Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1351/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh LPO QSC “Bank Standard” KB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO QSC “Bank Standard” KB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qüvvəyə minmiş e-2(007)-2434/2021 nömrəli, xx.xx.2021 tarixli Qətnaməsi ilə ləğv edilmiş xx.xx.2015-ci il tarixli, 1xx/xx/97176/15 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin cavabdeh QSC “Bank Standart” KB-nın (ləğv prosesindədir) hüquqi varisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən kredit reyestrində silinməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qüvvəyə minmiş e-2(007)-2434/2021 nömrəli, xx.xx.2021 il tarixli qətnaməsi üzrə qət edilmişdir ki, iddiaçı QSC “Bank Standart” KB (ləğv prosesindədir) cavabdeh Vəliyeva (indiki Axundova) Günel Nazim qızına qarşı kredit borcun tutulması tələbinə dair iddiası təmin olunmasın. Bununla da, Bakı şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2015-ci tarixli, 1xx/xx/97176/15 nömrəli kredit müqaviləsi üzrə Vəliyeva (indiki Axundova) Günel Nazim qızının QSC “Bank Standart” KB (ləğv prosesindədir) qarşısında borc öhdəliyinin olmamasını və borcun ləğv olunmuş olmasını təsdiq etmişdir. Lakin, 2021-ci ildə borcun ləğv olunmasına baxmayaraq Azərbaycan Kredit Bürosu və QSC “Bank Standart” KB (ləğv prosesindədir) hüquqi varisi olan Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Kredit Reyestrində Vəliyeva (indiki Axundova) Günel Nazim qızının xx.xx.2015 tarixli, 1xx/xx/97176/15 nömrəli kredit müqaviləsi üzrə QSC “Bank Standart” KB (ləğv prosesindədir) olan borcunu silməkdən imtina edirlər. Mərkəzi Kredit Reyestrində hələ də ödənilməmiş borcu göründüyünə və sistemdə həmin borcun ödənilməmiş günlərinin sayı günü-gündən artdığına görə Vəliyeva (indiki Axundova) Günel Nazim qızı heç bir banka borcu olmadığı halda, digər banklardan kredit götürə bilmir. Beləliklə, Vəliyeva (indiki Axundova) Günel Nazim qızının istehlak krediti məhsulunun müştərisi olduğu QSC “Bank Standart” KB (ləğv prosesindədir) hüquqi varisi olan Əmanətlərin Sığortalanması Fondu istehlakçının hüquqlarını pozmağa davam edir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, LPO QSC “Bank Standard” KB-ni əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında cavabdeh LPO QSC “Bank Standard” KB-nin nümayəndəsi X2 işə mahiyyəti üzrə baxılmasını tələb etməklə iddia tələbini etiraf etmədi və onun təmin olunmamasını xahiş etdi. Digər cavabdeh Əmanətlərin Sığortalanması Fonduna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Kredit Bürosuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(07)-2434/2021 saylı qətnaməsinin surətindən görünür ki, LPO QSC “Bank Standard” KB-nin cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan LPO QSC “Bank Standard” KB tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, onunla QSC “Bank Standard” KBarasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/97176/15/2 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən ona 1400 ABŞ dolları məbləğində Kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2434/2021 saylı qətnaməsi ilə iddiaçı QSC “Bank Standard” KB-nin cavabdeh X3 qarşı iddia tələbi rədd edilmişdir. Sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. İş materiallarında olan Azərbaycan Kredit Bürosu tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, məlumat təchizatçısı tərəfindən Büroya göndərilən rəsmi məktubda qeyd olunmuş öhdəlik üzrə Büroya təqdim edilmiş məlumatlarda hər hansı yanlışlığın aşkar edilmədiyi qeyd edilmişdir. Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onların üzərində dəyişikliklərin aparılması Büronun səlahiyyətləri xaricindədir. Kredit hesabatının məlumatlarında hələ də yanlışlıq olduğunu iddia etdiyi halda, təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə bank arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/97176/15/2 saylı kredit müqavilələri bağlanmış, QSC “Bank Standard” KB kredit müqavilələri üzrə borcun qaytarılması üçün məhkəməyə müraciət etmiş, lakin, iddia müddətinin keçməsi əsası ilə iddia tələbləri rədd edilmişdir. Hazırda iddiaçı kredit borcunun olmaması barədə məlumatın kredit bürosuna təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında: “...iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir.” hüquqi mövqe göstərilmişdir. Qeyd olunanlara əsasən, iddia müddətinin keçməsi öhdəliyin xitamı üçün əsas olmadığından iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO QSC “Bank Standard” KB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1351/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1351/2025
01.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver