Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1303/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “icarə müqaviləsinin müddətinin uzadılması, təmirə və avadanlıqların quraşdırılmasına çəkilmiş xərclərin tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-1303/2024 saylı qərardadından verilmiş şikayət ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “icarə müqaviləsinin müddətinin uzadılması, təmirə və avadanlıqların quraşdırılmasına çəkilmiş xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həm təmir xərclərinə, həm də quraşdırılmış avadanlıqlar üçün 41.500 manat, dövlət rüsumu kimi 215 manat və hüquqi yardım üçün ödənilmiş 500 manat, ümumilikdə 42.215 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin müddətinin əlavə olaraq 1 il müddətinədək uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdə ona icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək müəyyən edilmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsi onun istifadəsində olduğu müddətdə onun tərəfindən 41.500 manat dəyərində təmir xərcləri sərf olunmuşdur. Belə ki, həmin qeyri-yaşayış sahəsinə müşahidə kameraları və işıqlandırma quraşdırılmış, müxtəlif növdə və qiymətdə boyalarla (boyanın altından üzdük) boyanmış və s. bu kimi təmir işləri görülmüşdür. İcarə müqaviləsi hazırki Cavabdeh2 nümayəndəsi qismində Cavabdeh1 ilə bağlanmışdır. Onun sifarişi ilə 16 noyabr 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202 kv.metr olan qeyriyaşayış obyektinin təmirinə çəkilmiş ümumi xərcin müəyyənləşdirilməsi barədə ekspert rəyi verilsə də, qalan müqavilədən kənar qalmış 48 kv.metr təmir və kosmetik işlərin aparılması kimi işlər tam əhatə olunmamışdır. Qeyd edilən obyektin təmirinə çəkilmiş xərcin ümumi məbləği 20.213 manat məbləğində müəyyən olunmuşdur. Lakin qeyd edilən qiymətləndirmə zamanı reklam və quraşdırılmış avadanlıqlar nəzərə alınmamışdır. Ümumilikdə isə onun tərəfindən həm təmir xərclərinə, həm də quraşıdırılmış avadanlıqlar üçün 41.500 manat xərc çəkilmişdir. Belə ki, ofis interyerinə uyğun mebel, stol və s. əşyalarla təhciz edilmişdir. Həmçinin, təmir işlərində iştirak etmiş və obyektə onun tərəfindən çəkilmiş xərclərdə iştirak edən iki nəfər şahidin dindirilməsi təklif edilir. Hazırda icarə müddətinin bitməməsinə baxmayaraq, icarəyə verən Cavabdeh2 tərəfindən icarəçinin (onun) obyektdən çıxarılması barədə bildiriş göndərilmiş, lakin faydalanan şəxs olaraq təmir və avadanlıqlar üçün çəkilmiş xərclərin əvəzinin (dəyərinin) ödənişin hansı prosedurda həyata keçirəcəkləri barədə məlumatlar qeyd edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1303/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “icarə müqaviləsinin müddətinin uzadılması, təmirə və avadanlıqların quraşdırılmasına çəkilmiş xərclərin tutulması” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1303/2024 saylı qərardadının ləğv edilməsi və işin icraata götürülərək baxış iclasına təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsini rəhbər tutaraq, qərardaddan verilmiş şikayət ərizəsinə yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsinin dəlillərini nəzərdən keçirərək və iş materiallarını tədqiq edərək hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-1303/2024 saylı qərardadından verilmiş şikayət ərizəsi təmin edilməyərək, işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Məhkəmə 07 mart 2024-cü il tarixli qərardadında qeyd etmişdir ki, iş materiallarından müəyyən edildiyi kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi ev 255, 225A, 225B ünvanında yerləşən ümumi sahəsi 202 kv.metr olan qeyri-yaşayış sahəsini tam mülkiyyət üzrə ona məxsus hissəsindən İddiaçı icarəyə verməyi öhdəsinə götürməsi, icarə müddətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək müəyyən edilməsi və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddətinin daha 1 il müddətinə uzadılmış hesab edilməsinə və digər mühüm şərtlərə dair razılığa gəlmişlər. Eyni zamanda tərəflərin elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlarına əsasən, hər üç şəxsin “VÖEN” –ni (İddiaçı **********; Cavabdeh2 **********; Cavabdeh1 **********) vardır. Həmçinin, tərəflərdən İddiaçı və Cavabdeh1 fəaliyyətlərini müvəqqəti dayandırmış olsalar da, İddiaçı ixtisaslaşdırılmış mağazalarda mobil telefonların pərakəndə satışı və təmiri, Cavabdeh1 plastik məmulatların istehsalı, Cavabdeh2 isə aktiv VÖEN-ə sahib olmaqla, təzə və istifadə olunmuş yük avtomobilləri, qoşqu və yarımqoşquları pərakəndə satışı fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi qeydiyyatdan keçmişlər. Məhkəmənin qənaətinə görə müqavilə tərəfləri hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir və mübahisə tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı bağladıqları icarə müqaviləsindən irəli gəlmişdir. Bu səbəbdən də, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. -25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bundan başqa, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1303/2024 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməyərək, işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1303/2024 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsin. Şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1303/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1303/2024
29.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver