Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1411/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07.08.2018-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və «X4» haqqında müqavilə imzalanmışdır. 20.09.2019-cu il tarixli 413-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və «X4» haqqında müqavilə imzalanmışdır. 14.10.2020-ci il tarixli, 625-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzimndə bilavasitə ilə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 23.03.2020-ci il, 29.07.2020-ci il və 10.09.2020-ci il tarixdə İddiaçı MMC-nin - OBA 28 May 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 23.03.2020-ci il, 29.07.2020-ci il və 10.09.2020-ci il tarixlərində «inventarizasiya Nəticələrinə» dair Aktlara əsasən yekun ziyan məbləği 6393 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0,5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləği birinci əskikgəlməyə görə 1402 (2525-224687x0,5%) manat, ikinci əskikgəlmədən 1058 (1543-96991x0,5%) manat, üçüncü əskikgəlmədən 2177 (2325-29623x0,5%) manat və ümumi olaraq 4637 manat borc qalmışdır. Ümumi kənarlaşma məbləğindən 1301 manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 3336 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X4 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3336 manat, mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 4 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq 02.03.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianı müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizədə 02.03.2022-ci il tarixdə keçiriləcək baxış iclasında İddiaçı MMC tərəfindən ona qarşı qaldırılmış iddianın həm əsassız olduğundan, həm də iddia müddəti keçdiyindən işə onun iştirakı olmadan baxılaraq rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdeh iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqi ilə bağlı ərizə məhkəməyə ünvanlayaraq göstərmişdir ki, iddia tələbi sassız olduğundan, həm də iddia müddəti keçdiyindən rədd edilməlidir. Belə ki, iddiaçının tələbi hər hansı sübuta söykənmir, iddiaçı tərəfindən təqdim edilən inventarizasiyaların nəticələrinə dair aktlar məhz onun tərəfindən iddiaçıya ziyanın vurulmasını təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Bundan başqa, həmin aktlardan müəyyən olunur ki, sonuncu akt 10.09.2020-ci il tarixdə tərtib edilmiş, lakin iddiaçı həmin tarixdən, yəni ziyanın aşkar edildiyi gündən 1 il keçdikdən sonra məəhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, İddiaçı MMC tərəfindən ona qarşı qaldırılmış iddianın həm əsasız olduğundan, həm də iddia müddəti keçdiyindən onun iştirak olmadan baxılaraq rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan «X6» MMC ilə Cavabdeh arasında bağlanılmış 07 avqust 2018-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən Cavabdeh 07.08.2019-cu il tarixədək «X6» MMC-yə Satış Departamenti-Satış 2 Şöbəsi- Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir.
8. İş üzrə SWU7ASS000104 saylı, 20.09.2019-cu il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, Cavabdeh «X6» MMC-də administrator vəzifəsində işləyir, aylıq əmək haqqı 345 manat təşkil edir.
9. İş üzrə 20.09.2019-cu il tarixli X4 haqqında müqavilənin surətinə əsasən administrator Cavabdeh ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalması, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübarizə aparması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparması öz üzərinə götürmüşdür.
10. İş üzrə «X6» MMC tərəfindən tərtib edilmiş «X6» MMC-nin 28 May 2 filialında aparılmış planlı inventarizasiya nəticələrinə dair yekun aktların surətlərindən görünür ki, 23.03.2020-ci il tarixli akta əsasən Cəmiyyətə - 2525,46 manat, 29.07.2020-ci il tarixli akta əsasən Cəmiyyətə – 1543,45 manat, 10.09.2020-ci il tarixli akta əasən Cəmiyyətə – 2325,25 manat məbləğində zərər vrulmuşdur.
11. İş üzrə SWU7ASS0001X0 saylı, 14.10.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, Cavabdeh 14.10.2020ci il tarixli, 625 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir.
12. İş üzrə İddiaçı MMC tərəfindən X1 ünvanlanmış 16.03.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı MMC-nin 28 May-2 filialında işlədiyi dövrdə fəaliyyəti yoxlanılmış və əskikgəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də İddiaçı MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən (işçi ona etibar edilmiş əmlakın sərvətlərin və götürəcək işlərin tam qaydasına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır). Qeyd olunanları nəzərə alaraq diqqətinə çatdırmaq istəyirlər ki, hazırda faktiki qalıq borcu 3914 manat təşkil edir. 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin edilməsini xahiş etmişlər. Əks təqdirdə Cavabdeh barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdir.
13. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftif yoxlaması barədə 04.06.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 23.03.2020-ci il tarixində 2525 manat (dövriyyə – 224676 manat), 29.07.2020-ci il tarixində 1543 manat (dövriyyə – 96991 manat), 10.09.2020-ci il tarixində 2325 (dövriyyə – 29623 manat) və ümumi olaraq 6393 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0,5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləği birinci əskikgəlməyə görə 1402 (2525-224687*0,5%) manat, ikinci əskikgəlmədən 1058 (1543-96991*0,5%) manat, üçüncü əskikgəlmədən 2177 (2325-29623*0,5%) manat və ümumi olaraq 4637 manat borc qalmışdır. Ümumi kənarlaşma məbləğindən 1301 manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdeh 04.06.2021-ci il tarixinə, İddiaçı MMC-yə olan ümumi borcu 3336 manat təşkil edir.
14. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 22.11.2021-ci il tarixli arayışın surətindən görünür ki, bu arayış Cavabdeh İddiaçı MMC tərəfindən təsvir edildiyi kimi, dəymiş zərərin nəticəsində yaranmış borcun ödənilməsi tələbinə dair 22.11.2021-ci il tarixdə, 11.20-11.50 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 9 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya dair xərci tam ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 07 avqust 2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh «X6» MMCyə Satış Departamentinin satış 2 şöbəsinin satıcı-kassir vəzifəsinə işə götürülmüş, 20.09.2019-cu il tarixdə «X6» MMC-nin Satış Departamentinə administrator vəzifəsinə keçirilmişdir. Eyni zamanda əmək müqaviləsinə əlavə olaraq tərəflər arasında X4 haqqında müqavilə bağlanılmışdır. Cavabdeh «X6» MMC-nin 28 May 2 filialında administrator vəzifəsində işləyən zaman 23.03.2020-ci il, 29.07.2020-ci il və 10.09.2020-ci il tarixli tarixlərdə aparılmış inventarizasiya nəticəsində cəmi 6393 manat məbləğində çatışmamazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0,5%) tətbiq edildikdə 4637 manat borc qalmışdır. Ümumi kənarlaşma məbləğindən 1301 manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır və 04.06.2021-ci il tarixinə cavabdehin iddiaçıya olan ümumi borcu 3336 manat təşkil etmişdir. Hazırda iddiaçı həmin pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə iddia müddətinin hazırki mübahisəyə tətbiq edilib-edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
19. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
20. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
21. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.10.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
22. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
23. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
24. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
26. Məhkəmə həmçinin iddianın əsaslılığı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona dəymiş maddi ziyanın ödənilməsi barədə iddia verərkən cavabdehin onun işçisi olduğunu, aralarındakı əmək münasibətlərindən irəli gələn pul öhdəliyinin olmasına dair müvafiq sənədlər təqdim edərək ilkin sübutlarla təsdiq olunduğu məhkəmə tərəfindən müəyyən edilmişdir.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
30. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov