Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1272/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 95000 manatın, 10000 manatın, illik 5% olmaqla 4750 manat pul vəsaitinin və ödənilmiş 400 manat dövlət rüsumunun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 23 may 2024-cü il tarixində Cavabdeh MMC-nin istehsal xərclərini artırması məqsədi ilə 5 ay müddətinə 95000 manat yatırım etmişdir. Razılaşmaya əsasən Cavabdeh MMC aldığı 95000 manatdan hər ay iddiaçıya 2000 manat xeyir verəcəkdir. Lakin bu gün Cavabdeh MMC nə 95000 manatı qaytarır, nə də öhdəsinə götürdüyü hər ay 2000 manatı verir. Ümumilikdə 10000 manat ödəməlidir. Lakin aralarında əldə edilmiş razılaşmaya baxmayaraq, nə əsas pulu (95000 manat), nə də öhdəsinə götürdüyü 10000 manatı ödəmişdir. Bu səbəblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC 95000 manat, 5 ay hər ay 2000 manat olmaqla ümumilikdə 10000 manat və illik 5% olmaqla 4750 manat, ümumilikdə 109750 manat qaytarmalıdır Sonradan, İddiaçı nümayəndəsi və vəkili X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 95000 manat pul vəsaitinin ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, İddiaçı izahatına uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)- 1272/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.3-cü maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.4-ci maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Məhkəmə, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı şəxsi pul vəsaiti olan 95000 manatı əsas məbləğ olaraq, şifahi razılaşmaya əsasən müəyyən edilmiş 5 ay müddətinə nəğd şəkildə Cavabdeh MMC-nin (VÖEN: 1********) istehsal xərclərinə nağd şəkildə yatırmışdır və həmin vəsait zavodun (MMC-nin) balansındadır. - ƏXZ/3 seriyalı, 410801 №-li kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən 95000 manat məbləğdə pul vəsaiti istehsal xərclərinə yatırım olaraq Cavabdeh MMC-nin (VÖEN: ********** saylı) hesabına mədaxil edilmişdir. - İddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məkubundan görünür ki, onun tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin istehsal xərclərinə 95000 manat ödənmişdir. Razılaşmaya əsasən, sözügedən 95000 manat üçün 5 ay müddət qoyulmuş və müddət bitdikdən sonra əsas məbləğə əlavə olaraq 10000 manat ödəniləcəkdir. Lakin buna baxmayaraq, nə əsas məbləğ, nə də əlavə məbləğ ödənilməmişdir. Xahiş etmişdir ki, 95000 manat əsas və 10000 manat əlavə məbləğində pul vəsaitinin 5 gün ərzində ona geri qaytarılması təmin edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilməlidir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğu halda iddianın təmini mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, iddia haqlı sayılır. Bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. İş materiallarında olan sənədlərdən görünən odur ki, tərəflər arasında əldə edilmiş razılıq əsasında iddiaçı tərəfindən 95000 manat məbləğində pul vəsaiti Cavabdeh MMCnin istehsal xərclərinə nəğd şəkildə yatırılmış, həmin vəsait şirkətin balansındadır. İddiaçının pul vəsaitini verməsində məqsəd verdiyi məbləğdən savayı əlavə olaraq 5 ay müddətində gəlir əldə etməsi olsa da, qarşı tərəf razılaşmanın şərtlərinə əməl etməyib, nə aldığı məbləği, nə də ki, razılaşdırılmış gəliri iddiaçıya ödəməmişdir. Cavabdehin verilən pulu yatırım kimi qəbul edib buna dair arayış tərtib etməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu arayış, eləcə də 95000 manat pulun şirkətin hesabına ödənilməsi barədə qəbzin mövcudluğu faktiki olaraq tərəflər arasında borc münasibətlərinin yaranmasının bariz təsdiqidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında olan münasibətlərin xarakterindən görünür ki, bir-birilərinə etibar etmələri səbəbindən aralarında olan borc münasibətlərini arayış əsasında həyata keçirmişlər. Bununla da məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıdan borc alması yazılı sənədlə (arayış ilə) təsdiq edildiyinə görə iddiaçının həmin vəsaiti geri tələb etmək hüququ vardır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 400 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 95000 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 400 manat dövlət rüsumu İddiaçıu xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC- dən İddiaçı xeyrinə 95000 manat pul və iddianın qaldırılması üçün ödənilmiş 400 manat dövlət rüsumu tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev Belə ki, iş materiallarından görünür ki, iddiaçı pulun verilməsindən 8 aya yaxın müddət keçməsindən sonra əvvəl pretenziya qaydasına riayət edərək cavabdehə xəbərdarlıq məktubunu göndərərək borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmiş, daha sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 95000 manat borc almış, aldığı borcu qaytaracağına dair öhdəliyi yazılı şəkildə qeyd etsə də. borcu aldığı gündən 8 aya yaxın müddətdə onu qaytarması ilə bağlı heç bir addım atmamışdır. Məhkəmə vurğulayır ki, hazırki mübahisənin həll edilməsinə Mülki Məcəllənin borc müqaviləsi ilə bağlı maddi hüquq normaları tətbiq edilməlidir.
Məhkəmə qərarları › İş №e-2(006)-1272/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-1272/2025
11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver