Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1144/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 1.110 (min yüz on) manat və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Chevrolet” markalı, “Orlando” modelli ** LH *** dövlət qeydiyyat nişanlı və eyni modelli, markalı ** LU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin KASKO sığortası məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında yerləşən idarəsinə müraciət etmişdir. "xxxx" ASC-nin əməkdaşı ona bank hesabını verərək izah etmişdir ki, bir nəqliyyat vasitəsi üçün 570 manat, digəri üçün isə 540 manat tərəfindən ödənildikdən sonra, sığorta müqaviləsi imzalanması üçün ona təqdim ediləcək. Müvafiq olaraq, o, nəqliyyat vasitələrinin sığortalanması məqsədi ilə 570 manat və 540 manat, yəni ümumilikdə 1110 manat (min yüz on manatı) məbləğində pul vəsaitini "xxxx" ASC-nin bank hesabına ödədi. Lakin ödəniş etdikdən sonra, "xxxx" ASC-nin əməkdaşı ona bildirdi ki, əgər nəqliyyat vasitələri taksi fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadə edilərsə, sığorta hadisəsi zamanı ona heç bir vəsait ödənilməyəcək. Qeyd olunan şərtlərdən narazı qalaraq "xxxx" ASC ilə sığorta müqaviləsini bağlamaqdan imtina edib, ödədiyi ümumilikdə iki nəqliyyat vasitəsi üçün 1110 (min yüz on manatı) məbləğində pul vəsaitinin geri qaytarılmasını xahiş etdi. Lakin "xxxx" ASC-nin əməkdaşı ona bildirdi ki, sığorta ilə bağlı pul vəsaiti ödənildiyindən "xxxx" ASC öz sistemində artıq sığorta müqavilələrinin bağlandığını qeyd edib və buna görə də, pulun ona qaytarılması məqsədi ilə, o, şərtlərini qəbul etmədiyi müqaviləyə yalandan da olsa, imza etməlidir və sonradan həmin müqaviləyə xitam verilməsi barədə ərizə ilə "xxxx" ASC-yə müraciət etməlidir ki, bunun əsasında uzun çəkən şirkətdaxili proseslər nəticəsində onun ödədiyi vəsaiti ona qeyrimüəyyən bir vaxt ərzində qaytarsınlar. Müqavilə bağlamaq niyyəti olmadan müqaviləyə imza etməkdən imtina etdiyini bildirəndə, "xxxx" ASC-nin əməkdaşı ödədiyi pul vəsaitini ona geri qaytarılmayacağını bildirdi. Cavabdehdən tələb olunan məbləğ: (570+540)=1110 manat (min yüz on manat), iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, iddianın qiyməti ilə hesabladıqda cəmi 32 (otuz iki) manat təşkil edir. Qeyd olunan maddələri rəhbər tutaraq hesab edir ki, 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən tutularaq ona verilməlidir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək, "xxxx" ASC bildirir ki, İddiaçı ilə Cəmiyyət arasında xx.xx.2023-cü il tarixdə Mİ********** saylı sığorta şəhadətnaməsi imzalanmış və “Chevrolet Orlando” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Şirkətə müraciət edilərək, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə qəzaya uğradığı bildirilməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsi xahiş edilmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASCdən 1110,00 (bir min bir yüz on) manat məbləğində pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş 32,00 (otuz iki) manat, ümumilikdə 1142,00 (bir min bir yüz qırx iki) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı “Chevrolet Orlando” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 alınan videoizahatda, avtomobilin taksi fəaliyyəti üçün istifadə edildiyi müəyyən olunmuşdur. İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, Mİ********** saylı sığorta müqaviləsinə əsasən avtomobil taksi fəaliyyətinin icrası üçün istifadə olunan zaman baş verən hadisələrə münasibətdə 20 000 (iyirmi min) manat həcmində azadolma məbləği tətbiq olunur. xx.xx.2023-cü il tarixli, Mİ********** saylı sığorta müqaviləsinə əsasən avtomobilə dəymiş ziyan 20 000 (iyirmi min) manat azadolma məbləğini keçmədiyindən sığorta təminatına daxil deyildir. Bununla da, yuxarıda göstərilənlər nəzərə alınaraq hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunur. Qeyd olunan hadisə ilə bağlı AS- 23/1530 saylı, xx.xx.2023-cü il tarixli məktubla imtina qərarı verilərək sığortalının ünvanına göndərilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina haqqında qərar qanuni və əsaslı olduğu üçün İddiaçı "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” iddiasının rədd olunmasını xahiş etmişdir. İş materialları: Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" ASC-nin bank hesabına 570 manat və 540 manat olmaqla, cəmi 1100 manat məbləğində ödəniş edilmişdir. Mİ********** saylı Sığorta Şəhadətnaməsindən görünür ki, “Chevrolet Orlando” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilin kasko sığprtası üçün xx.xx.2023xx.xx.2024-cü il tarix aralığı üçün 570 manat məbləğində sığorta haqqı iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən “Chevrolet Orlando” markalı, 77LU264 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və dəymiş ziyan 3000 manat məbləğində müəyyən edilmişdir. Hadisə zamanı “Chevrolet Orlando” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 alınan videoizahatda avtomobilin taksi fəaliyyəti üçün istifadə edildiyi müəyyən olunmuşdur. İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, Mİ********** saylı sığorta müqaviləsinə əsasən avtomobil taksi fəaliyyətinin icrası üçün istifadə olunan zaman baş verən hadisələrə münasibətdə 20000 manat həcmində azadolma məbləği tətbiq olunur. xx.xx.2023-cü il tarixli, Mİ********** saylı sığorta müqaviləsinə əsasən avtomobilə dəymiş ziyan 20000 manat azadolma məbləğini keçmədiyindən sığorta təminatına daxil deyildir. Bununla da, hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixli, AS-23/1530 saylı məktubla faydalanan şəxs İddiaçı hadisə ilə bağlı sığorta ödənişinin verilməsinin mümkün olmaması barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında müraciət edilmişdir. Məhkəməyə cavabdeh tərəfindən DVD diskdə mövcud olduğu bildirilən səs yazılarının isə həmin diskin yararsız olması səbəbindən dinlənilməsi mümkün olmamışdır. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6-ci maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 899.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: - tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; - müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; - icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. - Bu Məcəllənin 899.1-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər. - Bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır. - Bu Məcəllənin 899.1-ci və 899.2-ci maddələrinə əməl edilməməsinə görə sığortaçı məsuliyyət daşıyır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Məhkəmənin qiymətləndirməsi: İddiaçı tərəfindən bildirildiyi kimi ilkin olaraq sığortaçıya sığorta haqqını ödəmiş, lakin sonradan ona təklif edilən sığorta şərtləri ilə isə razı olmadığından o, həmin sığortaçı ilə sığorta münasibətlərinə daxil olmaq istəməmiş və ödədiyi vəsaitin ona geri qaytarılmasını tələb etmişdir. Lakin sığortaçı onlar arasında münasibətlərin sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilməsini bildirərək ödənilmiş pulun geri qaytarılmasından imtina etmişdir. Qanunvericiliyin müvafiq normalarının məzmunundan göründüyü kimi, tərəflər arasında əqdin mövcud olmasının əsası kimi onların iradə ifadəsi çıxış edir. Hazırda iddiaçı bu iradə ifadəsinin olmasını sübut edən hər hansı bir müqavilənin olmamasına istinad etmişdir. Buna baxmayaraq, cavabdeh, iddiaya etirazını əsaslandırdığı sığorta şəhadətnaməsini əsas gətirsə də, məhkəmə bununla bağlı bildirir ki, qeyd edilən sənəddə iddiaçının iradəsini əks etdirən hər hansı bir imza mövcud deyildir. Məhkəmə cavabdehin istinad etdiyi kimi sığorta şəhadətnaməsinin mövcudluğunu tərəflər arasında müqavilə münasibətlərini təsdiq etməsi halını o zaman qəbul edə bilərdi ki, sığortalının həmin sığorta şəhadətnaməsində əks etdirilmiş şərtlərlə razılığı tam aydın şəkildə ifadə edilmiş olsun. Hər bir halda sığorta münasibətlərinin sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilməsi halında belə sığortalının sığorta şərtlərinə razılığının müvafiq qaydada təsdiqi həmin şəhadətnamədə və ya digər mötəbər dəlildə əks olunmalı idi. Beləliklə, iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmiş və müvafiq qəbzlərlə təsbit edilən məbləğdə pulun cavabdehdə qalmasının hər hansı bir hüquqi əsası mövcud deyildir, tərəflər arasında sığorta münasibətlərinin qanunvericiliyin tələblərinə əsasən rəsmiləşdirilməməsində sığortaçı məsuliyyət daşıdığından və bu hal, əsassız varlanmanın çərçivəsində qiymətləndirilməklə, ödənilmiş pul məbləği iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 1110 manat və 32 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-dən 1110 (min yüz on) manat məbləğində pul və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1144/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1144/2024
29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver