Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1328/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kreditin və faizlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kreditin və faizlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən adına xəbəri olmadan və qanunsuz olaraq rəsmiləşdirilmiş 1470 manat kreditin və onunla əlaqədar olan ödənilmiş faizlərin ləğv edilməsi, ona cavabdeh tərəfindən vurulmuş 700 manat maddi, 5000 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-dən onun telefonuna sms, yəni məlumat gəlmişdir. Həmin məlumatda bildirilmişdir ki, adına 1470 manat kredit ayrılmış və sonra həmin kredit +7***-***-**-** nömrəli telefonun sahibinin kartına göndərilmişdir. O, heçnə başa düşməmişdir. Çünki kredit üçün müraciət etməmişdir. İkincisi, Cavabdeh ASC-nin rəsmi iş yeri olmayan şəxslərə kredit vermədiyini də bilir. O, işsizdir, heç bir yerdə işləmir. O, rəsmi müraciət etmiş olsa belə, Cavabdeh ASC ona heç vaxt kredit verməzdi. Qeyd etmək istəyir ki, o, sosial şəbəkə lalafo.az saytında satmaq üçün soyuducu yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə evdə olan zaman ona +7***-***-**-** nömrəli telefonun sahibindən zəng gəlmişdir. Soyuducunu almaq istədiyini bildirmiş və ona demişdir ki, nəisə aça bilmir, kod istəyir, kod gələcək kodu ona desin. Danışan qadın idi. Həqiqətən onun telefonuna kod gəlmiş və onu qadına söyləmişdir. Bundan bir az keçmiş Cavabdeh ASC-dən onun adına 1470 manat kredit ayrıldığı və həmin kreditin +7***-***-**-** nömrəli telefonun sahibinin adına olan bank kartına göndərildiyi barədə mesaj gəlmişdir. Dərhal Cavabdeh ASC-yə zəng edərək bildirmişdir ki, o, kredit üçün müraciət etməmişdir və etsə də, ona kredit verilməz, çünki rəsmi iş yeri yoxdur. Ona bildirilmişdir ki, pul onun adına olan bank kartına keçirilmişdir. Həmin kartdan isə pul həmin nömrənin sahibinin adına olan karta keçirilmişdir. O, isə cavabında kredit götürmədiyini və kiminsə kartına pul göndərmədiyini bildirmişdir. O, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə təcili olaraq şikayətlə yaşayış yeri üzrə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş və ərizə yazaraq xəbəri olmadan adına kredit götürüldüyünü bildirmişdir. Sonra Cavabdeh ASC-nin Nərimanov filialına getmiş və müdirlə görüşərək vəziyyəti danışmışdır. Müdir araşdırma apardıqdan sonra onun adına **********740500 nömrəli kart olduğunu və pulun həmin karta köçürüldüyünü bildirmişdir. Ona bildirmişdir ki, həmin nömrəni Asan xidmətdə veriblər və bu hadisədən 6 ay əvvəl həmin kartın bağlanması üçün Cavabdeh ASC-nin Nərimanov filialına müraciət etmiş və gözü qarşısında bankın işçisi kartı qayçı ilə doğrayaraq zibil qabına atmiş və demişdir ki, bu kart bir daha işləməyəcək. Ondan sənəd istəmiş, o isə “sabah gəlib götürərsən” demişdir. Sonra yadından çıxdığı üçün gedib kartın və nömrənin ləğv edilməsi barədə sənədi götürməmişdir. Cavabdeh ASC-nin Nərimanov filialının müdiri işçilərdən birini çağırıb dediklərini kompüterdə araşdırmağı tapşırmışı və bir qədər sonra kompüter məlumatlarında onun banka daxil olması, bankın işçisinə müraciət etməsi və işçinin onun kartını qayçı ilə doğrayaraq zibil qabına atması ekranda görünmüşdür. Müdir həmin işçini çağıraraq nömrəni kompüter məlumatlarından silmədiyi üçün ona əsəbiləşmişdir. Eyni zamanda ona demişdir ki, “narahat olmayın məsələni yoluna qoyacağıq”. Bir müddət keçdikdən sonra telefonuna faizlərn ödənilməsi barədə məlumatlar gəlməyə başlamışdır. O, yenidən Cavabdeh ASC-nin Nərimanov filialına, Baş İdarəsinə, hətta Mərkəzi Banka müraciət etmişdir. Ona hər dəfəsində məsələni yoluna qoyacaqlarını bildirmişlər. Lakin heç bir iş görməmişlər. Bu barədə Nərimanov prokurorluğuna da müraciət etmişdir. Lakin bu işin onların səlahiyyətinə aid olmadığını bildirmişlər. Beləliklə, bu günə kimi 1470 manata görə ona faizlər hesablanır. Cavabdeh ASC-nin hər hansı səhlənkar işçisinin ucbatından onu müraciət etmədiyi və almadığı kreditə görə adına faizlər hesablanır və krediti ödəməyə məcbur edirlər. Bundan başqa, kreditin adına keçirildiyi şəxsin məlumatlarını, hansı karta keçirildiyi barədə məlumatları istəsə də, həmin məlumatları bank sirri olduğu üçün ona vermirlər. Deməli Cavabdeh ASC nin işçiləri həmin şəxsi tanıyırlar. Onda niyə faizlərin və kreditin ödənilməsini həmin adamdan tələb etmirlər?! Beləliklə cavabdehin işçilərinin qanunsuz hərəkətləri nəticəsində hüquqları pozulmuşdur. Belə ki, ona həm mənəvi, həm də maddi ziyan dəymişdir. Vəkillə müqavilə bağlamış, ona müqavilə pulu ödəmiş, vəkilin başqa xərclərini çəkmiş, 35 manat dövlət rüsumu ödəmişdir. Bundan başqa, polisə, prokurorluğa, Cavabdeh ASC-nin Nərimanov filialına, Baş ofisinə, hətta Mərkəzi Banka dəfələrlə müraciət edərək vaxtını itirmişdir. Adından qanunsuz istifadə edilərək başqasına kredit ödənilməsindən irəli gələn bütün istirabları, əsəb gərginliklərini, sarsıntıları keçirmişdir. Ona dəyən maddi ziyanı 700 manat, mənəvi ziyanı isə 5000 nanat məbləğində qiymətləndirir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 daha öncədən məhkəməyə ünvanlamış olduqları vəsatəti müdafiə edərək bildirdi ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əqdin etibarsız sayılması" tələbinə dair iddiası üzrə mülki iş məhkəmənin icraatındadır. Hesab edirlər ki, Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, "xxxx" ASC-nin İddiaçı qarşı "pul tələbi"nə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış və qətnamə qəbul olunmuşdur. Qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadına əsasən məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Yuxarıda sadalananlara əsasən iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, hazırki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC-yə ünvanladığı ərizəsinə görə gündəlik tələbat məqsədləri üçün Cavabdeh ASC tərəfindən 1500 manat məbləğində, BRCB5378641B299 nömrəli müqavilə ilə Birbank kartının verilməsini xahiş etmiş, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyinin aylıq gəliri təşkil edəcəyini, onunla kreditə dair müqavilə bağlanacağı halda Cavabdeh ASC-yə ödəməli olduğu borcların (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun Cavabdeh ASC, habelə "xxxx" və digər banklarda olan istənilən hesabına, o cümlədən kart hesabına köçürülən əmək haqqı və digər pul vəsaitlərindən istənilən məbləğdə akseptsiz qaydada (heç bir əlavə sənəd və razılıq olmadan) silinərək ödənilməsinə etiraz etmədiyini, bununla bağlı olaraq onun Cavabdeh ASC-yə olan borcları barədə, habelə kreditlə bağlı imzaladığı müqavilə və digər sənədlər üzrə məlumatların "xxxx" ASC-yə, o cümlədən hesabları olan digər banklara ötürülməsinə dair razılığını bildirmişdir. - Cavabdeh ASC (bundan sonra - bank) ilə İddiaçı (bundan sonra - müştərinin) xx.xx.2023-cü il tarixdə bağladığı BRCB5378641B299 saylı Birbank cashback kredit xətti müqaviləsinə görə bank müştəriyə “Birbank Cashback” ödəniş kartı verir, həmin karta bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır,həmin karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı. əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 4507/2024 saylı qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BRCB5378641B299 saylı kredit xətti müqaviləsinə əsasən 1490,53 manat əsas, 248,42 manat faiz, cəmi 1738,95 manat pul vəsaiti və 37,39 manat dövlət rüsumunun tutulması qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 4507/2024 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra onun əsasında icra sənədi tərtib edilib icra olunması məqsədilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə yönəldilmişdir. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-4507/2024 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə e24741/2025-15-2 nömrəli bildiriş borcluya ünvanlanmışdır. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş halı ondan ibarətdir ki, hazırki mübahisə tərəflər arasında yaranmış ilk mübahisə deyil. Belə ki, yuxarıda sadalanmış olan materiallara görə tərəflər arasında xx.xx.2023-cü il tarixli, BRCB5378641B299 saylı müqavilənin bağlanması nəticəsində İddiaçı 1500 manat məbləğində kredit ayrılmış, kreditdən istifadəyə görə faizin bankın xeyrinə hesablanması nəzərdə tutulmuşdur. İddiaçı adına rəsmiləşdirilmiş müqavilə üzrə kreditdən istifədə edildiyinə görə, ayrılmış kredit borcu ilə yanaşı faiz hesablanmağa başlamışdır. Bank ayırdığı kreditdən istifadə edildiyi halda borcun qaytarılmadığına istinad edib İddiaçı qarşı məhkəməyə müraciət etmiş, borcla birlikdə faizi də tələb etmişdir. Tərəflər arasında mübahisəyə sadələşdirilmiş icraat çərçivəsində baxan məhkəmə bankın tələbini əsaslı hesab edib, İddiaçı 1490,53 manat əsas, 248,42 manat faiz olmaqla, cəmi 1738,95 manat pul vəsaitinin tutulmalı olması qənaətinə gəlmişdir. Qətnamədən şikayət verilmədiyi üçün qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və hazırda icra tədbirləri həyata keçirilməkdədir. Hazırda İddiaçı eyni müqavilə üzrə hesablanmış əsas və faiz borcunun ləğvi tələbini irəli sürməklə, mahiyyət etibarı ilə müqavilənin qanunauyğunluğunu da mübahisələndirir. Lakin məhkəmə idida tələbinə münasibətdə hesab edir ki, tərəflər arasında daha öncədən eyni müqavilə üzrə mübahisəyə baxmış məhkəmə müqavilənin qanunauyğunluğunu müəyyən etmişdir ki, İddiaçı bankın xeyrinə əsas və faiz borcunun tutulmalı olması qənaətinə gəlmişdir. Qeyd edilməlidir ki, öncəki mübahisənin predmetini borcun ödənilməsi təşkil etsə də, bu növ iddia tələbi məhz bağlanmış olan müqavilədən qaynaqlanmışdır. Məhkəmə həmin müqavilənin qanunauyğunluğunu müəyyən etdiyi üçün cavabdehin üzərinə borcun ödənilməsi barədə öhdəlik həvalə etmişdir. Hazırda əsas və faiz borcunun ləğv edilməsi ilə mahiyyət etibarı ilə eyni müqavilənin də ləğvinin tələb edilməsinə baxmayaraq, müqavilənin qanunauyğunluğunun qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadında ifadə edilmiş mövqeyə müvafiq olaraq MPM-nin 261.0.2-ci maddəsinin tətbiqini zəruri edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadının 13-cü bəndinə əsasən məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. 27-ci bəndinə əsasən məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. 36, 37-ci bəndlərinə əsasən Konstitusiya Məhkəməsinin qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olubolmamasına görə mübahisəni həll edir. Bu baxımdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, hazırda ləğvi tələb edilən müqavilənin etibarlı olubolmaması məsələsinə qanuni qüvvəsini almış qətnamə ilə hüquqi qiymət verilməsi eyni müqavilədən törəyən digər bir tələbə baxılıb yenidən qiymət verilməsini istisna etdiyi üçün, hazırki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “kreditin və faizlərin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə aktının mövcudluğu hazırki iddia tələbinə baxılmasını istisna etdiyi üçün icraata xitam verilməli olmuşdur. Baxmayaraq ki, iddiaçı barəsində müqavilə üzrə borcun tutulmasına dair qətnamə əsasında icra tədbirləri həyata keçirilməkdədir, iddiaçı qətnamədən məlumatsız olmuşdursa, məhkəməyə müraciəti əsasında rəsmi qaydada qətnaməni alıb, qanunla müəyyən edilmiş müddət çərçivəsində mübahisləndirə və hazırki iddia tələbi ilə istinad etdiyi hallara həmin icraat çərçivəsində də istinad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İcraata xitam verildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kreditin və faizlərin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 35 manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1328/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1328/2025
27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver