Məhkəmə qərarları › İş №e-2(006)-1387/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1387/2023

14.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1387/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 evə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 evə dair istifadə hüququna xitam verilməsi, həmin evdə etdiyi dəyişikliklərin öz hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixdə vəfat etmiş X5 hüquqi varisidir. X8 ünvan 1 evin faktiki sahibi və mülkiyyətçisi olmuş, xx.xx.2008-ci il tarixli notarial qaydada təsdiq olunmuş vəsiyyətnamə ilə İddiaçı vəsiyyət etmişdir. Nəsimi rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-259/06 saylı qətnaməsi ilə Cavabdeh ünvan 1 evin 25 m2 sahəsi olan otağına köçürülməsi qərara alınmış, qətnamə qanuni qüvvəyə minmiş, cavabdeh həmin ünvanda daimi qeydiyyata alınmışdır. Həmin vaxtdan bu günə qədər cavabdeh 1 gün olsun həmin mənzildə yaşamamış, istifadə etməmiş, yalnız formal olaraq qeydiyyatı qalmaqda davam etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının cavabdehə qarşı məhkəmədə qaldırdığı iddianın heç bir hüquqi əsası olmadığından, iddia ərizəsi rədd edilməlidir. Belə ki, mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən mənzil Cavabdeh ata - anasının isifadəsində olmuşdur. Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2001-ci il tarixli 2-1969 saylı qətnaməsi ilə Cavabdeh da mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh valideyinləri vəfat etdiyindən, o, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 149 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə nənəsi X2 himayəsinə verilmişdir. Cavabdeh babası Teyyub Əliyev və bibisi İddiaçı tərəfindən onun və nənəsi Zeynəbxanım Babayevanın mənzildən istifadə hüquqlarına maneə yaradılmışdır. Ona görə də, mənzildən istifadə hüququnun tanınmasına dair nənəsi tərəfindən məhkəməyə müraciət olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2001-ci il tarixli 2-1969 saylı qətnaməsinə əsasan Cavabdeh ünvan 1 mənzilə köçürülməsi təmin edilmişdir. Bundan əlavə, cavabdehin qəyyumu kimi onun nənəsi X4 cavabdehlər X7 və Əliyeva (Allahverənova) Kifayət Teyyub qızına qarşı mübahisəli mənzilin «yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2006-cı il tarixli 2-259-2006 saylı qətnaməsi ilə ünvan 1 ünvandakı 25,1 m2 olan otaq Cavabdeh istifadəsinə verilmiş və X2 Cavabdeh qəyyumu kimi həmin otağa sərbəst daxil olması üçün bütün maneələrin aradan qaldırılması qət edilmişdir. Məhkəmə qətnaməsi 29 noyabr 2006-cı il tarixdə qanunu qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. X1 Rayon Məhkəməsinin 20 fevral 2006-cı il tarixli 2-259/2006 saylı qətnaməsindən narazı aldığı üçün apellyasiya şikayəti vermiş, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətinin qəbul edilirək işin baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə müddətin üzürsüz səbəbdən buraxdığını müəyyən etmiş və ərizənin rədd edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2006-cı il tarixli 2-259/2006 saylı qərardad qəbul etmişdir. Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2006-cı il tarixli 2-259/2006 saylı qərardadından Teyyub Əliyev tərəfindən şikayət vermişdir. Nəsimi Rayon Məhkəməsinin 10 iyul 2006-cı il tarixli 2-259/2006 saylı qərardadı ilə Teyyub Əliyevin ərizəsi rədd edilmiş və baxılması üçün Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası Teyyub Əliyevin şikayətini əsassız hesab edərək təmin etməmiş və Nəsimi Rayon Məhkəməsinin 28 iyun və 10 iyul 2006-cı il tarixli qərardadlarının dəyişdirilmədən saxlanılması barədə 15 avqust 2006-cı il tarixli 1 MK №-5568/2006 saylı qərardad qəbul etmişdir. Teyyub Əliyev Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 15 avqust 2006-cı il tarixli 1 MK №-5568/2006 saylı qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 29 noyabr 2006-cı il tarixli №-6k-2645 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 15 avqust 2006-cı il tarixli 1 MK №-5568/2006 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Hazırda cavabdeh tərəfindən məişət şəraitinin yaxşılaşdırılması üçün mənzildə təmir işləri aparılır. Lakin iddiaçı heç bir əsas olmadan ona qarşı manelər yaradır. İddiaçı tərəfindən mənzildən istifadəyə qanunsuz maneə yadadıldığı üçün o, Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2001-ci il tarixli, 2-1969 saylı qətnaməsinin təkrar olaraq icaraya yönəldilməsinə dair Nəsimi rayon İcra şöbəsinə müraciət etmək məcburiyyətində qalmşdır. Nəsimi rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və tələbkara könüllü olaraq 10 gün müddətinə icranın təmin edilməsi bildirilmişdir. Borclu tərəfindən ona verilmiş müddət ərzində könüllü icra təmin edilmədiyindən, Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən mənzilə baxış keçirilmişdir. Cavabdeh ünvan 1 ünvandakı 25,1 m2 olan otaqdan istifadə etməsinə və onun istifadəsinə verilməsi barədə 25 yanvar 2023-cü il tarixli akt tərtib edilmişdir. Mənzildə icra hərəkətləri həyata keçirilən zaman İddiaçı da orada olmuş və cavabdehin mənzildən istifadə hüququnun həyata keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. İcra məmurları tərəfindən tərtib edilmiş aktın doğruluğunu iddaçı da öz imzası ilə təstiq etmişdir. Lakin buna baxmayaraq iddiaçı cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavbdehin mənzildən istifadə hüququnun yaranması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı məsələ mübahisə predmeti ola bilməz. Belə ki, mübahisələndirilən mənzildən istifadə hüququnun yaranmasına mötəbər sübutlardan biri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2001-ci il tarixli 2-1969 saylı qətnaməsini, istifadə qaydalarının müəyyən edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2006-cı il tarixli 2-259/2006 saylı qətnaməsini, icraata başlamaq haqqında Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarını, istifadə hüququnun həyata keçirilməsi barədə 25 yanvar 2023-cü il tarixli aktı və iddiaçının öz iddia ərizəsində məhkəmə qətnaməsinin olamsının etiraf edilməsini göstərmək olar. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, artıq cavabdehin mübahisəli mənzildən istifadə hüququ məhkəmə qətnaməsi ilə tanındığından, iddiaçı tərəfindən eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəməyə müraciət edilə bilməz. İddiaçı X5 hüquqi varisi olduğunu və Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 123 «a» ünvanda yerləşən mənzilin ona vəsiyyət edildiyini qeyd etmişdir. Bildirmək istəyir ki, iddiaçıdan əlavə X6 qızları İddiaçı, X18, X15 və oğlu X21 qanun üzrə vərəsəsidir. Ona görə də, iddiaçıya alası tərəfindən vəsiyyət edilmiş mirasdan bütün vərəsələrin məcburi pay almaq hüquqları vardır. Qanun tizrə vərəsəlik zamanı X21 atası X6 birinci növbədə olan vərəsəsi olmuşdur. Lakin o, miras qoyandan əvvəl vəfat etdiyi üçün vərəsəlik üzrə növbəlik onun oğlu Cavabdeh keçmişdir. Nəzərə aldıqda ki, hələ miras açılmamışdan əvvəl onun mənzildən istifadə hüququ məhkəmə aktı ilə tanınmışdır. Qeyd etmək istəyir ki, mübahisə predmeti olan mənzil X5 mülkiyyətində olmamışdır. İddiaçının qeyd etdiyi kimi mülkiyyət hüququnun olması üçün həmin mənzil dövlət reyestrində qeydiyyata alınmalı idi. Lakin mənzilin mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd olmamışdır. Yalnız, orada yaşayan istifadəçilərin hamısının mənzildən istifadə hüququ olmuşdur. Mübahisəli mənzil özbaşına tikilidir, bu fakt Nəsimi rayon Məhkəməsinin 20 fevral 2006-cı il tarixli 2-259/2006 saylı qətnaməsi ilə də təsdiq edilmişdir. Hesab edir ki, iddiaçı tərəfindən cavbdehin Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2001-ci il tarixli 2-1969 saylı və 20 fevral 2006-cı il tarixli 2-259/2006 saylı qətnamələri ilə Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 123 «a» ünvanda yerləşən mənzilindən istifadə hüququna itirilməsinə xitam verilməsi tələbi tam əsassızdır və onun iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olundu ki, hazırki iş üzrə iddiaçının ümumiyyətlə iddia predmeti ilə bağlı mülki-hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Təqdim olunmuş sənədlərdən görünür ki, mübahisələndirilən tikili özbaşına tikilidir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi hüququ yaranmamışdır. Bundan başqa, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 dekabr 2001-ci il tarixli 2-1969/2001 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, azyaşlı Ülvi Mahir oğlunun qanuni nümayəndəsi X3 X19 qarşı «yaşayış yerinə köçürülmə» tələbinə dair iddiası təmin edilmiş, xx xxxx 1992-ci il tarixdə doğulmuş Cavabdeh ünvan 2 evə atası X16 yaşadığı mənzilə köçürülmüşdür. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 fevral 2006-cı il tarixli 2-259/2006 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, X3 X7 qarşı «yetkinlik yaşına çatmayan uşağın mənafeyinin müdafiəsi qaydasında mənzilin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilmiş, mərhum valideynlərinin istifadəsində olmuş ünvan 2 ünvandakı 25,1 m2 olan otaq Cavabdeh istifadəsinə verilmiş və X3 Cavabdeh qəyyumu kimi həmin otağa sərbəst daxil olması üçün bütün maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda adı çəkilən məhkəmə aktı ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin 11 noyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 fevral 2006-cı il tarixli 2-259/2006 saylı icra sənədi icra məmurunun icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlanmış, icra sənədi üzrə borclu tərəfə 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi üçün vaxt verilmişdir. 25 yanvar 2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X13, böyük icra məmuru X14, iş üzrə tələbkar Cavabdeh, mərhum X6 qızı İddiaçı iştirakı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 fevral 2006-cı il tarixli 2-259/2006 saylı icra sənədi yenidən icra edilmişdir. 59 saylı MKİS-in 27 fevral 2023-cü il tarixli 27 saylı arayışından görünür ki, Cavabdeh iddiaçı və digər şəxslərlə birlikdə C.Məmmədquluzadə küçəsi 123 «a» saylı ünvanda qeydiyyatdadır, həmçinin Cavabdeh mərhum valideynlərinin istifadəsində olmuş 25,1 m2 sahədə əsaslı təmir işləri aparılır. 27 fevral 2023-cü il tarixli aktdan görünür ki, 59 saylı MKİS-in mühəndisi, sahə nəzarətçiləri tərəfindən C.Məmmədquluzadə küçəsi 123 «a» saylı ünvana yerində baxış keçirilmiş, Cavabdeh mərhum valideynlərinin istifadəsində olmuş 25,1 m2 sahədə əsaslı təmir işləri apardığı müəyyən olunmuşdur. Göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan tikilidən istifadə hüququ vardır, onun bu hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə tanınmış və o, həmin tikiliyə köçürülmüşdür. İddiaçının bu cür tələblə çıxış etmək üçün subyektiv hüququ olmamaqla yanaşı, iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar