Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-123/2023 06.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 7.367 manat, iddia ərizəsi üçün ödənilmiş 93,67 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7.460,67 manat məbləğində pulun "xxxx" ASC-nin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun və H.Ələsgərov küçələrinin kəsişməsində X6 mülkiyyətində olan, etibarnamə əsasında Cavabdeh Əliqabil oğlunun idarə etdiyi “CHEVROLET CRUİSE” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı və "xxxx" ASC-nin İddiaçı MMC-nin mülkiyyətində olan, yol vərəqəsi əsasında X3 idarə etdiyi “TOYOTA PRADO” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunan hadisə ilə bağlı Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən aparılmış araşdırma nəticəsində yol-nəqliyyat hadisəsinin Cavabdeh Əliqabil oğlunun işıqforun qırmızı işığında yolayrıcını keçdiyi üçün baş verdiyi, onun idarə etdiyi avtomobildə olan sərnişin X1 az ağır bədən xəsarətləri aldığı, bu səbəbdən də Cavabdeh Əliqabil oğlunun əməlində AR Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibinin olduğu müəyyən edilmişdir. Lakin, X7 ilə Cavabdeh Əliqabil oğlu arasında barışıq olduğu üçün xx.xx.2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmçinin, qərarın əsaslandırıcı hissəsində yolnəqliyyat hadisəsi nəticəsində digər şəxs X3 idarə etdiyi avtomobilə ziyan dəydiyi üçün Cavabdeh Əliqabil oğlunun əməlində İXM-nin 327.2-ci maddəsinin tərkibinin olduğu göstərilmiş və qərarın 3-cü bəndinə əsasən Cavabdeh Əliqabil oğlunun barəsində İXM-nin 327.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Nəsimi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Daha sonra isə xx.xx.2021-ci il tarixdə Nəsimi RPİ-nin DYPŞ tərəfindən Cavabdeh Əliqabil oğlu barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından həmin sığorta şirkətinin müəyyən etdiyi “X15 Azerbaijan” tərəfindən qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “TOYOTA PRADO” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan qiymətləndirilmiş və qiymətləndirmə aktına əsasən avtomobilə 12.367 (on iki min üç yüz altmış yeddi) manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. İcbari sığorta şərtlərinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi ziyana görə "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 5.000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə dəymiş maddi ziyandan 7.367 (yeddi min üç yüz altmış yeddi) manat (12.367-5.000=7.367) ödənilməmiş qalmışdır. Bununla bağlı yol-nəqliyyat hadisəsində təqsirkar olan Cavabdeh Əliqabil oğluna müraciət edilsə də, sonuncu həmin məbləği ödəməkdən imtina etmişdir. Halhazıradək vurulmuş maddi ziyanın qalıq qalan hissəsi – 7.367 manat məbləğində pul Cavabdeh Əliqabil oğlu tərəfindən ödənilməmişdir. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət olunmuşdur. Hesab edilir ki, Cavabdeh Əliqabil oğlu xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində və hadisə nəticəsində İddiaçı MMC-yə məxsus “TOYOTA PRADO” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12.367 manat məbləğində maddi zərər vurulmasında təqsirli olduğundan və bu məbləğin 5.000 manatı "xxxx" ASC tərəfindən ödənildiyindən, qalan 7.367 manat məbləğində pul Cavabdeh Əliqabil oğlundan İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 93,67 manat dövlət rüsumu Cavabdeh Əliqabil oğlundan İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: 15 noyabr 2021-ci il tarixli, AP № ******* seriyalı İnzibati Xəta haqqında Protokolun və TP ******* seriyalı İnzibati Tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, 18 sentyabr 2021-ci il tarixdə, saat 10:00 radələrində Cavabdeh “X14” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 25 sentyabr 2021-ci il tarixli “X16 Azerbaijan” tərəfindən verilən ilkin qiymətləndirmə aktından görünür ki, Toyota Prado markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12.367 manat məbləğində ziyan vurulduğu qeyd edilmişdir. 19 oktyabr 2021-ci il tarixli Nəsimi rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində Cavabdeh idarə etdiyi “X14” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə hərəkətdə olan zaman H.Ələsgərov küçəsi ilə kəsişməyə gəlib çatmış və bu zaman o, fikirli olduğu üçün işıqforun qırmızı işığında keçdiyi üçün H.Ələsgərov küçəsində hərəkətdə olan X3 idarə etdiyi “Toyota Prado” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə, Cavabdeh avtomobilində olan sərnişin X7 az ağır bədən xəsarəti almışdır. Lakin, X1 Cavabdeh ilə barışıq ərizəsi olduğundan müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. AB № 849065 və AD № 902383 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, **-AS-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prado” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı MMC, **-OM-*** dövlət qeydiyyat nişanlı, “X14” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi isə X8r. 24 may 2022-ci il tarixli mədaxil qəbzindən (№ 9********) göründüyü kimi iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 94,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 06 oktyabr 2022-ci il tarixli, 9/6116№-li Ekspert rəyindən görünür ki, iş materiallarında olan “X16 Azerbaijan” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Prado” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 10.212 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında iş materialları, tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş ekspert rəyi əsasında müəyyən olundu ki, Cavabdeh tərəfindən törədilən avtonəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan və qəza anında X3 idarə etdiyi Toyota Prado markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10.212 (on min iki yüz on iki) manat məbləğində ziyan dəymişdir. Hazırda iddiaçı cavabdehdən avtomobilə vurulmuş maddi ziyanın, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzini tələb edir. Məhkəmə iddia tələbinin nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinə hazırki iş üzrə iddiaçının iddia ərizəsində qeyd etdiyi həddə deyil, 10.212 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İddia ərizəsindən göründüyü kimi baş verən hadisə ilə bağlı sığorta şirkəti tərəfindən iddiaçıya 5.000 (beş min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən İddiaçı MMC-nin xeyrinə vurulmuş maddi ziyana görə 5.212 (beş min iki yüz on iki) manat (yəni, ekspert rəyində müəyyən edilmiş məbləğdən ödənilmiş sığorta məbləği çıxılmaqla) pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 93,67 (doxsan üç manat altmış yeddi qəpik) manat pul tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 5.212 (beş min iki yüz on iki) manat və ödənilmiş 93,67 (doxsan üç manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə, ekpsertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 5.212 (beş min iki yüz on iki) manat və ödənilmiş 93,67 (doxsan üç manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-123/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-123/2023
06.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver