Məhkəmə qərarları › İş №e-2(006)-1357/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1357/2025

01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1357/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 2.000 manat limiti olan **********219639 nömrəli kredit-taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının qanunsuz hesab edilməsi, onun Cavabdeh ASC-yə iddia edilən borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə həyat yoldaşı X2 hal hazırda yaşadıqları mənzili bina.az elan saytında aylıq 1.000 manat məbləğində kirayə vermək üçün elan yerləşdirmişdir. Həmin gün elanı yerləşdirəndən təxminən bir saat sonra onun telefonuna WhatsApp tətbiqi vasitəsi ilə +7 917 *** ** ** nömrəsindən zəng gəlmişdir. Zəng edən Qırğızıstandan Bakıya işləməyə gəldiyini və evi bir illik kirayə götürməyi, əvvəlcədən bir ayın pulunu ödəmək istədiyini bildirmişdir. Bu məqsədlə zəng edən şəxsə onun Cavabdeha məxsus 5239 1517 0738 7687 nömrəli debet kartının 16 rəqəmi göndərilmişdir. Bundan başqa heç bir məlumat bildirilməmişdir. Təxminən bir saata yaxın vaxtdan sonra Birbank şəxsi kabinetinə kənar müdaxilə olmuşdur. Belə ki, onun telefonuna SMS deyil, ötəri bildiriş formasında «sizin kreditin artırılması üçün müraciətiniz təsdiqlənmişdir» məlumatı gəlmişdir. Məlumatı dəqiqləşdirmək üçün şəxsi kabinetinə daxil olmaq istədikdə ora girişinin bloklandığının şahidi olmuşdur. xx.xx.2024-cü il tarixdə 196 çağrı mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Çağrı mərkəzindən ona bildirmişlər ki, kredit kartının limiti 15.000 manat təşkil edir. Ona məxsus 2.000 manat limiti olan 4169 7388 6821 9639 nömrəli kredit-taksit kartının limiti ondan xəbərsiz 15.000 manata artırılmışdır (25.000-dən çox kredit öhdəliyinin olmasına baxmayaraq). Qeyd etmək istəyir ki, ona bu barədə bank tərəfindən geri zəng edilməmiş, şəxsiyyəti təsdiq edilməmiş, üz görüntüsü tələb edilməmiş, heç bir sənəd göndərilməmişdir. O, öz növbəsində onlardan şəxsi kabinetində qeydiyyatda olan bütün kartların, hesabların blok edilməsini xahiş etmişdir. Xahişi nəzərə alınaraq şəxsi kabinetində qeydiyyatda olan bütün kart və hesabları bank tərəfindən bloklanmışdır (196 çağrı mərkəzinin məlumatına əsasən). 41-ci Polis bölməsinə təqdim etmək məqsədilə xx.xx.2024-cü il tarixdə hesabdan çıxarış almaq üçün Cavabdehın Mərkəz filialına müraciət etmiş, araşdırılması üçün lazımi məlumatları onlara da təqdim etmişdir. Bank tərəfindən ona təqdim edilən çıxarışda şəxsi kabinetində qeydiyyatda olan bütün kart və hesabların cavabdeh bank tərəfindən xx.xx.2024-cü il tarixdə bloklanmasına baxmayaraq, bundan bir gün sonra yəni, xx.xx.2024-cü il tarixdə bank tərəfindən ona artırılmış 13.000 manat kredit limiti vəsaitinin Gürcüstan Respublikasının Marneuli şəhərində ATM-də məxaric edildiyi məlum olmuşdur. Bank tərəfindən ona, hazırda onun banka əlavə 13.000 manat borcunun olduğu bildirilmişdir (Bankın ona verdiyi çıxarışa əsasən). Banka ona heç bir kodun gəlmədiyini bildirdikdə isə ona: lazımi kodların (070) *** ** ** nömrəsinə göndərildiyini demişlər. Bildirmək istəyir ki, qeyd edilən nömrə ona tamamilə yaddır. Bank tərəfindən ona məxsus 2.000 manat kredit limiti olan 4169 7388 6821 9639 nömrəli kartın limitinin artırılmasının qanunsuzluğu ilə bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki: 1. Onun ümumilikdə 25.000 manat kredit öhdəliyi olduğu halda kredit kartının limiti 13.000 manata o, müraciət etmədən artırılmışdır. 2. Bu barədə onun telefonuna heç bir zəng gəlməmişdir; 3. O, heç bir link-ə daxil olmamışdır. 4. Heç bir təsdiqləmə kodu və ya digər bir əməliyyatı icra etməmişdir. 5. Özü haqqında, şəxsiyyət vəsiqəsi və ya CVV kodu barədə başqa şəxslərə heç bir məlumat bildirməmişdir. 6. Ona heç bir 3D təhlükəsizlik kodu göndərilməmişdir. 7. Üz görüntüsü tələb edilməmişdir. 8. Həmçinin məhkəməyə məlum edir ki, xx.xx.2024-cü il tarixdə bu barədə 41-ci Polis bölməsinə də müraciət etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus 2000 manat limiti olan 4169 7388 6821 9639 nömrəli kredit taksit kartının limitinin ondan xəbərsiz 15000 manata artırılması və artırılmış 13000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının qanunsuz hesab edilməsi, onun Cavabdeh ASC-yə iddia edilən borcunun silinməsi, Cavabdeh ASC tərəfindən ona məxsus pensiya kartından bu günədək qanunsuz olaraq tutulmuş və hazırki iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlərin geri qaytarılması, Cavabdeh ASC tərəfindən qanunsuz hərəkətlərin törədilməsi nəticəsində ona dəymiş 7000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, ona məxsus 2.000 manat limiti olan 4169 7388 6821 9639 nömrəli kredit taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının qanunsuz hesab edilməsi; onun Cavabdeh ASC-yə iddia edilən borcunun silinməsi; Cavabdeh ASC tərəfindən ona məxsus pensiya kartından bu günədək qanunsuz olaraq tutulmuş və hazırkı iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlərin geri qaytarılması; Cavabdeh ASC tərəfindən qanunsuz hərəkətlərin törədilməsi nəticəsində ona dəymiş 7.000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən verilmiş ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət etməkdə məqsədi Cavabdeh ASC-nin qanunsuz və məsuliyyətsiz fəaliyyəti nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi və iddia tələbinin həcminin artırılması barədə qərar qəbul edilməsidir. Belə ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-nin Birbank mobil tətbiqinə icazəsiz müdaxilə olunmuş, onun məlumatı, razılığı və iştirakı olmadan kredit kartının limiti 13.000 manat artırılmış, müqavilənin dəyişməsi barədə ona heç bir xəbərdarlıq edilməmiş, təsdiq edilməmiş və bu vəsait bir neçə dəqiqə ərzində Gürcüstanda nağdlaşdırılaraq qanunsuz açılmış hesabdan çıxarılmışdır. Qeyd edir ki, ona məxsus digər kartlardakı vəsaitlərə toxunulmamış, yalnız bankın vəsaiti olan kredit limiti oğurlanmışdır. Bu əməliyyat nəticəsində aşağıdakı qanunvericilik aktlarının tələbləri kobud şəkildə pozulmuşdur: 1. Ona OTP (təsdiq kodu), 3D təhlükəsizlik kodları və ya digər məlumat göndərilməmiş, bank tərəfindən əlaqə saxlanılmamış və təhlükəsizlik tədbirlərinə riayət edilməmişdir. Bu, aşağıdakı aktlara ziddir: - «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsi; - «Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında» Azərbaycan Respublikası Qanununun 35-ci maddəsi (35.2). 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.3cü maddəsinə əsasən, bank kredit verərkən borcalanın ödəmə qabiliyyətini qiymətləndirməli olduğu halda, bu öhdəlik yerinə yetirilməmişdir. 3. Azərbaycan Respublikası Mərkəzi Bankının 29/1-1 saylı qərarı ilə təsdiqlənmiş «Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları»nın 5.2.3-cü bəndinə zidd olaraq onun gəlir və risk səviyyəsi nəzərə alınmadan kredit verilməsi həyata keçirilmişdir. 4. Bank onun maliyyə vəziyyəti barədə məlumatlı olduğu halda (36 dəfə Azərbaycan Kredit Bürosuna sorğu göndərmişdir), bu məlumatlar əsasında hərəkət etməmişdir. Həmin sorğular müvafiq çıxarışlarla sübut olunmuşdur. 5. Bu hərəkətin özü «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə və «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə ziddir. Qeyd etmək istəyir ki, OTP kodunun göndərilmədiyi, mobil tətbiqə icazəsiz müdaxilə edildiyi və digər halları sübut edən sənədlər (SMS çıxarışları, polis müraciətləri və mobil operator məlumatları) məhkəməyə təqdim olunmuşdur. Səbail Rayon Məhkəməsinin qərarı əsasında Səbail Rayon Polis İdarəsi tərəfindən Bakcell mobil operatoruna sorğu göndərilmiş, cavab olaraq göstərilmişdir ki, onun telefonuna heç bir OTP və xəbərdarlıq göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə cavabdeh Bank OTP kodlarının göndərilməsinə dair heç bir rəsmi sənəd təqdim etməmişdir. Səbail Rayon Polis İdarəsinin müraciəti əsasında Səbail Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərara əsasən (İş № 5(009)-6663/2024) bankdan tələb olunan məlumatlar (hesab hərəkətləri, kamera görüntüləri və s.) xx.xx.2025-ci il tarixinədək təqdim edilməmiş, yalnız kart hesabından çıxarış təqdim edilmişdir ki, bu da istintaqın obyektiv və tam aparılmasına maneə olmuşdur. Bundan əlavə, cavabdeh bankın məsuliyyətsiz münasibəti və biganə yanaşması nəticəsində: - Məhkəmənin müvəqqəti təminat qərarı tam icra olunmamış; xx.xx.2025-ci il tarixdə 909 manat, xx.xx.2025-ci il tarixdə 992 manat, xx.xx.2025-ci il tarixdə 766 manat olmaqla, cəmi 2.607 manat almadığı kredit pensiyasından avtomatik tutulmuşdur; - Buna baxmayaraq, hal-hazırda 2.237,20 manat faiz və əlavə aylıq ödəniş tələbi də yaranmışdır; - Pensiya kartı qanunsuz olaraq bloklanmışdır. Qeyd edir ki, Əmək Məcəlləsinin 173-cü maddəsinə və «Əmək pensiyaları haqqında» Qanunun 21.4-cü maddəsinə əsasən, əmək haqqı və pensiya yalnız məhkəmə qərarı əsasında tutula bilər. Pensiyası Dövlət Sosial Müdafiə Fondu tərəfindən Kapital Bank vasitəsilə ödənilir və bank tərəfindən avtomatik tutulursa, bu halda ödənişlərdə gecikmə yarana bilməz. Bank daxili prosedurları uzatmaqla və müxtəlif orqanlardan daxil olan sorğulara vaxtında və tam cavab verməməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Hadisə ilə bağlı o, xx.xx.2025-ci il tarixində sığorta şirkətinə bütün sənədləri təqdim etmiş, lakin bankın gecikdirməsi səbəbindən bu günədək nəticə əldə olunmamışdır. Bu, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə ziddir və: - 10.1. Müraciətlərə 15 iş günü, əlavə araşdırma tələb edənlərə isə 30 iş günü müddətində cavab verilməlidir; - 10.3. Hərbi qulluqçular və ailə üzvlərinin müraciətləri 15 iş günü ərzində cavablandırılmalıdır. Nəticədə, onun zərərçəkmiş şəxs kimi hüquqları pozulmuş, gündəlik həyatı və sosial rifahı ciddi şəkildə zərər görmüş, ailə daxili gərginlik, xroniki stress və psixoloji gərginliklə üzləşmişdir. O, 7 aydan artıqdır ki, qeyrimüəyyənlik və psixoloji narahatlıq şəraitində yaşayır. Cavabdeh ASC-nin rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, ona yalnız «OTP kodunu paylaşmayın» ifadəsi ilə cavab verilmiş, rəsmi açıqlama və dəstək göstərilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Fiziki şəxs olduğu üçün ona vurulmuş mənəvi zərər tələb etmək hüququna malikdir və ona vurulmuş mənəvi zərəri 7.000 manat məbləğində qiymətləndirir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və tələbin həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qeyd etdiyi kimi, məhkəməyə muraciət etməsində məqsəd, Cavabdeh ASC-nin ona qarşı yol verdiyi qanun pozuntularını nəzərə catdırmaqdan, eləcə də, bank tərəfindən muraciət etmədiyi halda ona yazılan 13.000 manat kreditin onun tərəfindən alınmadığını sübut etməkdən ibarətdir. Belə ki, Cavabdeha dəfələrlə muraciət etməsinə baxmayaraq, muraciətin mahiyyətinə fikir verilməmiş, ümumi və problemlə heç bir əlaqəsi olmayan sözlərlə cavablandırılmışdır. Cavabda «plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır» yazmışlar, hansı ki, onun müraciətində kartla bağlı belə bir sual qoyulmamışdır. Bundan başqa, OTP kodlarının ona gəlmədiyini bildikləri halda (bankda rəsmi şəxs ona bu kodların (070) *** ** ** nömrəsinə göndərildiyini demişdir) «24 noyabr 2024-cü il tarixdə Bank tərəfindən göndərilmiş OTP kod istifadə edilməklə «Birbank» mobil tətbiqində mobil cihaz dəyişilərək qeydiyyatdan keçilmişdir. Həmçinin, plastik kart məlumatları Bank tərəfindən göndərilmiş OTP kod istifadə edilməklə «Apple pay»ə əlavə edilmişdir» cümləsi ilə cavab verilmişdir. Nəzərzə çatdırmaq istəyir ki, onun nömrəsinə daxil olan SMS (OTP almamışdır) latın qrafikası ilə rus dilində yazılıb, Apple pay haqqında digər sms-lər isə ard-arda 3 dəfə daxil olmuş, lakin onları icra etməmişdir. İcra etsəydi 3 dəfə eyni sms gəlməzdi. Onu da qeyd edir ki, həmin nömrəyə və onun nömrəsinə daxil olan və çıxan SMS-lərin, zənglərin çıxarışının verilməsinə dair Səbail rayon Polis idarəsi tərəfindən rəsmi olaraq müraciət edilmişdir, cavabları aldıqdan sonra məhkəməyə təqdim edəcək. Cavabdehın onun müraciətinə cavabında: «24 noyabr 2024-cü il tarixdə isifadənizdə olan 416973******9639 nömrəli plastik karta 15.000 manat məbləğində limit ayrılmış və «Birbank cashback debet kart» müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma rəsmiləşdirilmişdir (Kimlə? Necə? Hansı qaydada?). Müştərinin istifadəsində olan mövcud hesab rəsmiləşməsi zamanı eyniləşdirmə prosesi təsdiqləndiyi üçün kredit limitinin ayrılması zamanı əlavə üztanıma prosesi keçilməmişdir.» cumləsi qeyd edilmişdir. Bununla bağlı bildirmək istəyir ki, mövcud problem «Birbank cashback debet kart» deyil, Birkart kredit kartında baş vermişdir. Məhkəmənin diqqətini Bankın «mövcud hesab rəsmiləşməsi zamanı eyniləşdirmə prosesi təsdiqləndiyi üçün kredit limitinin ayrılması zamanı əlavə üztanıma prosesi keçilməmişdir» cümləsinə də yönəltmək istərdi. Belə ki, hansı hesab rəsmiləşdirilməsi və hansı eyniləşdirmə prosesinin necə təsdiqləndiyi bilinmir. Baxmayaraq ki, bankın siyasətində göstərildiyi və əməkdaşlarının da tələb etdiyi üztanıma prosesi hər bir kredit müraciətlərində icra edilməlidir. Onu da qeyd edir ki, cavab məktubunda Bank ona məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsini də tövsiyə edir, lakin 2024-cü ilin dekabr ayından bu günə kimi Hüquq mühafizə orqanlarının qanunvericiliklə müəyyən edilmiş qaydada müraciətinə cavab verməmişdir. Nəzərə bir daha çatdırmaq istəyir ki, baxmayaraq ki, onun birbank mobil tətbiqinə müdaxilə edilmişdir (hansının ki, giriş kodunu yalnız o bilir, telefonu da üzərində olmuşdur), hesablarında və kartlarında mövcud olan debet kartında 198 manat, kredit kartında isə 400 manata yaxın vəsaitə müdaxilə edilməmiş, oğurlanmamış, yalnız naməlum müraciətlə artırılan 13.000 manat bankın pulu oğurlanmışdır. Bir məsələni də diqqətə çatdırmaq istəyir. Kredit ehtiyacı yarandığı gündən yəni, xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək Cavabdeha 33 dəfə kredit müraciəti var. «Sizə sistem vermir. Öhdəliyiniz çoxdur» cavabları alınmışdır. O zaman isə onun öhdəliyi 18.000 manat idi. xx.xx.2024-cü il tarixinə öhdəliyi 27.000 manatdan çox olanda isə ona 13.000 manat heç bir dəqiqləşdirmə aparılmadan ayrılmışdır. Nəzərə çatdırmaq istəyir ki, Cavabdeha son kredit müraciəti sentyabr ayında, xx.xx.2024-cü il tarixdə olmuş, sistem üzərindən olmuş və ona 500 manat ayırmışlar və baxmayaraq ki, bankın cavabında qeyd etdiyi mövcud hesab üzrə eyniləşdirmə aparılmışdır (yəni ehtiyac olmamalı idi), üz görüntüsü prosesi də, elektron sənəd imzalanması da həyata keçirilmişdi. Bundan başqa, Cavabdeh qanunsuz olaraq bu günədək, onu müraciət etmədən əlavə 11 dəfə də sorğulayıb. Baxmayaraq ki, onun məlumatlarının sorğulanması yalnız onun müsbət cavabından sonra ola bilər. Yuxarıda qeyd etdiklərinə sübut kimi Azərbaycan Kredit Bürosunun rəsmi sənədini təqdim edir. Məsələ ilə bağlı bir xüsusatı da diqqətə çatdırmaq istəyir. Belə ki, xx.xx.2024cü il tarixdə ona Cavabdeh tərəfindən 500 manatlıq kredit kartı da ayrılmışdır. Onun bundan xəbəri yoxdur. «Azərbaycan Kredit Bürosu»nun müvafiq sənədində bu öz əksini tapmışdır. Cavabdeh Mərkəzi bankın müəyyən etdiyi prudensial normativ və tələbləri yerinə yetirməlidir. Bundan başqa, Cavabdeh ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikası Qanununun təhlükəsizliyin təmin edilməsi ilə bağlı tələblərini, eləcə də, Mərkəzi bankın aşağıda təqdim etdiyi tələblərini də yerinə yetirilməli idi. Nəzərə çatdırmaq istərdi ki, həmin dövrdə onun aylıq ödənişin məbləği: 628.51 AZN + 336.86 AZN + 44.17 AZN + 21.73 AZN + 13.68 AZN + 500 AZN = 1.544,95, xalis gəlir isə AZN = 3.015 olmuşdur. (BGN = borc / gəlir x 100 %). Göründüyü kimi 50 faizdən çoxdur. Ödəmə imkanının olmadığını dəfələrlə banka bildirsə də, yuxarıda göstərilənlər barədə ona heç bir təklif edilməmiş, həmçinin məhkəmənin müvəqqəti təminat tədbirləri haqqında qərarı Bank tərəfindən icra edilməmişdir. Belə ki, ona yazılan kredit tutulması 100 faiz olmaqla birbaşa pensiya kartından həyata keçirilməkdədir. Bank tərəfindən ona məxsus 2.000 manat kredit limiti olan 4169 7388 6821 9639 nömrəli kartın limitinin artırılmasının qanunsuzluğu ilə bağlı diqqətə çatdırmaq istəyir ki: 1. Onun ümumilikdə xx.xx.2024-cü il tarixə təqribən 27.000 manatdan çox kredit ohdəliyi olduğu halda kredit kartının limiti 13.000 manat o, müraciət etmədən artırılmışdır. 2. Bu barədə onun telefonuna heç bir zəng gəlməmişdir. 3. O, heç bir link-ə daxil olmamışdır. 4. Heç bir təsdiqləmə kodu və ya digər bir əməliyyatı icra etməmişdir. 5. Özu haqqında, şəxsiyyət vəsiqəsi və ya CVV kodu barədə başqa şəxslərə heç bir məlumat bildirməmişdir. 6. Ona heç bir 3D təhlükəsizlik kodu və ya OTP göndərilməmişdir. 7. Üz görüntüsü tələb edilməmişdir. Göründüyü kimi, onun iddia tələbi tam şəkildə əsaslıdır. Bu səbəbdən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi iddiaya etiraz ərizəsini müdafiə edərək qeyd etmişdir ki, iddiaçı ilə bank arasında online qaydada xx.xx.2024-cü il tarixdə BRCB7290984A299 saylı birbank cashback kredit xətti müqaviləsi bağlanmış, kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ 2.000 manat müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixdə tərəflər arasında əlavə razılaşma bağlanaraq kredit xəttinin yeni məbləği 15.000 manat müəyyən olunmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixdə Birbank qeydiyyatında cihaz dəyişikliyi olmuşdur. Qeyd edilməlidir ki, «Birbank» mobil tətbiqinin qeydiyyatının digər cihaza dəyişdirilməsi üçün «Birbank» mobil tətbiqinin qeydiyyatda olduğu mobil nömrəyə göndərilən təsdiq kodu mütləq şəkildə daxil edilməklə təsdiq edilməlidir. Əks halda dəyişikliyin baş tutması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun İddiaçı istifadəsində olan və «Birbank» mobil tətbiqinin qeydiyyatda olduğu +**********44 nömrəli mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə SMS vasitəsi ilə göndərildiyi məlum olmuşdur. Nəzərə alınmalıdır ki, həmçinin həmin göndərilən SMS-in mətnində müştəriyə edilən xəbərdarlıq mətni də yer alır: «Osteregaytes telefonnix moshennikov! Sotrudnik banka ni pri kakix obstoyatelstvax ne mozhet zaprosit u vas etot kod! Budte ostorojni!». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-2.5-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin «sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır» müddəasının «müvafiq qaydada imzalanma» tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır. Mülki Məcəllənin 746-2.6-cı maddəsinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 46/4 №-li 21 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Banklarda kredit risklərinin idarə edilməsi Qaydası»nın 8.5-ci yarımbəndinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və «Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası»nın 5-ci hissəsinin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının 46/4 №-li 04 fevral 2022ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası»nın 5.6-cı bəndinin xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. Həmin Qaydanın 5.7-ci yarımbəndinə əsasən gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin «bildiyi» (şifrə, pin, suallar toplusu və s.), «sahib olduğu» (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona «məxsus olan» (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB7290984B299 nömrəli Birbank Cashback Kredit Xətti Müqaviləsinin 4.1-ci bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 2.000 manat müəyyən olunmuşdur. Həmçinin həmin bəndə əsasən tərəflər razılığa gəlmişlər ki, Müştəri,bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15.000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. İddiaçı tərəfindən «Birbank» mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB7290984B299 nömrəli Birbank Cashback Kredit Xətti Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq mövcud kredit xətti limitinin artımı üçün müraciət edilmiş və xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti / Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilmiş və mövcud kredit xəttinin limiti 2000 AZN-dən artırılaraq kredit xəttinin yeni məbləği 15.000 AZN məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, tərəflər öz iradə ifadələrini bildirməklə aralarında bağladığı müqavilə ilə ona dəyişiklik edilməsi qaydasını və formasını müəyyən etmişlər. Həmin qaydaya əsasən isə Birbank cashback kredit xətti / Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma bağlanılmaqla tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB7290984B299 nömrəli Birbank Cashback Kredit Xətti Müqaviləsinin şərtlərinə dəyişiklik edilmişdir. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qanunvericilikdən müqavilənin dəyişdirilməsi haqqında razılaşmanın bağlanılması tərəflər öz aralarında bağladığı müqavilə ilə ona dəyişiklik edilməsi qaydasını müəyyən edə bilərlər və belə qayda müəyyən edildiyi təqdirdə müqaviləyə dəyişiklik həmin qaydaya əsasən edilə bilər. Nəzərə alınmalıdır ki, «Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci maddəsində ödəniş xidməti istifadəçisinin ödəniş alətinə və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına münasibətdə vəzifələri müəyyən edilmişdir. Ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələri aşağıdakılardır: ödəniş alətindən ödəniş alətinin emissiya və istifadəsi şərtlərinə uyğun olaraq istifadə etmək; - ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək; - ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB7290984B299 nömrəli Birbank Cashback Kredit Xətti Müqaviləsinin: - 7.2.6cı yarımbəndinə əsasən kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). - 8.2-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. «Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında» Azərbaycan Respublikası Qanununun: 41.3-cü maddəsinə əsasən ödəyici bu Qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozması halında, avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. 41.4-cü maddəsinə əsasən ödəyicinin dələduzluğa yol verdiyi hallar istisna olmaqla, ödəyici ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi məlumatlandırdıqdan sonra itirilmiş, oğurlanmış və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilmiş ödəniş alətinin istifadəsi nəticəsində yaranan itkilərə görə məsuliyyət daşımır. Göründüyü kimi, qanunvericlikdə ödəyici onun tərəfindən bu Qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozulması və dələduzluğa yol verildiyi hallarda avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə belə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan əməliyyatlar isə avtorizə edilmiş əməliyyatlardır. Belə ki, həmin əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan +**********44 (təhlükəsizlik kodlarının göndərildiyi nömrə) nömrəli mobil nömrəyə xx.xx.2024-cü il tarixdə SMS vasitəsi ilə birdəfəlik yoxlama kodu göndərilmiş və köçürmə əməliyyatları həyata keçirilmişdir. (İş materiallarında olan çıxarış və Azərfondan alınan cavablarla təsdiqlənir) Mülki Məcəllənin 957.3-cü maddəsinə əsasən müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. Mülki Məcəllənin 957.4-cü maddəsinə əsasən əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. İddiaçı sözügedən əməliyyatların özü tərəfindən aparılmamasını və kart hesabından pul vəsaitlərinin oğurlanmasını iddia edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddiaçının sərəncamına və razılığına əsasən sözügedən köçürmə əməliyyatları icra edilmiş və həmin köçürmə əməliyyatları kredit xəttindən istifadə edilərək kredit vəsaiti hesabına icra edildiyi üçün Banka ödənilməmiş borcu yaranmışdır. Bu səbəbdən iddiaçının 13000 manat vəsaitin ödəməsi öhdəliyindən azad edilməsi də qanunaziddir. Həmçinin nəzərə alınmalıdır ki, əgər sözügedən əməliyyatların iddiaçının özü tərəfindən aparılmaması, üçüncü şəxs tərəfindən aparılması öz təsdiqini tapsa belə, həmin əməliyyatların aparılması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların və kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. İddiaçı onda mənəvi ziyan kimi 7.000 manat ziyanın dəydiyini bildirsə də, bu halı əsaslandıra bilməmiş, sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddiaçının Banka qarşı irəli sürdüyü iddia tələbi əsassızdır və təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X4 izahatında ***-***-**-** nömrəsinin ona məxsus olmadığını, istifadəsində 2 nömrə olduğunu, bunlardan birinin öz şəxsi nömrəsi, digərinin şirkətin ona iş üçün verdiyi nömrə olduğunu, heç kəsə şəxsiyyət vəsiqəsi ilə bağlı məlumat vermədiyini, adına yeni nömrə almadığını, dələduzluq əməli ilə adına nömrə alınaraq kartdan pul mənimsədildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli 20xx/xx/34163 saylı məktubundan görünür ki, İddiaçı 10 dekabr 2024-cü il tarixdə banka daxil olmuş müraciətinə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir. 24 noyabr 2024-cü il tarixdə Bank tərəfindən göndərilmiş OTP kod istifadə edilməklə «Birbank» mobil tətbiqində mobil cihaz dəyişilərək qeydiyyatdan keçilmişdir. Həmçinin, plastik kart məlumatları Bank tərəfindən göndərilmiş OTP kod istifadə edilməklə «Apple pay»a əlavə edilmişdir. 24 noyabr 2024-cü il tarixdə iddiaçının isifadəsində olan 416973******9639 nömrəli plastik karta 15.000 manat məbləğində limit ayrılmış və «Birbank cashback debet kart» müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma rəsmiləşdirilmişdir. Müştərinin istifadəsində olan mövcud hesab rəsmiləşməsi zamanı eyniləşdirmə prosesi təsdiqləndiyi üçün kredit limitinin ayrılması zamanı əlavə üztanıma prosesi keçilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir. Hüquq mühafizə orqanlarından qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən daxil olan sorğuya müvafiq qaydada baxılır. Qeyd olunanların nəzərə alınması xahiş olunmuşdur. Cavabdeh ASC-nin xx.xx.2025-ci il tarixli KB-2**-KB-***/2381/2025 saylı məktubundan (Mərkəzi Banka və iddiaçıya ünvanlanmışdır) görünür ki, İddiaçı müraciətinə baxılmışdır. Eyni məzmunlu müraciət Banka iddiaçının özündən də daxil olmuşdur. Məlumat üçün bildirilmişdir ki, İddiaçı Banka daha əvvəl daxil olmuş eyni məzmunlu müraciəti 26 dekabr 2024-cü il tarixli 20xx/xx/34163 №-li və 31 yanvar 2025-ci il 20xx/xx/2201 №-li məktublarla cavablandırılmışdır. Nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli 6-126/2-İ21- 3258/2025 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli müraciətinə baxılmışdır. Bildirilmişdir ki, iddiaçının müraciətinin araşdırılması məqsədi ilə Mərkəzi Bank tərəfindən aidiyyəti üzrə Cavabdeh ASC-yə (bank) ünvanlanmış və bank tərəfindən surəti iddiaçıya ünvanlanmaqla xx.xx.2025-ci il tarixli, KB-244KB-244/2381/2025 nömrəli məktubla cavab verilmişdir. Həmin cavab məktubuna əsasən bank tərəfindən daha əvvəl daxil olmuş eyni məzmunlu müraciətlərə xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixlərdə cavab məktubları təqdim edilmişdir. Eyni zamanda bildirilmişdir ki, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 36.7-ci bəndinə əsasən yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. İddiaçıdan qeyd edilənlərin nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli SF4915 saylı çıxarışdan görünür ki, iddiaçının izahatında da qeyd etdiyi kimi, onun cari borcları dəfələrlə sorğulanmışdır. Ümumilikdə borc alan haqqında 50 dəfə sorğu olunmuşdur. Eləcə də, çıxarışdan göründüyü kimi, iddiaçının kifayət qədər kredit öhdəliyi olduğu dövrdə, onun qeyd edilən kartının limiti 15.000 manatadək artırılmışdır. xx.xx.2025-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan (çıxarışın dövrü xx.xx.2024xx.xx.2024) görünür ki, iddiaçının bildirdiyi kimi, onun xəbəri, məlumatı, razılığı, təşəbbüsü, vasitəçiliyi və iştirakı olmadan artırılmış kredit limiti üzrə 13.046,78 manat pul vəsaiti xx.xx.2024-cü il tarixdə qanunsuz şəkildə Gürcüstan Respublikası Marneuli bölgəsində yerləşən ATM-dən məxaric edilmişdir. «Bakcell» şirkəti tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli SMS detallaşmasından görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə iddiaçının istifadəsində olan 070 *** ** ** mobil nömrəsinə bankdan hər hansı SMS daxil olmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB7290984B299 nömrəli Birbank Cashback Kredit Xətti Müqaviləsinin 4.1-ci bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 2.000 manat müəyyən olunmuşdur. Həmin bənddə daha sonra göstərilmişdir ki, müştəri,bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15.000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu, təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin təqdim edilməsi üçün 10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı 25.000-dən çox kredit öhdəliyinin olmasına baxmayaraq ona məxsus 2.000 manat limiti olan 4169 7388 6821 9639 nömrəli kredittaksit kartının limiti ondan xəbərsiz 15.000 manata artırılmasını müəyyən etdikdən sonra müraciətinə əsasən cavabdeh bank tərəfindən xx.xx.2024-cü il tarixdə bloklanmasına baxmayaraq, bundan bir gün sonra yəni, xx.xx.2024-cü il tarixdə bank tərəfindən ona artırılmış 13.000 manat kredit limiti vəsaitinin Gürcüstan Respublikasının Marneuli şəhərində ATM-də məxaric edilmişdir. Bundan sonra Bank tərəfindən ona, hazırda onun banka əlavə 13.000 manat borcunun olmasını bildirmişdir. Hazırda iddiaçı kredit taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının etibarsız hesab edilməsini mübahisələndirir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək etirazın əsası kimi İddiaçı tərəfindən «Birbank» mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB7290984B299 nömrəli Birbank Cashback Kredit Xətti Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq mövcud kredit xətti limitinin artımı üçün müraciət edilməsini, xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti / Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilməsini və mövcud kredit xəttinin limiti 2000 AZN-dən artırılaraq kredit xəttinin yeni məbləği 15.000 AZN məbləğində müəyyən olunmasının tərəflər öz iradə ifadələrini bildirməklə aralarında bağladığı müqavilə ilə ona dəyişiklik edilməsi qaydasını və formasını müəyyən etmələrinə, iddiaçının sərəncamına və razılığına əsasən sözügedən köçürmə əməliyyatları icra edilməsinə, həmin köçürmə əməliyyatları kredit xəttindən istifadə edilərək kredit vəsaiti hesabına icra edildiyi üçün Banka ödənilməmiş borcu yaranmasına və bu səbəbdən iddiaçının 13000 manat vəsaitin ödəməsi öhdəliyindən azad edilməsinin qanunazidd olmasına istinad etmişdir. Cavabdeh etirazının maddi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-2.5-ci, 406.3-cü, 331.1-ci, 331.3-cü, 407.2-ci, 423.1-ci, 746-2.6-cı, 957.3-cü, 957.4-cü, 1096.1 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Bankının 46/4 №-li 21 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Banklarda kredit risklərinin idarə edilməsi Qaydası»nın 8.5-ci yarımbəndinə, Azərbaycan Respublikası Mərkəzi Bankının 46/4 №-li 04 fevral 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası»nın 5.6-cı bəndinin xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyasına, həmin Qaydanın 5.7-ci yarımbəndinə, «Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci, 41.3-cü, 41.4-cü maddələrinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 21 və 21.2-ci maddələri təşkil edir ki, həmin normalara əsasən də Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmçinin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldən çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: -zərərin mövcud olması; -zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. - 418.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri onu təklif etmiş tərəflərə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. - 746-2.5-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. - 746-2.6-cı maddəsinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi X3 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”: - 5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. - 5.2. Müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir. - 5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: - 5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; - 5.5.2. rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. - 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. - 5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. - 5.8. Məsafədən bank hesablarının açılması üçün video eyniləşdirməyə (video zəng və video çəkiliş) dair tələblər bu Qaydaya 6 nömrəli Əlavə ilə tənzimlənir. - 5.9. Məsafədən bank hesabının açılması üçün bu Qaydanın tələblərinə riayət olunmalı, o cümlədən bu Qaydanın 4-cü hissəsində qeyd olunmuş sənədlər əldə edilməlidir. - 5.13. Fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. - “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na 6 nömrəli əlavəyə əsasən video eyniləşdirməyə dair tələblər məsafədən bank hesablarının açılması zamanı rezident hüquqi şəxsin qanuni təmsilçisinin, rezident fərdi sahibkarın, rezident və qeyri-rezident fiziki şəxslərin (bundan sonra – fiziki şəxs) video zəng, habelə mövcud müştərilərin həmçinin video çəkiliş vasitəsilə eyniləşdirilməsinə (bundan sonra birlikdə – video eyniləşdirmə) dair tələbləri müəyyən edir.

2. Video eyniləşdirmənin başlanmasından əvvəl görülən tədbirlər - Video eyniləşdirmənin başlanmasından əvvəl yalnız şəxsiyyətin müəyyən edilməsi üçün etibarlı olan və mərkəzləşdirilmiş şəkildə yaradılan birdəfəlik qısa mesaj (SMS OTP) göndərilir. Göndərilən SMS OTP fiziki şəxs tərəfindən video eyniləşdirmənin aparıldığı interfeys vasitəsilə onlayn olaraq qeyd edilir. Həmin SMS OTP sistemdə uğurla təsdiqlənərsə, şəxsin mobil telefon nömrəsi təsdiq edilmiş hesab edilir. - 3.1. Video zəng zamanı tətbiq edilən metod üzbəüz eyniləşdirmə metoduna (şəxsin fiziki olaraq bankın inzibati binasına yaxınlaşması zamanı tətbiq edilən metoda) bənzər və risklərin minimallaşdırılması əsasında hazırlanır. - 3.2. Video zəng bu mövzuda təlimdən keçmiş bank əməkdaşı tərəfindən aparılır. - 3.3. Video zəng zamanı bank əməkdaşının şəxsiyyətin eyniləşdirilməsi üçün istifadə edilə bilən sənədlərin xüsusiyyətlərini və bu sənədlər üçün tətbiq edilən etibarlı yoxlama metodlarını öyrənməsi, habelə dələduzluq və ya digər hüquq pozuntusu halları, bu Qaydanın və aidiyyəti digər hüquqi aktların tələbləri barədə məlumatlı olması təmin edilir. - 3.4. Bank əməkdaşının ildə ən azı bir dəfə və ya bu Tələblərin 2.5-ci bəndinə uyğun olaraq hər bir yenilənmədən sonra video zəng prosesi, o cümlədən fərdi məlumatlar qanunvericiliyi barədə təlim keçməsi təmin edilir. - 5.6. Video zəngin sonunda fiziki şəxsin ona göstəriləcək bank xidmətləri barədə məlumatlı olduğunu və bank müştərisi olmağa razı olduğunu şifahi təsdiq etməsi ilə proses başa çatır. - 6.1. Video çəkiliş bankda hesabı mövcud olan müştərilər tərəfindən məsafədən bank hesabının açılması məqsədilə aparılır. - 6.2. Video çəkiliş zamanı bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini və müştərinin video çəkilişini əldə edir. - 6.3. Video çəkilişin müddəti ən azı 10 (on) saniyə olmalıdır. - 6.4. Təqdim olunan şəkillərin və video çəkilişin müraciət edən şəxsə mənsub olduğunu avtomatik rejimdə təsdiq etmək mümkün olmadıqda, bank video zəngin edilməsi ilə bağlı müştəriyə əlavə sorğu göndərə bilər. - 6.5. Təqdim edilən şəxsiyyəti təsdiq edən sənədin həqiqiliyinin və həmin sənəd üzrə məlumatların yoxlanılması üçün dövlət informasiya sisteminə sorğu göndərilir və eyniliyi yoxlanılır. - 6.6. Müştərinin həqiqiliyi ona aid video çəkilişdə və şəxsiyyəti təsdiq edən sənəddə əks olunan simalar (üz cizgiləri) bir-birinə uyğun olduğu təqdirdə təsdiq olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi X3 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsinin rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası VƏ video zəng ilə aparılması qaydasını müəyyən etmişdir. (5.5.2.) Bundan başqa bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılmasının rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilmə imkanını nəzərdə tutmuş, hətta bankın bu qaydada hesabın açılmasını riskli hesab etdiyi halda, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda (SMS OTP kod vasitəsilə) video çəkiliş üsulunu video zəng ilə əvəz etmək üsulunu tətbiq edə bilməsi məsələsini tənzimləmişdir. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Həmçinin, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmənin qənaətinə görə iddiaçının izahatında göstərilən özü-özlüyündə iddianın qismən əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilər. Belə ki, onun izahatında ona məxsus 2.000 manat limiti olan 4169 7388 6821 9639 nömrəli kredit taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının qanunsuzluğuna dair irəli sürdüyü dəlilləri işin araşdırılmış halları ilə tam uzlaşır. İşin araşdırılmış hallarından məlum olur ki, tərəflər arasında online qaydada xx.xx.2024-cü il tarixdə BRCB7290984A299 saylı birbank cashback kredit xətti müqaviləsi bağlanmış, kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ 2.000 manat müəyyən olunmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə tərəflər arasında əlavə razılaşma bağlanaraq kredit xəttinin yeni məbləği 15.000 manat müəyyən olunmasını iddiaçı tərəf qəbul etmir və bunu bu barədə bank tərəfindən geri zəng edilməməsi, şəxsiyyətinni təsdiq edilməməsi, üz görüntüsü tələb edilməməsi, heç bir sənəd göndərilməməsi, ümumiyyətlə belə bir niyyətinin olmaması ilə əsaslandırmışdır. Cavabdeh tərəf isə bu halı iddiaçının iradə ifadəsinə uyğun xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti / Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilməsi kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti / Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilməklə mövcud kredit xəttinin limiti 2000 AZN-dən artırılaraq kredit xəttinin yeni məbləği 15.000 AZN məbləğində müəyyən olunması İddiaçı tərəfindən «Birbank» mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB7290984B299 nömrəli Birbank Cashback Kredit Xətti Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq mövcud kredit xətti limitinin artımı üçün müraciət etməsi iddiaçının iradə ifadəsinə uyğun həyata keçirilməmişdir. Belə ki, həmin əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan +**********44 (təhlükəsizlik kodlarının göndərildiyi nömrə) nömrəli mobil nömrəyə xx.xx.2024-cü il tarixdə SMS vasitəsi ilə birdəfəlik yoxlama kodu göndərilməsi «Bakcell» şirkəti tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli SMS detallaşmasından müəyyən edilir. Həmin sənəddən aydın görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə iddiaçının istifadəsində olan 070 *** ** ** mobil nömrəsinə bankdan hər hansı SMS daxil olmamışdır. Cavabdeh tərəf bu halı əksini təkzib edən tutarlı sübut təqdim etmədiyindən izahatında göstərilənləri məhkəmə mülahizə kimi qiymətləndirir. Toplanmış və tədqiq olunmuş sübutların məcmusundan göründüyü kimi, iddia ərizəsində qeyd olunan xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti / Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilməsi kimi əməliyyat (əməliyyatlar) aparılmasında iddiaçının təşəbbüsü olmamış, özü tərəfindən aparılmamış, bununla bağlı bank tərəfindən iddiaçıya hər hansı təhlükəsizlik, yaxud təsdiqedici kod göndərilməmiş, bank tərəfindən bütün təhlükəsizlik tədbirlərinə riayət olunmamış, kart üzrə kredit limitinin artırılması iddiaçının təşəbbüsü, iradə ifadəsi, məlumatı, xəbəri, razılığı olmadan başqa şəxs (şəxslər) tərəfindən aparılmış, pul vəsaitinin iddiaçının hesabından çıxarılaraq Gürcüstan Respublikasının ərazisində ATM-dən məxaric edilməsi isə iddiaçının hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı olmamışdır. Beləliklə işin araşdırılmış halları iş üzrə iddiaçının hesabına kənardan müdaxilə olunmasını, iddiaçının bu zaman həmin müdaxilənin həyata keçirilməsi üçün hər hansı təqsirli hərəkət və ya hərəkətsizlik etməməsi, ona hər hansı OTP kodu göndərilməməsi, onun bununla bağlı başqa şəxslərlə hər hansı bilgi paylaşmaması, yönləndiricilər üzrə keçidlər etməməsi, şəxsiyyəti barədə məlumat ötürməməsi, şəxsiyyətini təsdiq edən sənədləri başqalarına təqdim etməməsi, bir sözlə iddia ərizəsində qeyd edilən hadisələrin onun iştirakı olmadan, onun iradə ifadəsinin ziddinə baş verməsini tam təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh iddianın əsassız olmasına dair mötəbər və tutarlı sübutlar təqdim etməmiş, bununla bağlı öz hüquqi mövqeyini sübut edə bilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələbləri yerinə yetirilməmiş, Ebankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirlər görülməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus 2.000 manat limiti olan 4169 7388 6821 9639 nömrəli kredit taksit kartının limitinin 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatlarının konkret kim və ya kimlər tərəfindən həyata keçirilməsinin müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət etmək hüququndan istifadə edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, müəyyən edilmişdir ki, həmin tarixdə tərəflər arasında müqavilə bağlanmamış, baş vermiş əməliyyatlar isə iddiaçının təşəbbüsü və razılığı olmadan müqavilə şərtləri dəyişdirilmiş, bunun da qanunsuz olması yuxarıda sadalanan əsaslandırmalardan aydın görünür. Başqa sözlə, iddiaçı tərəfin göstərdiyi xx.xx.2024-cü il tarixdə, tərəflər arasında müqavilə deyil, Əlavə Razılaşma bağlandığı üçün həmin Əlavə Razılaşma etibarsız sayılmalıdır. Cavabdeh tərəfin xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti / Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilməsi etibarsız sayılmalı və bunun da nəticəsində İddiaçı məxsus 4169 7388 6821 9639 saylı kredit taksit kartından pulun məxaric edilməsi əməliyyatları qanunsuz sayılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, bu qanunsuzluq nəticəsində Cavabdeh ASC-yə iddia edilən 13000 manat borc silinməli, Cavabdeh ASC tərəfindən qanunsuz yaradılmış borcun tutulması İddiaçı məxsus pensiya kartına yönəldildiyindən hazırki vaxta kimi tutulmuş və hazırki məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlər də cavabdeh tərəfindən geri qaytarılmalıdır. Bu səbəbdən iddia qismən, yəni, İddiaçı məxsus 4169 7388 6821 9639 saylı kredit taksit kartından pulun məxaric edilməsi əməliyyatları qanunsuz hesab edilərək onun Cavabdeh ASC-yə iddia edilən borcunun silinməsi; Cavabdeh ASC tərəfindən İddiaçı məxsus pensiya kartından hazırki vaxta kimi tutulması və hazırki iş üzrə məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlər geri ödənilməsi hissələrində əsaslıdır. Məhkəmə iddia tələbinin cavabdehlərdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia yuxarıda göstərilən qaydada qismən, yəni, xx.xx.2024-cü il tarixli Əlavə Razılaşma etibarsız hesab edilməli, xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus 2.000 manat limiti olan 4169 7388 6821 9639 nömrəli kredit taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatları qanunsuz hesab edilməli, İddiaçı Cavabdeh ASC-yə iddia edilən 13000 manat borcu silinməli, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus pensiya kartından qətnamə qəbul edilən vaxtadək tutulmuş və hazırki iş üzrə məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlər geri qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli Əlavə Razılaşma etibarsız hesab edilsin. xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus 2.000 manat limiti olan 4169 7388 6821 9639 nömrəli kredit taksit kartının limitinin ondan xəbərsiz 15.000 manata artırılması və artırılmış 13.000 manatın kartdan məxaric edilməsi əməliyyatları qanunsuz hesab edilsin. İddiaçı Cavabdeh ASC-yə iddia edilən 13000 manat borc silinsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus pensiya kartından qətnamə qəbul edilən vaxtadək tutulmuş və hazırki iş üzrə məhkəmə aktı qanuni qüvvəsini alanadək tutulacaq vəsaitlər geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar