Məhkəmə qərarları › İş №e-2(006)-1413/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1413/2024

09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1413/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bakı şəhəri Yasamal rayon Prokurorluğu, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Bakı şəhəri Yasamal rayon Prokurorluğu, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X3 xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, Yasamal RPİ-nin sabiq müstəntiqi polis mayoru Samir Ağayev tərəfindən verilmiş İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edilərək, sonucunun barəsində xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından İddiaçı müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixdə baxaraq, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(004)-433/2021 saylı qərarını ləğv etmiş və təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə sonucu məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Yasamal RPİ-nin sabiq müstəntiqi polis mayoru Samir Ağayev tərəfindən verilmiş İddiaçı barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatəti təmin edilərək sonucu barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Yasamal RPİ-nin sabiq müstəntiqi polis mayoru Samir Ağayev təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xx.xx.2022-ci il tarixdə bitdiyinə görə, barəsində xx.xx.2022-ci il tarixdə tərəfindən polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)- 12/2023-cü il tarixli hökmü ilə İddiaçı əməllərində Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrinin tərkibi olmadığına görə ona həmin maddələrlə bəraət verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-12/2023-cü il tarixli bəraət hökmündən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fəridə Bəhramov tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixdə baxaraq, apellyasiya protesti təmin edilməmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-12/2023-cü il tarixli hökmü İddiaçı nisbətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarından Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fəridə Bəhramov tərəfindən verilmiş kassasiya protestinə Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixdə baxaraq, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarı İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilmişdir. Belə ki, iddiaçını qanunsuz olaraq 08 avqust 2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək (2 ildən çox müddətə) təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək polis nəzarəti altına vermə qətimkan tədbiri tətbiq edilmiş və qanunsuz məhkəməyə verilməsi nəticəsində 2 il 1 ay 17 gün işsiz qalmışdır. Bu müddət ərzində işsiz qalmağı nəticəsində onun və ailəsinin maddi durumu olduqca acınacaqlı vəziyyətə düşmüşdür. Bu müddət ərzində o, taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi gündəlik orta hesabla 40 manat qazancından qalmaqla, ümumilikdə 31.000 (otuz bir min) manat məbləğində qazancından məhrum olmaqla yanaşı böyük mənəvi sarsıntılarda keçirmişdir. Heç bir təqsiri olmadığı təqdirdə 2 il 1 ay 17 gün müddətində təqsirləndirilən şəxs qismində ittiham olunaraq, faktiki olaraq həyat və iş fəaliyyəti iflic vəziyyətə düşmüşdür. Bundan başqa, İddiaçı Bakı İstintaq Təcridnasında saxlanarkən ona xx.xx.2021-ci il tarixdə COVİD-19 xəstəliyinə qarşı Sinovak peyvəndi vurulmuşdur. İddiaçı peyvənd vurulan zaman bildirsə də ki, onun bir böyrəyi yoxdur və bu peyvənd ona olmaz, lakin buna baxmayaraq həmin COVİD-19 xəstəliyinə qarşı Sinovak peyvəndi ona məcburi qaydada vurulmuşdur və nəticədə onun səhəttində ciddi problemlər yaranmışdır, yəni yeganə böyrəyi bu peyvənd nəticəsində tam sıradan çıxmışdır. Belə ki, xx.xx.2021-ci il tarxidə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından azad olunandan sonra səhhətində yaranmış problemlə bağlı xx.xx.2021-ci il tarixdə 3 saylı Şəhər Kliniki Xəstəxanaya müraciət etmiş və orada analizlər vermişdir, analizlərin nəticəsi heç də yaxşı olmamışdır. Belə ki, həkim İddiaçı dərhal Akademik M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına göndərərək orada müalicə alınmasını bildirmişdir. Mülacinənin ona bir xeyri olmadığından həkim dərhal hemodializ müalicəsini məsləhət görmüşdür. xx.xx.2021-ci il tarixdə İddiaçı EGE HOSPİTAL-a müraciət edərək, aparılmış ilkin müayinələrdən sonra xəstəyə “Hiperteniz nefropatiya, xroniki böyrək xəstəliyi V mərhələ” diaqnozu qoyulmuş və hemodializ müalicəsinə başlanılmışdır. Bu müalicənin aparılmasına səbəb məhz həbsdə yatdığı zaman ona edilmiş peyvənd olmuşdur. Özü həbsdən azad olunduqdan sonra hemodializ prosedurlarına 1081 manat pul xərcləmək möcburiyyətində qalmışdır. Həmin məbləğ də zərərçəkmiş şəxs İddiaçı ödənilməlidir. Yeganə böyrəyini məcburi peyvənd aparılmaqla faktiki olaraq sıradan çıxması nəticəsində İddiaçı sağlamlığına bərpaolunmaz dərəcədə ağır zərər vurulmuşdur. Bu zərərin əvəzi qismində İddiaçı əlavə olaraq 100.000 (yüz min) manat zərərin əvəzi qismində ödənilməlidir. Habelə, iddiaçı qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edildiyinə görə hələ də fiziki və psixi əzab və iztirablar çəkməkdədir. Hesab edir ki, iddiaçının qanunsuz və əsassız olaraq təqsirli bilinməyi onun şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən bir hal kimi çıxış etməkdədir və bu vəziyyət ona şəxsi həyatında hələ də problemlər yaratmaqdadır. Hesab edilir ki, mənəvi zərər qismində İddiaçı daha 50.000 (əlli min) manat məbləğində pul vəsaiti ödənilməlidir və bu, ədalətlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmş maddi ziyana görə 31.000 (otuz bir min) manat, peyvəndlə bağlı məcburi müalicə xərclərinə görə 1081 (min səksən bir) manat, vurulmuş mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində, sağlamlığına vurulmuş zərərə görə 100.000 (yüz min) manat və hüquqi yardım üçün ödənilmiş 830 (səkkiz yüz otuz) manat, cəmi 182911 (yüz səksən iki min doqquz yüz on bir) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz əməlləri nəticəsində dəymiş zərərə görə ümumilikdə 182.911 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə etiraz edərək bildirilir ki, qeyd olunan tələb əsaslı olmadığından rədd edilməlidir. Belə ki, iddiaçı aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə kompensasiya ödənilməsini tələb etmişdir. Həmçinin, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Bundan başqa, iddiaçı peyvəndlə bağlı məcburi müalicə xərclərinə görə 1081 manat vəsaitin ödənilməsini tələb etmişdir. Lakin işin materiallarına iddiaçının qeyd etdiyi kimi məcburi peyvənd olunduqdan sonra bu xəstəliyə məruz qalmasını təsdiq edən sənəd əlavə edilməmişdir, iddiaçı bəlkə həbs edilmədən öncə bu xəstəliyin daşıyıcısı olub. Ümumiyyətlə, iddiaçı sağlamlığına vurulmuş zərər üçün tələb olunan məbləğin həqiqətən də müalicə ilə bağlı xərclənməsini sübut edəcək hər hansı bir dəlil təqdim etməmişdir. Qeyd edilir ki, tələb olunan məbləğ ağlabatan deyil. Həmçinin, iddiaçı hüquqi yardım üçün 830 manat məbləğdə vəsaitin ödənildiyini qeyd etmiş, amma bununla da bağlı sübutlar təqdim etməmişdir. Belə ki, hüquqi yardımla bağlı sənədlər işin materiallarına əlavə olunmalı və hətta bunların iddiaçıya qarşı bu cinayət işi ilə bağlı olması sübut olunmalıdır. Belə olan halda məhkəməyə müdafiəçi ilə bağlanılmış müvafiq müqavilələrin surətləri təqdim olunmalıdır. İddiaçı həmçinin mənəvi ziyanın ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iddiaçı «Təhqiqat, ibtidai stindaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək ona maddi və mənəvi ziyanın dəyməsi hallarını təsdiq edən hər hansı bir sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya nərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — üz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi araratı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi də ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin eməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, Yasamal rayon Polis İdarəsinin qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı barəsində xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdən onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-12/2023-cü il tarixli hökmü ilə İddiaçı əməllərində Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrinin tərkibi olmadığına görə ona həmin maddələrlə bəraət verilmişdir. Digər məhkəmə instansiyaları həmin hökmü dəyişdirmədən saxlamışdır. Belə ki, iddiaçı qanunsuz olaraq 08 avqust 2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək polis nəzarəti alına vermə qətimkan tədbiri tətbiq edilmiş və qanunsuz məhkəməyə verilməsi nəticəsində 2 il 1 ay 17 gün işsiz qalmışdır. Bu müddət ərzində işsiz qalmağı nəticəsində onun və ailəsinin maddi durumu olduqca acınacaqlı vəziyyətə düşmüşdür. Bu müddət ərzində iddiaçı taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi gündəlik orta hesabla 40 manat qazancımdan qalmaqla, ümumilikdə 31.000 manat məbləğində qazancından məhrum olmaqla yanaşı böyük mənəvi sarsıntılarda keçirmişdir. Bundan başqa, İddiaçı Bakı İstintaq Təcridnasında saxlanarkən ona xx.xx.2021-ci il tarixdə COVİD-19 xəstəliyinə qarşı Sinovak peyvəndi vurulmuşdur. İddiaçı peyvənd vurulan zaman bildirsə də ki, onun bir böyrəyi yoxdur və bu peyvənd ona olmaz, lakin buna baxmayaraq həmin COVİD-19 xəstəliyinə qarşı Sinovak peyvəndi ona məcburi qaydada vurulmuşdur və nəticədə onun səhəttində ciddi problemlər yarmışdır, yəni yeganə böyrəyi bu peyvənd nəticəsində tam sıradan çıxmışdır. Belə ki, xx.xx.2021-ci il tarxidə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından azad olunandan sonra səhhətində yaranmış problemlə bağlı xx.xx.2021-ci il tarixdə 3 saylı Şəhər Kliniki Xəstəxanaya müraciət etmiş və orada analizlər vermişdir, analizlərin nəticəsi heç də yaxşı olmamışdır. Belə ki, həkim İddiaçı dərhal Akademik M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına göndərərək orada müalicə alınmasını bildirmişdir. Müalicənin ona bir xeyri olmadığından həkim dərhal hemodializ müalicəsini məsləhət görmüşdür. xx.xx.2021-ci il tarixdə İddiaçı EGE HOSPİTAL-a müraciət edərək, aparılmış ilkin müayinələdən sonra xəstəyə “Hiperteniz nefropatiya, xroniki böyrək xəstəliyi V mərhələ” diaqnozu qoyulmuş və hemodializ müalicəsinə başlanılmışdır. Bu müalicənin aparılmasına səbəb məhz həbsdə yatdığı zaman ona edilmiş peyvənd olmuşdur. Özü həbsdən azad olunduqdan sonra hemodializ prosedurlarına 1081 manat pul xərcləmək məcburiyyətində qalmışdır. Həmin məbləğ də zərərçəkmiş şəxs İddiaçı ödənilməlidir. Yeganə böyrəyini məcburi peyvənd aparılmaqla faktiki olaraq sıradan çıxması nəticəsində İddiaçı sağlamlığına bərpaolunmaz dərəcədə ağır zərər vurulmuşdur. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 6.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 7.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. 8.Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunaraq xx.xx.2021-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Lakin onun müdafiəçisi tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş və xx.xx.2021-ci il tarixdə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə sonuncu məhkəmə iclas zalından həsbdən azad olunmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdən isə İddiaçı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-12/2023 saylı Hökmünə əsasən İddiaçı əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinin tərkibi olmadığına görə ona həmin maddələrlə bəraət verilmiş, sözügedən hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-639/2023 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-1715/2023 saylı Qərarlarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. b) Mülki işin materialları: 11.Mülki işin materiallarında olan "xxxx" tərəfindən verilən ödəniş qəbzlərindən görünür ki, İddiaçı Qasım oğlu tərəfindən xroniki böyrək çatışmazlığında hemodializə (təkrarı) görə 1/7/2022-ci il tarixdə 100 manat, xx/xx/2021-ci il tarixdə 100 manat, 1/22/2022-ci il tarixdə 100 manat, 1/15/2022-ci il tarixdə 100 manat, xx/xx/2021-ci il tarixdə 278 manat, xx/xx/2021-ci il tarixdə 203 manat, 1/7/2022-ci il tarixdə 100 manat məbləğində pul ödənilmişdir. 12.Mülki işin materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X13” X14 2-ci Hemodializ Şöbəsi tərəfindən verilən 26 fevral 2022-ci il tarixli, 141 nömrəli Arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci ildən indiki vaxta qədər X13 PHŞİ stasionar müalicədədir. 13.Mülki işin materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında 217 nömrəli müqavilədən və xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Vəkil 30 manat məbləğində vəkil xərci ödənilmişdir. 14.Mülki işin materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında 1066 nömrəli müqavilədən və həmin tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Vəkil 200 manat məbləğində vəkil xərci ödənilmişdir. 15.Mülki işin materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında 189 nömrəli müqavilədən və xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Vəkil 500 manat məbləğində vəkil xərci ödənilmişdir. 16.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Qasım oğlu tərəfindən 100 manat məbləğində vəkil xərci ödənilmişdir. 17.Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(004)-12/2023 saylı Hökmünə əsasən İddiaçı əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinin tərkibi olmadığına görə ona həmin maddələrlə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. 18.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-639/2023 saylı Qərarına əsasən dövlət ittihamçısı X5 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)- 12/2023 saylı Hökmü dəyişdirilmədən saxlanılmışdır. 19.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-1715/2023 saylı Qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Hökmü ilə İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı İddiaçı aid hissədə kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. 20.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 65 nömrəli Arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən 2022-ci il tarixinədək X13 PHŞİ-də stasionar müalicə olunub. 21.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 760 nömrəli Arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən 2023-cü il tarixinədək X13 PHŞİ-də stasionar müalicə olunub. 22.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 141 nömrəli Arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən 2022-ci il tarixinədək X13 PHŞİ-də stasionar müalicə olunub. 23.Mülki işin materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X11 tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” Qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 24.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli İttiham aktının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlllərini törətməklə ona ittiham elan edilmişdir. 25.Mülki işin materiallarında olan Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X8 tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. 26.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 1253 nömrəli Arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində "xxxx" MMC-yə müraciət etmiş və həkim nefroloq yanında müayinədə olmuşdur. Aparılan ilkin müayinələrdən sonra xəstəyə “Hipertenziv nefropatiya, xroniki böyrk xəstəliyi V mərhələ” diaqnozu qoyulmuş və hemodializ malicəsinə başlanılmışdır. Qeyd: Hepatit B, Hepatit Cneqativdir. Xəstəyə həftədə 3 dəfə 4 saat hemodializ müalicəsi məsləhət görülmüşdür. 27.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X6” X14 tərəfindən verilən 368/KEŞ nömrəli Ekspert rəyindən görünür ki, 1980-cı il təvəllüdlü İddiaçı adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. X13 PHŞ-ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 2000-ci ildə onun üzərində “Sol tərəfli nefroektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. 2. X1 müvafiq protokol qaydalarına əsasən, sol tərəfli nefroektomiya cərrahiyyə əməliyyatı olunmuş şəxsə “Covid-19” virus infeksiyası əleyhinə peyvənd aparıla bilər. 3.4. X13 PHŞ-ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda “Xroniki böyrək xəstəliyi V mərhələ” xəstəliyinin olduğu qeyd edilmişdir ki, bu da onun böyrəyinin fəaliyyətinin pozulmasına və bununla əlaqədar hemodializ prosedurunun aparılması zərurəti doğurmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 28.Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. 29.İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». 30.Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. 31.Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. 32.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 33.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 34.Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 35.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 36.Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 37.Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 38.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. 40.Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. 41.Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. 43.Lakin, nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). 44.İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 31.000 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq yetəri qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tələbində həbs olunan vaxtadək taksi fəaliyyəti ilə məşğul olduğunu və gündəlik orta hesabla 40 manat qazanc əldə etdiyini iddia etsə də, bununla bağlı sübutlarını təqdim edə bilməmişdir (müvafiq əvvəlki əmək müqaviləsini, vergi orqanından ödəniş cədvəllərini və s.). Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi 31.000 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. 45.Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 46.Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 47.Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 48.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) 49.Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) 50.Daha sonra məhkəmə iddia tələbinin peyvəndlə bağlı xərclərə görə 1.081 manat və sağlamlığına vurulmuş zərərə görə 100.000 manat məbləğində pulun xeyrinə tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissələrdə də tələb əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı tələbində barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən sonra səhhətində yaranmış problemlərlə bağlı həkimə müraciət etdiyini, sağlamlığında yaranmış problemlə bağlı müalicənin aparıldığını və həmin müalicənin aparılmasına səbəb həbsdə olduğu müddətdə ona vurulan peyvəndin nəticəsi olduğunu iddia edərək, müalicəyə görə xərclədiyi 1081 manat məbləğində pulun tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" tərəfindən verilən ödəniş qəbzlərində həqiqətən də İddiaçı tərəfindən 1.081 manat məbləğində pulun ödənildiyi görünür. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sağlamlığında yaranmış problemlərin həqiqətən də onun həbsdə olduğu müddətdə ona məcburi qaydada vurulan peyvəndin nəticəsində yarandığını və həmçinin, bütün bunlarla bağlı onun sağlamlığına qeyd etdiyi kimi ümumilikdə 100.000 manat məbləğində ziyan vurulmasını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən iddiaçının bir böyrənin amputasiya olunub-olunmaması, həbsdə olduğu müddətdə ona Covid-19 peyvəndinin edilə bilməsinin mümkün olub-olmaması və s. kimi halların aydınlaşdırılması məqsədilə hazırki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, məhkəməyə təqdim edilən 368/KEŞ nömrəli Ekspert rəyi əsasında müəyyən edilmişdir ki, 2000-ci ildə iddiaçının üzərində “Sol tərəfli nefroektomiya” cərrahiyyə əməliyyatı icra edilmiş, X1 müvafiq protokol qaydalarına əsasən, sol tərəfli nefroektomiya cərrahiyyə əməliyyatı olunmuş şəxsə “Covid-19” virus infeksiyası əleyhinə peyvənd aparıla bilər və X13 PHŞ-ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda “Xroniki böyrək xəstəliyi V mərhələ” xəstəliyinin olduğu qeyd edilmişdir ki, bu da onun böyrəyinin fəaliyyətinin pozulmasına və bununla əlaqədar hemodializ prosedurunun aparılması zərurəti doğurmuşdur. Göründüyü kimi ekspert rəyi ilə də sübut olunmuşdur ki, iddiaçıya həbsdə olduğu müddətdə ona peyvəndin vurulması X1 müvafiq protokol qaydalarına uyğun olmuş və həbsdən çıxdıqdan sonra da iddiaçının sağlamlığında yaranmış problem “Xroniki böyrək xəstəliyi V mərhələ” xəstəliyinin nəticəsi olmuşdur ki, bu da onun böyrəyinin fəaliyyətinin pozulmasına və bununla əlaqədar hemodializ prosedurunun aparılması zərurəti doğurmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı sağlamlığında yaranmış problemlərlə bağlı penitensiar xidmət tərəfindən stasionar müalicələrdə olmuşdur və məhkəmə bununla bağlı əlavə olaraq qeyd edir ki, iddiaçı sağlamlığında yaranmış problemlərlə bağlı icbari sığorta ilə bağlı müvafiq quruma müraciət edə bilər. Odur ki, məhkəmə bütün bu qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi peyvəndlə bağlı xərclər və sağlamlığa vurulmuş zərər hissəsində əsassız olduğundan təmin edilməməlidir. 51.Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. 52.Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. 53.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 54.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 55.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. 56.Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 57.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. 58.İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 7 gün müddətinə (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) «həbs» qətimkan tədbiri, 5 ay müddətinə (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) «ev dustaqlığı» qətimkan tədbiri və 1 il müddətinə (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) isə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir. 59.Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün həbsdə qalması, barəsində ev dustaqlığı və polisin nəzarəti altınavermə qətimkan tədbirlərinin seçilməsinə görə ümumilikdə 5.800 manat (həbsdə saxlanılmasına görə cəmi 300 manat + ev dustaqlığı qətimkan tədbirinə görə 1 ay üçün 500 manat olmaqla cəmi təqribən 2500 manat + polisin nəzarəti altınavermə qətimkan tədbirinə görə 1 ay üçün 250 manat olmaqla cəmi təqribən 3000 manat) məbləğində müəyyən olunmalıdır. 60.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 5.800 (beş min səkkiz yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. 61.Daha sonra məhkəmə iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 830 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı müxtəlif instansiyalarda hüquqi yardımla əlaqədar 830 manat məbləğində vəkil xərci ödəmişdir. İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyinə və sonda məhkəmə qərarlarına əsasən bəraət aldığına görə onun müdafiəsi üçün ödənilmiş 830 manat məbləğində pul vəsaitinin əvəzi ona ödənilməlidir. 62.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 5.800 (beş min səkkiz yüz) manat məbləğində mənəvi zərərin və onun tərəfindən ödənilmiş 830 (səkkiz yüz otuz) manat məbləğində vəkil xərcinin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 63.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 65.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 66.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 67.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 5.800 (beş min səkkiz yüz) manat məbləğində mənəvi zərərin və iddiaçı tərəfindən ödənilmiş 830 (səkkiz yüz otuz) manat məbləğində vəkil xərcinin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar