Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1109/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 100.000 (yüz min) manat, mənəvi zərərə görə 100.000 (yüz min) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, o, ilk izahatını xx.xx.2013-cü il tarixdə Nəsmi rayon Pİ-nin 19-cu PB-nə dəvət olunmuş və orada yazmışdır. Onun xəbəri və məlumatı olmadan material Nəsimi rayonundan alınıb Səbail rayonuna verilmiş, mərhum prokuror Ş.Adıgözəlovun xx.xx.2014-cü il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar ləğv edilmiş və materialın araşdırılması Səbail rayon Pİnin İŞ-nin müstəntiqi N.Şiriyevə həvalə olunmuşdur. Bakı şəhəri, Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi N.Şiriyevin xx.xx.2014-cü il tarixli saxta qərarı ilə məcburi şəkildə Bakı şəhəri, Səbail rayon Pİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən həbs olundu və Bakı şəhəri, Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi N.Şiriyevin xidməti otağına ğətirildi. İzahatı qanunla qadağan olunmuş üsul və metodlarla alındı, təhqirlərə, fiziki zorakılığa məruz qaldı. Müstəntiqin bu qanunsuz hərəkətlərindən Səbail rayon prokuroruna Azərbaycan Pespublikasının Baş Rpokuroruna, Bakı şəhər prokuroruna rəsmi şikayətlər yazdı. Müstəntiqi yoxlamaq və cəzalandırmaq əvəzinə, heç bir yoxlama aparılmadı, ona rəsmi cavab verilmədi. Şübhəli şəxs qismində saxlanıldı, barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildi. Bakı Apellyasiya Məhkəməsinin CK-nın qərarı ilə apellyasiya şikayəti təmin edilmədi. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həbsdə saxlanıldığı 6 ay 11 gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 il 5 ay 19 ğün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 27 aprel 2017-ci il tarixli qərarı ilə müdafiəçisi Abşeron rayon hüquq məsləhətxanasının vəkili Vəkil apellyasiya şikayəti təmin olunmadan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü dəyişdirlmədən saxlanılmışdır. Ali Məhkəmənin CK-nın xx.xx.2018-cu il tarixli qərarı ilə müdafiəçisi Vəkil kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin CK-nın 27 aprel 2017-cı il tarixli qərarı ləğv edilmiş, yenidən araşdırlması üçün yeni apellyasiya baxışına qaytarılmış qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 15 oktyabr 2018-cı il tarixli hökmü ilə müdafiəçisi Vəkil apellyasiya şikayəti təmin edilmiş, onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Ali Məhkəmənin CK-nın xx.xx.2019-cu il tarixli qərarı ilə müdafiəçisi Vəkil kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin CK-nın 15 oktyabr 2018-cı il tarixli qərarı ləğv edilmiş, yenidən araşdırılması üçün yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 13 yanvar 2020-cı il tarixli hökmü ilə müdafiçisinin verdiyi apellyasiya şikayəti təmin edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü ləğv edilmiş, təqsirsiz hesab edilmiş və ona bəraət verilmişdir. Ali Məhkəmənin CK-nın qərarı ilə kassasiya protesti təmin edilməmişdir. Hökm qanuni qüvvəyə mimişdir. Beləliklə, şübhəli şəxs qismində saxlanıldıqdan və Bakı Apellyasiya Məhkəməsinin CK-nın 13 yanvar 2020-cı il tarixli bəraət hökmü çıxarılanadək xüsusi ilə külli miqdarda maddi və mənəvi ziyana məruz qalmışdır. Bu maddi zərərlər; təhqiqata, istintaqa və məhkəmə instasiyalarına çağırılan zaman yol, yemək xərcləri, vəkil xərcləri, poçt xərcləri, mənəvi zərərə görə isə Azərbaycanın tanınmış şəxslərin (Azərbaycanın tanınmış general oğlu Ə.Şıxlinskinin şəcərəsindən) ailə üzvü kimi qanunsuz və əsassız həbs olunmaqla istintaq tədricxanasında saxlanıdığı, ailə üzvüləri, qohumları və dostlarının yanında biabır olmağını, həbsdə saxlanılan zaman depresiyaya düşərək xəstəliyə tutulmağını, ailə üzüvülərinin bu illər ərzində qiymətli əşyalarının satılaraq istintaq məhkəmə yollarında xərcləməsini, borca düşməsini heç bir maddi dəyərlə qiymətləndirmək ölçüyə gəlməzdir. Bu səbəbdən də qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia tələbinə etiraz ərizəsi təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı məhkəməyə çağırılan zaman çəkdiyi yol, yemək, poçt xərclərini həmçinin həbsdə olduğu müddət ərzində ailə üzvləri tərəfindən çəkilən xərcləri əsas gətirərək hər hansı təsdiqedici sübut təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 100.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirilir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və s.) konkret növləri göstərilmişdir. Qeyd olunan Qanunda iddiaçının tələb etdiyi xərclərə görə hər hansı kompensasiya nəzərdə tutulmamışdır. İddiaçı həmçinin, maddi zərər olaraq vəkilə ödənilən xərcləri də ərizəsində qeyd etmişdir. Bildirilir ki, hüquqi yardımla bağlı kompensasiya tələb edilərkən, hüquqi yardımla bağlı sənədlər, yəni müdafiəçi ilə bağlanılmış müvafiq müqavilələrin surətləri işin materiallarına əlavə olunmalı və hətta bunların iddiaçıya qarşı cinayət işi ilə bağlı olması sübut olunmalıdır. Bundan əlavə, mənəvi ziyana görə də 100.000 manat kompensasiya ödənilməsini tələb etmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008- ci il tarixli 7 N-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait 2 nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və onun nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli, 1(101)-809/16 saylı Hökmdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, bu iş üzrə həbsdə saxlanıldığı 06 ay 11 gün təyin edilmiş cəzadan çıxılmaqla İddiaçı üzərində qəti olaraq 06 il 05 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 02 il sınaq müddəti şərti hesab edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, İddiaçı barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, İddiaçı davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Səbail rayon İcra şöbəsinə həvalə olunmuş və onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-19/2020 saylı, 13 yanvar 2020-ci il tarixli Hökmündə qeyd edilmişdir ki, cinayət işinin materiallarına əsasən İddiaçı 29 yanvar 2016-cı il tarixdən 08 avqust 2016-cı il tarixə qədər 06 ay 11 gün həbsdə saxlanılmışdır. Həmin Hökmə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı barəsində 08 avqust 2016-cı il tarixli hökmündən müdafiəçi N.Abbasov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı haqqındakı 08 avqust 2016-cı il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilmiş və ona bəraət verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2020-ci il tarixli, 1(102)-776/2020 saylı Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı X1 tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-19/2020 saylı, 13 yanvar 2020-ci il tarixli Hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı 29 yanvar 2016-cı il tarixdən 08 avqust 2016-cı il tarixə qədər 06 ay 11 gün həbsdə saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli, 1(101)-809/16 saylı Hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, bu iş üzrə həbsdə saxlanıldığı 06 ay 11 gün təyin edilmiş cəzadan çıxılmaqla İddiaçı üzərində qəti olaraq 06 il 05 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 02 il sınaq müddəti şərti hesab edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 19/2020 saylı, 13 yanvar 2020-ci il tarixli Hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı haqqındakı 08 avqust 2016-cı il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilmiş və ona bəraət verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2020-ci il tarixli, 1(102)-776/2020 saylı Qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2020-ci il tarixli hökmü Hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı 29 yanvar 2016-cı il tarixdən 08 avqust 2016-cı il tarixədək (6 (altı) ay 11 (on bir) gün müddətində) həbsdə qanunsuz olaraq saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalması və cinayət cəzasına məhkum edilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 6.500 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə, iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı maddi zərər kimi təhqiqata, istintaqa və məhkəmə instasiyalarına çağırılan zaman yol, yemək xərcləri, vəkil və poçt xərclərini əsas gətirərək ona 100.000 (yüz min) manat məbləğində ziyan dəydiyini bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 6.500 (altı min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 6.500 (altı min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1109/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1109/2023
10.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver