Məhkəmə qərarları › İş №e-2(006)-127/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-127/2024

15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-127/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı «Eldar Studio» və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Nəsimi rayonu ərazisində yerləşən «Eldar» Studioda kosmetoloq kimi çalışan Cavabdeh 2018-ci ildə yan əzələrini dolğu elətdirmişdir. Kosmetoloq Cavabdeh İddiaçı bildirmişdir ki, yan nahiyyəyə vurulan dolğu təbii xüsusiyyətlidir, heç bir fəsadı olmayacaq və 5 ilə özü sovrulacaq. İddiaçı 2022ci ilin oktyabr ayında sağ ayaq nahiyyəsində şiş kütlə yığıldığını aşkar etmişdir. Bununla bağlı Mərkəzi Klinikaya getmiş və yaramış fəsadla bağlı onu məlumatlandırmışdır. Günay isə heç bir fəsadın olmadığını və bunun masaj ilə yaradan qaldırılacağını qeyd etmişdir. Həmçinin Günay iddiaçını tanış həkimin yanına aparacağına da söz vermişdir. Sonradan bəhanələrlə bundan yayınmışdır. Bu hadisədən sonra İddiaçı yaranmış problemlə əlaqədar respublikanın bir neçə xəstəxanasında həkim müayinəsindən keçmişdir. Bütün həkimlər gelin süni olduğunu və birbaşa əzələyə vurulduğu üçün fəsad verildiyini və sağ ayağında olan şişliyin həmin gelə görə olduğunu bildirərək, əməliyyat etməkdən imtina etmişlər. İddiaçı Türkiyə Respublikasında da bir neçə xəstəxanaya müraciət etmiş və həkimlər əməliyyatın çox riskli olduğunu, 50 faiz iflic qalma ehtimalı olduğunu qeyd etmişlər. Türkiyədəki həkimlərin də ümumi fikri arxa arxa nahiyyəsi əzələsinə süni gelin vurulması və bunun nəticəsində ayağında şişkinlik yaranması, hətta bu vəziyyətdə davam edərsə qan xərçəngə yol açacağı olmuşdur. O, Türkiyə Respublikasınja əməliyyat olunması qərarına gəlmiş və həkimlər ən azı 3 dəfə əməliyyat olunacağını bildirmişlər. Hazırda ilk əməliyyat üçün 15000 ABŞ dolları dəyərinjə pul lazım olduğunu bildirmişlər. İddiaçı yenidən Cavabdeh yanına getmiş və ondan ziyanın ödənilməsini tələb etmişdir. Günay isə ziyanı ödəməyəcəyini və şikayət etməsini bildirmişdir. İddiaçı Nəsimi rayon Prokurorluğuna düzgün kosmetoloji prosedur yerinə yetirilməməsi ilə bağlı şikayət etmiş, xx.xx.2023-cü il tarixdə Nəsimi rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajor Xanım Əşrəfova tərəfindən şinayət işininin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və dəymiş zərərin mülki qaydada tələb etmə hüququnun olduğu İddiaçı bildirilmişdir. Həmin qərarla Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 210.1ci maddəsinə, yəni lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmağa görə inzibati xəta haqqında iş üzzrə icraat başlanması haqqında prokurora müraciət edilib. Beləliklə Cavabdeh tərəfindən İddiaçı edilmiş tibbi manipulyasiyalar nəticəsində maddi və mənəvi zərər vurulmuşdur. Göstərilənlərə əsasən İddiaçı sağlamlığına zərər vurduğu üçün Cavabdeh təkrar əməliyyat üçün 10.000 manat, silinməz iş vurduğu üçün 10.000 manat və vurulmuş mənəvi zərərə görə 5000 manat dəyərində, ümumilikdə 25.000 manat dəyərində zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı cavabdeh tərəfindən sağlamlığına vurulmuş fəsadları aradan qaldırmaq üçün xx.xx.2022-ci il tarixdə «X8» Hospitalında doktor Dilqəm Məmmədova tərəfindən cərrahiyyə əməliyyat olunmuş və həmin əməliyyatın keçirilməsi üçün İddiaçı tərəfindən «X8» Hospitalına 9220 manat məbləğində ödəniş edilmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh iddiaçının sağlamlığına vurduğu ziyana görə ödənilmiş əməliyyat xərci qismində 9220 manat məbləğində, sağlamlığa silinməz iz vurduğu üçün 10.000 manat məbləğində, vurulmuş mənəvi zərər qismində 5000 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 manat məbləğində, ümumilikdə 24.385 manat məbləğində zərərin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmşdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə iddiaçı və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər «Eldar» Studionun və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıya 5 il əvvəl dolğu olunub. İstifadə edlmiş dolğu da Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmış dolğu olub. Onunla bağlı hər-hansı problem ehtimalı mümkün deyildir. Bundan əlavə heç bir dolğu əzələyə vurulmur. O, da həmin dolğunu ətə tətbiq etmişdir. İddiaçı həmin prosedur ilə bağlı ona 600 manat ödəniş edib. 2022-ci ilin oktyabr ayında iddiaçı ona zəng vuraraq yeni kosmetoloji prosedur etmək istədiyini bildirmişdi və onun yanına gəlmişdir. İddiaçı şikayəti ilə bağlı ona heç bir söz deməmişdir. Bir neçə gün sonra ona vəkil zəng vuraraq, iddiaçının ondan şikayəti olduğunu bildirmişdir. O, bununla bağlı iddiaçıya zəng vurmuş və məsələnin nədən ibarət olduğunu soruşmuşdur. İddiaçı ona bildirmişdir ki, tətbiq etdiyi dolğu onun qanına işləyib. O, ondan bununla bağlı analiz cavabı istəmiş, lakin o, analiz etdirməmişdir. Daha sonra iddiaçı ona analiz cavabı almış və o, həmin analizdən də bəlli olmuşdur ki, iddiaçıda heç bir fəsad yoxdur. Cavabdeh iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Belə ki, iş materiallarında olan Mərkəzi Klinika tərəfindən verilmiş İddiaçı adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli maqnit-rezonans tomoqrafiya müayinəsinin protokolun surətindən görünür ki, hər iki tərəfdə sağra nahiyyələrində, budun arxa hissəsində dərialtı piy toxumasında geniş sahələrdə kosmetik gel yığıntıları aşkar edilir. Sağ budun lateral hissəsində kosmetik gel yığıntısının bir hissəsi yerini budun lateral hissəsinə (dəriyə yaxın hissəsinə) toplanmışdır. 9.İş materiallarında olan «Bona Dea» Hospital tərəfindən İddiaçı adına tərtib edilmiş epikrizin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə sarğı nahiyyəsində olan dolğu şikayət ilə hospitala müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra sağ və sol gluteal bölgədə, gluteus maximus içi və üstü daxilində, hər iki budun lateral hissələrində vastus lateralis və rectus arasındakı əzələlər daxilində ciddi şəkildə dolğu olduğu müəyyən edilmişdir. Bununla əlaqədar xəstənin üzərində «Gluteal bölgədəki sintetik doğunun rezeksiyası» cərrahi əməliyyat icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. 10.İş materiallarıda olan «X8» Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli faktura xidmət siyahısından görünür ki, xəstə İddiaçı müayinəsinə, müalicəsinə və üzərində icra olunan əməliyyata görə ödənilməli olan məbləğ - 9.220 manat təşkil etmişdir. 11.İş materiallarında olan Nəsimi rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajor X4 tərəfindən tərtib edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh tərəfindən 2019-cu il tarixdə düzgün kosmetoloji prosedur (popo dolğusu) yerinə yetirilməməsi nəticəsində sağlamlığına zərər dəyməsi barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Rayon prokurorluğuna daxil olmuş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 53/KEŞ nömrəli rəyində göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş məlumata əsasən İddiaçı 2019-cu il tarixdə «Eldar Studio» salonunda «popo dolğusu» proseduru icra edilmişdir. Bir neçə il sonra sağ aşağı ətraf nazhiyəsində şişkinlik yaranmış, bununla əlaqədar müxtəlif klinikalarda müayinə olunmuş, ona aparılmış dolğu prosedura zamanı təbii yox, süni geldən istifadə edildiyi və gelin ayaq nahiyyəsinə qədər yayıldığı bildirilmişdir. «Liv Bonadea» Hospitalda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə sarğı nahiyyəsində olan dolğu şikayət ilə hospitala müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra sağ və sol gluteal bölgədə, gluteus maximus içi və üstü daxilində, hər iki budun lateral hissələrində vastus lateralis və rectus arasındakı əzələlər daxilində ciddi şəkildə dolğu olduğu müəyyən edilmişdir. Bununla əlaqədar xəstənin üzərində «Gluteal bölgədəki sintetik doğunun rezeksiyası» icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı üzərinə aparılmış dolğu proseduru taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da sonradan xəstədə fəsadın yaranmasına və bununla əlaqədar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxarmışdır. Həmçinin kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün lisenziya olmadığı halda, həmin prosedurun salon şəraitində aparılması yolverilməzdir. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Araşdırma zamanı toplanmış materialdan görünür ki, Cavabdeh lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmaqla Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən Cavabdeh əməlində hər hansı cinayətin tərkib əlamətləri olmadığından barəsində Azərbayccan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi, yəni lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmağa görə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün tibbi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilməsi, İddiaçı Cavabdeh tərəfindən edilmiş tibbi manipulyasiyalar nəticəsində dəymiş maddi zərərin mülki qaydada məhkəməyə müraciət edilərək tələb edilməsi hüququnun izah edilməsi qərara alınmışdır. 12.Həmin qərarda həmçinin göstərilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, 2019-cu il tarixdən 2021-ci ilin sonlarına kimi Nəsimi rayonunda yerləşən «Eldar» studioda kosmetoloq kimi fəaliyyət göstərmiş, hazırda isə Nizami mollda «Şər akademiyasında» kosmetoloji fəaliyyəti davam etdirir. Kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün isə lisenziya almamış, lakin Vergilər Nazirlyində qeydiyyatdan keçmiş və VÖEN almışdır. İddiaçı müştərisi olmuş, 2019-cu ildə xanıma «popo dolğusu» prosedura olunmuşdur. Həmin zaman xanıma «aktivagel» dolğusundan istifadə olunmuşdur. Həmin dolğu birbaşa toxuma nahiyyəsinə inyeksiya olunmuşdur. Müştəriyə həmin dolğunun 5-9 il ərzində qalacağını bildirmişdir. Xanım 3-4 aydan sonra isə çanaq nahiyyəsinə dolğu elətdirmək istədiyini bildirmiş, daha sonra xanımın çanaq nahiyyəsinə də «aktivagel» dolğusundan vurulmuşdur. 2022-ci ildə təxminən bir aydır ki, həmin xanım yanına gələrək ayağının aşağı nahiyyələrinə də dolğu elətdirmək qərarına gəldiyi bildirmişdir. Onunla bu barədə danışmış və ona ya həmin dolğu ya da istəyəndən asılı olaraq başqa dolğudan istifadə edəcəyini bildirmişdir. Bir neçə gün sonra özünü Xoşbəxt xanımın vəkili kimi təqdim edən şəxs ona zəng edərək 2019-cu ildə vurulmuş dolğunun fəsad verdiyini, bu məsələnin həll etməyi, ya da prokurorluğa şikayət edəcəyini bildirmişdir. Bundan sonra Xoşbəxt xanımı iş yerinə dəvət edərək həmin nahiyyəsini müayinə etmiş, ayağın yuxarı hisssində heç bir çirk, iltiham olmamışdır. Sadəcə olaraq xanım hazırda çox arıqladığı üçün vurulan həmin dolğu əllə vurduqda hiss olunmuş, kiçik bir kütlə şəklində qalmışdır. Təxminən 9 ilə həmin dolğu sovrulacaqdır. 13.Məhkəmənin sorğusuna cavab olaraq İcbari Sığorta Bürosu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən müraciətin Büronun səlahiyyətlərinə aid olmadığını diqqətə alaraq, aidiyyəti üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yönləndirilmişdir. 14.Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Əlavə olaraq bildirirlər ki, müraciətində qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilərlər. 15.Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İcbari Tibbi üzrə Dövlət Agentliyi və «X7 Hospital» MMC arasında müqavilə xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Məktubda qeyd edilən «Sintetik dolğunun rezeksiyası» adlı cərrahi əməliyyat Azərğaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli «İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi»nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır. 16.Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, TƏBİB-in fəaliyyət istiqamətləri tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirməkdən, tibb müəssisələrində göstərilən tibb xidmətlərin keyfiyyətini və əlçatanlığını, tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini, tibb müəssisələrində göstərilən tiibb xidmətlərin keyfiyyətinin artırılması və bu xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin etməkdən ibarətdir. Özəl tibb müəssisələri ilə müqavilələrin bağlanması İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) səlahiyyətində olduğundan müraciətində qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Agentliyə müraciət edə bilər. Məlumat üçün qeyd edirlər ki, «Rinoseptoplastika» əməliyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 avqust tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş «İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi»nə daxil deyildir. 17.Məhkəmə tərəfindən təyin edilmiş 968/KEŞ saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1989-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: - 1-3-cü sullar üzrə: iş materiallarına əlavə edilmiş məlumatlara əsasən İddiaçı üzərində 2019-cu il tarixdə «Eldar studio» salonunda «popo dolğusu» proseduru icra edilmişdir. Bir neçə il sonra sağ aşağı ətraf nahiyyəsində şişkinlik yaranmış, bununla əlaqədar müxtəlif klinikalarda müayinədə olmuş, ona aparılmış dolğu proseduru zamanı təbii yox, süni geldən istifadə edildiyi və gelin ayaq nahiyyəsinə qədər yayıldığı bildirilmişdir. «Liv Bonadea» Hospitalda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə sarğı nahiyyəsində olan dolğu şikayəti ilə hospitala müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra onda sağ və sol gluteal bölgədə, gluteus maximus və üstü daxilində, hər iki budun lateral hissələrində vastus lateralis və rectus arasındakı əzələlər daxilində ciddi şəkildə dolğu olduğu müəyyən edilmişdir. Bununla əlaqədar xəstənin üzərində «Gluteal bölgədəki sintetik dolğunun rezeksiyası» icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı üzərində aparılmış dolğu proseduru taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da sonradan xəstədə fəsadın yaranmasına və bununla əlaqədar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxartmışdır. Həmçinin kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün lisenziya olmadığı halda, həmin prosedurun salon şəraitində aparılması yolverilməzdir. - 4-cü sual üzrə: Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 18.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 2019-cu ildə iddiaçı «Eldar Studio» salonuna müraciət etmiş və həmin salonunda kosmetoloq Cavabdeh tərəfindən iddiaçıya «popo dolğusu» kosmetoloji proseduru aparılmışdır. xx.xx.2022-ci ildə iddiaçı sağrı nahiyyəsində olan dolğu şikayəti ilə «Liv Bonadea» hospitala müraciət etmiş, aparılmış müayinədən sonra iddiaçının üzərində «Gluteal bölgədəki sintetik dolğunun rezeksiyası» əməliyyatı icra edilmişdir. İddiaçı tərəfindən «Liv Bonadea» hospitalına əməliyyatla bağlı 9220 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən aparılmış dolğu kosmetoloji proseduru düzgün yerinə yetirilməməsi nəticəsində onun sağlamlığına ciddi ziyan vurduğuna görə, o, cavabdehdən vurduğu ziyana görə ödənilmiş əməliyyat xərci qismində 9220 (doqquz min iki yüz iyirmi) manat məbləğində, sağlamlığa silinməz iz vurduğu üçün 10.000 (on min) manat məbləğində, vurulmuş mənəvi zərər qismində 5000 (beş min) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 (yüz altmış beş) manat məbləğində, ümumilikdə 24.385 (iyirmi dörd min üç yüz səksən beş) manat məbləğində zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və 968/KEŞ saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı üzərində aparılmış dolğu proseduru zamanı təbii yox, süni geldən istifadə edildiyini və gelin ayaq nahiyyəsinə qədər yayıldığını müəyyən edilmiş, həmin proseduru taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da sonradan İddiaçı fəsadın yaranmasına və bununla əlaqədar onun üzərində cərrahiyyə əməliyyatının icrasına gətirib çıxartmışdır. Həmçinin kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün lisenziya olmadığı halda, həmin prosedurun salon şəraitində aparılması yolverilməzdir. 20.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). 21.Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. 22.Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. 23.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). 24.Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). 25.Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X2rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları). 26.Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 27.Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 28.Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 30.Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 31.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 32.Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 33.Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq hesab edir ki, «Eldar studio» salonunda iddiaçının üzərində aparılmış «popo dolğusu» prosedurun taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsi ilə əlaqədar iddiaçının səhhətinə zərər vurduğundan, sonradan iddiaçıda fəsadın yaranması ilə əlaqədar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxartdığından, bu fakt məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş rəylə də tam təsdiq olunduğundan, iddia tələbi iddiaçının sağlamlığına vurduğu ziyana görə ödənilmiş əməliyyat xərci qismində 9220 (doqquz min iki yüz iyirmi) manat pul məbləğinin Cavabdeh tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməli, 9220 (doqquz min iki yüz iyirmi) manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 34.Məhkəmə iddia tələbinin sağlamlığa silinməz iz vurduğu üçün 10.000 (on min) manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən bu halları təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmadığından, silinməz ilə bağlı 10.000 manatın səbəbli əlaqəsi barədə əsaslandırma və sübutlar olmadığındn həmin hissədə tələb əsassız hesab edilməlidir. 35.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). 38.İddia tələbinin 5000 (beş min) manat mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir. 39.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 40.Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. 41.Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 42.Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. 43.Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 44.Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 45.Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən kosmetoloji prosedurun düzgün aparılmaması nəticəsində iddiaçının keçirtdiyi stress və həyacanın, onun sağlamlığının pozulması nəticəsində çəkdiyi fiziki əzabının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. 46.Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 47.Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (125,16 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 48.Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı «Eldar Studio» və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 9220 (doqquz min iki yüz iyirmi) manat maddi ziyanın, 2500 (iki min beş yüz) manat mənəvi ziyanın, dövlət rüsumunun əvəzi kimi 125,16 (yüz iyirmi beş manat, on altı qəpik) manat, cəmi 11845,16 (on bir min səkkiz yüz qırx beş manat, on altı qəpik) manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 49.Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 50.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 51.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı «Eldar Studio» və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 9220 (doqquz min iki yüz iyirmi) manat maddi ziyanın, 2500 (iki min beş yüz) manat mənəvi ziyanın, dövlət rüsumunun əvəzi kimi 125,16 (yüz iyirmi beş manat, on altı qəpik) manat, cəmi 11845,16 (on bir min səkkiz yüz qırx beş manat, on altı qəpik) manat pul tutulsun. Ödənilmiş dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar