Məhkəmə qərarları › İş №e-2(006)-1387/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1387/2024

24.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1387/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaqı Şöbəsinin müstəntiqinin 26 fevral 2013-cü il tarixli qərarı ilə AR CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində ittiham olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən isə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, ittihama əsasən, guya iddiaçı X3, X7, X5, İsayev Ceyhun ağa oğlu ilə birlikdə xx.xx.2013-cü il tarixdə saat 22:00 radələrində cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanı qarşısında taksi xidmətlərindən istifadə etdikləri vətəndaş X6 qarşı sonuncunun faktiki sahibliyində olan və taksi fəaliyyəti ilə məşğul olduğu VAZ 21074 markalı avtomobilin içində həyatı və sağlamlığı üçün təhlükəli olan basqın edib silah qismində istifadə etdikləri bıçağı boynunun sağ tərəfinə dirəyərək sonuncunun əynindəki gödəkçəsinin sol iç qoltuq cibindən 36 manat pulunu ələ keçirib quldurluq etmişlər. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-112/14 saylı, 13 iyun 2014-cü il tarixli hökmü ilə barəsində bəraət hökmü çıxarılmışdır. Dövlət ihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Ağır inayətlər Məhkəməsinin 1(101)-112/14 saylı, 13 iyun 2014-cü il tarixli hökmü iddiaçıya dair hissədə qüvvədə saxlanılmışdır. Dövlət itithamçısı tərəfindən erilən kassasiya protesti təmin edilməmiş, AR Ali Məhkəməsinin 1(102)-825/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı iddiaçıya dair hissədə qüvvədə saxlanılmışdır. İbtidai istintaq orqanın elan edilmiş əssasız ittihamına əsasən iddiaçı 24 fevral 2013-cü il tarixdən 13 iyun 2014-cü il tarixədək, yəni 1 il 3 ay 19 ün Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Barəsində çıxarılmış qanunsuz ittiham hökmü əsasında şərəf və ləyaqəti ləkələnmişdir. Yəni ibtidai istintaq orqanının əsassız ittihamı nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəyimişdir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı qanunsuz olaraq həbs edildiyi günədək rəsmi şəkildə əmək fəaliyyəti ilə məşğul olmasa da, təmir, tikinti və digər işlərdə çalışır, hər ay müəyyən məbləğdə pul qazanırdı. Buna görə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 100.000 (yüz min) manat əbləğində maddi, 100.000 (yüz min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 100.000 (yüz min) manat məbləğində maddi, eyni zamanda 100.000 (yüz min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir.

5. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunaraq xx.xx.2013-cü il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Nizami Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-112/14 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin cinayət işi üzrə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-112/14 saylı Hökmü Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli, 1(103)-166/2015 saylı Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli, 1(102)-825/2015 saylı Qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-112/14 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin cinayət işi üzrə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur.

9. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli, 1(103)-166/2015 saylı Qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı, X8, isayev Ceyhun Mövludağa oğlu, X7 və X1 haqqındakı 13 iyun 2014-cü il tarixli hökmü dəyişdirilmədən, məhkumlar Emil Məlikov və Elnur Məlikovun apellyasiya şikayətləri, dövlət ittihamçısının apellyasiya protesti təmin edilmədən saxlanılmışdır.

10. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli, 1(102)-825/2015 saylı Qərarına əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, İddiaçı, X8, isayev Ceyhun Mövludağa oğlu, X7 və X1 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

12. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».

13. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

14. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir.

15. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

16. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

17. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir.

18. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

19. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.

20. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

21. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

23. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.

24. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

26. Lakin, nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il).

27. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 100.000 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq yetəri qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tələbində həbs olunan vaxtadək təmir, tikinti və digər işlərdə çalışdığını və hər ay müəyyən məbləğdə pul qazandığını iddia etsə də, bununla bağlı sübutlarını təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz.

28. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

30. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

31. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68)

32. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93)

33. Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur.

34. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.

35. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

36. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

38. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

39. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

40. İşin mübahisəsiz halıdır ki, iddiaçı 1 il 3 ay 18 gün azadllıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir.

41. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 15 ay 18 gün müddətinə azadlıq hüququndan məhrum edilməsinə görə 15.000 manat (bir ay üzrə 1.000 manat x 15 ay + 600) məbləğində müəyyən olunmalıdır.

42. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 15.600 (on beş min altı yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir.

43. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 15.600 (on beş min altı yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

46. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 15.600 (on beş min altı yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar