Məhkəmə qərarları › İş №e-2(006)-136/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-136/2023

21.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-136/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “zərərə görə aylıq ödəncin verilməsi, aylıq ödəncin gecikdirildiyi günlərə görə ödəncin verilməsi və maddi ziyanın əvəzinin ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “zərərə görə aylıq ödəncin verilməsi, aylıq ödəncin gecikdirildiyi günlərə görə ödəncin verilməsi və maddi ziyanın əvəzinin ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən İddiaçı peşə əmək qabiliyyətinin 80 faiz itirilməsinə görə 2012-ci ilin may ayından etibarən peşə xəstəliyi ilə əlaqədar zərərə görə ödənilməsi nəzərdə tutulan aylıq ödəncin, eyni zamanda Cavabdeh MMC tərəfindən İddiaçı ödəniləcək aylıq ödəncin gecikdirilən hər gününə 2012-ci ilin may ayının 1-dən qətnamə icra olunanadək 2 faiz məbləğində ödəncin əmək haqqı və müəyyən edilmiş əmək haqqıya uyğun olaraq ödənc şirkət (MMC) tərəfindən hər ay ABŞ dollarının Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən yenidən hesablanaraq yaranmış fərqin İddiaçı ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə 2012-ci ilin may ayından etibarən peşə xəstəliyi ilə əlaqədar zərərə görə cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı peşə əmək qabiliyyətinin 80 faiz itirilməsinə görə aylıq ödəncin verilməsi, peşə əmək qabiliyyətinin itirilmə faizinin 80 faizdən fərqli miqdarı TSEK tərəfindən təyin ediləcəyi tarixədək 80 faizə uyğun ödəncin verilməsi davam etdirilməsi, qətnamənin qəbul edilməsindən sonra TSEK peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edərsə, həmin faiz 80 faizdən fərqli olarsa, fərqli faizin təyin edildiyi tarixdən etibarən aylıq ödənc həmin faizə uyğun verilməsi, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ödəniləcək aylıq ödəncin gecikdirilən hər gününə 2012-ci ilin may ayının 1-dən qətnamə icra olunanadək 2 faiz məbləğində ödəncin tutulması qət edilmişdir. Qeyd edilən icra vərəqəsi "xxxx" MMC tərəfindən tam həcmdə və lazımi qaydada icra olunmamışdır. Belə ki, "xxxx" MMC icra vərəqəsi üzrə İddiaçı aylıq ödəncini 1306,2 manatdan hesablayaraq, 01 may 2012-ci ildən 31 avqust 2015-ci il tarixə qədər dövr üçün 52248 manat aylıq ödənci və aylıq ödəncin gecikdirilmiş hər gününə görə 30199 manat hesablayaraq bank hesabı vasitəsilə cəmi 82447,34 manatı 25 avqust 2015-ci il tarixdə Nəsimi icra şöbəsinin hesabına köçürmüşdür. İcra vərəqəsi üzrə köçürülmüş məbləğin açıqlamasına dair "xxxx" MMC tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, müəssisə 40 ay ərzində ödənilməmiş ödənci bir dəfəyə ödəmiş (1306,2 manat x 40 aya = 52248 manat) və yalnız 2012-ci ilin may ayının ödəncinin 2%-ni (1306,2 manat x 0,02 = 26,12 manat) həmin ödəncin gecikdirilmiş günlərinin sayına, yəni 1156 günə vurmaqla (26,12 manat x 1156 gün = 30199,34 manat) ümumilikdə 82447,34 (52248 + 30199,34 = 82447,34) manat məbləğində ödəniş etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra vərəqəsi Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2018-ci ildə icra məmuru tərəfindən icra icraatına xitam verilmişdir. Tərəfimizdən icra məmurunun “İcraata xitam verilməsi barədə” xx.xx.2018-ci il tarixli qərarından şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-887/2015 nömrəli 13 fevral 2019-cu il tarixli qərardadı ilə şikayəmitimiz təmin edilməmişdir. Lakin, məhkəmə 2(103)-887/2015 nömrəli 13 fevral 2019-cu il tarixli qərardadında izah etmişdir ki, hazırda tam icra ilə bağlı fikir ayrılığı var: icra məmuru və borclu hesab edir ki, tam icra olub, tələbkar isə hesab edir ki, tam icra olmayıb. Tərəflər öz mövqelərini əsaslandırmaq üçün aylıq ödəncin məbləğinə istinad edirlər, onların hesablamaları fərqli olduğundan fikir ayrılığı yaranır. Yəni, hazırki mübahisə əslində aylıq ödəncin məbləği barədədir. Aylıq ödəncin məbləği mübahisəli olduğundan onun gecikdirilməsinə görə verilən ödənclərin məbləği də mübahisəlidir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, mülki işə mahiyyəti üzrə baxılarkən aylıq ödəncin miqdarı barədə məsələ mübahisə predmeti olmayıb, ona görə də aylıq ödəncin pul ifadəsi (hansı məbləğdə verilməsi, hansı pul vahidi ilə verilməsi və s.) araşdırılmayıb. Mübahisə predmeti olan məsələ ödəncin verilib-verilməməsi olub, məhkəmə mübahisəni həll edərək qət edib ki, borclu ödənci verməlidir. Borclu isə qətnaməni icra edib, yəni ödənci verib. Qətnamədə göstərilən «80 faiz ödəncin miqdarını yox, əmək qabiliyyətinin itirilmə faizini bildirir. İşə mahiyyəti nüzrə baxılarkən ödəncin pul ifadəsi həll edilmədiyinə görə qətnamənin icrası zamanı bu məsələ həll edilə bilməz. Qətnamədə məbləğ göstərilmədən «aylıq ödəncin verilməsi» qət edildiyinə görə borclunun özünün düzgün hesab etdiyi məbləği (əmək qabiliyyətinin 80 faiz itirilməsinə uyğun hesab etdiyi məbləğ) verməsi «aylıq ödəncin verilməsi» hesab olunur, bununla da qətnamə tam icra Olunmuş sayılır. Eyni qayda gecikməyə görə verilməli olan ödəncə də aiddir, çünki o, aylıq ödəncin məbləğində nisbətdə müəyyən olunur. Odur ki, icra sənədi tam icra olunmuş sayılmalıdır. İcra sənədi üzrə icraata xitam verilməsi tələbkarı ümumi qaydada «pul tələbi barədə» iddia ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Əgər o, hesab edir ki, borclu ona aylıq ödənc kimi 52.248 manat, gecikməyə görə ödənc kimi 30.199,34 manat deyil, daha çox məbləğ verilməlidir, belə halda iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, iddia ərizəsinin məzmununda istədiyi məbləği göstərməlidir. Cavabdeh tərəfindən mübahisəli məbləği ödəyərkən aylıq ödəncin məbləğinin müəyyən edilməsində və gecikdirilən məbləğə görə icra gününə qədər gecikdirilmiş məbləğin 2% ödəncində tam ödəməni həyata keçirməməsi səbəbindən hazırki iddia ərizəsilə məhkəməyə müraciət etmək qərarına gəldik. Belə ki, birincisi İddiaçı Cavabdeh MMC-nin fəaliyyətə başladığı ilk gündən həmin şikrətdə işləmişdir. Onunla və bütün digər işçilərlə əmək müqaviləsi bağlanılarkən əmək haqqı ABŞ dolları ilə müəyyən edilmiş və hər ay ABŞ dollarının Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən ödənilirdi. Cavabdeh MMC-nin rəhbərliyi ilə Azərbaycan Respublikasının vətəndaşı İddiaçı arasında bağlanmış 01 sentyabr 2007-ci il tarixli 002 saylı Əmək müqaviləsi və həmin müqaviləyə 01 sentyabr 2008-ci il tarixli 001 nömrəli Əlavənin 4.1 maddəsində işçinin aylıq Ümumi Əmək haqqı ABŞ dollarına ekvivalent olan məbləği təşkil edir. Müqavilənin 4.2 maddəsində “Hər ayın sonuncu iş günündə Şirkət işçinin xalis əmək haqqını (yəni, işçi tərəfindən ödənilən bütün vergi və ödəmələri çıxdıqdan sonra, işçinin alacaq əmək haqqı) Azərbaycan Respublikası milli valyutasında - Manatla (AZN) - Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən işçinin bank hesabına köçürülməlidir. Göründüyü kimi Cavabdeh MMC-nin rəhbərliyi arasında Azərbaycan Respublikasının vətəndaşı İddiaçı arasında bağlanmış Əmək Müqaviləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərinə uyğun peşə əmək qabiliyyətinin itirimə faizi nəzərə alınmaqla 2012-ci ilin may ayına qədər şirkət tərəfindən hər ay ABŞ dollarının Azərbaycan RespublikasıMilli Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən vətəndaş İddiaçı ödənc ödənilmişdir. 01 sentyabr 2007-ci il tarixli 002 nömrəli Əmək Müqaviləsinin 4.1 və 4.2 maddələrinin və ona 01 sentyabr 2008ci il tarixli 001 nömrəli Əlavənin 2-ci maddəsinin şərtlərinə görə İddiaçı əmək haqqı və müəyyən edilmiş əmək haqqıya uyğun olaraq ödənc şirkət (MMC) tərəfindən hər ay ABŞ dollarının Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən ödənilməlidir. İkincisi, orta əmək haqqının hesablanması cədvəlindən göründüyü kimi İddiaçı əlilliyə görə ödənilməli orta əmək haqqı şirkət tərəfindən 1.931,56 ABŞ dollarımüəyyən edilmişdir. Şirkət tərəfindən İddiaçı hesablanmış orta aylıq əmək haqqı nəzərə alınmaqla 2012-ci ilin may ayından 2015-ci ilin avqust ayına qədər orta aylıq əmək haqqının 80 %-i ilə aylıq ödənc məbləği 1.545,25 (bir min beş yüz qırx beş dollar iyirmi beş sent) ABŞ dolları müəyyən edilir (1.931,56 x 80% = 1.545,25). Müəyyən edilmiş aylıq ödəncə uyğun olaraq şirkət tərəfindən hər ay ABŞ dollarının Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə (avqust 2015-ci ilə) olan mübadilə məzənnəsinə (1 ABŞ dolları / 1,05 AZN) əsasən İddiaçı gecikdirilən 40 aya görə ödənilməli məbləğ 64.900,50 (altmış dörd min doqquz yüz manat əlli qəpik) manat müəyyən edilir (1.931,56 ABŞ dolları x 80% = 1.545,25 ABŞ dolları; 1.545,25 ABŞ dolları x 40 ay = 61.810,0 ABŞ dolları; 61.810,00 ABŞ dolları x 1,05 = 64.900,50 AZN). Üçüncüsü, icra vərəqəsi üzrə köçürülmüş məbləğin açıqlamasına dair "xxxx" MMC tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, müəssisə yalnız 2012-ci ilin may ayının ödəncinin 2%-ni (1306,2 manat x 0,02 = 26,12 manat) həmin ödəncin gecikdirilmiş günlərinin sayına, yəni 1156 günə vurmaqla (26,12 manat x 1156 gün = 30199,34 manat) ümumilikdə 82447,34 (52248 + 30199,34 = 82447,34) manat məbləğində ödəniş etmişdir. Halbuki, icra sənədinə əsasən 2012-ci ilin may ayının ödənişini xx.xx.2012-ci ildə ödəməli olduğu halda xx.xx.2015-ci ildə ödədiyinə görə gecikmələrin sayı 30 gün deyil, 1186 gündür. 2012-ci ilin iyun ayının ödənişini xx.xx.2012-ci ildə ödəməli olduğu halda xx.xx.2015-ci ildə ödədiyinə görə gecikmələrin sayı 31 gün deyil, 1156 gündür. Bu qayda ilə bütün ayların 2% xx.xx.2015-ci ilə qədər ödəniş günlərinin 30-31 gün azalması ilə hesablanmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2015-ci il tarixli 2(103)- 887/2015 nömrəli Qətnaməsi nəzərə alınmaqla 2012-ci ilin may ayından qətnamənin icra olunduğu 25 avqust 2015-ci ilə qədər hər ay üzrə orta aylıq əmək haqqı ilə gecikdirilmiş aylıq ödəncin (1.545,25 ABŞ dolları) gecikdirilmiş hər gün üçün 2% hesabı ilə məbləğ 770.623,39 (yeddi yüz yetmiş min altı yüz iyirmi üç manat otuz doqquz qəpik) müəyyən edilir (1.545,25 ABŞ dolları x 2% = 30,91 ABŞ dolları; 30,91 ABŞ dolları x 23744 gün = 733.927,04 ABŞ dolları; 733.927,04 ABŞ dolları x 1,05 = 770.623,39 manat). Bu hallar “İmza” Ekspertiza Mərkəzinin İEM-722 nömrəli 19 aprel 2022-ci il tarixli rəyi ilə də təsdiq edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 tərəfindən Məhkəməyə təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 887/2015 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “zərərə görə aylıq ödəncin verilməsi, aylıq ödəncin gecikdirildiyi günlərə görə ödəncin verilməsi və maddi ziyanın əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2018-ci il tarixli qərarından tələbkar İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul olunmuş “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2018-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Sonda o, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnamə ilə qət olunub ki, 2012-ci ilin may ayından peşə xəstəliyi ilə əlaqədar zərərə görə Cavabdeh MMC tərəfindən İddiaçı aylıq ödənc ödənilməsi, xx.xx.2012-ci il tarixdən qətnamə icra edilənədək aylıq ödəncin gecikdirildiyi hər günə görə cavabdeh tərəfindən iddiaçıya gecikdirilən məbləğin 2 faizi məbləğində ödənc ödənilməsi, iddianın qalan hissəsinin isə rədd olunması qət edilmişdir. Daha sonra mülki işə apellyasiya qaydasında baxılıb. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə qət edilib ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilsin, 2012-ci ilin may ayından etibarən cavabdeh tərəfindən iddiaçının peşə əmək qabiliyyətinin 80 faiz itirilməsinə görə aylıq ödənc verilsin, peşə əmək qabiliyyətinin itirilmə faizinin 80 faizdən fərqli miqdarı TSEK tərəfindən təyin ediləcəyi tarixədək 80 faizə uyğun ödəncin verilməsi davam etdirilsin, qətnamənin qəbul edilməsindən sonra TSEK peşə əmək qabiliyyətinin itirilmə fiaizini təyin edərsə, həmin faiz 80 fazidən fərqli olarsa, fərqli faizin təyin edildiyi tarixdən etibarən aylıq ödənc həmin faizə uyğun verilsin, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “zərərə görə aylıq ödəncin verilməsi, aylıq ödəncin gecikdirildiyi günlərə görə ödəncin verilməsi və maddi ziyanın əvəzinin ödənilməsi barədə” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “zərərə görə aylıq ödəncin verilməsi, aylıq ödəncin gecikdirildiyi günlərə görə ödəncin verilməsi və maddi ziyanın əvəzinin ödənilməsi barədə” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar