Məhkəmə qərarları › İş №e-2(006)-1327/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1327/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1327/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 410 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 11:42 radələrində Bakı şəhəri Dilarə Əliyeva küçəsi ərazisində Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh ona məxsus “Nisan Juke” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Ravon Nexia R3" markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilə maddi zərər vurmuş və daha sonra hadisə yerindən yayınmışdır. Bakı şəhər DYPŞ-nin xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq, AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, "Ravon Nexia R3” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə 410 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 8431 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxs "xxxx" MMC-nin hesabına 410 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 410 manat məbləğində sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, Dövlət Sığorta Kommersiya Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələbinə görə, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və təqdim etmiş olduğu etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərini xx.xx.2022-ci il tarixdə məhkəmədən rəsmi qaydada əldə etdikdən sonra iddia ərizəsinə qarşı hazırki etirazı verməkdə haqlıdır. Belə ki, iddiaçı guya zərərçəkmiş A.K.Allahverdiyevə yol-nəqliyyat hadisəsi ilə bağlı avtomobilinə dəymiş müəyyən xəsarətlərin bərpa edilməsi ilə bağlı 410 manat məbləğində pul ödədiyini qeyd etsə də, ərizəyə əlavə etdiyi qüsur aktında qeyd etdiyi dəmirçiyə ödənilməli olan 150 manat, rəngsaza ödənilməli olan 220 manat, armaturçuya ödənilməli olan 410 manat məbləğində pul vəsaitlərinin hansı əsaslarla bu faktları sübut edən fotoşəkillərlə müəyyən olunduğunu, avtomobilin həmin qüsurlarla bağlı hansı proflaktoriyada bərpa edildiyini və ehtiyyat hissələrinin alınmalarını təsdiq edən ödəmə qəbzlərinin surətlərini nədənsə iddia ərizəsinə əlavə etməmişdir. O, Bakı şəhəri DYP İdarəsində baş vermiş hadisə ilə bağlı izahat verərək bildirmişdir ki, ona məxsus “Nissan Juke” markalı, ** CM *** nömrə nişanlı avtomobillə D.Əliyeva küçəsi ilə hərəkətdə olarkən həqiqətən yol nişanlanma xəttini görməyərək, onun tələbini pozaraq, yolun sol hissəsinə manevr edərək hərəkətinə davam edərkən arxadan gələn “Ravon Nexia” markalı, ** PL *** nömrəli avtomobil öz surətini yığa bilməyib onun avtomobili ilə arxadan gələrək toqquşmuşdur. O, zərər vurmadığı üçün öz sığorta şirkətini axtarmamış, zəng edib onları bu hadisə barəsində məlumatlandırmamışdır. Bu hadisə zamanı onun maşını xəsarət almamışdır. Bu səbəbdən də taksi sürücüsünün sığortası ilə maraqlanmamışdır. Hadisə baş verən an maşını saxlayıb taksi sürücüsünə yaxınlaşmışdır. Onun maşınının qapısı cızılmışdır. Sürücü avtomobilini o, hərəkətdə olarkən arxadan surətini yığa bilmədiyi ücün toqquşaraq cızmışdır və buna baxmayaraq, ona öz köməkliyini təklif etsə də, o, buna etiraz edib polis çağıracağını bildirmişdir. Günah onda olmadığı üçün və mübahisə yarandığını görüb oradan çıxıb getmişdir. Heç də hadisə yerindən yayınmamış, qaçmamışdır. Bütün bu hadisənin baş verməsinin video görüntüləri maşının video reqistratorunda qeyd olunmuşdur. Görüntüləri DYP əməkdaşlarına da, göstərmişdir. O, yol nişanı xəttinin tələblərini pozduğu üçün tərtib edilmiş inzibati protokolla bağlı elə yerindəcə 100 manat məbləğində pulu nəğd şəkildə DYP-nin əməkdaşı Qafar adlı şəxsə ödəmişdir. Digər tərəfdən hadisə ilə bağlı hansı DYP əməkdaşlarının və sığorta işçilərinin hadisə yerinə gəlib müvafiq fotolar və protokol tərtib etmələri barədə sənədin surəti də, iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş DYP-nin İXP protokolu onun iştirakı olmadan tərtib olunsa da, sonradan ona təqdim edilməmiş və əgər təqdim edilsə idi belə adı, soyadı, ata adı göstərilsə də, protokolu hansı səbəbdən imzalamadığı, imzalamaqdan imtina etməyinin səbəbləri göstərilməmişdir. Belə çıxır ki, iddiaçı istədiyi 2.000-3.000 manat məbləğində ağlına gələn məbləğləri qüsur aktlarına yazsa idi və zərərçəkmiş şəxslə cinayət əlaqəsinə girərək həmin məbləği ona ödədikdən sonra yarı bölərək faydalansa idi o, gərək həmin məbləği ödəməli idi. Sual olunur ki, hansı görüntülərdə və yaxud da fotoşəkillərdə qüsur aktında göstərilən xəsarətlər öz əksini tapmışdır?. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə PDS********** saylı sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə “Nisan Juke” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İcbari sığorta müqaviləsi 12 ay müddətinə bağlanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Nisan Juke” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən D.Əliyeva küçəsi ərazisində hərəkətdə olan zaman “Ravon Nexia R3" markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən “Ravon Nexia R3" markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 410 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə yuxarıda qeyd olunan, baş vermiş yol-nəqliyyat hadisəsi barədə 8431 saylı sığorta aktı tərtib olunmuşdur. Dəymiş zərərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iş materiallarına əlavə edilmiş ödəniş tapşırığı üzrə 410 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Bakı şəhər DYPİ-nin təqdim etmiş olduğu arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1522 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2017-ci il buraxılışlı “Ravon Nexia R3" markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 410 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, vurulmuş zərər zərəri vurmuş Cavabdeh tutulmalıdır. Digər tərəfdən məhkəmə cavabdehin təqdim etmiş olduğu etiraz ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh etiraz ərizəsində iddia tələbini qəbul etmədiyinə, ondan tələb olunan məbləğlə razı olmadığına və s. hallara istinad etsə də, bu halları təsdiq edəcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmiş, yalnız etiraz ərizəsi təqdim etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, subroqasiya qaydasında köçürülmüş 410 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Subroqasiya qaydasında köçürülmüş 410 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar