Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1323/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 manat maddi ziyanın, 10.000 manat mənəvi ziyanın cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İ Qarabağ Müharibəsinin iştirakçısı, İ qrup Müharibə əlilidir. Əlillik dərəcəsi müddətsiz təyin olunmuşdur. Dövlət tərəfindən ona 371 manat məbləğində əmək pensiyası və 500 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Həmin məbləğ "xxxx" ASC vasitəsi ilə pensiya kartına köçürülür. Maddi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə "xxxx" ASC-yə müraciət edərək ona kredit ayrılmasını xahiş etmişdir. "xxxx" ASC tərəfindən ona bildirilmişdir ki, Mərkəzi Bank tərəfindən göstəriş verilmişdir ki, İ qrup əlillərə kredit ayrılmasına qadağa var. Bununla bağlı o, xx.xx.2023-cü il tarixdə Mərkəzi Banka rəsmi qaydada müracət etmişdir. Mərkəzi Bank tərəfindən ona xx.xx.2023-cü il tarixli 6-1-26/2-A-8995/2-0-13362/2023 saylı məktubla cavab verilmişdir. Beləliklə onun hüquqları "xxxx" ASC tərəfindən pozulur və əsas kimi onun əlil olması qeyd edilir. Halbuki, o, öz sağlamlığını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itirərək əlil olmuşdur. O, banka məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə kredit müraciəti etmişdir. Lakin, müraciəti əsassız rədd edildiyinə görə ona maddi ziyan dəymişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: "xxxx" MMC-dən çıxarışdan (14 yanvar 2025-ci il tarixdə tərtib olunmuşdur, hesabat №-si 3********) görünür ki, İddiaçı şəxsi məlumatları, kredit məlumatlarının icmalı, borcalan haqqında edilmiş sorğular (59 dəfə sorğu olunmuşdur), borcalanın aktiv və bağlanmış öhdəlikləri şəffaf və müfəssəl şəkildə qeyd olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankına etdiyi müraciətdə göstərmişdir ki, o, İ X3isidir. Hər ay 334 manat pensiya və 500 manat Prezident təqaüdü alır, əlillik dərəcəsi müddətsizdir, penasiya və təqaüdü ABB bankdan alır, dəfələrlə ABB banka müraciət edərək ona pul krediti ayrılmasını xahiş etmişdir, lakin bankdan bildiriblər ki, mərkəzi bank tərəfindən göstəriş verilib ki, İ qrup əlillərə pul ayrılmır. Halbuki o, pensiyasını ABB bankdan alır, ona təcili 10.000 manat pul krediti lazımdır, o nə edə bilər ki, İ qrup əlildir. O, öz sağlamlığını Vətəninin uğrunda gedən döyüşlərdə itirmişdir. Belə bir halda yazıb xahiş edir ki, pul krediti əldə etməsi üçün köməklik edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli 6-1-26/2-A-21- 11923/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı iddiaçının müraciətini cavablandırılması üçün 15 noyabr 2023-cü il tarixdə "xxxx" ASC-yə yönəltmiş, "xxxx" ASC tərəfindən həmin müraciət araşdırılmış və Azərbaycan Respublikası Mərkəzi Bankına 04 dekabr 2023-cü il tarixli cavab məktubu göndərilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, bankın kredit rəsmiləşdirilməsi proseduruna əsasən potensial borcalanın kredit ödəmə qabiliyyəti bank filiallarında müəyyən olunur və İddiaçı neqativ kredit tarixçəsi olması səbəbi ilə bankdaxili tələblərə əsasən kreditin verilməsi məqsədəuyğun hesab olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ünvanladığı 14 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı "xxxx" ASC (bank) ilə bağlı xx.xx.2023-cü il tarixli, 6-1/1-A-8995/2-0/2023 saylı müraciəti Mərkəzi Banka daxil olmuşdur. Müraciətdə qeyd olunan məsələ ilə bağlı Mərkəzi Bank tərəfindən banka sorğu məktubu göndərilmişdir. Həmin sorğu məktubu üzrə bankın təqdim etdiyi cavab məktubuna əsasən bildirilir ki, bankın kredit rəsmiləşdirilməsi proseduruna əsasən potensial borcalanın kredit ödəmə qabiliyyəti bank filiallarında müəyyən olunur və İddiaçı neqativ kredit tarixçəsi olması səbəbi ilə bankdaxili tələblərə əsasən kreditin verilməsi məqsədəuyğun hesab olunmamışdır. Məlumat üçün qeyd edilmişdir ki, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 13 dekabr 2006-cı ildə qəbul etdiyi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyasını Azərbaycan Respublikası 2008-ci ildə ratifikasiya edərək milli qanunvericiliyin də «Əlillərin hüquqları haqqında» Konvensiyaya uyğunlaşdırılması məqsədilə «Əlilliyi olan şəxslərin hüquqları haqqında» yeni Qanun qəbul etmişdir. Azərbaycan Respublikası «Əlillərin hüquqları haqqında» Konvensiyasına üzv dövlət kimi əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən bütün əlillərin insan hüquqlarını və əsas azadlıqlarını tam həyata keçirməsini təmin və təşviq etməyi öhdəsinə götürmüşdür. Konvensiyaya əsasən iştirakçı dövlət istənilən şəxs, təşkilat və ya özəl müəssisə tərəfindən əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməsinin aradan qaldırılması üçün bütün lazımi tədbirləri görməlidir. Eyni zamanda, əlil insanlar fiziki mühit, nəqliyyat, informasiya və kommunikasiya və ictimaiyyətə təqdim edilən digər imkanlar və xidmətlər də daxil olmaqla, cəmiyyətin bütün sahələrinə başqaları ilə bərabər şəkildə cəlb olunmaq hüququna malikdir. İddiaçı nəzərinə çatdırılmışdır ki, əlilliyi olan şəxslərə bank xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsi istiqamətində Mərkəzi Bank tərəfindən müvafiq tədbirlər görülməkdədir. Belə tədbirlərdən biri də Mərkəzi Bankın tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Banklar Assosiasiyası (Assosiasiya) tərəfindən «Əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi üzrə» İşçi Qrupunun yaradılması olmuşdur. Qeyd edilmişdir ki, İşçi Qrupunda bütün banklar təmsil olunur. İşçi Qrupunun əsas məqsədi bu kateqoriyadan olan bank xidmətləri istehlakçılarına göstərilən xidmətləri təkmilləşdirmək və heç bir halda ayrıseçkiliyə yol verməməkdir. Qeyd olunan məsələ ilə əlaqədar Mərkəzi Bank, Assosiasiya və İşçi Qrupun iştirakı ilə mütəmadi görüşlər keçirilir və əlilliyi müəyyən edilmiş şəxslərə qarşı ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı bütün lazımi tədbirlərin görülməsi, eləcə də onlara göstərilən xidmət səviyyəsinin artırılması mövzularında birgə müzakirələr aparılır. Ölkənin maliyyə tənzimləyici qurumu kimi, sosial həssas əhali qrupu olan əlilliyi olan şəxslərin maliyyə xidmətlərinə maneəsiz çıxışının təmin olunmasını Mərkəzi Bank daimi əsasda diqqət mərkəzində saxlayır. Qeyd olunan məsələlərlə yanaşı bildirilmişdir ki, Mərkəzi Bankın səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilir. Həmin Qanunun 46.2-ci maddəsinə əsasən, Mərkəzi Bank qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, kredit təşkilatlarının cari fəaliyyətinə qarışmır. Eyni zamanda «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 36.6cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı kreditlərin verilməsinə dair qərarlar kredit təşkilatları tərəfindən müstəqil şəkildə qəbul edildiyindən kreditin alınması məqsədilə respublika ərazisində fəaliyyət göstərən kredit təşkilatlarına müraciət edə bilməsi izah olunmuşdur. İddiaçı bildirilmişdir ki, infobank.az internet səhifəsinə daxil olaraq respublika ərazisində fəaliyyət göstərən banklardakı kredit məhsulları barədə məlumat ala bilər. Bakı Müharibə Əlil və Veteranları İB-nin 16 yanvar 2025-ci il tarixli 013/2025 saylı məktubundan görünür ki, İctimai Birlik iddiaçının döyüş yolu, sağlamlıq durumu ilə bağlı məlumat verməklə, məhkəmədən məktubda qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçıya İ qrup əlillik dərəcəsi təyin edildiyindən (ƏƏSMN MEİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** saylı əlillik haqqında arayış məlumatları), o, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin: İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİİ hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV hissəsinə əsasən heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləridir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1-ci maddəsinə əsasən Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə həmin Məcəlləyə və Qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. 36.2-ci maddəsinə əsasən müştərilər bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi üçün bankları müstəqil seçirlər və bu məqsədlə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər. Hesabların açılması, aparılması və bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və həmin Məcəlləyə müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlara, habelə bu Qanuna və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı iddia tələbində bank tərəfindən ona kredit verilməsindən imtinanın əsası kimi onun əlil olmasına istinad etmişdir. Bununla da bank tərəfindən ona maddi və mənəvi zərər vurulmasını iddia edərək bu tələblə məhkəmə müraciət etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, bank tərəfindən iddiaçıya münasibətdə əlil olduğuna görə hər hansı ayrı-seçkilik edilməmiş, iddiaçıya kredit məbləğinin verilməməsinə səbəb onun neqativ kredit tarixçəsinin mövcudluğu səbəb olmuşdur. İddiaçı cavabdeh tərəfindən Mərkəzi Bankın banklara İ qrup əlillərə kredit verilməməsi barədə şifahi göstərişinin olmasını əsas gətirməklə ona kredit verilməsindən imtina edildiyini bildirsə də, qeyd olunan hala dair mötəbər sübut təqdim edilməmişdir. Beləliklə iddiaçının iddia tələbinin dəlili kimi göstərdiyi məqam-ona kredit verilməsindən əlil olması əsası ilə imtina edilməsi öz təsdiqini tapmamışdır. Digər tərəfdən isə cavabdeh tərəfindən iddiaçıya hər hansı şəkildə maddi və mənəvi ziyan vurulması da müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyin prinsiplərindən biri də müqavilə azadlığı prinsipidir. Maddi hüquq normalarının mənasından göründüyü kimi, fiziki və hüquqi şəxs müqavilə azadlığına əsasən digər fiziki və hüquqi şəxslərlə müqavilə bağlamaqda sərbəstdirlər, onlar bu və ya digər şəkildə müqavilə bağlamağa məcbur edilə bilməzlər. Odur ki, məhkəmə cavabdeh tərəfindən müqavilə bağlanmasından sərbəst şəkildə imtina etmişdir, cavabdehin bu hərəkətində iddiaçıya nə maddi, nə də mənəvi zərər vurulması ilə nəticələnən əməl mövcud deyildir. Bir tərəfin digər tərəfə münasibətdə maddi və mənəvi zərər vurulması ilə nəticələnən əməli, həmin əməllə onun nəticəsi arasında səbəbli əlaqə və həqiqətən də iddiaçıya 5.000 manat maddi ziyan vurulmasına səbəb olan delikt müəyyən edilməmişdir. Bütün qeyd edilənlərin fonunda mənəvi zərərin vurulması halı da təsbit edilmədiyindən verilmiş iddia tələbi bütünlüklə əsassızdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1323/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1323/2025
27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver