Məhkəmə qərarları › İş №e-2(006)-1222/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1222/2023

20.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1222/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı maddi və mənəzi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı maddi və mənəzi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 500 manat məbləğində maddi zərərin, mənəvi zərərin əvəzi olaraq isə İddiaçı1 3.000 manat; İddiaçı2 3.000 manat məbləğində pul və 85 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" QSC-dən tutularaq birgə iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlərdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 4-5 noyabr 2022-ci il tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistan Respublikasının Vəkillər Palatasının, Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin, BMT-nin İnkişaf Proqramı, Avropada Təhlükəsizlik və əməkdaşlıq Təşkilatının (ATƏT-OSCE), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlıq (İHAK) Mərkəzinin Asiya üzrə Regional Ofisi ilə birgə təşkil etdiyi "Vəkillik peşəsinin inkişaf perspektivləri: Özbəkistan və xarici ölkələrin təcrübəsi" mövzusuna həsr olunmuş İİ Beynəlxalq Vəkillər Konfransı baş tutmuşdur. Həmin Konfransda iştirak üçün 2-9 noyabr 2022-ci il tarixlərində Özbəkistan Respublikasında işgüzar səfərdə olmuşlar. Bu səfər çərçivəsində onlar Özbəkistan Respublikasının bir çox şəhərlərini ziyarət etmişlər. Sözügedən konfransda iştirak etmək üçün "xxxx" QSC aviaşirkəti vasitəsilə ilə onlar tərəfindən xx.xx.2022-ci il tarixə Bakı-Daşkənd istiqamətində və xx.xx.2022-ci il tarixə Səmərqənd-Bakı istiqamətində biletlər əldə edilmişdir. Həmin aviabiletlərə əsasən J25031 reysi ilə xx.xx.2022-ci il tarixdə, saat 22:00-da Bakı-Daşkənd istiqamətində yola düşmüşlər. Daha sonra isə xx.xx.2022-ci il tarixdə, saat 00:30-da J25064 reysi ilə Səmərqənd-Bakı istiqamətində yola düşməli idilər. Lakin xx.xx.2022-ci tarixdə Tur agent tərəfindən onlara Səmərqənd-Bakı reysinin ləğv olunduğu bildirilmişdir. Bundan sonra, onlar Bakı istiqamətində uçuş reyslərinin ümumiyyətlə olmaması səbəbindən qatarla Səmərqənd-Daşkənd istiqamətində hərəkət etmək məcburiyyətində qalmışlar. Onuda qeyd etmişlər ki, qatarla getmək üçün biletin əldə olunması mümkün olmamış, yalnız Özbəkistan Respublikasının Vəkillər Palatasının nümayəndələrinin köməyi və dəstəyi nəticəsində sözügedən biletləri çətində olsa, öz vəsaitləri hesabına əldə etmişlər. Səmərqənd-Daşkənd istiqamətində yola düşən qatar səhər saat 06:00 radələrində yola düşürdü və 2 saat əvvəlcədən dəmiryol vağzalında olmaq mütləq olmuşdur. Bu səbəbdən də, 08 noyabrdan 09 noyabr 2022-ci il tarixə keçən gecə onlar demək olarki yatmamışlar, son anda bilet tapılmış və səhər saat təxminən 06:00 radələrində onlar Səmərqənd-Daşkənd istiqamətində yola düşmüşlər. Daha sonra Daşkənd şəhərinə gəldikləri zaman, Daşkənd-Bakı istiqamətində olan uçuş üçün aviabiletinin xx.xx.2022-ci il tarixdə, saat 01:25-də olduğunu nəzərə alaraq, bir neçə saat şəhər ərazisində taksi vasitəsilə otel axtarışında olmuşlar. Çoxsaylı otel axtarışından sonra çətinliklə də olsa yalnız Daşkənd şəhərinin “City Palace” otelində yer tapılmış və həmin oteldə göstərilən uçuş saatınadək qalmaq məcburiyyətində olmuşlar. Onlar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri olmaqla, İddiaçı1 “İddiaçı1 və Partnyorları” Vəkil Bürosunun direktoru, İddiaçı2 isə həmin Büronun vəkilidir. Bununla bağlı, onların məhkəmə prosesləri əvvəlcədən planlaşdırıldığı üçün reyslərin ləğv olunması işlərinin səbəbsiz və əsassız yerə baxılmamasına gətirib çıxara bilər. Buna baxmayaraq, onlar yorğun ola-ola bütün günlərini Daşkənd şəhərində əvvəlcə otel axtarışına, daha sonra taksi ilə hava limanına vaxtında getməmələrinə sərf etmişlər. Yuxarıda qeyd olunan hallarla bağlı onlara 500 manat məbləğində maddi zərər dəymişdir. Belə ki, qatarın biletinin alınması, daha sonra otel axtarışında taksidən istifadə üçün sərf olunan məbləğ, həmçinin otel məsrəfləri öz vəsaitləri hesabına qarşılanmışdır. Mənəvi zərər görə isə hər birinə ayrı-ayrılıqda 3.000 manat məbləğində zərər yetirilmişdir ki, bu da "xxxx" QSC aviaşirkətinin öhdəliklərini lazımınca yerinə yetirməməsi səbəbindən baş vermişdir. Əlavə olaraq qeyd etmişlər ki, onlar tərəfindən 12 noyabr 2022-ci il tarixdə verilmiş pretenziya məktubuna cavab olaraq, cavab məktubu göndərilmiş, cavab məktubunda 04 noyabr 2022-ci il tarixdə çağrı mərkəzi tərəfindən Özbəkistanın Səmərqənd şəhərində X2 İX Zirvə Görüşü keçirilməsi ilə əlaqədar X5 limanında NOTAM aktiv olduğu üçün 08 noyabr tarixindən 12 noyabr 2022-ci il tarixinədək kommersiya reysləri üçün fəaliyyətinin dayandırılması barədə və reysin ləğv olunması barədə məlumat aviabiletləri əldə etdikləri agentliyə göndərilməsi bildirilmişdir. Beləliklə də, pretenziya məktublarına cavab olaraq "xxxx" QSC tərəfindən heç bir alternativ təklif verilməmişdir. Göründüyü kimi, "xxxx" QSC tərəfindən Səmərqənd-Bakı istiqamətində olan bütün reyslərin əsassız olaraq ləğv edilməsi onların stress keçirmələrinə, həmçinin daha sonra növbəti reysin Daşkənddə olduğunu öyrəndikdən sonra məcburən Daşkəndə öz vəsaitləri hesabına qatarla yola düşmələri psixoloji sarsıntı keçirmələrinə səbəb olmuşdur. Bundan əlavə Səmərqənd- Daşkənd istiqamətində qatarla yola düşmək üçün bilet tapmaq kifayət qədər çətindir. Onların isə növbəti Daşkənd-Bakı reysinədək Daşkəndə yola düşmələri zəruri olmuşdur. Yalnız kollegiyanın köməyi ilə çətinliklə də olsa bilet əldə edə bilmişlər. Buda öz növbəsində onlar üçün vaxt itkisinə, maddi və mənəvi sarsıntı keçirmələrinə səbəb olmuşdur. Həmin şəraitdə "xxxx" QSC aviaşirkətinin birdən-birə bunun üçün heç bir əsas olmadan Səmərqənd-Bakı reysinin ümumiyyətlə ləğv etməsinə heç cürə haqq qazandırmaq olmaz. Belə ki, sözügedən reysin ləğv olunması səbəbindən öz vəsaitləri hesabına qatara bilet əldə edilməsi kifayət qədər vaxtlarını aparmışdır, çünki sözügedən bileti tapmaq elə də asan deyil. Yalnız orada olan Vəkillər Kollegiyasının nümayəndələrinin köməyi ilə çətinliklə də olsa biletləri əldə edə bilmişlər. Daha sonra Daşkəndə çatdıqda növbəti reysin gecə olacağını öyrəndikdən sonra, öz vəsaitləri hesabına istifadə etdikləri taksi ilə otel axtarışına çıxmışlar, demək olar ki, yarım gündən çox olaraq şəhərdə otel axtarışında olmuşlar. Otel məsrəfləri də öz vəsaitlər hesabına ödənilmişdir. Beləliklə də, getdikləri səfər çərçivəsində Səmərqənd-Bakı istiqamətində reysin ləğv olunmasına heç cürə haqq qazandırmaq olmaz. Onlar həm maddi, həm mənəvi ziyana məruz qalmışlar. Qeyd etmək istəmişdir ki, əgər sərnişinlərin səyahətinin son məntəqəsi və ya dayanacağı yola düşmə ölkəsindən ayrıdırsa, səyahətə Varşava Konvensiyası və ya Monreal Konvensiyası tətbiq olunur. Bu Konvensiyalar sərnişinin ölümü və ya xəsarət almasına, həmçinin baqajın itirilməsi, uçuş reysinin ləngiməsi və ya zədələnməsinə görə daşıyıcının məsuliyyətini müəyyən edir və bir çox hallarda bu məsuliyyəti məhdudlaşdıra bilər. Hesab etmişlər ki, həmin şəraitdə "xxxx" QSC aviaşirkətinə məxsus təyyarənin birdən-birə, bunun üçün heç bir əsas olmadan, əvvəlcədən sərnişinlərə bu barədə məlumat vermədən Səmərqənd-Bakı istiqamətində olan uçuşları ümumiyyətcə ləğv etməsi, daha sonra Daşkənd-Bakı istiqamətində növbəti reysin baş tutacağını öyrənərək qatarla öz vəsaitləri hesabına oraya yola düşüb, orada reysləri gecə olması səbəbindən öz vəsaitləri hesabına otel tapıb Daşkənddə qalmaları nəticəsində onlara dəymiş maddi ziyan olaraq hər birinə ayrı-ayrılıqda 500 manat və mənəvi zərər olaraq 3.000 manat tam şəkildə ödənilməlidir. Cavabdehin nümayəndəsi X3 iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Özbəkistan Respublikasının Səmərqənd şəhərində 2022-ci ilin 11 noyabr tarixində keçiriləcək X2 Sammiti ilə əlaqədar Özbəkistan Hökumətinin müvafiq qərarı ilə 08-12 noyabr 2022-ci il tarixlərində “Səmərqənd” X6/Limanından kommersiya reyslərinin, o cümlədən cavabdehin təyyarələrinin gəlib/getməsi tam məhdudlaşdırılmışdır. Bununla belə, bildirmək istəmişdir ki, cavabdehin “Səmərqənd” X6 uçmalı olan təyyarələri həmin dövr ərzində “Daşkənd” X6 yönəldilmiş, Səmərqənd-Bakı reysinin uçuşu ləğv edilmiş sərnişinləri, o cümlədən İddiaçılar, daşımaya görə əlavə haqq alınmadan alternativ yolla “Daşkənd” X4 Bakıya uçmalarının mümkünlüyü barədə məlumatlandırılmış, iddiaçılar bu imkandan istifadə edərək 09 noyabr 2022-ci ildə Səmərqənd-Bakı bileti əsasında Daşkənddən Bakıya uçub gəlmişlər. Bu hal bir daha təsdiq edir ki, cavabdeh sərnişinlər qarşısında daşıma öhdəliyini yerinə-yetirmək üçün bütün mümkün və sərnişinlər üçün əlverişli imkanlardan istifadə etmişdir. Hesab etmişdir ki, cavabdehin reysi ləğv etməsi nəticəsində heç bir delikt mövcud olmadığından, maddi və mənəvi zərərin əvəzinin tutulması barədə iddia tələbi əsassız olmaqla məhkəmə tərəfindən təmin edilməsinin qanuni əsası yoxdur. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı2 nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Həmçinin izahatında tur agentlik tərəfindən ona xx.xx.2022-ci il tarixdə sms vasitəsi ilə Səmərqənd-Bakı reysinin ləğv olunması səbəbindən Daşkənd-Bakı reysi ilə gəlmələri barədə məlumat verildiyini bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixə Səmərqənd-Daşkənd qatarına İddiaçı2 və İddiaçı1 tərəfindən 2 bilet alınmışdır. İş materiallarından görünür ki, İddiaçı2 və İddiaçı1 Səmərqənd vilayətinin Shoxrux 126 ünvanda yerləşən GUR EMİR PALACE mehmanxanasında xx.xx.2022-ci il tarixdə saat 20:39-da giriş, xx.xx.2022-ci il tarixədə saat 05:26-da çıxış həyata keçirmişlər. İş materiallarında olan "xxxx" QSC tərəfindən İddiaçı1 ünvanlanmış məktubun surətindən görünür ki, ona xx.xx.2022-ci il tarixində çağrı mərkəzi tərəfindən Özbəkistanın Səmərqənd şəhərində X2 İX Zirvə Görüşü keçirilməsi ilə əlaqədar X5 Limanında NOTAM aktiv olduğu üçün 08 noyabr tarixdən 12 noyabr 2022-ci il tarixədək kommersiya reysləri üçün fəaliyyətinin dayandırılması barədə və reysin ləğv olunması haqqında məlumat aviabiletləri əldə etdikləri agentliyə göndərildiyi bildirilmişdir. İş materiallarından görünür ki, aeroportun texniki səbəblərindən bağlanması ilə bağlı NOTAM verilmişdir. İş materiallarında olan AO “Uzbekistan Airports” tərəfindən "xxxx" QSC-yə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Səmərqənd aeroportuna dair NOTAM verilmişdir. NOTAM da “Səmərqənd Aeroportu xx.xx.2022-ci il tarixi saat 00:01dan xx.xx.2022-ci il tarixi saat 00:01-dək aeroportun texniki səbəblərindən bağlanmışdır” yazılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar Özbəkistan Respublikasında baş tutacaq Konfransda iştirak etmək üçün 2-9 noyabr 2022-ci il tarixlərində orada işgüzar səfərdə olmuşlar. xx.xx.2022-ci il tarixdə keçirilən Konfransda iştirak etmək üçün "xxxx" QSC aviaşirkəti vasitəsilə ilə onlar tərəfindən xx.xx.2022-ci il tarixə Bakı-Daşkənd istiqamətində və xx.xx.2022-ci il tarixə Səmərqənd-Bakı istiqamətində biletlər əldə edilmişdir. Həmin aviabiletlərə əsasən xx.xx.2022-ci il tarixdə Bakı-Daşkənd istiqamətində yola düşmüşlər. Daha sonra isə xx.xx.2022-ci il tarixdə Səmərqənd-Bakı istiqamətində yola düşməli olduqları halda reys ləğv edildiyindən Daşkənd şəhərinə öz vəsaitləri hesabına qatarla yola düşməli olmuşlar. Səmərqənd-Bakı istiqamətində olan reysin ləğv edilməsinə səbəb həmin aeroportun texniki səbəbləri olmuşdur. Bu barədə iddiaçıların xx.xx.2022-ci il tarixdə məlumatı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. "xxxx" QSC-nin “Daşınma qaydaları”-nın “Hərəkət Cədvəli” adlanan 17-ci bəndindəki müddəalara əsasən biletdə, hərəkət cədvəlində və Aviaşirkətin dərc olunmuş digər reys qrafiklərində göstərilən yola düşmə (gəlmə) vaxtına və hava gəmisinin tipinə zəmanət verilmir və daşıma müqaviləsinin zəruri şərtinə daxil deyildir. Aviaşirkət reysin yola salınması vaxtını dəyişə bilər və bu barədə vaxtında Sərnişini məlumatlandırmalıdır. Aviaşirkət Sərnişini əvvəlcədən məlumatlandırmadan hava gəmisinin tipini dəyişə bilər. Qaydaların “Terminlər, anlayışlar və ixtisarlar” adlanan 2-ci bəndində Fors-major hallar kimi dəfedilməz qüvvənin təsiri, Aviaşirkətin və / və ya Sərnişinin nəzarətindən kənarda olan, nəticələrinin qarşısının alınması mümkün olmayan qeyri-adi və gözlənilməz şərait (istisna: əlverişsiz meteoroloji şərait) göstərilmişdir. Qaydaların 17.2-ci bəndinə əsasən fors-major şəraitində (o cümlədən hava məkanında yaranan fövqəladə vəziyyət, tətillər, qiyamlar, ictimai iğtişaşlar, embarqo, müharibələr, düşməncəsinə hərəkətlər, sakitliyin pozulması, beynəlxalq münasibətlərin tənzimlənməməsi, texniki problemlər və ya uçuşun təhlükəsiz yerinə yetirilməsini qeyrimümkün edən digər çətinliklər) Aviaşirkət Sərnişini əvvəlcədən xəbərdar etmədən reysi gecikdirmək və ya ləğv etmək, əvvəl təsdiq olunmuş təxsisi ləğv etmək hüququna malikdir. Qaydaların 17.3-cü bəndinə əsasən Əgər fors-major şəraitinin təsiri ilə əlaqədar Aviaşirkət reysi ləğv edərsə, yaxud ... razılaşdırılmış məntəqədə və ya təyinat məntəqəsində dayanmazsa, Aviaşirkət (Sərnişinin seçimi ilə) Sərnişini boş yer olan növbəti reysində Sərnişin tərəfindən ödənilmiş xidmət sinfində daşımalıdır, yaxud Sərnişini öz reysləri ilə digər marşrutla və ya digər Daşıyıcının reysi ilə təyinat məntəqəsinə çatdırmalıdır, yaxud Sərnişinin taksidən başqa, digər nəqliyyat növləri ilə göndərilməsini təşkil etməlidir, yaxud ödənilmiş məbləği müəyyən edilmiş qaydada qaytarmalıdır. Aviaşirkət bundan başqa heç bir öhdəlik daşımır. Qaydaların 18.3.2-ci bəndinə əsasən uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar daşımada dəyişikliklər edildiyi halda (fors-major şəraitindən başqa) Aviaşirkət biletdə göstərilmiş marşrut üzrə Sərnişinin daşınmasını həyata keçirə bilmədiyi vaxt ərzində ona xidmət göstərilməsini təmin edir. İş materiallarında olan AO “Uzbekistan Airports” tərəfindən "xxxx" QSC-yə ünvanlanmış məktubda Səmərqənd Aeroportunun xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aeroportun texniki səbəblərindən bağlandığı, buna dair öncədən NOTAM verildiyi qeyd edilimişdir. Göründüyü kimi reysin ləğv olunması fors-major şəraiti ilə bağlı olmaqla "xxxx" QSCnin öhdəliyinin yerinə yetirməməsi kimi qiymətləndirilməməlidir. İddiaçı1 məhkəmə iclasında tur agentlik tərəfindən Səmərqənd-Bakı reysinin ləğv olunması səbəbi ilə Daşkənd-Bakı reysi ilə gəlmələrinin onlara xx.xx.2022-ci il tarixdə məlumat verildiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 842.1-ci maddəsinə əsasən, sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 842.2-ci maddəsinə əsasən, sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. Həmin Məcəllənin 847.1-ci maddəsinə əsasən əgər daşıma müqaviləsinin bağlandığı məqamda qabaqcadan nəzərdə tutulması mümkün olmayan, nəqliyyat vasitəsinə texniki xidmət və onun istismarı ilə qarşılıqlı surətdə bağlı olmayan və ağlabatan ehtiyatlılıq şəraitində dəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə ilə bağlı hadisənin kənarda baş verməsi nəticəsində daşıma xeyli çətinləşərsə, təhlükəyə məruz qalarsa və ya pisləşərsə, müqavilə həm daşıyıcı, həm də sərnişin tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 847.2-ci maddəsinə əsasən müqavilənin ləğv edildiyi halda sərnişin özünü təhlükəyə məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini tərk edə bilər, daşıyıcı isə daşımanın şərtləşdirilmiş dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu itirir. Müqavilənin iştirakçıları geriyə daşıma üçün əlavə xərcləri yarıbayarı çəkirlər. Qalan əlavə xərcləri sərnişin çəkir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" QSC iddia tələbinin əsasını təşkil edən reysin ləğv edilməsinə görə dəymiş zərərlə bağlı məsuliyyət daşımır. Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 sentyabr 2014-cü il tarixli, 1022-İVQ nömrəli qanunla təsdiqlənmiş 1999-cu il tarixli «Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya (1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış)»-sına əsasən Konvensiya yalnız aşağıdakı hallarda sərnişinlərə dəymiş zərərə görə aviadaşıyıcıların məsuliyyətini tənzimləyir: 1) uçuş zamanı sərnişinin ölümü və ya bədən xəsarəti alması, 2) baqajın məhv edilməsi, itirilməsi, yaxud zədələnməsi 3) sərnişinin və ya baqajın daşınması zamanı ləngimə. Həmin Konvensiyanın 19-cu maddəsinə əsasən daşıyıcı sərnişinlərin, baqajın və ya yükün hava ilə daşınması zamanı ləngimə nəticəsində baş vermiş zərərə görə məsuliyyət daşıyır. Lakin daşıyıcı özünün və ya əməkdaşlarının, yaxud agentlərinin zərərdən qurtarmaq üçün bütün mümkün, məntiqə uyğun zəruri tədbirləri gördüklərini, yaxud onun və ya onların belə tədbirləri görmək imkanının olmadığını sübut edərsə, ləngimə nəticəsində dəymiş zərərə görə məsuliyyət daşımır. Beləliklə iddiaçıların tələbində göstərilən hal ləngimə deyil, ləğvetmə və digər məntəqədən yola salma olduğundan, bu münasibətlərin tənzimlənməsi Konvensiyasının tətbiq dairəsindən kənardadır və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, «mənəvi zərər» anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı iddiaçılar cavabdehin qanunsuz hərəkətləri nəticəsində stress keçirmələri ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məgəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı maddi və mənəzi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiaları təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar