Məhkəmə qərarları › İş №e-2(006)-11/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-11/2024

09.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-11/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X2 qarşı "icra qeydinin ləğvi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X2 qarşı "icra qeydinin ləğvi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Zaur Əliyev adlı şəxs ilə razılaşaraq xx.xx.2016-cı ildə Zaurdan 20.000 (iyirmi min) ABŞ dolları borc (sələmə) pul almışdır. Bu pulu o, 5000 faizi ilə birlikdə, yəni 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində Zaur Əliyev qaytarmışdır. Həmin 20.000 ABŞ dolları pulun təminatı üçün Zaur Əliyevin təkidi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 Saylı Notariat Kontorunda 25.000 (iyimi beş min) ABŞ dollar pulun guya Cavabdeh tərəfindən İddiaçı verildiyinə dair formal (uydurma) Borc Müqaviləsi bağlanmışdır. Qeyd edilir ki, Cavabdeh Nəsimi RPİ-nin 19-cu PŞ-də verdiyi izahatında Zaurun onun həyat yoldaşı olduğunu bildirmişdir. Həmin izahatda Cavabdeh həm də bildirmişdir ki, xx.xx.2016-cı il tarixində Cavabdeh həm də İddiaçıya 25.000 ABŞ dolları verərək ondan ünvan 1 ünvanında yerləşən qeyri- yaşayış sahəsini satın almışdır. Belə çıxır ki, cavabdeh eyni gün iddiaçıya həm 25000 USD borc pul verib, həm də 25 000 USD-yə ondan mağazanı satın alıb. Bu fakt da cavabdeh ilə iddiaçı arasında olan xx.xx.2016-cı il tarixli Borc Müqaviləsinin və Alıq-satqı müqaviləsinin tamamilə formal (uydurma) olduğunu təsdiq edir. Bu müqavilələrin etibarsız sayılması ilə bağlı Bakı şəhəri Nizami rayon məhkəməsinin icraatında 2(007)- 637/2021 saylı işə baxış davam edir. Qeyd edildiyi kimi, İddiaçı 20.000 (iyirmi min) ABŞ dolları pulu Zaur Əliyevdən borc (sələmə) alıb və 5000 (beş min) ABŞ dolları faiz də əlavə edilməklə, yəni 25 000 (iyirmi beş min) ABŞ dolları pul qaytaracağını vəd verib. Və İddiaçı Zaur Əliyevə 2018-ci ildə 25 000 (iyirmi beş min) ABŞ dolları pulu tam həcmdə geri qaytarıb. Bütün bunları şahidlər və iddiaçı ilə mərhum Zaur Əliyev arasındakı Watsap mesajları da sübut edir. Bunlara baxmayaraq Cavabdeh həyat yoldaşı olduğunu dediyi Zaurun vəfatından (2019-cu ilin yanvar ayında vəfat edib) sonra iddiaçıya qarşı Bakı şəhəri 14 Saylı Notariat Kontoru vasitəsi ilə xx.xx.2020-ci il tarixli İcra Qeydini göndərib və borc verdiyini iddia etdiyi 25.000 ABŞ dollarını İddiaçı tələb edib. Məlum olduğu kimi, xx.xx.2016-cı il tarixli formal Borc müqaviləsinin 2-ci bəndinə görə iddiaçı həmin pulu cavabdehə ən son xx.xx.2017-ci ildə qaytarmalı idi. xx.xx.2017-ci il tarixindən xx.xx.2020ci il tarixinə qədər olan müddət 2 il 10 aydır. Cavabdeh bu 2 il 10 aylıq müddət ərzində 1 dəfədə olsun iddiaçıya müraciət edərək həmin 25.000 ABŞ dollarını ondan tələb etməyib. İddiaçının borc pulu aldığı və tamamilə geriyə ödədiyi Zaur Əliyevin (2019-cu ilin yanvar ayında vəfat edib) sonra cavabdeh bu formal müqavilə əsasında İddiaçıya qarşı İcra Qeydini göndərmişdir. Bu durum da həmin Borc Müqaviləsinin formal (uydurma) olduğunu bir daha təsdiq etdir. Bütün bunlardan məlum olduğu kimi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 Saylı Notariat Kontorunda bağlanmış Borc Müqaviləsi formal (uydurma) əqd olduğu üçün etibarsızdır. Ona görə də həmin müqavilə əsasında Bakı şəhəri 14 Saylı Notariat Kontoru tərəfindən İddiaçı 25.000 USD və 20 manat pulun tutulmasına dair xx.xx.2020-ci il tarixli İcra Qeydi ləğv olunmalıdır. İddia tələbinin predmetini bu tələblər təşkil edir. Göstərilənlərə əsasən Bakı şəhəri 14 Saylı Notariat Kontoru tərəfindən Cavabdeh xeyrinə verilmiş İddiaçı 25.000 USD və 20 manat pulun tutulmasına dair xx.xx.2020-ci il tarixli İcra Qeydinin ləğv edilməsi və vəkilə ödənilən 300 manat hüquqi xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 320 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini tələb etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, hazırki mülki işlə bağlı olan və yekunlaşana qədər hazırki mülki işin dayandırıldığı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Həmin qərara əsasən cavabdeh iddiaçıya heç bir borcun verilməməsini etiraf etmiş və bu fakt məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmişdir. Nəticə olaraq barəsində icra qeydi verilmiş pul mövcud deyildir. Belə olan halda iddiaçıdan verilməyən borcla bağlı icra qeydi üzrə hansısa pulun ödənilməsi tələb edilə bilməz. Ona görə də iddia ərizənin təmin edilərək icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər isə məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 03 dekabr 2016-cı il tarixli kredit müqaviləsin əsasən Xəlilova X1 Emil Telman oğlu 25.000 USD 00 sent məbləğində borc verməyi, 03 dekabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 31.1 kv.m olan qeyri-yaşayış binasını Cavabdeh mülkiyyətinə verməyi öhdələrinə götürmüşlər. Daha sonra Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən aparılan 15 aprel 2020-ci il tarixli, 8İ-4505 nömrəli icra qeydinə əsasən Cavabdeh xeyrinə İddiaçı 25.000 USD 00 sent və 20 AZN pul tutulması nəzərdə tutulmuşdur. Hazırda iddiaçı aralarında bağlanan 03 dekabr 2016-cı il tarixli müqavilənin formal (uydurma) müqavilə olduğunu iddia edərək, həmin müqavilə əsasında aparılan 15 aprel 2020-ci il tarixli, 8İ-4505 nömrəli icra qeydinin ləğv edilməsini və məhkəmə xərclərinin cavabdehlərdən onun xeyrinə tutulmasını tələb edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Rəşad İmanverdiyev tərəfindən qəbul edilən 18 may 2020-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Cavabdeh müraciəti üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 8.Mülki işin materiallarında olan 03 dekabr 2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borcverən Cavabdeh və borcalan İddiaçı arasında bağlanmış həmin müqaviləyə əsasən borcverən borcalana 25.000 USD 00 sent məbləğində borc verməyi, borcalan krediti xx.xx.2017-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. 9.Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 10.Mülki işin materiallarında olan 03 dekabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 31.1 kv.m olan qeyri-yaşayış binasını alıcı Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 11.Mülki işin materiallarında olan Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” Qərarın surətindən görünür ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8İ-4505 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 25.000 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Sonrakı müddət ərzində İddiaçı gəlməmiş, gəlməkdən yayınmış, məhkəmə qərarını qərəzli formada icra etməmişdir. Belə olan halda İddiaçı məcburi qaydada şöbəyə gətirilməsi zərurəti ayarnmışdır. Odur ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8İ-4505 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1983-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı Nizmai rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. 12.Mülki işin materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilən 15 aprel 2020-ci il tarixli, 8İ-4505 nömrəli icra qeydindən görünür ki, Bakı, Binəqədi, 6 MKR., Ə.Əlixanov küçəsi, ev 89, mənzil 21 qeydiyyatda olan xx.xx.1983cü il təvəllüdlü Cavabdeh xeyrinə Nizami, Nəsimi küçəsi, ev 12, mənzil 7 ünvanında qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 25.000 USD 00 sent tutulsun. Bundan əlavə, bocludan tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 25.000 USD 00 sent və 20 AZN pul tutulsun. 13.Mülki işin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-637/2021 saylı qərardadına əsasən İddiaçı ünvan 4 ünvanında yerləşən evin 70 saylı mənzilinin üzərinə həbs qoyulması barədə iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizəsi təmin olunmamışdır. 14.Mülki işin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-637/2021 saylı qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh “xx.xx.2016-cı il tarixli müqavilə üzrə ödənilmiş 36.600 manat vəsaitin İddiaçı tutularaq Cavabdeh ödənilməsi” barədə ilkin iddia tələbinin təmin edilməməsi, Cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ona aid edilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı “xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması, vurduğu maddi zərərin ödənilməsi üçün Cavabdeh 5000 ABŞ dolları pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin tutulması” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. 15.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2521/2022 saylı qətnaməsinə əsasən ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin olunması, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 637/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv olunması, ilk iddianın təmin olunması, iddiaçı Cavabdeh ilə İddiaçı arasında bağlanmış “xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsinin ləğv olunması və müqavilə üzrə ödənilmiş 36.600 manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qismən təmin olunması, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsinin etibarsız sayılması, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir. 16.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1658/2023 saylı qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-637/2021 saylı işi üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19.Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 20.İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 23.Məhkəmə qeyd edir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli, 8İ-4505 nömrəli icra qeydinin verilməsinin əsasında duran 03 dekabr 2016-cı il tarixli kredit müqaviləsinin etibarlı olub-olmaması daha əvvəl gedən məhkəmə prosesləri zamanı mübahisələndirilmiş və hazırki iş üzrə Cavabdeh mübahisələndirilən 03 dekabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə iddiaçıya borc pul vermədiyini etiraf etmişdir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən hazırki iş üzrə Cavabdeh öz izahatında qeyd etmişdir ki, onunla İddiaçı arasında bağlanmış xx.xx.2006-cı tarixli kredit müqaviləsi formal olaraq, yəni ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona satılmasının gələcəkdə icrasının təmin olunması üçün bağlanmışdır. xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə o, İddiaçı heç bir pul vəsaiti, o cümlədən 25.000 ABŞ dolları verməmişdir. Göründüyü kimi Cavabdeh xx.xx.2006-cı tarixli kredit müqaviləsinin formal bağlanıldığını, onun tərəfindən iddiaçıya heç bir pul vəsaitinin verilmədiyini özü etiraf etmişdir. 24.Beləliklə də icra qeydi verildiyi zaman tərəflər arasında faktiki olaraq borc pulun verilməsinə dair hər hansı bir müqavilə mövcud olmamışdır. Belə olduğu təqdirdə də formal olaraq bağlanılan müqavilə üzrə icra qeydinin verilməsi qanunsuz və əsassız olmaqla iddiaçı hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, iddiaçının tələbi icra qeydinin ləğv edilməsi hissəsində əsaslı hesab edilməklə təmin edilməli və xx.xx.2006-cı tarixli kredit müqaviləsi üzrə Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən aparılan 15 aprel 2020-ci il tarixli, 8İ-4505 nömrəli icra qeydi ləğv edilməlidir. 25.Daha sonra məhkəmə iddia tələbinin vəkilə ödənilən 300 manat hüquqi xidmət haqqının Cavabdeh tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsassız olduğundan təmin edilməməlidir. 26.Belə ki, iddiaçı hazırki iş üzrə vəkilə 300 manat məbləğində hüquqi xidmət haqqını ödədiyini iddia etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. 27.Bundan başqa, iş materiallarından göründüyü kimi hazırki iddia tələbinin qaldırılması üçün iddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Odur ki, iddia tələbi əsas hissədə təmin edildiyindən həmin iddia tələbinin qaldırılması üçün ödənilən 20 manat məbləğində dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. 30.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri 14 Saylı Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən aparılmış 15 aprel 2020-ci il tarixli, 8İ-4505 nömrəli icra qeydi ləğv edilməli, Cavabdeh 20 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 33.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 34.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 36.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 14 Saylı Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən aparılmış 15 aprel 2020-ci il tarixli, 8İ-4505 nömrəli icra qeydi ləğv edilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar