Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1370/2025 04.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.000 (iki min) manat biletlərə çəkdiyi xərc, 8300 xüsusi borcalma hüququ məbləği, ortalıq 16 (on altı min) manat, toplam 18 (on səkkiz) min manat maddi ziyan məbləği, 20 (iyirmi) min manat mənəvi ziyan məbləği, cəmi 38 (otuz iki min) manat tutulub iddiaçıya ödənilməsi, AZAL-ın Soçi nümayəndəliyinin cinayətkar dələduzluğuna qiymət vermək üçün xüsusi qərardadla Azərbaycan və RF prokurorluqlarına xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, torpaqlara təcavüz olunan ilk gündən AMEA-nın aspiranturasında təhsilini, elmi işini atıb Qarabağ uğrunda savaşa getmişdir. 1-ci dərəcəli Qarabağ əlilidir, Səhiyyə Nazirliyinin rəyi ilə respublikadan kənarda müalicəyə ehtiyacı var. Qarabağda savaşda olanda kimya doktoru həyat yoldaşı TV ilə ölümü haqqında verilən xəbərdən stress keçirib, 2-ci dərəcəli əlildir. xx.xx.2024-cü ildə 1-ci dərəcəli Qarabağ əlili kimi ona qulluq edən 2-ci dərəcəli əlil həyat yoldaşı X12 ilə birlikdə müalicəyə getdikləri Rusiya Federasiyasının Soçi şəhərindən J2 8632 reysi ilə Bakıya uçan uçağa cinayətkar dələduzluqla buraxılmamışlar. Reys saat 7:00-a təyin olunmuşdu. İddiaçı saat 4-40 radələrində qeydiyyatdan keçmiş və uçuşa miniyin elan edilməsini gözləmişdir. Saat 6:27-də pasport və s. yoxlamalarından keçib, 6:40-da minik qapısına (ingiliscə gate-geyt) qalxmışlar. Heç yerdə Bakı sözü yazılmadığından həyat yoldaşı ilə oturacaqda əyləşib, Bakıya minik qapısını axtarmışdır. Açıq 28-ci qapıya yaxınlaşıb Bakı reysini soruşmuş və xidməti personalın Orta Asiya kökənli xanım işçisi minik talonlarını istəmişdir. Həyat yoldaşı ilə birlikdə minik talonlarını təqdim etmişdir. Bu zaman reysə qulluq edən xanım gecikdiklərini deyib, onları uçağın salonuna buraxmamışdır. İddiaçı saatı göstərib, hələ 18-19 dəqiqə qaldığını desə də, ən azı uçuş qapısına 20 dəqiqə qalmış olmalı olduğu bildirilmiş ki, Rusiyada qaydalar belədir. Halbuki onlara Soçidə verilən biletlərin üzərində ingiliscə və azərbaycanca yazılıb ki, minik uçuşa 15 dəqiqə qalmış yekunlaşır. (Boarding gate closes 15 minutes before departure). Onları cinayətkar dələduzluqla reysə buraxmayan AZAL-ın Soçi nümayəndəliyinin AZAL-ın beynəlxalq uçuş qaydalarından da xəbəri yoxmuş. Onlar pretenziya irəli sürəcəklərini deyəndə heç bir akt, protokol tərtib etmədən geri qaytarılmışlar. AZAL-ın Soçi nümayəndəliyi heç bir hərəkət etmədi, nə biletin dəyəri qaytarıldı, nə növbəti reyslə yola saldı. Məcbur olub Bakı vasitəsilə Soçi-Moskva-Bakı reysi ilə 4-6 dəfə baha 1616 (min altı yüz altı) manata borcla bilet alıb gəlmişlər. Beləliklə, AZAL-ın Soçi nümayəndəliyinin cinayətkar dələduzluğu, korrupsiyası nəticəsində onlara 2000 (iki min) manat maddi, bundan 10 dəfə çox, 20 (iyirmi) min manat mənəvi ziyan dəyib. Beynəlxalq müqavilələrə görə, sərnişinlərin ləngiməsi halında daşıyıcının məsuliyyəti hər sərnişinə münasibətdə 4150 xüsusi borcalma hüququ ilə hesablanır. İddiaçı isə nəinki ləngidilmiş, heç dələduzluqla reysə buraxılmamışdır. Ona görə də beynəlxalq normativlərə uyğun 8300 avro, ortalıq 16 min manat da maddi ziyan əvəzi ödənməlidir. Onlara qarşı qanunsuzluğu, cinayətkar dələduzluğu, korrupsiya faktını sübut edən faktları təqdim edir. Onlar yaşlı, əlil ömür-gün yoldaşlarıdır. Soçidə AZAL-a xidmət edən kassir xanım onlardan rüşvət istəyib, imtina cavabı alanda birinə 31A, o birinə 38C yerlərini verib. Aeroflotun SU1137 Soçi-Moskva SU1850 Moskva-Bakı biletlərini də əlavə edir: 35A və 35B Soçi-Moskva; 10C və 10D Moskva-Bakı. Göründüyü kimi, yanaşı yerlərdir. Bu isə AZAL-ın Soçi nümayəndəliyinin rüşvətxorluğunu, korrupsiyasını sübut edən konkret dəlillərdir. Onların gecikmədiklərini, vaxtında minik qapısında olmağını kamera görüntüləri sübut edir. Amma onlardan AZAL-ın qaydalarına zidd olaraq uçuşa 20 dəqiqə qalmış gəlmələrini AZAL reysinə xidmət edənlər bildirib. Əslində onlar elə buna da əməl etmişlər. Sadəcə yerləri həmin nümayəndələr başqalarına satıb. Özü də sənədləşdirmədən, pulunu yerində, minik qapısına gedən yolda almaqla. Yoxsa bu rüşvətxor əməkdaşların nə marağı ola bilər ki, reysə gecikməyən əlil, yaşlı cütlüyü reysdən məhrum etsin. Hətta iddiaçının, sərnişinlərin siyahısı barədə məlumatların təqdim edilməsi barədə sorğusuna da cavab verilməyib. Yəni onlar reysə buraxılmamışdırsa, deməli iki yer boş qalmalı idi. Halbuki belə olmayıb. İddiaçıya bildirilib ki, onların yerində RF-dən deportasiya olunan anonim Azərbaycan vətəndaşları gəlib. Bu isə cinayətkar saxtalığı, korrupsiyanı bir daha ortaya qoyur. Deportasiya olunan şəxs nəyə görə 1-ci dərəcəli Qarabağ əlilinin pulu ilə və onun hüquqlarını pozmaqla, onun yerində gəlməlidir? Eyni zamanda deport olunan şəxs məhkəmə pristavlarının, polisin, miqrasiya xidmətinin müşayiəti ilə yola salınır, daha reysə xidmət edənə rüşvət verməklə yox. Yəni həmin yerlərin əvvəlcədən rüşvət verməklə cinayətkar dələduzluqla satıldığı üzə çıxır ki, bu da özbaşınalıq, qanunlara, beynəlxalq hüquq normalarına hörmətsizliyi, mütəşəkkil cinayəti sübut edir. Azərbaycan vətəndaşları AZAL-ın xaricdəki nümayəndələrinin cinayətkar dələduzluğunun qurbanlarına çevrilir. Yəqin ki, bu hal təkcə iddiaçının başına gəlməyib. Belə özbaşınalıqla, "xidmətlə", dələduzluqla çox qarşılaşıb Azərbaycan vətəndaşları. AZAL-ın işçiləri AZAL-ın qaydalarından rüşvət adına xəbərsiz olursa, hansı xidmətdən, vətəndaşa, dövlətə hörmətdən danışmaq olar? xx.xx.2024-cü ildə Soçi aeroportunda reysə özbaşınalıqla buraxılmamalarına görə rusca etiraz-pretenziyasına xx.xx.2024-cü il tarixli rusca cavabı əlavə edir. Aeroport rəhbərliyi yazıb ki, saat 7:00 reysinin minik qapısında 6:46-da (6:45:30 saniyədə) (hələ elektron cavabda 6:42-də olmaları yazılıb). RF tərəfi beynəlxalq Monreal Konvensiyasına deyil, yerli RF qaydasına istinad edib ki, qapı "geyt" 6:41-də bağlanıb. Halbuki, vurğuladığı kimi, AZAL-ın qaydasına görə və biletlərin üstündə də yazılıb ki, uçuşa 15 dəqiqə qalmış, yəni 6:45-də minik qapısı bağlanır. Yəni Soçi aeroportunun verdiyi cavab reysə gecikmədiklərini tam sübut edir. Beynəlxalq müqavilələrə görə, elə yerli qaydalara görə də, sərnişin reysə buraxılmadıqda mütləq bu barədə akt, protokol tərtib edilməlidir və bu aktda, sənəddə reysə buraxılmamağın səbəbi açıqlanmalıdır. Soçidə isə akt tərtib edilmədən, "lotuluqla" hüququndan məhrum edilmişdir. Onların hər ikisi əlil Azərbaycan vətəndaşlarıdır. Onların hüquqları beynəlxalq səviyyədə, BMT-nin Əlilərin Hüquqları haqqında Konvensiya ilə qorunur. Azərbaycan vətəndaşının istənilən zaman öz ölkəsinə qayıtmaq hüququ var. İddiaçı astmadan ağır halda olduğundan həyat yoldaşı daim onunla olur, sərnişindaşımada da hüquqları var. Amma hüquq bir yana, heç reysə buraxılmamışlar. Aldıqları müalicə də stressdən, iztirabdan heçə çıxdı. Buna görə də mənəvi ziyan ödənməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Həmçinin cavabdehin nümayəndəsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçının müraciəti əsasında Rusiya Federasiyası Prokurorluğu X1 araşdırma aparılmaqla iddiaçıya bu barədə cavab məktubu da ünvanlanmışdır, lakin sonradan iddiaçı tərəfindən həmin məktubda göstərilən tarixlər dəyişdirilmişdir, belə ki, iki fərqli məktubda saatda fərq olduğundan özləri də aidiyyəti üzrə müraciət etmişlər. Onların müraciətlərinə cavab olaraq prokurorluq bildirmişdir ki, məktubda vaxtın dəyişdirilməsi faktları aşkar edilmişdir. Odur ki, prokorurluq əsl cavab məktubunu onlara göndərmişdir. Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi ərizədə qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi, iddiaçı həyat yoldaşı X12 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Soçi-Bakı reysi üzrə uçuş həyata keçirmək üçün X15 Limanına yaxınlaşmışdır. **********216 və **********215 nömrəli biletlər üzrə Soçi-Bakı istiqamətinə uçuşun tarixi xx.xx.2024-cü il saat 07:00-dır. İddiaçı həyat yoldaşı ilə birlikdə xx.xx.2024-cü il tarixdə X15 Limanında qeydiyyatdan keçmiş və minik talonu almışdır, lakin təyyarəyə miniyə gecikmişdir. İddiaçı (sərnişin) cavabdehlə (daşıyıcı ilə) müqavilə bağlayarkən (bilet alarkən) "xxxx" QSC-nin "Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları" ilə tanış olmuşdur, bilet almışdır. Bu isə öz növbəsində sərnişinin həmin qaydalarla razılaşdığını göstərir. Daşınma Qaydalarının 10.1.12-ci yarımbəndinə uyğun olaraq sərnişinlərin hava gəmisinə minmələri üçün müəyyən edilmiş vaxt reysin yola düşməsindən 15 dəqiqə əvvəl başa çatır. X9 10.1.8-ci yarımbəndinə əsasən hava gəmisinə minik vaxtına gecikmiş sərnişinə həmin reyslə daşınmasından imtina edilə bilər. Qeydiyyatdan keçmiş, lakin hava gəmisinə minmək üçün gəlməmiş sərnişinin baqajı hava gəmisindən çıxarılır və mütləq yoxlanılır. Bundan əlavə, iddiaçıya verilmiş minik talonunun üzərində Azərbaycan və İngilis dillərində "minik uçuşa 15 dəqiqə qalmış yekunlaşır" sözləri yazılmışdır. İddiaçının Elektron Məhkəmə Portalına əlavə etdiyi sənədlər sırasında X15 Limanının iddiaçının müraciətinə cavab məktubu da var. xx.xx.2024-cü il tarixli 28/3315 nömrəli həmin məktubla iddiaçıya verilən cavabdan görünür ki, iddiaçı 27-28 nömrəli çıxış zonasına saat 06:46-da yaxınlaşmışdır. Uçuş saatı saat 07:00 olduğu üçün bu vaxt uçuşa 15 dəqiqədən az təşkil edir. İş materialları: xx.xx.2005-ci il tarixdə verilmiş əlillik vəsiqəsindən görünür ki, iddiaçı birinci qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının xx.xx.2017-ci il tarixli iclasının 6 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı kəllə beyin travması, qalıq əlamələri diaqnozu ilə ƏƏSMN tərəfindən qrup şəklində növbəlilik əsasında reabilitasiya müalicəsi almaq üçün Respublikadan kənara aparılması qərara alınmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya göndərdiyi bildirişdən görünür ki, iddiaçı özünə və həyat yoldaşına **********216 və **********215 nömrəli biletlər almış, həmin biletlər üzrə Soçi-Bakı istiqamətinə uçuşun tarixi xx.xx.2024-cü il saat 07:00-dır. İddiaçı hüquqlarının pozulması ilə bağlı Rusiya Federasiyası Baş X2 Prokurorluğuna müraciət ünvanlamışdır. X15 Limanının iddiaçının müraciətinə cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, xx.xx.2024-cü il tarixli J2 8632 saylı reysə minik 27-28 saylı çıxışdan saat 06:19-dan 06:41-dək aviaşirkətin nümayəndəsinin iştirakı ilə aparılmışdır. Baxılan video arxivə əsasən, iddiaçı saat 06:37-də "C" sektorunun pasport nəzarəti məntəqəsinə yaxınlaşmış, daha sonra uçuşqabağı prosedurlardan keçmək üçün getmişdir. Saat 06:46-da 27-28 saylı çıxış sahəsinə yaxınlaşmış və skanetmə piştaxtasına yaxınlaşdığı zaman reysə minik artıq başa çatmışdır. "X15 Limanı" SC-də sərnişinlərin vizual və akustik məlumatlarla təmin edilməsi Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin 28 iyun 2007-ci il tarixli 82 saylı "X5 “Sərnişinlərin, baqajın, yüklərin hava daşımalarının ümumi qaydaları və sərnişinlərə, yükalanlara, yükgöndərənlərə xidmət göstərilməsinə dair tələblərin təsdiq edilməsi haqqında" Əmrinin 92-ci bəndinə ciddi şəkildə riayət olunmaqla həyata keçirilir. 27-28 saylı çıxışdan J2 8632 saylı reysə miniyin başlanması və bitməsi haqqında səsli xəbərdarlıq müvafiq olaraq saat 06:20-də və 06:41-də verilmişdir. Gecikmiş sərnişinlər saat 06:23də və 06:33-də 27-28 saylı çıxışa dəvət edilmişdir. Soçi şəhərinin hava limanında məlumat tablosunda vizual məlumatlar audio xəbərdarlıqla sinxron rejimdə əks olunur. Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin 28 iyun 2007-ci il tarixli 82 saylı əmri ilə təsdiq edilmiş "X10"nın 91-ci bəndinə müvafiq olaraq hava gəmisinə miniyin başa çatmasına gecikən sərnişinə həmin reyslə daşınma qadağan edilə bilər. Rusiya Federasiyası Cənubi Nəqliyyat Prokurorluğunun "xxxx" QSC-nin Rusiya Federasiyası və Belarus Respublikasındakı Ba nümayəndəsi T.T.Tahirova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, X3 İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 23/1-466-2024/On569- 24 saylı cavabda əks olunan məlumatların doğruluğu ilə bağlı sorğuya baxılıb. Ərizəçinin xx.xx.2024-cü il tarixdə X15 Limanı SC-də Soçi-Bakı reysinə minməyə mümkün manelərlə bağlı müraciətləri üzrə aparılmış yoxlamalar zamanı onun hüquqlarının pozulması aşkar edilməyib. Bunu videogörüntülər də təsdiqləyir. Eyni zamanda sorğuya əlavə olan xx.xx.2024-cü il tarixli cavabın surətinə baxaraq İddiaçı-nın həyat yoldaşı olmadan və onunla birlikdə eniş üçün gəliş vaxtının dəyişdirilməsi faktları aşkar edilmişdir.Yuxarıdakıları təsdiq etmək üçün xx.xx.2024-cü il tarixli cavabı əlavə etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 842.1-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür . 842.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. "xxxx" QSC-nin "Daşınma qaydaları"nın: 10.1.12-ci bəndinə əsasən sərnişinlərin hava gəmisinə minmələri üçün müəyyən edilmiş vaxt reysin yola düşməsindən 15 dəqiqə əvvəl başa çatır. Bu barədə Sərnişinə qeydiyyat zamanı bildirilir. 10.1.8-ci bəndinə əsasən hava gəmisinə minik vaxtına gecikmiş Sərnişinə həmin reyslə daşınmasından imtina edilə bilər. Qeydiyyatdan keçmiş, lakin hava gəmisinə minmək üçün gəlməmiş Sərnişinin baqajı hava gəmisindən çıxarılır və mütləq yoxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iddia tələbinin əsasını cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi təşkil edir. Məhkəmə iddia tələbinin maddi ziyanın əvəzinin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslı deyildir. Belə ki, iddiaçı, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarə ilə Soçi şəhərinə uçmaq üçün bilet almış, Soçidən Bakıya qayıdarkən təyyarəyə miniş vaxtını qaçırmışdır. Belə ki, iddiaçının aldığı biletlərin üzərində də uçuşdan 15 dəqiqə əvvəl təyyarənin qapılarının bağlanması ilə bağlı müvafiq qeyd mövcud olmuşdur. İddiaçı uçuşdan 15 əvvəl təyyarəyə minik üçün müraciət etdiyini və gecikmədiyini bildirmiş, hüquqlarının pozulması üçün Rusiya Federasiyasının müvafiq qurumlarına yazılı müraciətlər ünvanlamışdır. X15 Limanının iddiaçının müraciətinə cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli J2 8632 saylı reysə minik 27-28 saylı çıxışdan saat 06:19-dan 06:41-dək aviaşirkətin nümayəndəsinin iştirakı ilə aparılmışdır. Baxılan video arxivə əsasən, iddiaçı saat 06:37-də "C" sektorunun pasport nəzarəti məntəqəsinə yaxınlaşmış, daha sonra uçuşqabağı prosedurlardan keçmək üçün getmişdir. Saat 06:46-da 27-28 saylı çıxış sahəsinə yaxınlaşmış və skanetmə piştaxtasına yaxınlaşdığı zaman reysə minik artıq başa çatmışdır. Həmçinin Rusiya Federasiyası X7 Prokurorluğunun İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda da onun müraciətində göstərilən halların öz təsdiqini tapmaması, sonuncu tək olaraq qeydiyyata 06:46-da, arvadı ilə birlikdə isə 06:48-də yaxınlaşması müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı təyyarəyə minik vaxtını qaçırması ona ünvanlanan məktubda öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə iş materiallarını müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, cavabdeh "xxxx" QSC-nin hərəkətlərində iddiaçıya zərər vurulması ilə nəticələnən hal yoxdur. Nə qədər ki, iddiaçıya maddi ziyan dəyməsi öz təsdiqini tapmır və məhkəmə həmin hissədə iddianı əsaslı hesab etmir, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin tutulması hissəsində də əsassızdır və rədd edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1370/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1370/2025
04.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver