Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1483/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, təhsilalan X3 və X1 qanuni nümayəndəsi Cavabdeh ilə İddiaçı MMC arasında X3 övladı üçün “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 883-23 saylı, xx.xx.2023-cü il tarixli və X4 övladı üçün isə “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 884-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilələr bağlanılmışdır. Müqavilələrə əlavə olaraq tərəflər arasında xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokolları bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, “Lisey” “Təhsilan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlərinin təşkilini, 2-ci maddəyə əsasən isə Təhsilanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokollarında müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 883-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 3.1-ci maddəsinə əsasən, təhsil haqqı 5800 manat təşkil etməkdədir. “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 884-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 3.1-ci maddəsinə əsasən, təhsil haqqı 6500 manat təşkil etməkdədir. Lakin tərəflərindən “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 883-23 saylı, xx.xx.2023cü il tarixli müqavilə üzrə təhsil haqqı üzrə heç bir ödəniş edilməmişdir. Həmçinin, “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 884-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə təhsil haqqının az hissəsi olan-968 manat ödənilmiş, qalan 5532 manat hissəsi isə iddia hazırlanan tarixədək ödənilməmişdir. Həmin pul vəsaitlərinin ödənilməsi ilə bağlı şifahi müraciətləri nəticəsiz qalmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, Lisey böyük kollektivə malikdir. İşçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərclərin ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsilalanların ödənişləri hesabına formalaşır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edilir ki, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5%-lə dəymiş zərər, vəkilə ödənilən 320 manat xidmət haqqı, 126 manat dövlət rüsumu ondan tutularaq Liseyə ödənilməlidir. Hesab edilir ki, “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 883-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5800 x 5% = 290 manat. 5800 + 290= 6090 (altı min doxsan manat) cavabdehdən alınaraq Liseyə ödənilməlidir. Eyni zamanda, “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 884-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5532 x 5% = 276,6 manat. 5532 + 276,6= 5808,6 (beş min səkkiz yüz səkkiz manat, 60 qəpik) cavabdehdən alınaraq Liseyə ödənilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 883-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5800 manat əsas borc, 290 manat faiz və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 884-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 5532 manat əsas borc, 276,6 manat dəymiş zərər, 320 manat vəkilə ödənilən xidmət haqqı, 126 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, həyat yoldaşının işi ilə bağlı olaraq onun bütün əmlaklarına vergi tərəfindən həbs qoyulmuşdur. Əvvəlcədən qarşı tərəfə müraciət edərək bildirdilər ki, ödənişlərlə bağlı müəyyən gecikmələr olacaqdır və bununla bağlı onlara müəyyən köməklik göstərilsin. Müəyyən qədər gözlədilər və daha sonra axırıncı aylarda onlara xəbərdarlıq etdilər ki, uşaqlar dərsə gəlməsinlər, amma məktəbdən çıxarılmayacaqlar. O isə müraciət edərək xahiş etdi ki, uşaqlar dərsə gəlsin, amma yemək, hazırlıq və s. kimi ödənişləri daha sonra ödəsinlər. Razılıq verdilər və ödənişin bir hissəsini etdilər. Öz telefonunu satdı və sonuncu dəfə 1500 manat, daha sonra 800 manat pulu ödədilər və onlara möhlət verilməsini xahiş etdilər. Onlardan ingilis dili hazırlığı üçün 300 manatdan çox pul aldılar və daha sonra uşaqları liseydən çıxartdılar. Həmin 3 ay müddətində uşaqlar çox stres keçirdilər. Ümumiyyətlə, o, İddiaçı MMC-nin təhsili ilə razı qalmamışdı. Övladının ingilis dili müəllimi ondan pəncərənin, qapının ingilis dilində necə səsləndiyini soruşduqda cavab verə bilmirdi. 2 il övladı orada təhsil almışdır, ödənişlə bağlı probləmlər isə sadəcə 1 il ərzində olmuşdur. Hal-hazırda ondan pul tələb edirlər, amma dəfələrlə bildirmişdir ki, ödəniş etməyə maddi imkanı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə təhsilin keyfiyyətli olmaması ilə bağlı dəfələrlə müəllimlərə şikayət etdiyini, işyerləri bağlandıqdan sonra işdən çıxaraq evdə oturmağa başladığını və həmin vaxt övladının təhsili ilə maraqlanmağa başladığını, 4000 manat borcu qaldığını, bir övladı ilə bağlı təhsil ödənişlərini tamamilə ödədiyini, həmin müqavilə üzrə borc qalmadığını, ödənişləri hər dəfə məktəbə direktor müavini Nigar xanıma etdiyini və ona heç bir qəbz verilmədiyini bildirmişdir. 4.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil Əjdər oğlu ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 5.Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan 25 dekabr 2024-cü il tarixli, 634 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən vəkil xidməti üçün 18 saylı Vəkil Bürosuna 320 AZN ödəniş edilmişdir. 8.Mülki işin materiallarında olan İddiaçı MMC və təhsilalan X2 (3-cü sinif) qanuni nümayəndəsi Cavabdeh arasında bağlanan “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 883-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən “Lisey” bu müqavilənin qüvvədə olduğu müddətdə “Təhsilalan”ın ünvan 1 ünvanında yerləşən təhsil 3-cü sinif Rus bölməsi üzrə təhsil xidmətləri göstərir, “Qanuni nümayəndə” isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 883-23 saylı, xx.xx.2023-cü il tarixli razılaşdırma protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə tərəflərin razılaşdığı illik təhsil haqqı tədris müddəti üçün 5800 (beş min səkkiz yüz) AZN təşkil edir. 9.Mülki işin materiallarında olan İstanbul Liseyi MMC və təhsilalan X2 qanuni nümayəndəsi Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli Razışlaşdırma Protokolundan görünür ki, qanuni nümayəndə müqavilə üzrə 829 AZN ilkin ödəniş etməklə, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək aylıq 829 AZN təhsil haqqı ödəməyi öhdəsinə götürür. 10.Mülki işin materiallarında olan İstanbul Liseyi MMC və təhsilalan X1 (2-ci sinif) qanuni nümayəndəsi Cavabdeh arasında bağlanan “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 884-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən “Lisey” bu müqavilənin qüvvədə olduğu müddətdə “Təhsilalan”ın ünvan 1 ünvanında yerləşən təhsil 2-ci sinif Rus bölməsi üzrə təhsil xidmətləri göstərir, “Qanuni nümayəndə” isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 884-23 saylı, xx.xx.2023-cü il tarixli razılaşdırma protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə tərəflərin razılaşdığı illik təhsil haqqı tədris müddəti üçün 6500 (altı min beş yüz) AZN təşkil edir. 11.Mülki işin materiallarında olan İstanbul Liseyi MMC və təhsilalan X1 qanuni nümayəndəsi Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli Razışlaşdırma Protokolundan görünür ki, qanuni nümayəndə müqavilə üzrə 722 AZN ilkin ödəniş etməklə, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək aylıq 722 AZN təhsil haqqı ödəməyi öhdəsinə götürür. 12.Mülki işin materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli elektron mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində övladı X3 üçün “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 883-23 saylı müqavilə bağlanaraq, Cavabdeh illik 5800 AZN təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə eyni tərəflər arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 884-23 saylı müqavilə bağlanmış və Cavabdeh təhsilalan X4 üçün illik 6500 AZN ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, birinci müqavilə üzrə 5800 AZN əsas borc, 290 AZN faiz borcu, ikinci müqavilə üzrə 5532 AZN əsas borc, 276,6 AZN faiz borcu yaranmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilələr üzrə borcun, vəkilə ödənilən xidmət haqqının və dövlət rüsumunun ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 15.Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında təhsil xidmətlərindən yararlanmaq hüququna malik olduğu kimi eyni zamanda müqavilədə razılaşdırılmış şərtlərlə təhsil haqqını iddiaçıya ödəməli olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh təhsil müqaviləsi əsasında xidmətlərin göstərilməsi hüququndan istifadə etmiş, təhsil haqqını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda, cavabdeh özü də əvvəlki məhkəmə iclasında tələb edilən təhsil haqqının məbləğini qismən etiraf etməklə bir müqavilə üzrə bütün ödənişləri ödədiyini, digər müqavilə üzrə isə 4000 manat həcmində borcu qaldığını etiraf etməklə onun ödənilməsi üçün maddi imkanının olmadığını bildirmişdir. 16.Göründüyü kimi, öhdəliklərin cavabdeh tərəfindən lazmınca icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öhdəliklərin icra edilməsini tələb etməkdə haqlıdır. 17.Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi cəmi 6332 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. 18.Məhkəmə həmçinin qeyd edir ki, əvvəlki məhkəmə iclasında cavabdeh 883-23 saylı müqavilə üzrə ödənişləri tam ödədiyini, həmin müqavilə üzrə borcu qalmadığını bildirsə də, məhkəmə tərəfindən vaxt verilməsinə baxmayaraq cavabdeh nə məhkəmə iclaslarında iştirak etmiş, nə də ki qeyd etdiyi dəlilləri təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmişdir. 19.Məhkəmə iddianın hər iki müqavilə üzrə “gecikdirilmiş vaxt üçün dəymiş zərərin ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. 20.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixə olan dəyişiklərlə) Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmkreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 22.Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün cəmi 566,6 manat faiz tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. 23.Məhkəmə iddia tələbinin vəkilə ödənilən vəsaitin və iddia qaldırılması üçün ödənilmiş 126 manat dövlət rüsumunun tutulmasını hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində olmaqla dövlət rüsumu ödəməklə hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə müraciət etməli olduğundan, bu hissədə də iddia təmin edilməlidir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 25.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 27.Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 883-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5800 manat əsas borc, 290 manat dəymiş zərər və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 884-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 5532 manat əsas borc, 276,6 manat dəymiş zərər, 320 manat hüquqi xidmət haqqı, 126 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. 28.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 883-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5800 (beş min səkkiz yüz) manat əsas borc, 290 (iki yüz doxsan) manat dəymiş zərər və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 884-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 5532 (beş min beş yüz otuz iki) manat əsas borc, 276,6 (iki yüz yetmiş altı manat, altmış qəpik) manat dəymiş zərər olmaqla, ümumilikdə 11898,6 (on bir min səkkiz yüz doxsan səkkiz manat, altmış qəpik) pul, həmçinin 320 (üç yüz iyirmi) manat hüquqi xidmət haqqı və 126 (yüz iyirmi altı) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1483/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1483/2025
23.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver