Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1399/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin səhvi ucbatından iddiaçının kartından oğurlanmış 10704.83 manat pulun və bank tərəfindən həmin məbləğə hesablanan faizlərin "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin səhvi ucbatından iddiaçının kartından silinmiş 10704.83 manat və həmin məbləğə hesablanmış faizlərin elə bankın özü tərəfindən silinməsini və yaxud ödənilməsini, həmçinin borcun Mərkəzi Kredit Reyestrində olan kredit tarixçəsinə gecikmə kimi düşməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə kibercinayətkarlıq yolu ilə "xxxx" ASC-nin (bundan sora ABB) adına olan “ABB mobile” mobil tətbiqi ələ keçirilərək iddiaçıya məxsus ABB Tamkart kredit kartından 10704.83 manat pul vəsaiti silinmişdir. Bildirir ki, ABB mobile mobil tətbiqində ********** mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir, SMS xəbərdarlıqlar və OTP kodlar həmişə bank tərəfindən yalnız həmin nömrəyə göndərilmişdir. Kibercinayətkarlıq halında isə ********** nömrəsinə SMS göndərilmişdir. Qeyd edir ki, sonuncu nömrə tərəfindən ABB mobile də heç vaxt təsdiqlənməmiş və SMS xəbərdarlığa qoşulmamışdır. Qeyd edir ki, cinayətkarlar tərəfindən bankın rəsmi səhifəsinin oxşarı yaradılmış və ABB Mobile xx.xx.2023-cü il saat 21:50 radələrində ələ keçirilmişdir. ABB mobile-nin ələ keçirilməsi tərəfindən dərhal aşkar edilmiş, bankın çağrı mərkəzinə saat 21:53-də zəng edilmiş, çağrı mərkəzinin operatoru 21:55-də iddiaçının kimliyini tam müəyyən edərək kartların bloklanması üçün xəttə gözləməyini bildirmiş, 3 dəqiqə xəttə gözlətdikdən sonra 21:58-də kartların bloklandığını bildirmiş və təxminən 30 saniyə sonra kredit kartından 10704.83 manat Ukrayna Respublikası üzərindən ödəniş edildiyini bildirmişdir. Daha sonra bankın filiallarına və çağrı mərkəzinə müraciəti zamanı vəsait silinən kartın bank tərəfindən 21:57:52-də bloklandığı, vəsaitin isə 21:58:32-də kartdan çıxarıldığı bildirildi. Həmçinin çağrı mərkəzinin əməkdaşları tərəfindən kartın bank tərəfindən bloklandığı andan etibarən kartdan vəsaitin çıxarılmasının mümkün olmadığını, vəsait çıxarıldıqda isə məsuliyyətin bankın üzərinə düşdüyü bildirildi. Bank tərəfindən verilmiş çıxarışlarda kart bloklandıqdan 40 saniyə sonra 10704.83 manat ödəniş olduğu əks olunur. Vəsait ABB tamkart kredit xətindən çıxarıldığı və bankın məsuliyyət daşıdığı məsələləri nəzərə alaraq vəsaitin bank tərəfindən geri qaytarılması və yaxud həmin borcun silinməsi üçün banka etdiyi müraciətlər vaxtında cavablandırılmamış və hüquqi baxımdan əsaslandırılmamışdır. Belə ki, ABB-yə etdiyi 02 oktyabr 2023-cü il tarixli 6-2-12/2-Ə-109/3-21/2023 nömrəli müraciətə ABB tərəfindən xx.xx.2023-cü il tarixdə birdəfəlik şifrə müştəri tərəfindən təqdim edildiyi üçün vəsaitin geri qaytarılmasının məqsədə müvafiq olmaması barədə cavab verilmiş, ancaq heç bir normativ hüquqi akta əsaslanmamışdır. Müraciətə baxılması müddəti ərzində bankın şikayətə baxan şöbəsinin əməkdaşı onunla telefon vasitəsilə əlaqə saxlayaraq bloklamadan sonra vəsaitin çıxması ilə əlaqəli VİSA beynəlxalq ödəniş sistemi ilə yazışma aparıldığını bildirmişdir. Daha sonra həmin şəxs xx.xx.2023-cü il tarixdə VİSA tərəfindən imtina cavabının verildiyini və köməklik edə bilməyəcəyini qeyd etmişdir. Daha sonra 04 noyabr 2023-cü il tarixli 3-21-1/2-Ə-6xx/xx/2023 nömrəli etdiyi müraciətə ABB tərəfindən “Sizin "xxxx" ASC-nin Məlumat Mərkəzinə edilən müraciətə əsasən kartın bloklanmasında heç bir çətinlik və ya nasazlıq aşkar edilməmişdir, bloklanma ödəniş sistemlərin tələblərinə tam uyğun olaraq aparılmışdır” məzmunlu cavab verilmişdir. Bu müraciətinə verilən cavab da hər hansı qanunvericiliyə və normativ hüquqi akta əsaslanmadan verilmişdir. Məsələ ilə bağlı banklara nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra Mərkəzi Bank) etdiyi xx.xx.2023-cü il tarixli, 6-1/1-Ə7770-0/2023 nömrəli müraciətinə ABB tərəfindən xx.xx.2023-cü il tarixli, 6- 2/2-937/2023 nömrəli məktubla cavab verilmişdir və həmin cavabda da heç bir hüquqi akta əsaslanmadan birdəfəlik şifrə müştəri tərəfindən təqdim edildiyi üçün vəsaitin geri qaytarılmasının məqsədəmüvafiq olmaması bildirilmişdir. Daha sonra Mərkəzi Banka etdiyi xx.xx.2023-cü il tarixli, 6-1/1-Ə-7770/2-0/2023 nömrəli təkrar müraciətində qeyd olunan xüsusatlarla əlaqəli Mərkəzi Bank ABB-yə Vətəndaşın müraciətində yenidən araşdırılma tələb edən hallar və bank tərəfindən münasibət bildirilməmiş məqamlar aşkarlanmışdır. Bununla əlaqədar olaraq, vətəndaş İddiaçı müraciətində qeyd edilən məsələlər ilə əlaqədar hissəyə münasibət bildirərək zəruri sənədlər (kredit kartı müqaviləsi və s.) əlavə edilməklə 3 (üç) iş günü ərzində Mərkəzi Banka və müraciət müəllifinə məlumat təqdim edilməsi xahiş olunur” məzmunlu xx.xx.2023 cü il tarixli 6-1-26/2-Ə-21-11404/2023 nömrəli məktub təqdim etdi. Ancaq ABB tərəfindən məktubda göstərilən müddət və “Vətəndaşların Müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri kobud surətdə pozularaq Mərkəzi Banka cavab verilməmişdir. X10 2 iş günü müddətində cavab verilməzsə İnzibati Xətalar Məcəlləsinə əsasən ABB haqqında İnzibati Xəta protokolu tərtib olunacağına dair məktubundan sonra ABB sözügedən məktubu xx.xx.2023-cü il tarixli məktubla cavablandırdı. X11 tələb etdiyi kredit zəruri sənədlər təqdim olunmadan, hüquqi əsaslandırma olmadan əvvəlki məktublarla eyni məzmunlu cavab verildi. Son olaraq Mərkəzi Bank iddiaçıya xx.xx.2023-cü il tarixli 6-1-26/2-Ə-7770/2-0-13938/2023 nömrəli aşağıdakı məzmunlu cavab məktubunu xx.xx.2024-cü il tarixdə təqdim etdi: Bankın cavab məktubuna əsasən bildirir ki, “ABB Mobile” tətbiqinə qoşulan zaman tərəfinizdən banka təqdim edilən ********** mobil nömrəsinə OTP (birdəfəlik kod) göndərilib və müvafiq kodu daxil etməklə qeydiyyat tamamlanıb. Bank tərəfindən iddiaçının müvafiq mobil nömrənizə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsinə dair SMS bildiriş göndərilmişdir. OTP kod tərəfinizdən təsdiqlənməklə iddiaçıya məxsus 412720****0317 saylı “Tamkart” kredit kartından 10704.83 manat məbləğində vəsait X13. V təyinat ilə silinmişdir. Eyni zamanda bildirir ki, bank tərəfindən müraciəti ilə bağlı "xxxx" MMC prosessinq təşkilatına rəsmi sorğu ünvanlanmışdır. Təşkilat tərəfindən cavab olaraq iddiaçıya məxsus 412720****0317 saylı kartın bloklanmasında baş vermiş zaman fərqi bankdaxili istifadə edilən idarəetmə proqramının işləmə prinsipi kimi qiymətləndirilmiş və bloklanma vaxtının standartlara və “Visa”, “MasterCard” kart təşkilatlarının tələblərinə tam uyğun olduğu qənaətinə gəlinmişdir. Əlavə olaraq bildirir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci bəndinə əsasən “Yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir”. Bu cavabla bağlı aşağıdakıları bildirir: Kart bank tərəfindən bloklandıqdan 40 saniyə sonra vəsaitin kartdan çıxarılması ilə bağlı ABB heç bir hüquqi əsaslandırma etməmişdir. ABB-nin və "xxxx" MMC-nin çağrı mərkəzinin əməkdaşları kartın bank tərəfindən bloklama anından sonra vəsaitin çıxarılmasının qeyri-mümkün olmasını dəfələrlə ona bildirmişlər. ABB-nin törəmə təşkilatı olan "xxxx" prosessinq mərkəzinin sorğuya cavabında qeyd olunan “412720****0317 saylı kartın bloklanmasında baş vermiş zaman fərqi bankdaxili istifadə edilən idarəetmə proqramının işləmə prinsipi kimi qiymətləndirilmiş və bloklanma vaxtının standartlara və “Visa”, “MasterCard” kart təşkilatlarının tələblərinə tam uyğundur” cavabı isə sadəcə bir mülahizədir. Çünki bankdaxili istifadə edilən proqram təminatının işləmə prinsipində olan problemin və yaxud boşluğun məsuliyyətini bankın elə özü daşımalıdır. Digər tərəfdən blokdan 40 saniyə sonra vəsaitin çıxarılmasının hansı standartların hansı müddəasına, VİSA kart təşkilatının hansı tələblərinə, hansı normativ hüquqi akta uyğun olması barədə heç bir qeyd ona təqdim edilməmişdir. Düşünür ki, məktubun tamamlanması üçün blokdan neçə saniyə sonra məbləğin çıxarılmasının mümkünlüyü də qeyd edilməli və bunu hansı normativ aktın tənzimlədiyi ona göstərilməli idi. Bu formada geniş yayılmış dələduzluq halı ilə bağlı heç bir mətbuat orqanında və bankın rəsmi internet resurslarında hər hansı məlumat ictimaiyyətə verilməyib. Dələduzluqla bağlı verilən məlumatlar isə standart formada kart məlumatlarını və OTP kodları heç kimə verməyin tipli olur. Ancaq bu kibercinayətkarlıq halında bankın rəsmi internet səhifəsi ilə demək olar ki eyni saxta səhifə yaradılaraq məlumatlar ələ keçrilir ki, müştərilər bankın rəsmi internet səhifəsi olduğu üçün fin və mobil nömrə məlumatlarını təqdim edirlər. Bank ictimaiyyətə heç bir məlumat verməyərək öz reytinqinin aşağı düşməsini düşünür. Bu kimi kibercinayətkarlıq hallarında bank daha həssas davrana bilər. Belə ki, operatorun kartları bloklaması 3 dəqiqə çəkməsi xeyli uzun müddətdir və bank bunu bir düymə ilə bir neçə saniyə ərzində bloklamaq imkanı olmalıdır. Həmçinin bu hallarda növbə gözləmədən operator tərəfindən qəbul edilmə daha effektiv olardı. Ancaq bank tərəfindən istehlakçıların hüquqlarını qorunması baxımdan həssas yanaşma ortaya qoyulmamışdır. Bank öz üzərinə düşən təhlükəsizlik tədbirlərini yerinə yetirməyib. Belə ki mobil tətbiqin başqa cihazda açılması zamanı kartları avtomatik bloklaya, həmçinin ölkə xaricində ödəniş olduğu və yetəri qədər yüksək məbləğ olduğu üçün şübhəli əməliyyat kimi bloklaya bilərdi. Həmçinin bankın bu kibercinayətkarlıq halı ilə əlaqədar məlumatlı olduğu, bir çox müştərilərin bu haldan əziyyət çəkdiyini bildiyi halda heç bir təhlükəsizlik tədbiri görməməsi kobud qanun pozuntusudur. Qeyd olunanlarla əlaqədar qanunverciliyin, müqavilənin və bir sıra şərtlərin sübut xarakterli müddəalarını nəzərə çatdırır. Məlum olduğu kimi, tam kart kredit kartının alınması ABB ilə xx.xx.2023-cü il tarixdə bağladığı BPM**********16 nömrəli Tam kart müqaviləsinə (bundan sonra Müqavilə) əsasən olmuşdur. Həmin müqavilənin 13.4-cü bəndinə əsasən sonuncu tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər” (bundan sonra Standart Şərtlər) müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. ABB-nin və Mərkəzi Bankın cavab məktubunda qeyd edildiyi kimi, mobil tətbiqə ********** mobil nömrəsinə OTP (birdəfəlik kod) göndərilib və müvafiq kodu daxil etməklə qeydiyyat tamamlanıb. Ancaq ********** mobil nömrəsi ilə ABB mobile mobil tətbiqinə giriş mümkün olmamalı idi. Belə ki, Müqavilənin 13.1-ci bəndinə əsasən, borc alan ********** nömrənin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir, müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində ABB-ni yazılı surətdə xəbardar etməlidir. Digər tərəfdən tam kart əldə olunan tarixə qüvvədə olan Standart Şərtlərin 19.2.6-cı bəndinə əsasən müştəri ya mobil telefonun nömrəsini dəyişdikdə dərhal bu barədə ABB-ə rəsmi olaraq müraciət etməlidir. Həmçinin ABB Mobile mobil tətbiqinin dəstək bölməsində qeydiyyatdan keçmiş nömrənin dəyişdirilməsi üçün filiala müraciət etdikdən sonra ATM-ə yaxınlaşaraq mümkün olması barədə izah verilmişdir. Bu vaxta qədər ********** mobil nömrəsinin hansı ərizə və ya müqavilə ilə ABB-yə təqdim etməyi barədə heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən müqavilədə ********** mobil nömrəsi qeyd edilməsinə baxmayaraq təsdiqlənməyən ********** nömrəsi ilə ABB Mobile mobil tətbiqinin ələ keçirilməsi ABB-nin kobud təhlükəsizlik boşluğu kimi qiymətləndirilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mərkəzi X8 21 dekabr 2015-ci il tarixli 316 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsinə və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair Metodoloji Rəhbərliyin” müddəaları ABB tərəfindən kobud surətdə pozulmuşdur. Xüsusilə həmin metodoloji rəhbərliyin 5.10-cu bəndinin tələblərinin (Bank şəbəkəni, internet səhifəni, serverləri və kommunikasiya əlaqələrini sui-istifadə və hücum hallarına qarşı müdafiə etmək üçün uyğun təhlükəsizlik həllərinə malik olur. Saxta internet səhifələrin istifadəsinə məhdudiyyətin qoyulması üçün əməliyyat xarakterli E-bankçılıq xidməti təqdim edən bankın internet səhifəsi genişləndirilmiş yoxlama sertifikatları vasitəsilə eyniləşdirilir) aşkar surətdə pozulması faktdır. Belə ki, kibercinayətkarlıq üçün yaradılmış ABB-nin rəsmi səhifəsinin birə-bir oxşarı olan saxta internet səhifəsi uzun müddət aktiv olaraq sosial şəbəkələrdə (Facebook, İnstagram) reklam olunmuşdur. X12 Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etdikdən sonra həmin saxta səhifə bloklaşdırılmışdır. Ancaq belə saxta səhifənin ABB-yə məlum olmasına baxmayaraq məsuliyyətsizlik göstərərək vaxtında tədbir görməmişdir. Çünki o, kibercinayətkarlıq halı ilə əlaqədar bankın çağrı mərkəzinə və filialına müraciət edən zaman bu hal əməkdaşlara məlum idi. Saxta səhifənin müxtəlif vaxtlarda çəkilmiş ekran görüntüləri müraciətə əlavə olunur. Eyni zamanda kartın bloklanması barədə cavabda qeyd olunanlara münasibətdə aşağıdakıları bildirir: Azərbaycan Respublikası Mərkəzi X8 10 iyul 2012-ci il tarixli, 16/3 nömrəli Qərarı ilə təsdiqlənmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın: 3.8.5-ci bəndinə əsasən bu Qaydaların 3.9-cu bəndi ilə müəyyən edilmiş bildirişi aldıqdan sonra kartı dərhal bloklaşdırmaq emitentin vəzifəsidir. 3.9-cu bəndinə əsasən Emitent (və ya emitent tərəfindən müəyyən edilmiş və müqavilə əsasında bu xidməti yerinə yetirən kart təşkilatı) kart itirildikdə, oğurlandıqda və ya kartın səlahiyyətsiz istifadəsi barədə kart istifadəçisinin bildirişinin mümkün kommunikasiya (ən azı telefon, mobil, internet) vasitələrindən istifadə etməklə hər gün 24 saat ərzində fasiləsiz qəbul edilməsini təmin etməlidir. Ölkə xaricindən edilən müraciətlərin maneəsiz və operativ qəbul edilməsi üçün ayrıca telefon (stasionar və ya mobil) nömrəsi olmalıdır. Emitent bildirişin alınması zamanı kart istifadəçisini eyniləşdirməli və bildirişin qəbul edilməsi tarixini, vaxtını (saat və dəqiqə), kartın nömrəsini və hadisənin təfərrüatının qeydiyyatını aparmalı, habelə bu məlumatları ən azı 18 (on səkkiz) ay müddətində saxlamalıdır. 7.4-cü bəndinə əsasən kart istifadəçisi tərəfindən emitentin kartın itirildiyi, oğurlandığı və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi haqqında məlumatlandırılması müddəti və üsulu, həmçinin bu xəbərdarlığın qüvvəyə minməsi müddəti kart təşkilatının tələbləri nəzərə alınmaqla müqavilə şərtləri ilə müəyyən olunur. Həmçinin “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər”in: ABB-nin hesab və ödəniş kartı üzrə öhdəlikləri bölməsinin 18.1.8-ci bəndinə əsasən “Müştəridən daxil olmuş məlumat əsasında Ödəniş kartından/Əlavə kartdan istifadə edilməklə əməliyyatların həyata keçirilməsini dayandırmaq, habelə Ödəniş kartını/Əlavə kartı bloklaşdırmaq” ABB-nin öhdəliyidir. Müştərinin hesab və Ödəniş kartı üzrə öhdəlikləri bölməsinin 18.9.18-ci bəndə əsasən Kart/Əlavə kart/ŞEN-kod itirildikdə, oğurlandıqda, məhv olduqda, səlahiyyəti olmayan şəxs tərəfindən qanunsuz istifadə edildikdə, zədələndikdə, habelə fırıldaqçılıq (fraud) əməliyyatları baş verdikdə, o cümlədən ödəniş kartı vasitəsilə (o cümlədən internet vasitəsilə) əməliyyatların aparılması zamanı ödəniş kartının rekvizitlərinin üçüncü şəxslərə açıqlanması şübhələri yarandıqda ödəniş kartının bloklaşdırılması üçün dərhal ABB-nin müştəri xidmətinin telefon nömrəsi və ya "xxxx" prosessinq mərkəzinin ödəniş kartının arxasında göstərilən telefon nömrəsi vasitəsilə müvafiq olaraq ABB-ni və ya "xxxx" prosessinq mərkəzini xəbardar etmək və kartın bloklanması barədə xidmət göstərən məsul işçinin təsdiqini almaq; Digər tərəfdən ABB mobile mobil tətbiqinin istifadə qaydaları və şərtlərinə əsasən Rəqəmsal bankçılıq sisteminə girişin bloklanması üçün bankla dərhal əlaqə saxlamadıqda müştəri məsuliyyət daşıyır. Əlavə olaraq qeyd edir ki, əvvəldə qeyd etdiyi kimi kartın bloklanması ilə əlaqədar vaxtında ABB-nin çağrı mərkəzinə müraciət etmiş, çağrı mərkəzinin əməkdaşı kartların bloklanması barədə təsdiq ifadəsini bildirmişdir, Daha sonra müəyyən olmuşdur ki, kart bank tərəfindən bloklandıqdan 40 saniyə sonra kartdan vəsait silinmişdir. Göründüyü kimi, “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda və Standart Şərtlərdə öz əksini tapmış müddəalara əsasən, kartın bloklanması ilə bağlı müştəridən məlumat daxil olduqdan sonra kartın dərhal bloklanması nəzərdə tutulmuşdur. Cavabda qeyd olunan kartın bloklanması ilə əlaqədar zaman fərqi barədə həmin Qaydalar və Standart Şərtlərdə heç bir müddəa öz əksini tapmamışdır və kartın bloklanması ilə bağlı şərtlərin X4 tələbləri əsasında müəyyən edilməsi ilə bağlı da heç bir qeyd yoxdur. Yəni nəinki kartın bloklanmasında baş verən zaman fərqinin VİSA kart sisteminin tələblərinə uyğun olması, hətta kartın bloklanması və bloklandıqdan sonra istifadə olunmasının VİSA kart sisteminin tələbləri ilə müəyyən edilməsi normativ sənədlərdə öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən kartın bloklanmasında yaranan zaman fərqi ilə əlaqədar məsələyə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları” və Standart Şərtlər konteksində baxılmalıdır. Həmin normativ sənədlərdən göründüyü kimi ABB-nin proqram təminatında ciddi təhlükəsizlik problem var və bu problem müştərilərin hüquqlarını kobud surətdə pozur. Beləliklə, normativ sənədlərin, müqavilənin, Standart Şərtlərin tələblərinə əsasən Tam Kart kredit kartı və rəqəmsal bankçılıq üzrə ABB öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, normativ sənədlərin tələblərini pozmuş, ciddi təhlükəsizlik boşluğu yaradaraq kartdan vəsaitin silinməsi halına bu və ya digər dərəcədə şərait yaratmışdır. Yekun nəticədə onun hüquqları kobud surətdə pozulmuş və bank sisteminə dərin inamsızlıq yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia tələbinin rədd edilməsini xahiş etdi və məhkəmə çıxışında bildirdi ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, bildirir ki, iş materiallarında olan İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Tam kart müqaviləsinin" (№ BPM**********16) 13.3-cü maddəsində qeyd edilmişdir ki, müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, tam kart məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş və bu müqavilənin imzalanması tarixinə qüvvədə olan sonuncu tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə (bundan sonra - Standart Şərtlər) müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir. Həmin müqavilənin 13.4-cü maddəsində qeyd edilmişdir ki, borc alan bu müqaviləni imzalamaqla tam kart məhsuluna dair bu müqavilənin 13.3-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq Standart Şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 18.9.23-cü və 18.9.24-cü maddələrində qeyd edilmişdir ki, X5 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunub-olunmamasından asılı olmayaraq, Kart/Əlavə kartın istifadəsi və həmin kartlar vasitəsilə aparılan istənilən əməliyyata görə tam məsuliyyət daşımaq, habelə kartların istifadəsi nəticəsində ABB-yə və digər üçüncü şəxslərə dəyən zərərin və bütün növ maliyyə itkilərinin əvəzinin tam həcmdə ödənilməsini həyata keçirmək, bu Standart Şərtlər və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, X5 tərəfindən qəbul edilən qaydalara əməl etmək müştərinin öhdəliyidir. Standart Şərtlərin 19.2.5-ci maddəsində qeyd edilmişdir ki, müştəri ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözü kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür, buna görə məsuliyyət daşıyır. Standart Şərtlərin 19.3.2-ci maddəsində qeyd edilmişdir ki, müştərinin şəxsi imzasının başqa analoqundan istifadə edilməklə “ABB mobile - Mobil Bank” və “ABB banking - İnternet Bank” vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı ABB-nin təqsiri olmadan yarana biləcək bütün risklərə görə məsuliyyət müştərinin üzərinə düşür və ABB buna görə məsuliyyət daşımır. Standart Şərtlərin 20.4-cü maddəsində qeyd edilmişdir ki, müştəri tərəfindən ABB-yə təqdim edilən məlumatlar (telefon nömrəsi, email adresi və s.) əsasında müqavilə(lər)in üçüncü şəxs(lər) tərəfindən qanunsuz olaraq bağlanmasına görə ABB məsuliyyət daşımır. Standart Şərtlərin 20.6-cı maddəsində qeyd edilmişdir ki, X5 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunub-olunmamasından asılı olmayaraq, internet vasitəsilə Kartdan istifadə etməklə aparılmış, həmçinin ölkə xaricində aparılmış bütün əməliyyatlar üzrə, habelə Kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə (Kartı üçüncü şəxslərə verməmək, ŞEN-kodu gizli saxlamaq, beynəlxalq ödəniş sistemlərinin müəyyən etdiyi təhlükəsizlik kodunu (3D Secure code) digər şəxslərlə paylaşmamaq və s.) ABB məsuliyyət daşımır. Bu bənddə nəzərdə tutulan əməliyyatlar nəticəsində Müştəri özünə, ABB-yə və digər üçüncü şəxslərə dəymiş zərər, eləcə də bütün növ maliyyə itkiləri və müvafiq zərərin aradan qaldırılmasına sərf olunmuş xərclər (xidmət haqları, komisyon haqlar və s.) həcmində tam məsuliyyət daşıyır. İddiaçı tərəfindən imzalanmış, xx.xx.2023cü il tarixli "xxxx" ASC Göygöl filialı, Kredit Sifarişi (fiziki şəxslər üçün), Sifarişçi haqqında ümumi məlumat" adlı sənədin "Əlaqə nömrələri" sətrində ********** mobil nömrəsi qeyd edilmişdir. Həmin sənədin ikinci səhifəsində qeyd edilmişdir ki, "Mən aşağıda imza edən yuxarıda qeyd olunan məbləğdə kredit vəsaiti ayırmağınızı sizdən xahiş edirəm. Bu sifarişdə göstərilən bütün məlumatların düzgünlüyünə və həqiqiliyinə zəmanət verir və istənilən mənbələrdən bu barədə istənilən məlumatı yoxlamağa icazə verirəm. Həmçinin onu da başa düşürəm ki, bu sifarişi qəbul etməklə bank göstərilən məbləğdə və şərtlərlə kredit verilməsinə dair öz üzərinə heç bir öhdəlik götürmür". "OTP-lərin göndərilməsi barədə çıxarıs"dan görünür ki. "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaq üçün kodunuz ****. Tel:937" məzmununda 4 ədəd sms-mesaj xx.xx.2023-cü il tarixlərində (müvafiq olaraq saat (dəqiqə və saniyə) 21:50:52, 21:54:28, 21:54:50 və 21:54:56-da) **********51 nömrəli mobil nömrəyə göndərilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən arayışda (çıxarışda) qeyd edilmişdir ki, iddiaçının "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müraciəti əsasında 4127 **** **** 0317 saylı kartın bloklanılması məsələsinə detallı baxılmış və daxili araşdırılma aparılmışdır. Araşdırma nəticəsində daha öncə vətəndaşa da bildirildiyi kimi bloklanma prosesinin VİSA ödəniş sisteminin müəyyən etdiyi standartlara, habelə daxili sistemin konfiqurasiyasına tam uyğun şəkildə aparıldığı müəyyən edilmişdir. Belə ki, prosessinq mərkəzinin sisteminə xx.xx.2023-cü il tarixində saat 21:57:52-də kartın bloklanmasından sonra tokenin bloklanması ilə bağlı sorğu daxil olmuş və həmin sorğu icra edilərək saat 21:58:39-da Visa tərəfindən tokenin bloklanması tam yekunlaşmışdır və ümumən sorğunun icrası 47 saniyə almışdır. Vətəndaşın sorğusu dərhal icraata götürülmüş və bloklanma ödəniş sisteminin standartlarına uyğun olaraq aparılmışdır. "VİSA X7" proqram təminatından çıxarışda qeyd edilmişdir ki, "PAN **** **** **** 0317" nömrəli kart üzrə tokenin dayanma (bloklanma, "suspend") vaxtı xx.xx.2023-cü il tarixində saat 09:58:39 PM (21:58:39) olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Həmid Ağayev tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış ("xxxx" ASC-yə daxil olma tarixi xx.xx.2024-cü il olmuş) xx.xx.2024-cü il tarixli, 55/2-6607 nömrəli məktubda qeyd edilmişdir ki, bank məlumatlarının əldə edilməsinə dair Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(011)-836/2023 saylı Qərarı icra edilməsindən ötrü aidiyyəti əməkdaşa göstəriş verməyiniz üçün göndərilir. İş materiallarında olan, bank məlumatlarının əldə edilməsinə dair Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(011)-836/2023 saylı Qərarın "Müəyyən etdi" hissəsində qeyd edilmişdir ki, Xətai RPİ-nin 36-cı PŞ-də vətəndaş ünvan 1 ünvanında yaşayan İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 72B, mənzil 3-də ona məxsus "xxxx" ASC tərəfindən verilmiş 4127- 2044-4731-0317 saylı "Tam" kart hesabından 10.705 AZN pulunun kartına müdaxilə olunaraq çıxarıldığını aşkar etmişdir. "xxxx" ASC tərəfindən Bakı səhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Həmid Ağayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-2-41/2-9429/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(011)-836/2023 saylı qərarı ilə əlaqədar bildirir ki, İddiaçı məxsus 4127-2044-4731-0317 saylı plastik kartdan xx.xx.2023cü il tarixdə 10.704,83 (on min yeddi yüz dörd manat, səksən üç qəpik) manat məbləğində pul vəsaiti Ukrayna Respublikası (Vasylkiv) ərazisində yerləşən “X13.V.” adlı ticarət obyektində “Google Pay” ödəiniş aləti vasitəsilə Pos- terminaldan ödənişin edilməsi yolu ilə məxaric edilmişdir. Qeyd olunan köçürmə əməliyyatına dair çıxarışı təqdim edir və nəzərə alınmasını xahiş edir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılarla iş Departamentinin direktoru Xəyal Babayevə və vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-2/2-1082/2023 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının "xxxx" ASC-yə ünvanladığı 30 oktyabr 2023-cü il tarixli, 6-1-26/2-Ə-21- 11404/2023 saylı məktubu ilə bağlı bildirir ki, bank tərəfindən vətəndaş İddiaçı müraciətinə baxılmışdır. Müraciətdə qeyd olunan məsələ ilə bağlı bildirir ki, ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi ********** mobil nömrəsinə OTP (birdəfəlik kod) göndərilib və müvafiq kodu daxil etməklə qeydiyyat tamamlanıb. Bank tərəfindən müştərinin müvafiq mobil nömrəsinə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsinə dair SMS bildiriş göndərilmişdir. Müştərinin "xxxx" ASC-nin Məlumat Mərkəzinə edilən müraciətə əsasən kartın bloklanmasında heç bir çətinlik və ya nasazlıq aşkar edilməmişdir, bloklanma ödəniş sistemlərin tələblərinə tam uyğun olaraq aparılmışdır. Həmçinin bildirir ki, "xxxx" ASC tərəfindən dələduzluq halların qarşısının alınması məqsədilə rəqəmsal kanallar vasitəsilə müştərilərə davamlı məlumatlandırma və geniş maarifləndirmə tədbirlər həyata keçirilir. Qeyd edir ki, müştəriyə qarşı hər hansı bir qanun pozuntusu iddiası olduğu təqdirdə məsələnin daha ətraflı və obyektiv araşdırılması üçün müvafiq Hüquq Mühafizə orqanına müraciət etməyi tövsiyə olunur. Bu yazının 1-14cü bəndlərində istinad edilən işin materiallarında qeyd edilən xüsusatları ümumiləşdirərək belə qənaətə gəlir ki, iddiaçının banka təqdim etdiyi nömrəyə iddiaçının sifarişi əsasında bank tərəfindən müvafiq OTP kodlar göndərilmiş, iddiaçı bu kodlardan istifadə etmiş, bu hərəkəti ilə iddiaçı müqavilə (standart şərlər) üzrə tam olaraq özü məsuliyyət daşımış, iddiaçının bu hərəkətinə görə bankın müqavilə (standart şərtlər) üzrə heç bir məsuliyyəti olmamış, iddiaçının kartı üzrə virtual kartdan (tokendən) onun hərəkəti (sərəncamı) əsasında vəsaitlər çıxarılmış, bank tərəfindən kart iddiaçının müvafiq müraciətindən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq eyniləşdirmə və prosedurlar həyata keçirildikdən sonra vaxtında (dərhal) bloklanmış, virtual kartın (tokenin) bloklanması prosesində texniki olaraq prosessinq mərkəzinin, ödəniş sisteminin və tokenin aid olduğu təşkilatın iştirak etməli olduğuna görə prosessinq mərkəzinə bank tərəfindən vaxtında (dərhal) məlumat ötürülmüş, prosessinq mərkəzi də öz növbəsində müvafiq ödəniş sisteminin müəyyən etdiyi standartlara, habelə daxili sistemin konfiqurasiyasına tam uyğun tokenin bloklanmasını həyata keçirmişdir. Mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı (müştəri) və "xxxx" ASC arasında bağlanmış № BPM**********16 saylı xx.xx.2023-cü il tarixli "Tam kart müqaviləsinin": 13.3-cü maddəsində qeyd edilmişdir ki, müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, tam kart məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş və bu müqavilənin imzalanması tarixinə qüvvədə olan sonuncu tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə (bundan sonra - Standart Şərtlər) müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir. 13.4-cü maddəsində qeyd edilmişdir ki, borc alan bu müqaviləni imzalamaqla tam kart məhsuluna dair bu müqavilənin 13.3-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq Standart Şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin: - 18.9.23-cü və 18.9.24-cü maddələrində qeyd edilmişdir ki, X5 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunubolunmamasından asılı olmayaraq, Kart/Əlavə kartın istifadəsi və həmin kartlar vasitəsilə aparılan istənilən əməliyyata görə tam məsuliyyət daşımaq, habelə kartların istifadəsi nəticəsində ABB-yə və digər üçüncü şəxslərə dəyən zərərin və bütün növ maliyyə itkilərinin əvəzinin tam həcmdə ödənilməsini həyata keçirmək, bu Standart Şərtlər və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, X5 tərəfindən qəbul edilən qaydalara əməl etmək müştərinin öhdəliyidir. 19.2.5-ci maddəsində qeyd edilmişdir ki, müştəri ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözü kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür, buna görə məsuliyyət daşıyır. 19.3.2-ci maddəsində qeyd edilmişdir ki, müştərinin şəxsi imzasının başqa analoqundan istifadə edilməklə “ABB mobile - Mobil Bank” və “ABB banking - İnternet Bank” vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı ABB-nin təqsiri olmadan yarana biləcək bütün risklərə görə məsuliyyət müştərinin üzərinə düşür və ABB buna görə məsuliyyət daşımır. 20.4-cü maddəsində qeyd edilmişdir ki, müştəri tərəfindən ABB-yə təqdim edilən məlumatlar (telefon nömrəsi, email adresi və s.) əsasında müqavilə(lər)in üçüncü şəxs(lər) tərəfindən qanunsuz olaraq bağlanmasına görə ABB məsuliyyət daşımır. 20.6-cı maddəsində qeyd edilmişdir ki, X5 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunub-olunmamasından asılı olmayaraq, internet vasitəsilə Kartdan istifadə etməklə aparılmış, həmçinin ölkə xaricində aparılmış bütün əməliyyatlar üzrə, habelə Kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə (Kartı üçüncü şəxslərə verməmək, ŞEN-kodu gizli saxlamaq, beynəlxalq ödəniş sistemlərinin müəyyən etdiyi təhlükəsizlik kodunu (3D Secure code) digər şəxslərlə paylaşmamaq və s.) ABB məsuliyyət daşımır. - Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2012-ci il tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş X3 və İstifadə Qaydalarının: 7.1-ci bəndinə əsasən emitentin (kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxs) kartlarla aparılmış şübhəli əməliyyatların (həmçinin qısa vaxt kəsiyində müxtəlif ölkələrdə əməliyyatların aparılması, o cümlədən emitentin müəyyən etdiyi risk kateqoriyası yüksək olan ölkələrdə və təsərrüfat subyektlərində əməliyyatların aparılması) real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatı olmalıdır. 7.2-ci bəndinə əsasən emitent müvafiq proqram təminatı vasitəsilə kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinq həyata keçirməlidir. Emitent qeyri-iş saatlarında bu tip monitorinqin keçirilməsini müqavilə əsasında kart təşkilatına həvalə edə bilər. Bu zaman emitent cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilikdə, eləcə də kart sahibi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifə və məsuliyyətdən azad edilmir. 7.5-ci bəndinə əsasən emitent kart istifadəçilərini eyniləşdirən məxfi məlumatların, kartlarla bağlı əməliyyatların qanunsuz açıqlanmasının qarşısının alınması üzrə bankdaxili prosedur qaydalara malik olmalıdır. - "OTP-lərin göndərilməsi barədə çıxarış"dan görünür ki. "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaq üçün kodunuz ****. Tel:937" məzmununda 4 ədəd sms-mesaj xx.xx.2023-cü il tarixlərində 21:50:52, 21:54:28, 21:54:50 və 21:54:56 vaxtlarında **********51 nömrəli mobil nömrəyə göndərilmişdir. - "xxxx" MMC tərəfindən təqdim edilən arayışda (çıxarışda) qeyd edilmişdir ki, iddiaçının "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müraciəti əsasında 4127 **** **** 0317 saylı kartın bloklanılması məsələsinə detallı baxılmış və daxili araşdırılma aparılmışdır. Araşdırma nəticəsində daha öncə vətəndaşa da bildirildiyi kimi bloklanma prosesinin VİSA ödəniş sisteminin müəyyən etdiyi standartlara, habelə daxili sistemin konfiqurasiyasına tam uyğun şəkildə aparıldığı müəyyən edilmişdir. Belə ki, prosessinq mərkəzinin sisteminə xx.xx.2023-cü il tarixində saat 21:57:52-də kartın bloklanmasından sonra tokenin bloklanması ilə bağlı sorğu daxil olmuş və həmin sorğu icra edilərək saat 21:58:39-da Visa tərəfindən tokenin bloklanması tam yekunlaşmışdır və ümumən sorğunun icrası 47 saniyə almışdır. Vətəndaşın sorğusu dərhal icraata götürülmüş və bloklanma ödəniş sisteminin standartlarına uyğun olaraq aparılmışdır. - "xxxx" ASC tərəfindən Bakı səhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı cənab Həmid Ağayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-2- 41/2-9429/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(011)-836/2023 saylı qərarı ilə əlaqədar bildirir ki, İddiaçı məxsus 4127-2044-4731-0317 saylı plastik kartdan xx.xx.2023-cü il tarixdə 10.704,83 (on min yeddi yüz dörd manat, 83 qəpik) manat məbləğində pul vəsaiti Ukrayna Respublikası (Vasylkiv) ərazisində yerləşən “X13.V.” adlı ticarət obyektində “Google Pay” ödəiniş aləti vasitəsilə Pos- terminaldan ödənişin edilməsi yolu ilə məxaric edilmişdir. - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılarla iş Departamentinin direktoru cənab Xəyal Babayevə və vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-2/2-1082/2023 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının "xxxx" ASC-yə ünvanladığı 30 oktyabr 2023-cü il tarixli, 6-1-26/2-Ə-21- 11404/2023 saylı məktubu ilə bağlı bildirir ki, bank tərəfindən vətəndaş İddiaçı müraciətinə baxılmışdır. Müraciətdə qeyd olunan məsələ ilə bağlı bildirir ki, ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi ********** mobil nömrəsinə OTP (birdəfəlik kod) göndərilib və müvafiq kodu daxil etməklə qeydiyyat tamamlanıb. Bank tərəfindən müştərinin müvafiq mobil nömrəsinə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsinə dair SMS bildiriş göndərilmişdir. Müştərinin "xxxx" ASC-nin Məlumat Mərkəzinə edilən müraciətə əsasən kartın bloklanmasında heç bir çətinlik və ya nasazlıq aşkar edilməmişdir, bloklanma ödəniş sistemlərin tələblərinə tam uyğun olaraq aparılmışdır. Həmçinin bildirir ki, "xxxx" ASC tərəfindən dələduzluq halların qarşısının alınması məqsədilə rəqəmsal kanallar vasitəsilə müştərilərə davamlı məlumatlandırma və geniş maarifləndirmə tədbirləri həyata keçirilir. Qeyd edir ki, müştəriyə qarşı hər hansı bir qanun pozuntusu iddiası olduğu təqdirdə məsələnin daha ətraflı və obyektiv araşdırılması üçün müvafiq Hüquq Mühafizə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Müəyyən edilmişdir ki, hazırki mübahisənin mahiyyəti iddiaçının ona məxsus "xxxx" ASC tərəfindən verilmiş 4127-2044-4731-0317 saylı "Tam" kart hesabından 10.705 manat pulunun kartına müdaxilə olunaraq çıxarılmasıdır və iddiaçı bu vəsaitin çıxarılması ilə bağlı tələbinin əsası kimi cinayətkarlar tərəfindən bankın rəsmi səhifəsinin oxşarı yaradılaraq ABB Mobile xx.xx.2023-cü il saat 21:50 radələrində ələ keçirilməsi və ABB mobile-nin ələ keçirilməsi tərəfindən dərhal aşkar edərək, bankın çağrı mərkəzinə saat 21:53-də zəng edilməsi, çağrı mərkəzinin operatoru 21:55-də iddiaçının kimliyini tam müəyyən edərək kartların bloklanması üçün xəttə gözləməyini bildirməsi, 3 dəqiqə xəttə gözlətdikdən sonra 21:58-də kartların bloklandığını bildirməsi və təxminən 30 saniyə sonra kredit kartından 10704.83 manat Ukrayna Respublikası üzərindən ödəniş edildiyini bildirməsi, daha sonra bankın filiallarına və çağrı mərkəzinə müraciəti zamanı vəsait silinən kartın bank tərəfindən 21:57:52-də bloklandığı, vəsaitin isə 21:58:32-də kartdan çıxarıldığını bildirilməsi, həmçinin çağrı mərkəzinin əməkdaşları tərəfindən kartın bank tərəfindən bloklandığı andan etibarən kartdan vəsaitin çıxarılmasının mümkün olmadığını, vəsait çıxarıldıqda isə məsuliyyətin bankın üzərinə düşməsini, Bank tərəfindən verilmiş çıxarışlarda kart bloklandıqdan 40 saniyə sonra 10704.83 manat ödəniş olduğunun əks olunması, bir sözlə, vəsait ABB tamkart kredit xətindən çıxarıldığı və bankın məsuliyyət daşıdığı məsələləri nəzərə alaraq vəsaitin bank tərəfindən geri qaytarılması və yaxud həmin borcun silinməsi təşkil edir. İddiaçı Bankın öz üzərinə düşən təhlükəsizlik tədbirlərini yerinə yetirməməklə kobud qanun pozuntusu törətməsini Bankın mobil tətbiqin başqa cihazda açılması zamanı kartları avtomatik bloklaya, həmçinin ölkə xaricində ödəniş olduğu və yetəri qədər yüksək məbləğ olduğu üçün şübhəli əməliyyat kimi bloklaya bilməsi, həmçinin bankın bu kibercinayətkarlıq halı ilə əlaqədar məlumatlı olduğu və bir çox müştərilərin bu haldan əziyyət çəkdiyini bildiyi halda heç bir təhlükəsizlik tədbiri görməməsi ilə əsaslandırır. Bununla da, iddiaçı "xxxx" ASC-nin səhvi ucbatından ona məxsus ABB Tamkart kredit kartından 10704.83 manat silinməsini iddia edərək hazırki iddianı qaldırmışdır. Müəyyən edilmişdir ki, iddiaçının "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müraciəti əsasında 4127 **** **** 0317 saylı kartın bloklanılması məsələsi üzrə, eləcə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, İddiaçı məxsus 4127-2044-4731-0317 saylı plastik kartdan xx.xx.2023-cü il tarixdə 10.704,83 manat məbləğində pul vəsaiti Ukrayna Respublikası (Vasylkiv) ərazisində yerləşən “X13.V.” adlı ticarət obyektində “Google Pay” ödəiniş aləti vasitəsilə Pos-terminaldan ödənişin edilməsi yolu ilə məxaric edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi ********** mobil nömrəsinə OTP (birdəfəlik kod) göndərilmiş və müvafiq kodu daxil etməklə qeydiyyat tamamlanmışdır. Bank tərəfindən müştərinin müvafiq mobil nömrəsinə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsinə dair SMS bildiriş göndərilmişdir. Müştərinin "xxxx" ASC-nin Məlumat Mərkəzinə edilən müraciətə əsasən kartın bloklanmasında heç bir çətinlik və ya nasazlıq aşkar edilməmişdir, bloklanma ödəniş sistemlərin tələblərinə tam uyğun olaraq aparılmışdır. İddiaçının tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 21.2-ci maddələrinə istinad etməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin normalara əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Beləliklə də, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: -zərərin mövcud olması; -zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, plastik ödəmə kartı - əsasən kredit, ödəmə və debit (hesabdan nağd vəsaitlərin alınması) kart olaraq bilinən, vəsaitlərin mübadiləsi, pulun saxlanılması, məsafədən ödənişlərin həyata keçirilməsi, başqa hesablara pulun köçürülməsi və digər əməliyyatlar üçün istifadə olunan vasitədir. Belə ki, kart vasitəsilə yuxarıda qeyd olunan əməliyyatlar müxtəlif üsullarla (postterminal vasitəsi ilə pul ödənilməsi, ATM vasitəsi ilə hesabdan nağd vəsaitlərin alınması, internet resursları vasitəsilə online pul köçürmələri, ölkə daxili və ölkə xarici hesablara pul köçürülməsi və s.) müxtəlif vasitələrlə həyata keçirilir. Plastik kartların aid olduğu hesaba dair məlumatlar kartın məxsus olduğu müəsissə tərəfindən saxlanılır, kartın istifadəçisi və həmin müəssisə tərəfindən idarə olunur. Kartlarda informasiya təhükəsizliyinin təmin edilməsi üçün (kartın nömrəsi, PİN-kod, təhlükəsizlik şifrəsi, bank resurslarına aid şifrələr, kredit limiti, əməliyyatların tarixçəsi və s.) xüsusiyyətlərin qorunmasına diqqət yetirilməlidir. Məhkəmə daha sonra qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Həmçinin, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmənin qənaətinə görə iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində bankın filiallarına və çağrı mərkəzinə müraciəti zamanı vəsait silinən kartın bank tərəfindən 21:57:52-də bloklandığını, vəsaitin isə 21:58:32-də kartdan çıxarıldığı bildirildiyini, kart bloklandıqdan 30 saniyə sonra 10704.83 manat pul vəsaitinin onun iradəsinə zidd olaraq məxaric edildiyini bildirsə də, cavabdehin hər hansı təqsirli hərəkət yaxud hərəkətsizliyi ilə bağlı olmasına dair iddiaçı tərəf heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddələrin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə daha sonra qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı ona cavabdeh tərəfindən maddi ziyan vurulması ilə bağlı öz hüquqi mövqeyini (bank hesablarının təhlükəsizliyinin banklar tərəfindən qorunmaması səbəbindən hesabından pulların məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Əksinə, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus plastik kartlarla əməliyyatların aparılması zamanı İnformasiya Təhlükəsizliyinin idarə edilməsi Qaydası»na, «Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları»na Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar»ına əməl edilməməsi halı olmamışdır. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçının banka təqdim etdiyi nömrəyə iddiaçının sifarişi əsasında bank tərəfindən müvafiq OTP kodlar göndərilmiş, iddiaçı bu kodlardan istifadə etmiş, bu hərəkəti ilə iddiaçı müqavilə (standart şərlər) üzrə tam olaraq özü məsuliyyət daşımış, iddiaçının bu hərəkətinə görə bankın müqavilə (standart şərtlər) üzrə heç bir məsuliyyəti olmamış, iddiaçının kartı üzrə virtual kartdan (tokendən) onun hərəkəti (sərəncamı) əsasında vəsaitlər çıxarılmış, bank tərəfindən kart iddiaçının müvafiq müraciətindən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq eyniləşdirmə və prosedurlar həyata keçirildikdən sonra vaxtında (dərhal) bloklanmış, virtual kartın (tokenin) bloklanması prosesində texniki olaraq prosessinq mərkəzinin, ödəniş sisteminin və tokenin aid olduğu təşkilatın iştirak etməli olduğuna görə prosessinq mərkəzinə bank tərəfindən vaxtında (dərhal) məlumat ötürülmüş, prosessinq mərkəzi də öz növbəsində müvafiq ödəniş sisteminin müəyyən etdiyi standartlara, habelə daxili sistemin konfiqurasiyasına tam uyğun tokenin bloklanmasını həyata keçirmişdir. Məhkəmə göstərilən nəticəyə gələrkən həmçinin, İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Tam kart müqaviləsi"nə (№ BPM**********16) əsasən iddiaçının müştəri olaraq ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözü kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürməsi və buna görə məsuliyyət daşıması ilə xəbərdar edilməsini də diqqətə almaqla yanaşı vurğulayır ki, iddianın əsaslı olması ilə bağlı iddia ərizəsində irəli sürülən dəlillər iddiaçının özünün məsuliyyət dairəsinə düşən hərəkətlərinə görə cavabdehin onun qarşısında mülki məsuliyyət daşıyıcısı olmasına hüquqi əsas yaratmadığı üçün əsassızdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1399/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1399/2024
15.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver