Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1095/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq iddiaçının adına rəsmiləşdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «uçot nöqtələri və sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq iddiaçının adına rəsmiləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında "xxxx" MTK tərəfindən 6 blokdan ibarət hündürmərtəbəli yaşayış binası (aşağı mərtəbələri qeyri-yaşayış sahələri olmaqla) inşa edilmişdir. Bina üçün elektrik enerjisi qidalanmasına xx.xx.2007-ci il tarixdə TX-11-0364 saylı texniki şərt verilmişdir. Verilmiş texniki şərtə əsasən binanın yaxınlığında 6/04 kv-lıq yarımstansiya quraşdırılıb istismara verilmişdir. Bina üçün yarımstansiyanın 0,4 kv-lıq paylayıcı quruluşda 13 ədəd sayğac uçot komplekti istismardadır və hesabat həmin sayğaclarla aparılır. Bütün yaşayış və qeyri- yaşayış sahələri 15 ildən artıqdır ki, həmin sayğaclar vasitəsilə elektrik enerjisi ilə təmin edilmişdir. İddiaçı "xxxx" MTK tərəfindən inşa edilmiş binada aşağıda qeyd olunan qeyri-yaşayış sahələrini əldə etmiş və qeyd olunan sənədlərə əsasən həmin qeyri-yaşayış sahələri onun mülkiyyətindədir. 1) Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38, mərtəbə 1 ünvanında qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestr nömrəsi **********05-05301-083003, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli çıxarış; 2) Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38, mərtəbə 2 ünvanında qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestr nömrəsi **********05-05301-083001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli çıxarış. "xxxx" ASC tərəfindən şifahi olaraq ona bildirilmişdir ki, mülkiyyətində olan qeyri-yaşayış sahələrini elektrik enerjisi ilə qidalandıran sayğacların onun adına rəsmiləşdirilməsi ilə əlaqədar "ASAN Kommunal" mərkəzlərinə müraciət etməlidir. Tərəfindən xx.xx.2024-cü il tarixdə 2 saylı Bakı "ASAN Kommunal" mərkəzinə müraciət edildikdə isə ona bildirilmişdir ki, "ASAN Kommunal" mərkəzlərində yalnız yeni texniki şərt verilir. Lakin iddiaçı bununla razı olmamış və mülkiyyətində olan qeyri-yaşayış sahələrini elektrik enerjisi ilə qidalandıran sayğacların adına rəsmiləşdirilməsi ilə əlaqədar tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə rəsmi qaydada müraciət edilmişdir. Müraciətə cavab olaraq "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə 13-13/2-2/7-04-Y-4709-5/2024 nömrəli rəsmi məktubla yenidən bildirilmişdir ki, qeyri-yaşayış sahələrinə məxsus uçot nöqtəsində ad dəyişikliyi edilməsi və ya yeni abunə kodunun açılması "ASAN Kommunal" mərkəzləri vasitəsilə həyata keçirilir. Bakı şəhəri, Nəsimi rayonu Xətai prospekti 38 ünvanında inşa edilmiş hündürmərtəbəli binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin elektrik təchizatı üçün "xxxx" MTK tərəfindən texniki şərt alınmışdır. Həmin texniki şərt verilən zaman bütün yaşayış və qeyriyaşayış sahələrinin işlətdiyi elektrik enerjisinin gücü nəzərə alınmışdır. Bütün sayğaclar 15 ildən çoxdur ki, qoşulu vəziyyətdədir və bütün binanı elektrik enerjisi ilə qidalandırır. Hesab edir ki, heç bir halda yeni texniki şərt alınması zərurəti yoxdur. Çünki artıq bütün yaşayış və qeyri-yaşayış sahələri üçün icazə alınmışdır və iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahələri yeni deyildir. Sadəcə olaraq əvvəl "xxxx" MTK-nın mülkiyyətində idi, hazırda isə iddiaçının mülkiyyətindədir. Göstərilənlərə əsasən iddia ərizəsində göstərilən ünvandakı mülkiyyətdə olan və hazırda fəaliyyət göstərən obyektlərə verilən elektrik enerjisi sərfiyyatını göstərən **********00004, **********00007, **********00545 nömrəli uçot nöqtələri və müvafiq 3202977M476764, 818132M1090027, 0109691M55314 nömrəli sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq İddiaçı adına rəsmiləşdirməsinin "Azərişıq” ASC-yə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsində göstərilən ünvandakı mülkiyyətdə olan və hazırda fəaliyyət göstərən obyektlərə verilən elektrik enerjisi sərfiyyatını göstərən 818132M1090027, 0036033M2423822 nömrəli sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq İddiaçı adına rəsmiləşdirilməsinin "xxxx" ASC-yə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan iddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı kooperativin payçısı və təsisçisi olduğunu nəzərə alaraq, həmin obyektlərin elektrik enerjisinin sərfiyyatını göstərən **********00007, **********00545 uçot nöqtələri və müvafiq 818132M1090027, 0109691M55314 sayğac kompektlərinin elektrik enerjisinin hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq onun adına rəsmiləşdirməyə köməklik göstərilməsini xahiş etmişdir. 8.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, uçot nöqtəsində ad dəyişikliyi edilməsi və ya yeni abunə kodunun açılması “Asan kommunal” mərkəzləri vasitəsi ilə həyata keçirildiyindən tələb olunan müvafiq sənədlərlə mərkəzə müraciət edilməsi tövsiyə olunmuşdur. 9.Mülki işin materiallarında olan İddiaçı tərəfindən X1 Agentliyinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MTK tərəfindən Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksi inşa edilmişdir. Həmin kompleks inşa edilməmişdən əvvəl digər müvafiq təşkilatlardan icazə alınmışdır. Həmçinin, "xxxx" ASCdən Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksinin elektrik enerjisi ilə təchiz edilməsi üçün texniki şərt alınmışdır. Texniki şərt alınan zaman binanın 330 mənzilinin və binanın alt mərtəbələrində yerləşən qeyri-yaşayış (ofis) sahələrinin olacağı və onların da enerjiyə olan tələbatı nəzərə alınmışdır. “Hüquq" MTK tərəfindən texniki şərtə uyğun olaraq yarımstansiya tikilmiş, transformator və digər elektrik qurğuları qeyd edilən sahələrə quraşdırılmışdır. Kompleks inşa edildikdən sonra "xxxx" MTK 330 mənzilin hər birini ayrı-ayrı vətəndaşlara satmışdır, o cümlədən də qeyri-yaşayış (ofis) sahələrini müxtəlif şəxslərə satmışdır. Yarımstansiyada 11 ədəd elektrik sayğacı mövcuddur və onlardan ikisi yalnız qeyri-yaşayış (ofis) sahələrini elektrik enerjisi ilə təmin edir. O, həmin kompleksdə olan qeyri-yaşayış (olis) sahələrinin böyük bir hissəsinin mülkiyyətçisidir və bununla bağlı reyestrdən çıxarışı var. Yarımstansiyada olan elektrik sayğaclarının birindən çıxan elektrik kabeli yalnız onun mülkiyyətində olan qeyri-yaşayış (ofis) sahələrini elektrik enerjisi ilə təmin edir. Onun mülkiyyətində olan obyekt “Hüquq" MTK-nın sub-abonenti kimi elektrik şəbəkəsinə qoşulmuşdur. Artıq 20 ildir ki, həmin qeyriyaşayış (ofis) sahələri fəaliyyət göstərir və elektrik təchizatı da mövcuddur. Eyni zamanda heç bir əlavə elektrik yükü həmin qeyri-yaşayış (ofis) sahələrinə tələb olunmur. Hazırda mülkiyyətində olan qeyri-yaşayış (ofis sahələrini) elektrik enerjisi ilə təmin edən elektrik sayğacının “Hüquq" MTK-nın adından çıxarılıb onun adına keçirilməsi ilə bağlı “Azərişıq" ASC-yə müraciət etmişdir. Lakin bununla bağlı müsbət cavab almamış və ona bildiriblər ki, bununla əlaqədar olaraq texniki şərt almalıdır. “Hüquq" MTK tərəfindən inşa olunmuş yaşayış kompleksində yerləşən və 20 il əvvəl elektrik şəbəkəsinə qoşulmuş qeyri-yaşayış (ofis) sahələrini elektrik enerjisi ilə təmin edən elektrik sayğacının “Hüquq" MTK-mn adından çıxarılıb onun adına keçirilməsi üçün texniki şərt almağı tələb olunurmu? 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı filialı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında "xxxx" MTK-nın qeyri-yaşayış sahəsində yerləşən obyektlərin sahibi İddiaçı ünvanlanan 29 aprel 2025-ci il tarixli cavab məktubundan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən qeyri-yaşayış sahələrinin elektrik enerjisi təchizatı "xxxx" ASC-nin balans və xidmətində olan gücü 2x1600 Kva, 6/0,4 KV gərginlikli 572 saylı transformator yarımstansiyasının 0,4 kV-luq paylayıcı qurğusundan yerinə yetirilir və həmin qeyri-yaşayış sahələrinə MTK-nın 07/1-28 nömrəli abonent kodu altında **********00007, **********00545 saylı uçot nöqtələri açılmış, həmin uçot nöqtələrinə uyğun olaraq 2818132M1090027 və 00360033M2423822 zavod nömrəli elektrik sayğacları quraşdırılmışdır. Məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, enerji təchizatı layihəsinin hazırlanması və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydasının tələblərinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydanın 2.20-ci bəndinə əsasən, yaşayış binalarının enerji təchizatı şəbəkəsinə qoşulması üçün bu Qaydanın tələblərinə uyğun olaraq enerji təchizatı müəssisəsi tərəfindən ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin, həmçinin yaşayış binası üçün verilmiş texniki şərtdə qeyd olunan güc hesabatında nəzərdə tutulan, həmin yaşayış binasının 0,4 kV-luq paylayıcı lövhəsinə qoşulan qeyri-yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün ayrıca texniki şərtlərin və enerji təchizatı layihəsinin alınması, həmçinin qoşulma xidmətinə görə ödəniş tələb olunmur. Əlavə olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydalarının 1.4-cü bəndinin ikinci abzasına əsasən, enerji təchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerji təchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. Odur ki, sözügedən qeyri-yaşayış sahələrində elektrik enerjisinin alqı-satqı müqaviləsinin dəyişdirilməsi və şəxsi hesabın digər abonentin, o cümlədən subabonent adına keçirilməsi məsələsinə baxılması məqsədilə “Asan Kommunal" mərkəzləri vasitəsilə enerji təchizatı müəssisəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. 11.Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən 2-ci mərtəbə ümumi sahəsi 2762.3 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 78 nömrəli reyestr kitabının 7363 nömrəli vərəqində qeydiyyata alınmışdır. 12.Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən 1-ci mərtəbə ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 91 nömrəli reyestr kitabının 8543 nömrəli vərəqində qeydiyyata alınmışdır. 13.Mülki işin materiallarında olan 30 sentyabr 2020-ci il tarixli, 227422/2 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan “Bank VTB (Azərbaycan)” ASC, ipoteka qoyan İddiaçı və borc alan "xxxx" MMC arasında bağlanan bu müqaviləyə əsasən ipoteka qoyan xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən 2-ci mərtəbə ümumi sahəsi 2762.3 kv.m olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. 14.Mülki işin materiallarında olan 30 sentyabr 2020-ci il tarixli, 106542-NEDVİJ- 427/4 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan “Bank VTB (Azərbaycan)” ASC, ipoteka qoyan İddiaçı və borc alan "xxxx" MMC arasında bağlanan bu müqaviləyə əsasən ipoteka qoyan xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən 1-ci mərtəbə ümumi sahəsi 559.6 kv.m olan qeyriyaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. 15.Mülki işin materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən "xxxx" ASC-yə ünvanlanan 27 iyun 2007-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai prospekti 38 ünvanda hündürmərtəbəli bina inşa edirlər. Binanın enerji təchizatı üçün verilmiş texniki şərti maliyyə çatışmamazlığına görə yerinə yetirə bilmirlər. Yaranmış maliyyə çatışmamazlığını nəzərə alıb texniki şərtə yenidən baxılmasına köməklik göstərilməsini xahiş etmişdir. 16.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən 2003-cü il tarixli məktubdan görünür ki, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə tikiləcək "xxxx" MTK-ya məxsus yaşayış binasının elektrik təchizatının "xxxx" MMC-yə məxsus 110/35/6 Kv-luq “227 saylı” YS vasitəsilə 220/110/10 Kv-luq “Xırdalan” YS-dan təmin olunmasına etiraz etmirlər. 17.Mülki işin materiallarında olan hesab ödəniş vərəqi, cd-disk. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 19.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binası müvafiq sərəncam əsasında "xxxx" MTK tərəfindən tikilmiş, binanın elektrik enerjisi ilə təchiz olunması ilə bağlı texniki şərt və elektrik sayğacı kompektləri (uçot nöqtələri və s.) MTK-nın adına qeydə alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" MTK tərəfindən inşa edilən sözügedən yaşayış kompleksinin alt mərtəbələrində yerləşən və ümumi sahələri 2762.3 kv.m və 559.6 kv.m olan qeyri-yaşayış sahələri hazırki iş üzrə iddiaçının mülkiyyətindədir. Müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahələri iddiaçının mülkiyyətində olmasına baxmayaraq oranı elektrik enerjisi ilə təchiz edən 818132M109002 və 0036033M2423822 nömrəli sayğac kompektləri "xxxx" MTK-nın adında qalmışdır. Hazırda iddiaçı həmin sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq öz adına rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsini tələb edir. Cavabdeh isə bunun üçün yeni texniki şərtin alınmalı olmasını qeyd edərək, iddia tələbinin təmin edilməməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 20.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 1.4-cü bəndinə əsasən abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. 8.5-ci bəndinə əsasən abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. 8.6-cı bəndinə əsasən istehlakçının eyni, yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə elektrik enerjisinə görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır Qaydaların 8.21-ci bəndinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. 21.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2023-cü il tarixli, 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın: 2.20-ci bəndinə əsasən yaşayış binalarının ETŞ-yə qoşulması üçün bu Qaydanın tələblərinə uyğun olaraq ETM tərəfindən ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin, həmçinin yaşayış binası üçün verilmiş texniki şərtdə qeyd olunan güc hesabatında nəzərdə tutulan, həmin yaşayış binasının 0,4 kV-luq paylayıcı lövhəsinə qoşulan qeyriyaşayış sahələrinin ETŞ-yə qoşulması üçün ayrıca texniki şərtlərin və enerji təchizatı layihəsinin alınması, həmçinin qoşulma xidmətinə görə ödəniş tələb olunmur. 22.Hazırki iş üzrə işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda, 1-ci və 2-ci mərtəbələrdə yerləşən, sahələri 2762.3 və 559.6 kv.m olan qeyri-yaşayış sahələrində quraşdırılan və hazırda da fəaliyyət göstərən 818132M1090027 və 0036033M2423822 nömrəli sayğac kompektləri iddiaçının yox, binanı tikən "xxxx" MTK-nın adınadır. Sözügedən qeyri-yaşayış sahələrinin yerləşdiyi binaya dair bütövlükdə elektrik enerjisinin verilməsi üçün daha əvvəl "xxxx" ASC tərəfindən xx.xx.2007-ci il tarixli, TX-11-0364 saylı texniki şərt verilmiş və bina bütövlükdə həmin texniki şərt əsasında elektrik enerjisi ilə təchiz edilmişdir. İddiaçı özünə məxsus sahədə quraşdırılan sayğacların "xxxx" MTK-nın adından çıxarılaraq öz adına rəsmiləşdirilməsini tələb etsə də, cavabdeh tərəfindən bundan imtina edilmiş, imtinanın əsası kimi isə bunun üçün ayrıca texniki şərtin alınmalı olması qeyd edilmişdir. 23.Halbuki, qanunvericiliyin tələblərinə əsasən enerji təchizatı müəssisəsi tərəfindən ümumi texniki şərtin verildiyi və həmin texniki şərtin tələblərinin icra olunduğu binalarda, həmin binalarda olan qeyri-yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün ayrıca texniki şərtin alınması tələb olunmur və şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. 24.Göründüyü kimi bina üzrə "xxxx" MTK tərəfindən daha əvvəl texniki şərt alınmış, sayğaclarda hər hansı bir dəyişiklik olmamış, sadəcə olaraq 818132M1090027 və 0036033M2423822 nömrəli sayğac kompektləri texniki şərti alan "xxxx" MTK-nın adında qalmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin sırf texniki şərtin yenidən alınmalı olması əsası ilə iddiaçının tələbindən imtina etməsi qeyd edilən hallara görə əsassız olmuşdur. 25.Hətta iş materiallarından da göründüyü kimi iddiaçı məsələ ilə bağlı Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyinə müraciət etmiş, oradan verilən xx.xx.2025-ci il tarixli cavab məktubunda da sayğacın adına keçirilməsi üçün ayrıca texniki şərtin alınmasına ehtiyac olmadığı, məsələ ilə bağlı “Asan kommunal” mərkəzləri vasitəsilə enerji təchizatı müəssisəsinə müraciət etməsi tövsiyə olunmuşdur. 26.Odur ki, qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahələrində quraşdırılan sayğacların hazırda da "xxxx" MTK-nın adında qalması onun hüquqlarını pozur və buna görə də iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 27.Beləliklə də iddia tələbi məhkəmə tərəfindən əsaslı hesab edildiyindən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən, İddiaçı məxsus qeyri-yaşayış sahələrində quraşdırılan 818132M1090027 və 0036033M2423822 nömrəli sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq iddiaçının adına rəsmiləşdirilməsi "xxxx" ASC-yə həvalə edilməlidir. 28.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanda yerləşən, İddiaçı məxsus qeyri-yaşayış sahələrində quraşdırılan 818132M1090027 və 0036033M2423822 nömrəli sayğac kompektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq iddiaçının adına rəsmiləşdirilməsi "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1095/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1095/2025
19.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver