Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1170/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə onun arasında bağlanılmış kredit müqaviləsi üzrə ona əsassız borc kimi göstərilmiş 175,8 manatın və ona hesablanmış faizlərin silinməsi, gecikmə günlərinin silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC fəaliyyət göstərdiyi zaman o, həmin bankla kredit müqaviləsi bağlayaraq, 5000 ABŞ dolları götürmüşdür. Həmin kredit üzrə əsas borcu və faizləri tam ödədiyindən, 2009-cu ildə müqaviləyə xitam verilib. 6 il sonra, 2015-ci ildə Mərkəzləşdirilmiş Kredit Reyestri (“MKR”) heç bir borcunun olmadığına dair arayış vermişdir. 2016-cı ildə "xxxx" ASC-nin lisenziyası ləğv edilib, onun ləğvetmə komissiyası fəaliyyət göstərməyə başlamışdır. İndi ləğvetmə komissiyası ona bildirmişdir ki, 15 iləvvəl öhdəliklərini tam icra edib, borcunu bağladığı kredit müqaviləsi üzrə guya 175,8 manat əsas borcu qalmışdır və onun üstünə 3045,1 manat faiz borcu da əlavə edilmişdir. Lakin, MKR-in heç bir borcunun olmaması barədə arayışını göstərəndən sonra, üzr istəyib demişlər ki, texniki səhv olmuşdur və bu borc silinəcəkdir. Lakin, həmin “borc” indiyədək silinməmişdir. Cavabdeh təşkilatda bildirmişlər ki, onlar məhkəmə qərarı olmadan bunu edə bilmirlər. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əlavə cavabdeh olaraq işə cəlb edilməsini xahiş etdi. Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaya etirazla məhkəmə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmıdır ki, müştəri tərəfindən 2009-cu il tarixində ödənilmiş pul əsas borcun silinməsinə yönəldilmiş, lakin, ödənilmiş pul əsas borcun tam bağlanmasına kifayət etmədiyindən əsas borcdan 175.80 manat borc qalığı qalmışdır. Faiz borcu isə hələ 2009-cu ildə 3045.01 manat təşkil etmişdir. xx.xx.2015-ci il tarixli MKR tərəfindən verilmiş arayışda borcun olmaması məsələsinə gəldikdə isə o vaxt bankın əməkdaşları tərəfindən iddiaçının MKR məlumatları işlənilən zaman səhvə yol verilmiş, bankın daxili sistemində borc məlumatı olmasına baxmayaraq, MKR-ə iddiaçının bank qarşısında borcunun olmaması barədə məlumat göndərilmiş, bu səbəbdən də 2015-ci ilin MKR məlumatlarına əsasən borc bağlı kimi göstərilmişdir. Lakin, sonradan 2018-ci ildə LPO "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin yanlışlıq aşkar edilmiş və bankın daxili sistemi üzrə İddiaçı borc məlumatları AKB sisteminə bərpa edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd olunub ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsəyə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Eyni zamanda, qanunvericilikdə, tənzimlənməsi xüsusi maraq kəsb edən, iddia müddəti şamil edilməyən tələblər müəyyən edilmişdir. Həmin tələblərin irəli gəldiyi hüquq münasibətlərinin təbiəti və xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət belə tələblərin “müddətsiz” müdafiə edilməsinə təminat verir. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Bu baxımdan, iddia müddəti subyektiv hüququn mövcudluğunu şərtləndirən kəsici (preklyuziv) müddətlərdən fərqləndirilməlidir. Müraciətdə qaldırılan məsələ, məhz Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin iddia və ya kəsici müddətlər olması ilə əlaqədardır. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar.Yuxarıda göstərilənlərdən də göründüyü kimi hər hansı müqavilə üzrə iddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmur, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır, yalnız həmin hüququn məhkəmə icraatı qaydasında məcburi tələb hüququnu məhdudlaşdırır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməklə, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın əsasları cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin etirazının əsasları ilə eynilik təşkil etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə verilmiş Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə borcu mövcud deyildir. Sonuncu ödəniş tarixi xx.xx.2009-cu il qeyd edilmiş, gecikmə günlərinin sayı “0” olaraq göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə 175.8 manat əsas, 3045.01 manat faiz borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya bank tərəfindən xx.xx.2015-ci il tarixdə onun borcunun olmaması barədə arayış verilmişdir. Lakin, sonradan bank texniki səhv olması əsası ilə iddiaçının 175.8 manat əsas borcunun qalmasını iddia edərək, bankın daxili sistemində borc məlumatının olmasına baxmayaraq, Mərkəzləşdirilmiş Kredit Reyestrinə iddiaçının bank qarşısında borcunun olmaması barədə məlumatın yanlış olaraq göndərilməsini bildirmişdir. Bunun nəticəsi olaraq əsas məbləğə 3045.01 manat faiz hesablanmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı öz tələbini həmçinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna yönəltmişdir. Halbuki, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxsin mövcudluğuna bu andan son qoymuş sayılır. Nə qədər ki bu hal baş verməyib ləğvetmə prosesi ərzində "xxxx" ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı). Beləliklə, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı yaxud bankın irəli sürdüyü) iddialar üzrə məhz bankın özü iddiaçı və ya cavabdeh qismində iştirak edir, ləğvedicisi isə qanunvericiliyin tələblərinə uyğun olaraq təmsil edir. Məhkəmə qeyd edir ki, ləğvetmə prosesi ərzində "xxxx" ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanıldığından Əmanətlərin Sığortalanması Fondunun üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Odur ki, qeyd edilən hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 446.1-ci madəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 446.3-cü maddəsinə əsasən pul öhdəliyi üzrə borclu kreditorun icranı gecikdirdiyi müddət üçün faizlər ödəməli deyildir. Göründüyü kimi, kreditlərlə bağlı bütün məlumatlar mərkəzləşdirilmiş kredit reyestri xidmətində toplanmaqla həmin qurumdan iddiaçıya əvvəl onun borcunun olmamasına dair arayış verilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2009-cu il tarixdə həyata keçirilməklə gecikmə günlərinin sayı 0 olaraq göstərilmişdir. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəmə qeyd edir ki, bank tərəfindən iddiaçının MKR məlumatlarının işlənilən zaman səhvə yol verilməsi və texniki səhv nəticəsində borcun olmaması kimi qeyd edilməsinə sonradan iddiaçının 175.8 manat borcunun qalmaqla ona 2018-ci il tarixdən ötən müddət ərzində faizlərin hesablanmasına görə iddiaçı məsuliyyət daşıya bilməz. Beləliklə məhkəmə hesab edir ki, əvvəl verilən arayışın səhv olmaqla, sonradan borc kimi qeyd edilmiş məbləğin yaranması əsasları bank tərəfindən sübut edilmədiyindən, həmin məlumatlar iddiaçının hüquqlarını pozduğundan, iddiaçının Mərkəzləşdirilmiş Kredit Reyestrində borc məlumatlarında qeyd edilmiş 175.8 manat əsas, 3045.01 manat faiz borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməli, ləğv prosesində olan "xxxx" ASC-nin üzərinə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ləğv prosesində olan "xxxx" ASCyə olan 175.8 manat əsas, 3045.01 manat faiz borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinsin. Ləğv prosesində olan "xxxx" ASC-nin üzərinə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1170/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1170/2025
18.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver