmüşdür. O, da həmin həkimin qəbuluna getmişdir. Lakin həkim ona bildirmişdir ki, hazırda növbədə xəstə çoxdur, onu nə vaxt qəbul edə biləcəyini bildmir. Bundan sonra o, Fuad həkimə zəng vurmuşdur. Həkim ona kobud şəkildə bildirmişdir ki, «birdə məni narahat etmə». O, birbaşa Leyla Şıxlinskaya adlı xəstəxanaya getmişdir. Orada Fuad və Gündüz həkim bir yerdə idi. Gündüz həkim ona bildirmişdir ki, yoluna qoyacaq. Daha sonra o, Rəfael həkimə zəng vurmuş və onları qəbul etməsini xahiş etmişdir. Nəticədə xx.xx.2023-cü il tarixdə o, oğlunu əməliyyat etmişdir. Əməliyyatdan öncə Rəfael həkim ona bildirmişdir ki, uşağın cinsiyyət orqanı tamamilə yandırırıb, kanalı yaralıb və dərisi götürülüb. Buna görə də uşağın alt dodağından ət götürülərək, cinsiyyət orqanı bərpa olunacaqdır. Ancaq onun tutub-tutmayacağı bəlli deyildir. Əgər mümkün olmazsa, cinsiyyət orqanı yarılacaqdır. O, da buna etiraz etməmişdir. Bu müddət ərzində Fuad həkim onlarla bir dəfə də olsun maraqlanmamışdır. Uşaq 4 saat 40 dəqiqə əməliyyatda olmuş, 5 gün də xəstəxanada qalmışdır. Rəfael həkim ona bildirmişdir ki, Qurban bayramı ilə əlaqədar həkimlər burada qalmayacaq, ona görə də uşağı apara bilər, ancaq sonra gətirər yanına, «Güvən» klinikasında baxacaq. O, da uşağı evə gətirmişdir. Bundan iki gün keçsə də, uşağın vəziyyəti daha da pisləşmişdir. Daha sonra isə əməliyyat zamanı qoyulmuş «kateter» düşmüş və o, da həkimə zəng vurmuşdur. Sonuncu ona uşağı xəstəxanaya onun yanına aparmasını bildirmişdir. Uşağa baxış keçirdikdən sonra isə demişdir ki, onlara xəbərdarlıq etdiyi kimi tutmayıb. Bundan sonra olan bilsin ki, 3,4 dəfə əməliyyat etmək lazımdır. O, həkimdən həmin əməliyyatların nəticəsində oğlunun probleminin 100% aradan qaldırılıb-qaldırıla bilməyəcəyini soruşmuşdur. Həkim isə heç bir qarantiya verə bilməyəcəyini bildirmişdir. Bundan sonra «Badam» klinikasında çalışan Pərviz Hacıyev adlı həkim sosial şəbəkədən onu tapmışdır. O, da uşağa baxış keçirmiş və uşağın yanlış əməliyyat olunduğunu bildirmişdir. O, bu müddətdə araşdırmalar edirdi və nəticədə amerika təhsilli İbrahim həkimi tapmışdır. O, uşağı müayinə etmişdir və arayış vermişdir. O, uşağı 100% sağalacağına qarantiya vermiş, bununla bağlı xərclərin isə minimum 22.000 ABŞ dolları olduğunu bildirmişdir. O, Fuad həkimin hərəkətləri barəsində müxtəlif hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Ona o da məlum olmuşdur ki, bu Fuad həkimin ilk xəta deyil, o, bundan qabaq da bir çox xəstələr üzərində yanlış prosedurlar icra etmişdir. Hətta bununla bağlı cəza da almışdır. Hazırda onun oğlu iki dəfə əməliyyat olunmalı idi. İbrahim həkim dekabrda əməliyyat üçün çağırsa da, maddi imkanın olmaması səbəbindən bu mümkün olmamışdır. İddiaçı həmçinin izahatında göstərmişdir ki, Cavabdeh2 əməliyyat xərci olan 750 manat pul qaytarmamışdır. Hesab edir ki, cavabdehlər vurduqları ziyan üçün məsuliyyat daşıyır və bütün xərclər onlardan tutulmalıdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin təqsirli hərəkəti sübut olunub. Əməlində cinayət tərkibi olmasa da, səhlənkarlıq, diqqətsizlik, obyektiv müayinə aparılmaması müəyyən olunub. Bununla bağlı ekspert rəyi də var. Lakin təqsirli hərəkətlərinin ağır nəticələrə səbəb olmadığı və bərpanın mümkün olduğu da, qeyd edilib. Onu da qeyd edir ki, məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, iddiaçının övladının ölkədə icbari tibbi sığorta çərçivəsində müayinə və müalicə mümkündür. Bu halları nəzərə almasını xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər TƏBİB-nin nümayəndəsi, X12 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Belə ki, iş materiallarında olan Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından 1368 nömrəli çıxarışın surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə «Sirkumsizya əməliyyatından sonra uretranın yatrogen zədələnməsi (N47), Hipospadiya süni (Q 54.1)» diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Xəstənin deməsinə görə 8 ay əvvəl sol tərəfli orxiopeksiya və sirkumsizya əməliyyatı keçirib. Əməliyyatdan sonra uretranın distal 1/3-də dəlik əmələ gəlib və həmin dəlikdən sidik ifrazı müşahidə edilir. Klinikada müayinə zamanı döş qəfəsi və qarın boşluğu üzvləri tərəfindən patoloji dəyişiklik aşkar olunmadı. Böyrəkləri əllənmir, döyəcləmə simptomu hər iki tərəfdə mənfidir, dizuriya var. St.localis: Sirkumsizya əməliyyatından sonra uretranın zədələnməsi. xx.xx.2023-cü il tarixdə uretranın reanastamozu (Bukkal mukoza İN Lay qreft meatopiastika) əməliyyatı icra olundu. Hazırda vəziyyəti kafidir. Xəstəyə məsləhətlər verildi və təkrar müayinə 1 aydan sonra. Xəstə xx.xx.2023-cü il tarixdə xəstəxanadan evə yazılmışdır. 8.İş üzrə Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X20 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, surəti İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 418 nömrəli Fərmanına əsasən özəl tibb müəssisəsinin (Medaura Klinikası) fəaliyyətinə nəzarət TƏBİB-in səlahiyyətləri xaricində olduğundan həkim səhlənkarlığının araşdırılması mümkün deyil. 9.İş materiallarında olan «Məhkəmə-Tibbi Ekspertiza və X15» X20 569/KEŞ nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının ekspert rəyinin surətindən görünür ki, 2014-cü il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarında əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq ekspert komissiyası aşğıdakı nəticəyə gəlir: -1-ci,4-cü suallar üzrə: "xxxx" Klinikasında tərtib edilmiş ambulator kitabçadan görünür ki, Mirməhəmməd Seyidlinin üzərində xx.xx.2022-ci il tarixdə «Sünnət» əməliyyatının icra edildiyi qeyd edilmişdir. X10 obyektiv müayinəsi zamanı «Sünnət» əməliyyatı ilə yanaşı sağ qasıq nahiyyəsində də qasıq yırtığı ilə əlaqədar əməliyyatın aparıldığı müəyyən edilmişdir. Bu haqda «Ambulator kitabça»da qeydiyyat aparılmalı olduğu halda aparılmamışdır. Mirməhəmməd Seyidlinin mütəxəssis müayinəsi zamanı onda ilkin əməliyyatdan sonra (sirkumziya) meydana çıxan yatrogen (zədələnmə) hipospadiya penisdə əyilmə və ciddi dəri defekti yaranmışdır. Qeyd olunan hal qüsurlu əməliyyat, yəni aşırı elektrokoter istifadəsi nəticəsində baş verə bilərdi. Buna məsul şəxs əməliyyatı icra edən həkim cərrahdır və qüsurlu müdaxilə səhiyyə sistemində mövcud olan 70 saylı əmrin pozulması kimi qiymətləndirilir. -2-ci sual üzrə: Mirməhəmməd Seyidli "xxxx" klinikasına daxil olduqdan sonra ona elektrokardioqrafiya və qanın laborator analizləri aparılmışdır. Lakin heç bir diaqnoz təyin edilməmiş və müalicə həkimi tərəfindən xəstənin obyektiv müayinəsi haqqında hər hansı bir qeydiyyat aparılmamışdır, yalnız anesteoloji vərəqədə «sünnət» əməliyyatının aparıldığı göstərilmişdir. Aparılmış əməliyyatın tibbi göstərişi haqqında fikir söylənilməsi mümkün olmadı, lakin icra edilmiş ilkin əməliyyat qüsurlu olmuş və aparılmış təkrar cərrahiyyə əməliyyata baxmayaraq, hazırda penisin ventral hissəsində qlansın alt tərəfindən penisin cisminə doğru uretrada açılmış böyük bir defekt, həmin defektdən qeyridüzgün sidiyin çıxması, ətrafda irinli fibriotik toxumaların görülməsi və penisdə ventral əyilmənin olduğu müəyyən edilmişdir. Hazırda da təkrar rekonstruktiv əməliyyatının aparılmasına zərurəti vardır. - 3-cü sual üzrə: Mirməhəmməd Seyidliyə müalicə həkimi tərəfindən xəstənin obyektiv müayinəsi və xəstəliyinin diaqnostikası aparılmamış, tibbi sənədlər tam həcmdə tərtib edilməmiş, həmçinin cərrahiyyə əməliyyatı texniki qüsurla icra edilmişdir. Bununla da səhiyyə sistemində mövcud olan 70 saylı təlimatın, yəni həkim-cərrahın nümunəvi vəzifə öhdəliklərinin müvafiq bəndinə əməl edilməmişdir. 10.İş materiallarında olan X13 tərəfindən verilmiş izahatdan görünür ki, xəstə İddiaçı Mirsadi oğlunun valideynləri 2023-cü ilin yay aylarında ona müraciət edib uşağın sünnət əməliyyatı zamanı penisində deffekt yarandığı ilə əlaqədar rekonstruksiya əməliyyatı aparmasını xahiş etmişdir. O, ixtisasca uşaq pediatr cərrahdır və böyürək sidik kisəsi, cinsiyyət yollarının rekonstruksiyası əməliyyatlarını icra edir. Həmin xəstədə sünnət əməliyyatı zamanı elektroqouqulyatorun istifadəsi nəticəsində həmin zədənin yaranması ehtimal olunurdu. O, həmin xəstənin alt dodağın selikli qişasından sərbəst qreft və strotum xayalıq lərisndən götürüb deffekti bərpa etmək üçün əməliyyat aparmışdır. Əməliyyat uğurlu alınmış və köçürülən dəri materialları orqanizm ilə təmasa girmişdir. O, uşağın valideynlərinə bu barədə məlumat verilmişdir. Demişdir ki, bir neçə etap əməliyyata ehtiyac vardır. Növbəti əməliyyatı 6 ay sonra mümkün olduğunu izah etmişdir. Lakin bir iki ay keçmiş ilkin əməliyyatı icra etmiş həkim Cavabdeh2 demişdir ki, uşağın atası Çingiz ondan şikayət edib, onunla görüşmək istəyir. O, da razılaşmış və onlar onun yanına gəlmişlər və o, da əvvəlki dediyi sözləri uşağın atasına bir də təkrar etmiş və bildirmişdir ki, uşağın növbəti əməliyyatı altı ay keçəndən sonra həyata keçirilə bilər. Onlar narahatlıq bildirmədən çıxıb getmişlər. Xəstənin hazırkı vəziyyəti qənaətbəxşdir, əməliyyatın gedişatına uyğundur. Etaplı əməliyyatın aparılmasına ehtiyac vardır, yəni deffekt tam bərpa etməık mümkündür. Buna isə müəyyən zaman lazımdır. 11.İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi ədliyyə müşaviri X16 tərəfindən tərtib edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı Mirsadi oğlunun "xxxx" Klinikasının həkimi Cavabdeh2 tərəfindən lazer aparatı ilə düzgün sünnət etməməsi nəticəsində M.Seyidlinin cinsi orqanının fəaliyyət qabiliyyətini itirməsi barədə müraciəti əsasında Nəsimi rayon prokurorluğuna şikayət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X4 "xxxx" Klinikasında «sünnət» əməliyyatı zamanı həkim Cavabdeh2 tərəfindən əməliyyat qüsurlu icra olunmuşdursa da, xəstənin vəziyyətinin qənaətbəxt olması, eləcə də rekonstruktiv əməliyyatlarla xəstənin sağlamlığının tam bərpa etmək mümkün olması xüsusatı əməliyyatı icra etmiş cərrah həkim və tibb personalının hərəkətlərində cinayət tərkibi olmadığını dəlalət etmiş olur. Eləcə də araşdırma zamanı müəyyən edilmişdir ki, şikayətçi İddiaçı Mirsadi oğlu ona vurulmuş 6000 manat məbləğində maddi-mənəvi ziyanın ödənilməsinə dair tələbi mülki xarakter daşıyır və ona bununla əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi izah edilməlidir. Göstərilənlərə əsasən X4 "xxxx" Klinikasında sünnət edilməsi ilə əlaqədar şəxslərin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 12.Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X24 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müraciətdə qeyd olunmuş diaqnozlara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş «İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi»ndə «Hipospadiya və ya epispadiyanın bərpası» və «Uretra cırılmasının tikilməsi» xidmətləri icbari tibbi sığorta çərçivəsində təminata alınmışdır. Müraciətdə qeyd olunmuş diaqnozların uroloji xəstəlikləri əhatə etdiyini nəzərə alaraq vətəndaş təyin olunacaq müayinə və cərrahi əməliyyatın icrası üçün uroloji xəstəliklər üzrə ixtisaslaşmış tibb müəssisəsi olan X9 adına Respublika Kliniki Uroloji Xəstəxanasına müraciət edərək tibbi xidmətlərdən icbari tibbi sığorta çərçivəsində yararlana bilər. 13.Məhkəmənin sorğusuna cavab olaraq X25 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli elektron məktubuna əsasən müraciət edən şəxs X7 ilk növbədə uşaq cərrahı tərəfindən müayinə olunmalıdır. Müayinədən sonra xəstəxanada müalicənin mümkünlüyü və bu müddət ərzində çəkilən xərclər barədə rəsmi məlumat veriləcək. 14.İş materiallarında olan X25 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xəstə Mirməhəmməd Seyidli xx.xx.2024-cü il tarixdə poliklinikasında müayinə olundu. Atasından alınan anamnezə görə təxminən iki il öncə başqa xəstəxanada enməmiş xaya və sünnət əməliyyatı icra olunub. Əməliyyat sonrası cinsiyyət üzvünün alt hissəsində öncəsində olmayan dəlik əmələ gəlib və sidik ifrazı o dəlikdən olub. Təqdim etdiyi çıxarışa görə xəstəyə xx.xx.2023-cü il tarixdə Respublikası Klinik Uroloji Xəstəxanasında uretranın reanastamozu əməliyyatı icra olunub. Xəstənin hazırkı müayinə nəticəsi: sağ qasıq nahiyyəsində və penoskrotal nahiyyədə əməliyyat izi mövcuddur. Hər iki xaya xayalıqda yerləşib. Meatal darlıq və midpenil səviyyədə fistula izlənilir. Xəstənin cinsiyyət üzvünün bərpası üçün hər biri ən az altı ay ara ilə oluna biləcək iki ya üç mərhələli əməliyyat gərəkli olacağı düşünülməkdədi. Belə xəstələrdə zədələnmiş toxumaların sürətli v daha yaxşı bərpası məqsədi ilə bəhs edilən əməliyyatlar zamanı hiperbarik oksigen müalicəsi də alması məsləhət görülməkdədir. Planlanan əməliyyatlar xəstəxanada icra oluna bilsə də, planlaşdırılan hiperbatik oksigen müalicəsi hazırda xəstəxanasında mövcud deyil.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 15.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı oğlu X3 etdirmək üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin həkimi cərrah Cavabdeh2 müraciət etmiş və xx.xx.2022-ci il tarixdə həkim tərəfindən «sünnət» əməliyyatı icra olunmuşdur. Lakin əməliyyatdan sonra uşağın səhhətində problemlər yaranmış, yəni (sirkumziya) meydanaçıxan yatrogen (zədələmə) hipospadiya penisdə əyilmə və ciddi dəri deffekti yaranmışdır. Bundan sonra iddiaçı Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının həkimi Rəfail Sultanova müraciət etmiş və müayinədən sonra ona «Sirkumsizya əməliyyatından sonra uretranın yatrogen zədələnməsi (N47). Hipospadiya süni (Q54.1)» diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə həkim R.Sultanov tərəfindən uşağın üzərində təkrar rekonstruktiv cərrahiyyə əməliyyatı aparılmış, eyni zamanda etaplı cərrahiyyə əməliyyatların aparmalı olduğu bildirilmişdir. 16.Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı oğlunun "xxxx" MMC-nin həkimi Cavabdeh2 tərəfindən lazer aparatı ilə düzgün sünnət etməməsi nəticəsində uşağın cinsi orqanının fəaliyyət qabiliyyətini itirilməsi barədə şikayət ərizəsi ilə Nəsimi rayon Prokurorluğuna müraciət etmişdir. Keçirilmiş xx.xx.2023-cü il tarixli komisyon məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, uşağın üzərində xx.xx.2022-ci il tarixdə «Sünnət» əməliyyatı icra edilmiş, ilkin əməliyyatdan sonra (sirkumziya) meydana çıxan yatrogen (zədələnmə) hipospadiya penisdə əyilmə və ciddi dəri defekti yaranmış, icra edilmiş ilkin əməliyyat qüsurlu olmuş və aparılmış təkrar cərrahiyyə əməliyyata baxmayaraq, hazırda penisin ventral hissəsində qlansın alt tərəfindən penisin cisminə doğru uretrada açılmış böyük bir defekt, həmin defektdən qeyri-düzgün sidiyin çıxması, ətrafda irinli fibriotik toxumaların görülməsi və penisdə ventral əyilmənin olduğu müəyyən edilmişdir, hazırda da təkrar rekonstruktiv əməliyyatının aparılmasına zərurəti vardır. Mirməhəmməd Seyidliyə müalicə həkimi tərəfindən xəstənin obyektiv müayinəsi və xəstəliyinin diaqnostikası aparılmamış, tibbi sənədlər tam həcmdə tərtib edilməmiş, həmçinin cərrahiyyə əməliyyatı texniki qüsurla icra edilmişdir. Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə X4 "xxxx" Klinikasında «sünnət» əməliyyatı zamanı həkim Cavabdeh2 tərəfindən əməliyyat qüsurlu icra olunmuşdursa da, xəstənin vəziyyətinin qənaətbəxt olması, həmçinin rekonstruktiv əməliyyatlarla xəstənin sağlamlığının tam bərpa etmək mümkün olması xüsusatı əməliyyatı icra etmiş cərrah həkim və tibb personalının hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilmişdir. Hazırda iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində X1 vurulmuş maddi zərərin əvəzi olaraq 49.150 (qırx doqquz min yüz əlli) manat, mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat olmaqla, ümumilikdə 99150 (doxsan doqquz min yüz əlli) manat cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Məhkəmə vurulmuş maddi ziyana görə 49150 (qırx doqquz min yüz əlli) manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. 18.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). 19.Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. 20.Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. 21.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). 22.Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). 23.Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X17rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları). 24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 25.Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 26.“Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1-ci maddəsinə əsasəna Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. 27.Həmin Qanunun 15-3.3-cü bəndinə əsasən isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verən tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır. 28.“Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 15-7.2.1-ci maddəsinə əsasən tibbi müəssisəsinin bu Qanunun və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərmək vəzifəsi vardır. 29.«Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir. 30.Məhkəmə qeyd edir ki, iddiaçının maddi tələbini təşkil edən ziyan iki hissədən ibarət olmuşdur. Onlardan biri iddiaçının Cavabdeh2 vermiş olduğu 750 manat məbləğin ona qaytarılmasıvə hazırki lazım olan əməliyyatın xərcləri. Lakin iddiaçı 750 manatın cavabdehə verilməsi barədə rəsmi sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin Cavabdeh2 polis orqanlarına vermiş olduğu izahatında belə bu hal öz əksini tapmamışdır. Maddi ziyanın digər hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb edilən digər məbləğ iddiaçının oğlunun ə məliyyatı ilə bağlıdır ki, hazırda onun dövlət tərəfindən ödənişsiz qaydada müalicəsi və əməliyyat mümkündür. Bu halın özü ekspertiza rəylərində, iş materiallarında təsdqini tapsada yenidən əməliyyatın edilməsi üçün qüsurlu əməliyyatı etmiş cavabdehdən pulun tutulması qanuna zidd olacaqdır. Bundan başqa isə məhkəmə bildirir ki, məhkəmə tərəfindən edilmiş sorğuya cavab olaraq X25 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xəstənin cinsiyyət üzvünün bərpası üçün hər biri ən az altı ay ara ilə oluna biləcək iki ya üç mərhələli əməliyyat gərəkli olacağı düşünülməkdədir. Belə xəstələrdə zədələnmiş toxumaların sürətli və daha yaxşı bərpası məqsədi ilə bəhs edilən əməliyyatlar zamanı hiperbarik oksigen müalicəsi də alması məsləhət görülməkdədir. Planlanan əməliyyatlar xəstəxanada icra oluna bilsə də, planlaşdırılan hiperbatik oksigen müalicəsi hazırda xəstəxanasında mövcud olmaması müəyyən edilsədə hiperbatik oksigen müalicənin ödənişsiz “Xidmətlər Zərfi” daxilində edilməsi və Azərbaycan Respublikası ölkə hüdudları daxilində baş tutması da müəyyən edilmişdir. Bu isə onu deməyə bir daha əsas verir ki, iddiaçının gələcəklə bağlı oğlu üçün əməliyyatının icra edilməsi mümkündür. 31.Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyana görə 49150 (qırx doqquz min yüz əlli) manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. 32.İddia tələbinin 50.000 (əlli min) manat mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir. 33.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 34.Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. 35.Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 36.Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. 37.Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 38.Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 39.Məhkəmə qeyd edir ki, iddiaçının uşağına düzgün əməliyyatın aparılmaması nəticəsində iddiaçının keçirtdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, iddiaçının keçirmiş olduğu davamlı sarsıntıları, oğlunun az yaşlı olmasını, oğlunun gələcəkdə nəslinin davam elətdirilməsi ilə bağlı ümidlərinin sual altında olmasını nəzərə alaraq vurulmuş mənəvi zərərin 10.000 (on min) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. 40.Məhkəmə həmçinin hesab edir ki, mənəvi ziyanın əvəzi kimi 10.000 (on min) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutulmalıdır. 41.Belə ki, bu halda iddiaçı hər iki cavabdehi görsədə onun maddi tələbə (mənəvi ziyan ilə bağlı) daha tez əlçatanlığını, "xxxx" MMC-nin hüquqi şəxs olaraq maddi imkanlarının olması ehtimalının yüksək olmasını nəzərə alaraq hesab edir ki, bu halda mənəvi tələb cavabdeh "xxxx" MMC –dən tutulmalıdır. Bu halın özü isə gələcəkdə "xxxx" MMC-nin digər təqslirli cavabdehdən həmin pulun reqres qaydada tələb edilməsinidə istisna etmir. 42.Bundan başqa məhkəmə cavabeh Cavabdeh2 münasibətdə maddi ziyanın təmin edilməməsi hissəsi ilə bağlı həmçinin qeyd edir ki, Cavabdeh2 edilmiş əməliyyatı düzgün qaydada və formada etməməsi öz təsdiqini tapmış (ekspert rəyi əsasında) və təqsiri bu məhkəmə qaydasında müəyyən edilmişdir. Lakin maddi tələbin ondan tutulmaması onun təqsrinin olmaması səbəbindən deyil, qeyd edilən əməliyyatların dövlət təminatı altında pulsuz qaydada “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun təsir dairəsinə düşməsi səbəbindən olmuşdur. 43.Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Mirsadiq oğlunun “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 (on min) manat məbləğində pul tutulmalı, iddia tələbi maddi zərərin ödənilməsi və Cavabdeh2 qarşı münasibətdə təmin edilməməlidir. 44.Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 45.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 46.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 47.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 48.Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 49.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 50.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Mirsadiq oğlunun “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 (on min) manat məbləğində pul tutulsun. İddia tələbi maddi zərərin ödənilməsi və Cavabdeh2 qarşı münasibətdə təmin edilməməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar