Məhkəmə qərarları › İş №e-2(006)-1112/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1112/2024

16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1112/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərə görə 100.000 (bir yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına ödənilməsi, iddiaçının təqsirsizlik prezumsiyası hüququnun pozuntusunun tanınması və “İnsan Hüquqları və X2 haqqında” Konvensiyanın 6 və 8-ci maddələrindəki hüquqlarının pozuntusunun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16 iyul 2021-ci ildə saat 21:35-də yaşadığı evin qarşısında 21-ci Polis Bölməsinin polis nəfərləri Seymur və Rasim adlı əməkdaşları tərəfindən zor tətbiq edilərək həbs edilib. Hətta iddiaçının səsinə anası və dayısı qızı, həmçinin, əmisinin gəlini küçəyə çıxmış, anası polis nəfəri Seymurun hərəkətinə etiraz etdikdə sonuncu onu əli ilə itələmişdir. İddiaçı əlildir, sümükləri davamlı olaraq çürüyür və buna görə də müalicə alır. Hətta bu xəstəlik nəticəsində ayağının biri tamamilə kəsilmiş, digər ayağı da artıq kəsilmək üzrədir. İddiaçı narkotik istifadəçisi olub və hazırda müalicə alır. Dövlət hesabına gün ərzində 100 qram dərmanla (metodon suyu) təmin edilir. Bundan başqa, iddiaçı avtoqəza keçirdiyindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hətta həbs edilərkən də ayağında elektrik cihazı (qolbaq) olmuşdur. İddiaçının onu həbs edən polis nəfəri Seymur adlı şəxslə şəxsi ədavəti var. Belə ki, onun avtomobilindən oğurluq edildiyinə görə polisə şikayət etsə də, araşdırma aparılmamışdır. İddiaçı polisin hərəkətlərindən şikayət etmiş, nəticədə polis nəfərlərindən biri işdən çıxarılmışdır. Seymur isə iddiaçını məcbur etmişdir ki, şikayət və tələbinin olmaması barədə ərizə yazsın, lakin iddiaçı bundan imtina edərək, yenidən Seymurun hərəkətlərindən şikayət etmiş və nəticədə Seymurla ədavəti yaranmışdır. Seymur iddiaçını həbs edərkən ona zor tətbiq etmiş, baxmayaraq ki, iddiaçının bir ayağı var. İddiaçı onsuz da polisdən qaça bilməz. Lakin Seymur xüsusi amansızlıqla, iddiaçını yerə yıxaraq, yerdə sürüyərək həbs etmişdir. İddiaçının anası və digər qohumları bunun şahidi olmuşlar. Hətta iddiaçı ilə süpürləşmə zamanı əynindəki köynəyi də cırılmışdır. İddiaçı həbs edilməsinə etiraz olaraq başını avtomobilə vurmuş, bundan sonra isə İlkin adlı polis nəfəri ona zor tətbiq edərək onun avtomobilinə 1000 (bir min) manat dəyərində ziyan vurduğunu bildirmişdir. Sonra iddiaçının əllərinə arxadan qandal vurularaq o, avtomobilin arxa oturacağında ayaq qoyulan yerə atılmışdır. Polis nəfəri Seymur arxa oturacaqda oturub ayaqlarını da iddiaçının belinə qoymuşdur. Sonra iddiaçı 21-ci Polis Bölməsinə gətirilən zaman avtomobildən götürülmüş, onu sürüyərək bölmənin dəhlizinə, oradan müvəqqəti saxlama yerinin qabağına gətirib orada döymüşlər. Asif adlı polis nəfəri isə gəlib iddiaçının döyülməsini dayandırmış, onun qollarını açdırmışdır. İddiaçı bir saatdan çox MSY-də saxlanılmış, sonra ona köynək veriblər ki, geyinsin və sonra onu İlkin Nəbizadə adlı polisin otağına gətiriblər. Orada çəkiliş ediblər ki, cibindəkiləri çıxardıb göstərsin. İddiaçı bildirir ki, elə həmin otaqda siqaret qutusunun içərisinə büküm yerləşdirib onun cibinə qoydular ki, cibindən çıxartsın. İddiaçı həbs edilən gün şəxsiyyət vəsiqəsini götürmək üçün “ASAN Xidmət”də, ayağındakı cihaz xarab olduğundan onu dəyişmək üçün Nərimanov rayon İcra və Probasiya Şöbəsində olmuşdur. Həmçinin, həmin gün qonşusu Əli ilə avtomobilini ustaya aparmış, evə qayıdan zaman da siqaret almışdır. Beləliklə, iddiaçının cibində 37 manat pul, maşın açarı, siqaret olmuşdur. Nədənsə iddiaçı üzərində axtarış aparılarkən siqaret qutusu boş olmuş, cibindən isə avtomobil açarı çıxmamışdır. İddiaçını həbs edəndə elə sürüyüb döyüblər ki, üstündə heç köynəyi olmamış, yəni cibində əgər büküm var idisə, necə düşməyə bilərdi və yaxud bir saat onun qolları açıq qalmış, əgər cibində həqiqətən də büküm var idisə, onu ata və ya gizlədə bilməzdimi? İddiaçı ilə bağlı çəkiliş edib televiziyaya veriblər. Halbuki, iddiaçı belə bir çəkilişin verilməsinin əleyhinə olub. Çəkilişdən sonra onu Nəsimi RPİ MSY-yə gətirmişlər, sonrakı gün ona sənədlər veriblər ki, imzalasın. İddiaçı o zaman başa düşmüşdür ki, o, narkotik vasitə satmaqda ittiham edilir və sənədləri imzalamaqdan imtina etmişdir. Polislər Nəsimi RPİ-nin MSY-nin dəhlizində iddiaçını döymüşlər. İddiaçı həmin gün Nəsimi rayon məhkəməsinə gətirilmiş, məhkəmədə iddiaçı etiraz olaraq başını divara vurub və başı qanayıb. Lakin hakim bu fakta qiymət verməmiş, baxmayaraq ki, bir ayağı yoxdur, xəstə və əlildir, daimi yaşayış yeri var, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçmişdir. İddiaçıya aşağıdakı məzmunda ittiham elan edilmişdir: “Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən təqsirli bilinmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, istintaqla müəyyən edilməyən vaxt və şəraitdə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,459 qram olmaqla külli miqdarda metamfetamini, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 24,346 qram olmaqla külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədilə əldə edib, üzərində daşımaqla saxlamış və 16 iyul 2021-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərindən həmin narkotik vasitələr aşkar olunaraq götürülmüşdür”. İddiaçının ittiham olunduğu cinayət əməlinin araşdırılması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. BACM-ın 02 fevral 2022-ci il tarixli qərarı ilə cinayət işi yenidən araşdırılması üçün istintaq mərhələsinə qaytarılıb. Məhkəmə bildirib: “Cinayət işinin 50-56-cı vərəqələrində olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 16 iyul 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs üzərinə həmin tarixdə baxış keçirilmiş və onun üzərindən bükülülər aşkar edilərək götürülmüşdür. Lakin tərtib edilmiş protokolda müdafiəçinin iştirakı öz əksini tapmamışdır. Cinayət işinin 66-cı vərəqəsində olan narkotik vasitələrin məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi və qalan kütlənin geri qaytarılmasına dair aktdan görünür ki, təqsirləndirilən şəxsdən götürülmüş ayrı-ayrılıqda dörd ədəd büküm və üç ədəd ayrı-ayrılıqda bükümlər, yəni ümumi olaraq 7 ədəd büküm xx.xx.2021-ci il tarixdə 09.20-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuş, lakin cinayət işinin 63-cü vərəqəsinə əlavə edilmiş 6/2834 saylı ekspert rəyindən görünür ki, ekspertizanın aparılmasına əsas olan qərar 13 iyul 2021-ci il tarixdə, ümumlikdə 11 ədəd büküm Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuşdur. İstintaqçı həmin sənədləri ittihamı təsdiq edən sübut növü kimi qəbul etsə də, sübut edilməli halları tam araşdırmadan, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət etmədən bir-birini inkar edən sənədlərə hüquqi qiymət verməmişdir. Cinayət işinin 143-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından 26 iyul 2021-ci il tarixli 17/38 saylı daxil olan məktubdan görünür ki, 19 iyul 2021-ci il tarixdə təxminən saat 15.30 radələrində Bakı şəhəri, Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilmiş təqsirləndirilən şəxs tibbi müayinədən keçirilən zaman «sağ bilək nahiyəsində, hər iki dirsək nahiyəsində, sağ saidin arxa tərəfində və sağ baldırın ön tərəfində qərtməkli yara xəsarətləri» aşkar olunmuşdur”. İş yenidən araşdırılması üçün Nəsimi RPİ-yə qaytarılmış və müstəntiq Murad Mustafayevin icraatına verilmişdir. Müstəntiq və prokuror 03 mart 2022-ci ildə Nəsimi rayon Məhkəməsinə vəsatət və təqdimatla müraciət edərək bildiriblər ki, İddiaçı həbsdə qalma müddəti 05 mart 2022-ci ildə bitir. Lakin şahidlər dindirilməli, üzləşdirmələr keçirilməli olduğundan İddiaçı həbsdə qalmalıdır. Müstəntiq bildirib ki, İddiaçı azadlıqda qalarsa gizlənər, yenidən cinayət əməli törədər. Buna görə də İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 08 may 2022-ci ilə kimi uzadılmalıdır. 04 mart 2022-ci ildə Nəsimi Rayon Məhkəməsi tərəfindən müstəntiqin vəsatətinə baxılaraq təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Nəsimi Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İddiaçı əvvəlki ifadələrini təsdiq etmir, onun heç bir təqsiri yoxdur və o, işgəncəyə məruz qalaraq sənədlərə imza etmiş, qanunsuz çəkilişə məruz qalmışdır. İddiaçı müdafiəçisi olmamış, yalnız barəsində həbs qətimkan tədbirinin müddəti uzadılan zaman o, Nəsimi Rayon Məhkəməsində və bir dəfə də Bakı İstintaq Təcridxanasında vəkili görmüşdür. İddiaçı narkotik istifadəçisi olub və müalicə almışdır. O, narkotik satışı ilə məşğul deyil, sadəcə polis nəfəri Seymurla ədavəti olduğu üçün onu ağır cinayət əməlində qəsdən ittiham etmişlər. X8 Nəbizadəyə demişdir ki, 234.1-ci maddə ilə ittiham verməsin. Çünki o zaman məhkəmə İddiaçı buraxasıdır. Ona görə də onu 234.4.1 və 234.4.3-cü maddələrlə ittiham ediblər. İddiaçı səhhətində ciddi problemləri var. Bakı İstintaq Təcridxanasında və Müalicə Müəssisəsində bu xəstəliyin müalicəsi yoxdur. Onun bir ayağı dibdən kəsilib və ikinci ayağında da ciddi problemlər var. Həkimi tezliklə həmin ayağın da kəsiləcəyini demişdir. Onun ciddi olaraq müalicəyə ehtiyacı var, üstəlik Bakı İstintaq Təcridxanasına aparılarkən 6 gün Tibb Məntəqəsində, 14 gün isə Müalicə Müəssisəsində saxlanılıb ki, işgəncə xəsarətləri sağalsın. İddiaçının həkimi də bildirib ki, davamlı müalicə olunmalıdır. Bu xəstəlikdə ayaq amputasiyası qaçılmazdır. İddiaçı bir ayağı qalıb və ona görə də ambulator müalicədədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2022-ci hökmü ilə iddiaçıya bəraət verilmiş, hökmdə yazılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunan İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilsin. İddiaçı barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2022 və AR Ali Məhkəməsinin 05 iyul 2023-cü il qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılmışdır. İddiaçının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş zərərin ödənilməsi hüququ vardır. İddiaçı məcbur ediblər ki, üzərinə şəxsi baxış keçirilməsi zamanı cinayəti etiraf etsin və bu, videoya çəkilsin. 3 dəfə İddiaçı barəsində video çəkiliş aparlmış, daha sonra bu video televiziyada yayımlanmışdır. Halbuki, birincisi onun üzərinə şəxsi baxış keçiriləndə və videoya alınanda heç bir mətbuat işçisi orada olmayıb. İkincisi, heç kim ondan bu videonun mətbuata verilib-verilməməsi barədə razılığını almayıb. Üçüncüsü, İddiaçı təqsirsizlik prezumpsiyası hüququ var. Müstəntiq tərəfindən də bu faktın qanunsuzluğu araşdırılmamış və bununla bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərək cavabdeh qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyini göstərmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusu törədən daxili işlər orqanına və ya aidiyyəti məhkəmə orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi müəyyən olunmamış, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Qanunda fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb olunması və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaqı aparmış orqanların cəlb olunması zəruridir. Hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Mülki qanunvericilikdə orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda, iddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zəzərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı məhkəməyə heç bir sübut göstərməmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin “təqsirsizlik prezumpsiyası hüququnun və Konvensiyanın tələblərinin pozulmasının tanınması” hissəsində iş üzrə icraata xitam verilərək, iddiaçıya işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmuşdur. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və etirazı nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-111/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ona həmin hökmlə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 09 ay 21 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi cəzasına birləşdirmək yolu ilə və onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulma müddətinin 01 günü 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 09 ay 21 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, onun üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək və s. vəzifələri qoyulmuş, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-283/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı haqqında “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilmiş, həbsdə saxlanılma müddətinin əvvəlinin xx.xx.2021-ci ildən hesablanması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-499/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-20/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-135/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “sol sağrı nahiyəsinin iri həcmli absesi” diaqnozu ilə müalicə müəssisəsinə köçürülmüşdür. Toplanan anamnezdən onun 2016-cı ildə avtomobil qəzası nəticəsində sol aşağı ətrafın bud səviyyəsindən amputasiyası cərrahi əməliyyatı keçirdiyi məlum olmuşdur. Bədən səthinin gözlə müayinəsi zamanı boyunun ön səthində termiki yanıqdan sonra kobud çapıq (2008-ci il), hər iki yuxarı və aşağı ətraflarda postinyeksion köhnə çapıqlar, perferik səthi venoz damarların sklerozlaşması, sağ sağrı nahiyəsində absesin açılmasından sonra yara, sağ bazu nahiyəsində diametri ~5.0 sm olan abses izlənilmişdir. Abses sahəsində qızartı, hərarət, ağrı müəyyən edilmişdir. Xəstə üzərində sağ bazu nahiyəsinin absesinin açılması cərrahi əməliyyatı icra edilmişdir. Yerli və ümumi müalicə aparıldıqdan sonra xx.xx.2021-ci il tarixdə İddiaçı nisbi kafi vəziyyətdə gətirildiyi müəssisəyə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1023/2022 nömrəli hökmündən görünür ki: - Nəsimi rayon prokurorluğunun müstəntiqi X1 qərarı ilə İddiaçı bədəni üzərində xəsarətlərin Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən yetirilməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir; - AR SN Məhkəmə-tibbi Ekspertiza və X4 PHŞ-nin xx.xx.2022-ci il tarixli sağlamlığa zərər vurmanın təyini barədə ekspert rəyində isə İddiaçı bədən səthində qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən həmin xəsarətlərin zərərçəkən şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələri ilə endirilmiş zərbələrin (yumruq, təpik və s.) təsirindən əmələ gələ bilməsi qeyd edilmişdir; - xx.xx.2021-ci il tarixli protokolda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli bilinərək saat 22:35-də tutulmuşdur; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(103)-165/2022 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir; - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunan İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilmiş, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmiş, bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-1704/2022 nömrəli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı bəraət almasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 1023/2022 nömrəli hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, əvvəllər dəfələrlə məhkum olmuş İddiaçı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs) barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 4 ay həddində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2021-ci ildən hesablanmış, sonra qəbul edilmiş müvafiq qərarlarla onun həbsdə saxlama müddəti müvafiq olaraq xx.xx.2022-ci il; xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərədək uzadılsa da, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə isə təqsiri sübuta yetmədiyinə görə iddiaçıya bəraət verilmiş, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmiş, bəraət alması ilə əlaqədar iddiaçıya cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmuşdur. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılaraq həmin tarixdə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı cinayət törətməkdə qanunsuz olaraq ittiham olunduğuna görə və tutulan zaman polis əməkdaşları tərəfindən sağlamlığına xəsarətlər yetirildiyinə görə ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 100.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini; cavabdeh isə iddiaçıya onun təqsiri ucbatından ziyan dəyməsinin sübuta yetirilməməsi və əsl cavabdeh olmaması səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022ci il tarixinədək, yəni 8 ay 12 gün müddətində qanunsuz olaraq həbsdə saxlanılmış, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, yəni 3 ay 10 gün müddətində isə qanunsuz olaraq ev dustaqlığında olmuşdur. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İddia tələbinə münasibətdə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 8 ay 12 gün müddətində həbsdə saxlanılması, 3 ay 10 gün müddətində isə ev dustaqlığında olması onda narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddiaçı əvvəllər dəfələrlə məhkum olunmuş, məhkumluğu ödənilməmiş yuxarıda qeyd edilən hadisələr baş vermişdir. İddiaçı barəsində çıxarılmış bəraət hökmündə iddiaçının qanunsuz olaraq tutularkən polis əməkdaşları tərəfindən ona xəsarətlər yetirməsi barədə dəlili öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad edilmiş, ekspert rəyi ilə iddiaçının bədənində olan xəsarətlərin onun göstərdiyi şəraitdə əmələ gələ bilməsi, Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış məktubda isə bədənindəki xəsarətlər əvvəllər keçirdiyi qəza ilə əlaqələndirilmişdir. Məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 100.000 manat deyildir. Belə ki, məhkəmə qiymətləndirmə sərbəstliyinə əsaslanaraq, iddiaçıya dəymiş mənəvi zərərin 10.200 manat məbləğində qiymətləndirilməsini daha ədalətli və ağlabatan sayır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 10.200 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4cü maddəsində göstərilir ki, qurbanlara mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Bundan başqa, cavabdehin “iddiaçının mənəvi zərərə məruz qalmasını heç bir mötəbər sübutla təsdiqləməməsinə dair” dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, qanunsuz məhkum edilməsi nəticəsində iddiaçı, fəal ictimai həyat tərzindən məhrum olmuş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə onu da qeyd edir ki, keçən bu proseslər nəticəsində sonda hüquqi mübarizə əsasında bəraət almış iddiaçının mənəvi ziyan çəkməsinin mülahizə olması fikri heç bir məntiqə sığmır və öz təqsirsizliyini sübuta yetirənə kimi onun inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkməsi, bir sözlə mənəvi sarsıntılar keçirməsi işin mübahisəsiz hallarındandır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 10.200 (on min iki yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 10.200 (on min iki yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar