Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1087/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş İddiaçı ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil və narkotik vasitələrin satışı ilə məşğul deyil. Onun heç “İnstagram” sosial şəbəkəsi də olmamışdır ki, o, “İnstagram” sosial şəbəkəsi vasitəsilə İran vətəndaşı ilə ünsiyyət yaradıb narkotik vasitə alsın. Onun nə narkotik, nə də siqaret kimi pis vərdişləri olmamışdır. O, ailəlidir və 2 övladı var. Onun həbs olunma səbəbi ailədaxili məsələlər olmuşdur. Onu gəlini həbs etdirmişdir. Belə ki, gəlini “İnstagram” sosial şəbəkəsində proqram vasitəsilə pul yarışına qoşulmuşdur. Yarışmaya əsasən iştirakçılar satdıqları müqabilində əlavə pul qazanırmışlar. Onun gəlini ondan yarışmaya qoşulmaq üçün 7000 manat nağd pul istəmiş və o da evdən ona 7000 manat pul vermişdir. Onun gəlini həmin nağd pulu terminal vasitəsilə yarışmada qeyd olunan kart hesabına köçürmüşdür. Lakin gəlini yarışmada 7000 manat pulu uduzmuşdur. 1-2 gün sonra gəlini Polis Bölməsinə gedib ərizə yazmış, ona pul uduzduğu şəxslərin tutulacağını və pullarının geri qayıdacağını demişdir. O da gəlininə qoşularaq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gedib ərizə yazmışdır. Bu hadisədən sonra gəlini Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis əməkdaşı ilə sevgili olduğundan onu başından uzaq etmək üçün bu bəhanə ilə onu həbs etdirmişdir. 21 may 2023-cü il tarixində gəlininin sevgilisinin də daxil olduğu 10 nəfər polis əməkdaşı onun evinə basqın etmişlər. Polislər evə basqın edəndə evdə o və gəlini olmuşdur. Polis əməkdaşları onun evində narkotik vasitə olduğunu deyib onu Polis Bölməsinə aparmışlar. Polis Bölməsində 4 saat ərzində polis əməkdaşları onu döymüşlər. Onun işgəncə görməyinə dair sənədlər var. Lakin o, narkotik vasitəni boynuna almadığından polis əməkdaşları ona oğlu və həyat yoldaşı ilə hədə-qorxu gəlmişlər. O, təzyiq altında sənədlərə imza çəkib narkotik vasitəni üzərinə götürmüşdür. Eyni məzmunlu ifadələrini təqsirləndirilən şəxs İddiaçı 11 sentyabr 2023-cü il tarixdə məhkəməyədək icraat zamanı ibtidai istintaqı aparan müstəntiqə bildirmiş (i.v.163-164) və öz ifadələrini üzləşmə zamanı polis əməkdaşların üzünə söyləmişdir.(i.v.165-173) Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs İddiaçı Məhmməd qızı bildirmişdir ki, onun telefonu ”Samsung” markalıdır. O, telefonunu ölkədən kənar başqa yerlərə aparmışdır. Onun gəlini yarışmanı uduzduqdan sonra onu həbs etdirmək qərarına gəlmişdir. Onun gəlininin sevgilisi Binəqədi Rayon Pİnin 6-cı PB-nin polis əməkdaşıdır. Lakin sevgilisinin kim olduğunu bilmir. Növbəti məhkəmə iclasında proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs İddiaçı bildirmişdir ki, o, gəlini ilə 2 ildir yaşayır və 2 ildir ki, aralarında münasibətlər yaxşı olmamışdır. Nazir adlı polis əməkdaşı onu döymüşdür. Yəqin ki, gəlininin Nazirlə münasibəti var imiş. O, evdar xanımdır, işləmir, ali təhsilli deyil. Onun gəlini pulu uduzduqdan sonra onun xəbəri olmuşdur. O, Binəqədi RPİnin 6-cı PB-nə gəlini ilə birlikdə gedib şikayət ərizəsi yazmış, bir neçə gün sonra Binəqədi RPİ-dən gəlininin telefonuna zəng gəlmiş və onları Polis Bölməsinə çağırmışlar. Bundan sonra gəlininin Cəfər və Nazirlə danışıqları başlamışdır. Xəsarət izləri hələ də qol və ayaqları üzərində qalır. O, evində olarkən saxlanılmışdır. O, döyülmüş və sonra gecə saat 00:00-da yaşadığı mənzilə gətirilmışdır. Narkotik vasitə polis əməkdaşı Nazirin əlində imiş və narkotik vasitəni evinə qoymuşlar. Bu vaxt gəlini də evdə imiş. O, istintaq zamanı narkotik vasitənin oğluna məxsus olduğunu deməmişdir. O istintaq zamanı verilən suala cavab olaraq bildirmişdir ki, əgər narkotik vasitə oğluna məxsus olsa imiş onu yox, oğlunu tutarmışlar. O, məhkəmədə narkotik vasitənin oğluna məxsus olduğunu deyib-demədiyini xatırlamır. O, ***-***-**-** mobil nömrəsindən istifadə edir. O, istintaq zamanı vəkilini tanımırmış. O, sonradan Ayət adlı vəkillə müqavilə bağlamışdır. O, dəfələrlə müstəntiqdən xahiş etmişdir ki, ekspertiza keçirilsin. Lakin müstəntiq bildirmişdir ki, ekspert rəyi də onun narkotik vasitə istifadəçisi olduğunu eynilə göstərəcək, buna görə ekspertizaya ehtiyac yoxdur. İşgəncə ilə bağlı vəkilə bildirmiş və onun vasitəsilə müvafiq qurumlara müraciət etmişdir. O, BİT-ə daxil olanda xəsarət izlərinin olduğunu bildirmiş və bu barədə qeydlər aparılmışdır. Elan olunmuş cinayət işinin 28-29-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən təqsirləndirilən şəxs İddiaçı bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Elan olunmuş cinayət işinin 36-38-ci vərəqələrində olan baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya əsasən təqsirləndirilən şəxs İddiaçı bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs İddiaçı əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə izahat arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Cinayət işinində olan 21 may 2023-cü il tarixli protokoldan görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilinərək saat 21.15-də tutulmuşdur. Sonradan onun barəsində dörd ay müddətinə Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində qətiimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə baxılmış və həbs qətiimkan tədbiri ev dustaqlıqlığı qətiimkan tədbirinə dəyişdirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsi ilə verilmiş ittihamlar üzrə təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı öz çıxışında təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan bəraətverici əsasla (cinayət hadisəsi olmaması) imtina etmişdir. Dövlət ittihamçısı müraciətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülsə də, qeyd edilən ittihamla bağlı cinayət hadisəsinin baş verməsi sübuta yetirilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi 1(101)-832/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il traixində aşağıdakı məzmunda qərara qəbul etmişdir. “Təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının ittihamdan bəraətverici əsasla imtina etməsi səbəbindən cinayət işinə xitam verilsin. İddiaçı barəsində seçilmiş «ev dustağlığı» qətimkan tədbiri ləğv edilsin. İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 3,017 qram və 285,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis), 02 ədəd elektron tərəzi qərar qanuni qüvvəsini aldıqdan sonra həmin narkotik vasitə ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsiüçün hazırki cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna göndərilsin və göstərilən narkotik vasitə həmin işin materiallarına əlavə edilsin.” Nəticə etibarı ilə istintaq orqanlarının qeyri qanuni hərəkətləri və qərarları nəticəsində İddiaçı xx.xx.2023-cü tarixindən xx.xx.2024-cü il traixindək azdlıqdan hüququndan məhrum olmuşdur. Hesab edilir ki, İddiaçı həmin müddətdə (Azərbaycan Respublikasında orta aylıq əmək haqqı göstəricisi 980 manat olduğunu nəzərə alsaq) əmək haqqı qazancından məhrum olduğu üçün 15680 manat maddi ziyan dəymişdir. Həmçinin, ona bununla bağlı 100000 mant məbləğində mənəvi zərər dəymişdir. Qeyd edilənləri nəzərə alaraq istintaq və məhkəmə orqanlarının qanunsuz qərarları əsasında xx.xx.2023-cü tarixindən xx.xx.2024-cü il tarixinədək həbsdə və ev dustağlığında olduğu müddətdə İddiaçı dəymiş 15 680 manat məbləində maddi və 100 000 manat məbləğində mənəvi zərərin (cəmi yüz on beş min altı yüz səksən manat) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar olaraq 15.680 manat maddi və 100.000 manat mənəvi ziyanın, ümumilikdə 115.680 manatın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən quruma deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Malı̇ yyə Nazı̇ rlı̇ yi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikasının Malı̇ yyə Nazı̇ rlı̇ yinə qarşı mənəvi zərərin ödənilməsi iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq iddiaçının 14 aya yaxın həbsdə qaldığını, iddiaçının həbsdə olduğu müddətdə onun məhrum olduğu minimum əmək haqqı ilə maddi ziyanı əsaslandırdığını, iddiaçının rəsmi iş yerinin olmadığını bildirdi. 5.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. 6.Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-528/2023 saylı qərarı ilə İddiaçı barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. 9.Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-832/2024 saylı qərarı ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. 10.Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-832/2024 saylı qərarı ilə təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının ittihamdan bəraətverici əsasla imtina etməsi səbəbindən cinayət işinə xitam verilmiş, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilərək, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-528/2023 saylı qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-832/2024 saylı qərarı ilə iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, sonda isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-832/2024 saylı qərarı ilə cinayət işinə xitam verilmiş, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». 13.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 15.Həmin Məcəllənin 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 16.Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
17. Həmin Məcəllənin 1101-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 18.Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. 19.Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. 20.İlk növbədə iddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 15.680 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq yetəri qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı iddia tələbində maddi ziyanın əsası kimi yalnız iddiaçının azadlıqdan məhrum edildiyi dövrdə minimum əmək haqqı məbləğinə münasibətdə əsaslandırsa da, həbs edilməmişdən əvvəl rəsmi iş yerinin olması və s. barədə sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. 21.Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 22.Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 23.Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 24.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) 25.Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) 25.Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının barəsində qanunsuz cinayət-prosessual hərəkətlərinin həyata keçirilməsi nəticəsində iddiaçıya mənəvi zərər vurulması işin mübahisəsiz halıdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərlə bağlı aşağıdakıları qeyd edir. 26.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 27.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 28.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. 29.Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 30.Məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, onun barəsində 21 may 2023-cü il tarixdə seçilmiş həbs qətimkan tədbiri məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbiri isə məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmişdir. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. 31.Odur ki, iddiaçıya barəsində qanunsuz aparılan cinayət işi üzrə və prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı mənəvi zərər dəyməsi aşkardır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. İddiaçıya dəymiş mənəvi zərərə görə tələb olunan məbləğdə deyil, 15.000 (on beş min) manat həcmində kompensasiya ödənilməsini məhkəmə ağlabatan və ədalətli hesab edir. 32.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 15.000 (on beş min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir 33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 35.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 36.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 15.000 (on beş min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.