Məhkəmə qərarları › İş №e-2(006)-1193/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1193/2025

04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1193/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 06 dekabr 2011-ci il tarixli, LD********** saylı “Təqaüdçü” depozit müqaviləsinə əsasən bank İddiaçı 14.299,00 (on dörd min iki yüz doxsan doqquz) ABŞ dolları məbləğində pul vəsaitini **********12059702 saylı hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçi kimi ona qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Qeyd etmək lazımdır ki, əmanət 06 dekabr 2011-ci il tarixdən 07 dekabr 2014-cü il tarixədək, 36 ay müddətinə, illik 11,50 faizlə qoyulmuşdur. 04 oktyabr 2016-cı ildə QSC "xxxx" KB müflis elan edilmiş, yəni sığorta hadisəsi baş vermişdir. Ləğv prosesində olan "xxxx" QSC-nin verdiyi 17 oktyabr 2016-cı il tarixli 0042 nömrəli qəbzin surətindən göründüyü kimi həmin bank tərəfindən İddiaçı 10.904 (on min doqquz yüz dörd) ABŞ dolları məbləğində pul vəsaiti ödənilməlidir. Bu hal isə onu göstərir ki, ləğv prosesində olan "xxxx" QSC-nin qarşısında yuxarıda qeyd olunan məbləğdə kreditor tələbi qeydə alınmışdır. Buna baxmayaraq ləğv prosesində olan "xxxx" QSC tərəfindən hazırki vaxta kimi 10.904 (on min doqquz yüz dörd) ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı ödənilməmişdir. LPO "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış LD********** saylı “Təqaüdçü” depozit müqaviləsinin 3.4.3-cü bəndinə əsasən “Əmanətçi”yə qaytarılmalı əmanəti bu müqavilə müddəti sona çatanadək və ya vaxtından əvvəl müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmaq bankın vəzifələrindən biridir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilməyən Tərəf bu öhdəliklərin yerinə yetirilməsinə ona mane olan halların başlanması və qutarması haqqında digər Tərəfi yazılı surətdə xəbərdar etməlidir. Bu müqavilə ona əsas verir ki, tərəflər arasında bağlanmış 06 dekabr 2011-ci il tarixli, LD********** saylı “Təqaüdçü” depozit müqavilənin icrası ilə əlaqədar yarana biləcək hər hansı fikir ayrılığı tərəflərin qarşılıqlı razılığı əsasında, belə razılıq əldə edilmədikdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada aidiyyatı məhkəmələr tərəfindən həll edilir. Onu da vurğulamaq lazımdır ki, mövcud məsələ ilə əlaqədar 20 aprel 2021-ci il tarixində Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət edilərək Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan İddiaçı verilməli olan 10.904 ABŞ dolları məbləğində əmanət pulunun birdəfəlik olaraq növbədənkənar ona ödənilməsi üçün köməklik edilməsi xahiş edilmişdir. Həmin müraciət məktubuna cavab olaraq Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini Vüqar Abdullayev tərəfindən İddiaçı ünvanlandırılmış xx.xx.2021-ci il tarixli məktubunda1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə QSC "xxxx" Kommersiya Bankının müflis elan edildiyi və iflas proseduruna başlanıldığı, banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin edildiyi və İddiaçı 10902 (on min doqquz yüz iki) ABŞ dolları məbləğində kreditor tələbinin xx.xx.2016-cı il tarixdə 0042 nömrə ilə kreditorların reyestrinə qeydə alındığı bildirilmişdir. Daha sonra xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində İddiaçı Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan ona verilməli olan 10.904 ABŞ dolları məbləğində əmanət pulunun birdəfəlik olaraq növbədənkənar ödənilməsi üçün köməklik edilməsini, bu barədə müvafiq göstərişin verilməsini artıq dərəcədə xahiş etmişdir. xx.xx.2021ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixində İddiaçı Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinə müraciət edərək onun qeyd etdiyi probleminin həll olunmasına, Əmanətlərin Sığortalanması Fondundan ona verilməli olan 10.904 ABŞ dolları məbləğində əmanət pulunun birdəfəlik olaraq növbədənkənar ödənilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Qeyd etmək zəruridir ki, İddiaçı xx xxxxx 1951-ci ildə doğulmaqla onun 73 yaşı vardır və təqaüdçüdür. Hazırda həkimlər tərəfindən İddiaçı ciddi xəstəlik aşkar edilmiş və iş materiallarına əlavə edilmiş Mediland Hospital tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli onurğanın boyun nahiyəsindən MRT müayinə vərəqəsi isə bunun açıq şəkildə sübutudur. Həmin MRT müayinə vərəqəsindən göründüyü kimi iddiaçının üzərində təcili şəkildə cərrahiyyə əməliyyatı aparılmalıdır. Təəssüflər olsun ki, İddiaçı maddi vəziyyəti isə buna heç bir şəkildə imkan vermir. Bu baxımdan İddiaçı xəstəliyinin müalicəsi üçün əmanət depozitində olan 10.904 ABŞ dolları məbləğində pul vəsaitinə çox ehtiyacı vardır. İşin faktiki halları ona əsas verir ki, QSC "xxxx" KB, iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmiş və hal-hazırda QSC "xxxx" KB ləğv prosesində olduğundan iddiaçıya ödənilməmiş kompensasiya olunmayan 10.904 ABŞ dolları məbləğində əmanət məbləğinin növbədənkənar ödənilməsi öhdəliyi QSC "xxxx" KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun üzərinə düşmüşdür. Göstərilənlərə əsasən İddiaçı ilə LPO "xxxx" QSC arasında bağlanmış LD********** saylı “Təqaüdçü” depozit müqaviləsi üzrə, LPO "xxxx" QSC ləğv prosesində olduğundan iddiaçıya ödənilməmiş qalan əmanət məbləğinə görə kompensasiya hesabına qətnamənin icra ediləcəyi dövrdə Azərbaycan manatının məzənnəsinə uyğun ekvivalentdə 10.904 ABŞ dolları məbləğində pulun, həmin məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 845,06 ABŞ dolları (illik 7,75 faizlə), səkkiz il üçün 6760,48 (altı min yeddi yüz altmış) ABŞ dolları faiz məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 1193/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iş üzrə tələbin “10.904 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi”nə dair hissədə icraatına xitam verilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, bu işə artıq bir dəfə baxılmış və 20 avqust 2018-ci ildə qətnamə qəbul olunmuş və qətnamə qanuni qüvvəsini almışdır. Hesab edir ki, ikinci dəfə eyni tərəflər arasında eyni predmetlə bağlı məhkəməyə müraciət edilmişdir. Belə bir qətnamə olmasa idi belə, iddia tələbi qəbul edilməyəcəkdi. Çünki iddiaçı tərəfindən 5 illik iddia müddəti ötürülmüşdür. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan QSC "xxxx" Kommersiya Bankı ilə İddiaçı arasında bağlanmış 06 dekabr 2011-ci il tarixli, LD********** saylı “Təqaüdçü” depozit müqaviləsinə əsasən bank İddiaçı 14.299,00 (on dörd min iki yüz doxsan doqquz) ABŞ dolları məbləğində pul vəsaitini **********12059702 saylı hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçi kimi ona qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixədək 36 ay müddətinə illik 11.50 faizlə qoyulmuşdur. 8.Mülki işin materiallarında olan Ləğv prosesində olan "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, onun 10.902 ABŞ dolları məbləğində kreditor tələbi xx.xx.2016-cı il tarixdə 0042 nömrə ilə kreditorların reyestrinə qeydə alınmışdır. Nəzərə çatdırılır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq, təsdiq edilmiş tələblər ödəniş növbəliliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda, ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Nəzərə alınması xahiş edilmişdir. 9.Mülki işin materiallarında olan Ləğv prosesində olan "xxxx" QSC tərəfindən verilən xx.xx.2016-cı il tarixli, 0042 nömrəli kreditor tələblərinin qeydiyyatı barədə qəbzin surətindən görünür ki, kreditor İddiaçı 10.904 USD tələbi 0042 nömrə ilə reyestrdə qeydə alınmışdır. 10.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(006)-4023/2018 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir. 11.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2(103)-741/2018 saylı qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(006)-4023/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, QSC "xxxx" Kommersiya Bankı ilə İddiaçı arasında 06 dekabr 2011-ci il tarixli, LD********** saylı “Təqaüdçü” depozit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank İddiaçı 14.299,00 ABŞ dolları məbləğində pul vəsaitini (xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixədək 36 ay müddətinə illik 11.50 faizlə qoyulan) **********12059702 saylı hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçi kimi ona qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2016cı il tarixdə QSC "xxxx" KB-nin müflis elan edilərək sığorta hadisəsinin baş verdiyini və hazırki vaxta qədər müqavilə üzrə Bank tərəfindən kreditor tələb kimi qeydə alınan 10.904 ABŞ dolları məbləğində pulun ona ödənilmədiyini iddia edərək, 10.904 ABŞ dolları məbləğində pulun, həmin məbləğin ona verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 845,06 ABŞ dolları olmaqla, səkkiz il üçün 6760,48 ABŞ dolları faiz məbləğinin və həmçinin, ödənilmiş dövlət rüsumunun tutulmasını tələb etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(006)-1193/2025 saylı qərardadı ilə tələbin “10.904 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi”nə dair hissədə icraatına xitam verilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. 14.«Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. 15.Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.

16. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 17.Hazırki iş üzrə işin məhkəmə tərəfindən araşdırılan hallarından göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçının cavabdehə qarşı 10.904 ABŞ dolları məbləğində pulun ödənilməsinə dair iddia tələbi həmin məbləğin kompensasiya olunmayan məbləğ olması, növbəlilik əsasında ödənilməsi üçün kreditor tələbi kimi qeydə alınması əsasına görə əsassız hesab edilərək rədd edilmişdir. Göründüyü kimi hazırda tələb edilən məbləğin kompensasiya olunmayan əmanət olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, həmin qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 19.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilir ki, ...Məcəllənin Bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. 20.Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. 21.Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). 22.Göründüyü kimi iddiaçının tələbinə daha əvvəl məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verildiyindən, hazırda iddiaçının yenidən həmin məbləği mübahisələndirmək hüququ mövcud deyil. Bu yanaşmanın əksi, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi prinsipinin pozulmasına səbəb ola bilər. 23.Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tələbin əsas, yəni “10.904 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi” hissəsi ilə bağlı yekun məhkəmə aktı mövcud olduğundan və həmin məhkəmə aktı hazırki iş üzrə preyudisial əhəmiyyət daşıdığından və tələbin digər hissəsi, yəni 6760,48 ABŞ dolları faiz məbləğinin ödənilməsi hissəsi əsas tələbdən törəmə olduğundan həmin hissədə də tələb prosessual qənaət prinsipi nəzərə alınmaqla əsassız hesab edilərək təmin edilməməlidir. 24.Məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun qaytarılması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissələrdə təmin edilmədiyi üçün iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar