Məhkəmə qərarları › İş №e-2(006)-1358/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1358/2024

11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1358/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 100000 (yüz min) manat məbləğində maddi, eyni zamanda 100000 (yüz min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, İddiaçı Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən 31 mart 2015-ci il tarixdə AR CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaqı Şöbəsinin müstəntiqinin 01 aprel 2015-ci il tarixli qərarı ilə AR CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində ittiham olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən isə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, ittihama əsasən, guya o, X9 ilə birlikdə xx.xx.2015-ci il tarixdə saat 03:52 radələrində cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanda yerləşən, icarə müqaviləsi əsasında X1 məxsus olan “Elit Market”ə daxil olmuş, həmin marketdə satıcı işləyən X4 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq hərəkətləri edib silah qismində istifadə etdiyi bıçaq tətbiq etməklə basqın edərək qəsdən bir dəfə kürək nahiyəsindən vurmaqla ona döş qəfəsin arxa səthində deşilmişkəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Elnur Əsədli isə kassadan zərərçəkmiş şəxs Gültəkin Dadaşovaya məxsus 130 manat pulu talayaraq quldurluq etmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2016-cı il tarixli hökmü ilə barəsində bəraət hökmü çıxarılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-547/2017 saylı, 17 mart 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2016-cı il tarixli hökmü ona dair hissədə qüvvədə saxlanılmışdır. İbtidai istintaq orqanın elan edilmiş əssasız ittihamına əsasən o, 31 mart 2015-ci il tarixdən 22 iyul 2016-cı il tarixədək, yəni 1 il 4 ay İstintaq Təcridxanasında saxlanılmışdır. Barəsində çıxarılmış qanunsuz ittiham hökmü əsasında şərəf və ləyaqətim ləkələnmişdir. Yəni ibtidai istintaq orqanının əsassız ittihamı nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəyimişdir. Xüsusilə qeyd edir ki, o, qanunsuz olaraq həbs edildiyi günədək rəsmi şəkildə əmək fəaliyyəti ilə məşğul olmasam da, təmir, tikinti və digər işlərdə çalışır, hər ay müəyyən məbləğdə pul qazanırdı. Buna görə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş, 100000 (yüz min) manat məbləğində onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məlumat üçün bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-547/2017 saylı, 17 mart 2017-ci il tarixli qərarının surəti iddia ərizəsinə əlavə edilmişdir. Eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2016-cı il tarixli hökmünün və əgər Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarından kassasiya protesti verilmişdirsə, AR Ali Məhkəməsinin yekun qərarının əslinin əldə edilməsi məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinə tərəfindən sorğu göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Aynur Abbasova "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi ziyana və mənəvi ziyana görə 200.000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 100.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s) konkret növləri göstərilmişdir. İddiaçı həmçinin mənəvi ziyana görə 100.000 manat kompensasiya ödənilməsini tələb "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəfvə ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 No-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəalan nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə -- üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə -- yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında “Əsasnamə"yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda "Dövlət büdcəsi" ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli alaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, iclasın onun iştirakı olmadan keçirlənməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-547/2017 saylı, 17 mart 2017-ci il tarixli qərarı ilə, apellyasiya protestinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin X2 Zahid Mehman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə bəraət verilməsinə dair 22 iyul 2016-cı il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2016-cı il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Beləliklə qərardan görünür ki, İddiaçı 31 mart 2015-ci il tarixdən 22 iyul 2016-cı il tarixədək, yəni 1 il 3 ay 22 gün İstintaq Təcridxanasında saxlanılmışdır. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 100.000 manat ziyanın vurulduğunu, və həmin məbləğin ona ödənilməsini tələb etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı oğlunun iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz . Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 1 il 3 ay 22 gün müddətinə həbs qətimkan tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 1 il 3 ay 22 gün müddətinə həbs qətimkan tədbirinə görə 16.000 manat (bir ay üzrə 1000 manat x 16 ay) məbləğində müəyyən olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğinin ədalətli hesab edilməsi üçün 1 il 3 ay 22 günlük müddətin son 22 günü üçün 1000 manat mənəvi zərərə görə kompensasiyanın müəyyən edilməsi daha ədalətlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 16.000 (on altı min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 16.000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 16.000 (on altı min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar