Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-125/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və s.” tələbinə dair məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında 1/2 (ikidə bir) hissədə paylı mülkiyyət hüququ ilə onlara məxsus olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın iddiaçıya düşən payın dəyərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, bu mümkün olmadıqda əmlakın hazırkı bazar dəyərinə uyğun açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə, yəni bərabər olaraq bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2010-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahlarının ləğv edilməsi barədə nkahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 04 avqust 2010-cu il tarixdə 218 nömrəli qeyd edilmişdir. AZ-İ 162936 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2011-ci il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak aralarında bərabər payda bölünmüş və Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 173 A saylı fərdi yaşayış evində hər birinin 1/2 (ikidə bir) hissədə payları müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 daşınmaz əmlakın dövlət reyestrindən onun adına xüsusi paylı mülkiyyət hüququ ilə Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 173 saylı ümumi sahəsi 85.9 kv metr olan fərdi yaşayış evinin 1/2 (ikidə bir) hissəsinə xx.xx.2019-cu il tarixli Seriya RX ******* saylı çıxarış verilmişdir. Ünvan ünvan 1 fərdi yaşayış evi kimi qeydiyyata alınmışdır. Cavabdehlə nikahları pozulmamışdan əvvəl ayrı yaşadıqlarından, o, mülkiyyətində olan həmin evdə yaşaya bilməmişdir. Onun mülkiyyət hüquqları pozulmuşdur. Onun mülkiyyətində olan hissəsindən istifadə edə bilmir. Buna görə də xx.xx.2020-ci il tarixdə cavabdehlə birlikdə 1/2 (ikidə bir) hissəsinə paylı mülkiyyətlərində olan ünvan 2 fərdi yaşayış evinin naturada bölünməsi üçün iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-73/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbim rədd edilmişdi. Bununla da onun mülkiyyət hüququ təmin edilməmişdi. Onun mülkiyyətində olan paydan istifadə etməyinin və mülkiyyətinə düşən paya öz istədiyi kimi sahiblik etməyinin və sərəncam verməyinin təmin edilməsi üçün ya ona düşən hissənin dəyəri cabadeh tərəfindən ona ödənilməli, ya da cavabdehlə birlikdə 1/2 (ikidə bir) hissəsində paylı mülkiyyətlərində olan Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsiev 173A fərdi yaşayış evi olan daşınmaz əmlak hazırkı bazar dəyərinə uyğun açıq hərracdan satılmalı və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə, yəni bərabər olaraq bölüşdürülməlidir. Cavabdeh nə onun payının ayrılıb ona verilməsi ilə bağlı, nə də ona düşən payın dəyərəninin cavabdeh tərəfindən ona ödənilməsi ilə bağlı razılığa gəlmir. Qanunvericiliyə əsaəsən paylı mülkiyyətdə olan əşya paylı mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Yuxarıda sadalanan əmlak üzərində tərəflərin payları müəyyən edilsə də, hal-hazırda naturada bölgü aparılmadığından mülkiyyət hüququ xəyalı xarakter almış, onların istifadə edilməsində və ya sərəncam verilməsində çətinliklər yaranmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında 1/2 (ikidə bir) hissədə paylı mülkiyyət hüququ ilə onlara məxsus olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın iddiaçıya düşən payın hazırkı bazar qiymətinə uyğun 70000 (Yetmiş min) manat dəyərinin kompensasiya olaraq cavabdeh tərəfindən İddiaçı ödənilməsi, bu mümkün olmadıqda əmlakın hazırkı bazar dəyərinə uyğun açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə, yəni bərabər olaraq bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 05 fevral 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 162936 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı 04 avqust 2010-cu il tarixində ləğv edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 mənzilin 1/2 hissəsi Cavabdeh, 1/2 hissəsi İddiaçı mülkiyyətindədir. Mülki işin materiallarında olan Nəsimi Raayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-73/2022 saylı qətnaməsinin əsaslandırıcı hissəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli,10/6254 saylı ekspert rəyindən görünür ki, ünvan 3 evin tərəflər arasında ½ paylara bölünməsi texniki cəhətdən mümkün deyildir. Mülki işin materiallarında olan Bakı şəhəri 06 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/6-6405 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 10:00-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Mülki işin materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, 3 gün ərzində Cavabdeh tərəfindən ünvan 3, ümumi sahəsi 85,9 kv metr olan fərdi yaşayış evinin ½ hissəsinin xx.xx.2015-ci il tarixli, Seriya RX ******* saylı çıxarışla 173A saylı fərdi yaşayış evi kimi iddiaçının adına qeydiyyata alınmaqla ona düşən payın hazırki bazar qiymətinə uyğun 70.000 manat dəyərinin kompensasiya olaraq İddiaçı ödənilməsini xahiş etmişir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9500-9/9565saylı, 19 mart 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 106600,0 manat, azalma əmsalı tətbiq etməklə həmin mənzilin likvid dəyəri təqribən 96000 manat məbləğində müəyyən edilir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o əmlakın ona düşən payın hazırkı bazar qiymətinə uyğun 70000 manat dəyərinin kompensasiya olaraq cavabdeh tərəfindən İddiaçı ödənilməsini, bu mümkün olmadıqda əmlakın hazırkı bazar dəyərinə uyğun açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə, yəni bərabər olaraq bölüşdürülməsini xahiş etmişdir. AR Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. AR Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Digər tərəfdən məhkəmə qeyd edir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Belə ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1.ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2.pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə iddiaçının payına uyğun olaraq ona kompensasiya verilməsini təklif edilsə də, sonuncu tərəfindən onun bu təklifinə hər hansı müsbət cavab verilməmişdir. Beləliklə, məhkəmə cavabdehin iddiaçı tərəfindən göndərilmiş təkliflərə münasibət bildirməməsini və məhkəmə iclaslarında iştirak etməməsini nəzərə alaraq qeyd edir ki, əmlakın iddiaçıya düşən payın hazırkı bazar qiymətinə uyğun 70000 manat dəyərinin kompensasiya olaraq cavabdeh tərəfindən ona ödənilməsinin mümkün olmaması mübahisəsizdir. Belə olan halda məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakların açıq hərracdan satılması mümkün hesab edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Məhkəmə qeyd edir ki, paylı mülkiyyətdə olan ünvan 3 mənzilin tərəflərin paylarına uyğun olaraq naturada ayrılması mümkün olmadığından (mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən) və cavabdeh iddiaçının payına münasib olaraq müvafiq əvəz (kompensasiya) ödənilməsi təklif olunsa da, həmin təklifə hər hansı cavab verilmədiyindən, həmin evin açıq hərracdan satılması ilə bağlı tələb tam əsaslıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının təşəbbüsü ilə hazırki mülki iş üzrə keçirlənmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirlənməsinə baxmayaraq, ünvan 3 mənzilin tam ilkin satış (bazar) qiymətinin müəyyən olunması icra mərhələsində həll edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 3 mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunmuş pul mülkiyyətçi Cavabdeh və İddiaçı arasında paylarına uyğun bölüşdürülməlidir. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. ünvan 3 mənzil açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul mülkiyyətçi Cavabdeh və İddiaçı arasında paylarına uyğun bölüşdürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.