Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1508/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədirliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "X4" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "X4" ASC-yə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4” ASC tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli, 2782sSUMb/21 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 5500 (beş min beş yüz) manat borcun əsassız hesab edilməsi və həmin borcun silinməsi öhdəliyinin cavabdeh “X4” ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra“İddiaçı” adlanacaq) məxsus cavabdeh “X4” ASC (bundan sonra “Cavabdeh” adlanacaq) tərəfindən açılmış **********251610 nömrəli “Albalı” kredit kartı hesabından xx.xx.2022-ci il tarixdə naməlum şəxslər tərəfindən mobil tətbiq məlumatlarının qanunsuz olaraq ələ keçirilməsi ilə 9700 AZN (doqquz min yeddi yüz manat) məbləğində pul vəsaiti gizli olaraq oğurlanmışdır. Baş vermiş fakt ilə bağlı iddiaçının müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən 12 dekabr 2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Sonradan, cavabdehin özü tərəfindən görülən tədbirlər nəticəsində oğurlanmış 9700 AZN pulun 4200 AZN hissəsi geri qaytarılmışdır, qalan 5500 AZN vəsaitin isə qaytarılmasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra, cavabdeh tərəfindən əsassız olaraq oğurlanmış pul vəsaiti əsas götürülərək ona borc məbləği və faizlər hesablanmış, qanunazidd olaraq onun qohumlarına və valideynlərinə zənglər edilməyə başlanılmışdır. O, dəfələrlə cavabdehə bank/kart hesabı məlumatlarının ələ keçirilməsinin onların proqram tətbiqində və tranzaksiyalara nəzarətdə olan qüsur və çatışmazlıqlarla bağlı olduğunu bildirsə də, cavabdeh qanunsuz hərəkətlərini davam etdirməkdədir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh tərəfindən mobil bank tətbiqinin və kredit kartı məlumatlarının təhlükəsizliyi kifayət qədər təmin edilməmişdir. Pul vəsaitini oğurlamış şəxslər tərəfindən yalnız "xxxx" ASC-yə məxsus adətən istifadə etdiyi “8117” nömrəsinə göndərilmiş şifrə və onun mobil nömrəsi öyrənilməklə mobil tətbiqdə olan hesabı ələ keçirilmişdir. Əgər düzgün təşkil edilsə idi, digər bank tətbiqlərində olduğu kimi ondan kart nömrəsi tələb edilməli və ya ona kodun dəyişməsi barədə sms bildiriş gəlməli idi. Ona hər hansı sms bildiriş gəlməmiş və tərəfindən kiməsə kredit kartı məlumatları təqdim edilməmişdir. Lakin buna baxmayaraq, onun mobil tətbiqdə olan hesabı rahatlıqla ələ keçirilmişdir. Mobil tətbiqdə olan qüsuru digər tətbiqlərlə müqayisə etməklə asanlıqla görmək mümkündür. Bundan əlavə, cavabdeh tərəfindən tranzaksiyalara nəzarət təmin edilməmişdir. O, kartı uzun müddətdir ki, istifadə edirdi və ödənişlərinin həcmi adətən aylıq 500 AZN civarında olmuşdur. Cavabdeh tərəfindən anidən onun hesabından 9700 AZN kimi böyük məbləğin (tam limitin) köçürülməsi nəzarətə götürülməmiş və onun təsdiqi alınmamışdır. Qeyd edilənlər cavabdehin bank hesabı və məlumatların, həmçinin tranzaksiyaların təhlükəsizliyini düzgün təşkil etməməsinin və zərərin yaranmasında təqsirli olmasının göstəricisidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı ilə "xxxx" KB ASC arasında xx.xx.2021-ci il tarixli müraciət ərizə və unibank.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən iddiaçıya illik 25% olmaqla 10000 manat kredit limiti təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus kredit kartından 9700 AZN məbləğində vəsait istifadə edilmişdir. Kartdan istifadə edilərkən baş vermiş hallar aşağıdakılardır: - İddiaçı sosial şəbəkələrdə reklam olunan fake lotoreya fraud-una adlı daxil olaraq istifadəsində olan Ucard kredit kartının kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmişdir. Nəticədə qeyd olunan silinmə həyata keçirilmişdir. - Bununla bağlı iddiaçıya bank tərəfindən OTP kodu və kodu kənar şəxslərlə paylaşmamasına dair sms xəbərdarlıq göndərilmişdir. - Sms xəbərdarlığa baxmayaraq, OTP kodunu kənar şəxslərlə bağlayan iddiaçıya ona dair Unibank mobil bankinqinin digər smartfonda qeydiyyata alınmasına dair sms göndərilmişdir. Bundan sonra iddiaçının banka müraciəti və Bank əməkdaşlarının səyi nəticəsində silinən məbləğin 3338.80 AZN məbləğ iddiaçıya qaytarılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Ümumi oferta müqaviləsinin 3.1-ci bəndinə əsasən “Müştəri öz hesabının müstəqil sərəncamçısıdır.” Ofertanın 2.6-cı bəndinə əsasən “Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır.” 2.13-cü bəndinə əsasən isə “kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır.” Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan: "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2782sSUMb/21 saylı “Kredit müqaviləsi”nə əsasən bank borcalana 60 ay müddətinə illik 25% dərəcəsi ilə 10.000 manat məbləğində kredit limiti ayırmağı, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən bu müqaviləni imzalamaqla borcalan "xxxx" ASCnin rəsmi internet səhifəsində (www/unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli kütləvi ofertasını qəbul (aksept) etmiş hesab olunur. “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında” 02/21 saylı, xx.xx.2021-ci il tarixli “Kütləvi oferta”dan görünür ki, Oferent – “Bank” adlandırılacaq, 14 dekabr 2010-cu il tarixli 73 saylı lisenziya və Nizamnamə əsasında fəaliyyət göstərən “X5” ASC-dir. Həmin “Kütləvi Oferta”nın 2.4-cü bəndinə əsasən “Müştəri”nin eyniləşdirilməsi məqsədilə ona kart verilərkən “Bank” tərəfindən PİN-kod qapalı zərfdə təqdim edilə bilər və ya zərf təqdim edilmədiyi halda PİNkod Müştəri tərəfindən Bankda olan “POS-terminal” vasitəsilə şəxsən təyin oluna bilər, eləcə də SMS vasitəsilə müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə göndərilə bilər. PİN-kod “Müştəri”nin imzasının analoqu hesab olunur.”Müştəri” tərəfindən kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır. Kart və PİN-kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar “Müştəri” tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. “Kütləvi Oferta”nın 2.12-ci bəndinə əsasən kartın itirilməsi, oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə (tel: + 99412 117) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”dan əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır. “Kütləvi Oferta”nın 2.13-cü bəndinə əsasən Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsə, Bank bu problemlərə görə Müştəri qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı Müştəri tərəfindən sübut edilməyincə, həmin problemə görə Bankın məsuliyyəti istisna olunur. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, “İnstaqram” sosial şəbəkəsində "xxxx" ASC-yə aid lotereya oyun reklamının keçirilməsi barədə “unibbankazllogin.ml” adlı linkdə yerləşdirilmiş elana xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, bağlar massivi fərdi evdə yaşan İddiaçı lotereyada iştirak etmək üçün həmin link vasitəsi ilə səhfəyə daxil olub orada istifadəsində olan ***-******* saylı möbil nömrəni qeyd edərək, həmin mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 23:13-də "xxxx" ASC-yə aid “8117” saylı nömrədən “SMS” vasitəsi ilə göndərilən “890900” saylı məxfi şifrəni əldə edib, “unibbankazllogin.ml” linkdə olan səhifəyə daxil etdikdən sonra sonuncunun istifadəsində olan “**********251610” nömrəli albalı kredit kartının hesabından xx.xx.2022-ci il tarixdə saat 23:16-da xeyli miqdarda 9.700 manat məbləğində pul naməlum şəxs tərəfindən gizli olaraq oğurlanmışdır. Qərda göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri olduğu üçün fakta görə cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, banklar üçün mobil tətbiqlərin yaradılması və istifadəsi ilə bağlı münasibətlər hər hansı bir xüsusi imperativ norma ilə tənzimlənmir. Banklar tərəfindən təqdim olunan mobil bankçılıq xidmətindən istifadə bankla müştəri arasında imzalanmış müqavilə şərtləri ilə tənzimlənir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(060)-971/2022 saylı qərarı ilə "xxxx" ASC tərəfindən İddiaçı verilmiş Albalı 5243 7544 1325 1610 nömrəli plastik kartdan xx.xx.2022-ci il tarixdə pulların hansı hesaba köçürülməsi, hesabın kimin adına qeydiyyata alınması, həmin bank hesabına hazırki vaxtadək hansı məbləğlərdə pul vəsaitlərinin kimlər tərəfindən çıxarılması, ümumilikdə hansı məbləğdə pul vəsaitlərinin hesabdan çıxarılmasına dair maliyyə əməliyyatları, bank hesabının vəziyyəti barədə şəxsi və kommersiya sirri təşkil edən məlumatların eləcə də həmin bank hesabı üzrə bankomatlarda pul əməliyyatları həyata keçirilən zaman qeydə alınmış foto və video görüntülərin "xxxx" ASC-dən məlumatların ələ keçirilməsinə icazə verilməsi qərara alınmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında “Kredit xətti müqavilə”si bağlanmışdır. Cavabdeh iddiaçıya “**********251610” saylı kredit kartı təqdim etmişdir. Kreditin ilkin limiti 10.000 manat təyin edilmişdir. xx.xx.2022-ci il tarixində İddiaçı məxsus "X4" Açıq Səhmdar Cəmiyyətindən almış kart vasitəsilə elektron məlumat daşıyıcılarından 9.700 manat məbləğində pul hesabından məxaric edilmişdir. Bu faktla bağlı cinayət işi başlamış və İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Daha sonra silinən məbləğin 3338.80 AZN məbləğ "xxxx" ASC tərəfindən iddiaçıya qaytarılmışdır. Hal-hazırda iddiaçı bu halın baş verməsini bankın təhlükəsizlik sisteminin əlverişsiz olduğundan baş verdiyini iddia edir. Hazırda iddiaçı “X4” ASC tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli, 2782sSUMb/21 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 5500 (beş min beş yüz) manat borcun əsassız hesab edilməsi və həmin borcun silinməsi öhdəliyinin cavabdeh “X4” ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdeh tərəfindən həqiqətən də bankın təhlükəsizlik sisteminin əlverişsiz olduğundan ona zərərin vurulmasını, bankın vaxtında öz öhdəliklərini yerinə yetirmədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli kütləvi ofertadan görünür ki, 2.4-cü bəndinə əsasən “Müştəri”nin eyniləşdirilməsi məqsədilə ona kart verilərkən “Bank” tərəfindən PİN-kod qapalı zərfdə təqdim edilə bilər və ya zərf təqdim edilmədiyi halda PİNkod Müştəri tərəfindən Bankda olan “POS-terminal” vasitəsilə şəxsən təyin oluna bilər, eləcə də SMS vasitəsilə müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə göndərilə bilər. PİN-kod “Müştəri”nin imzasının analoqu hesab olunur. ”Müştəri” tərəfindən kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır. Kart və PİN-kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar “Müştəri” tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. Həmçinin həmin kütləvi ofertanın 2.12ci bəndində qeyd edilmişdir ki, “kartın itirilməsi, oğurlanması və istifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri haqqında müvafiq izahedici məlumatı “sayt”dan əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır”. İşin məhkəmə tərəfindən araşdırılan hallarından da göründüyü kimi İddiaçı sosial şəbəkələrdə reklam olunan fake lotoreya fraud-una adlı daxil olaraq istifadəsində olan Ucard kredit kartının kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmişdir. Nəticədə qeyd olunan silinmə həyata keçirilmişdir. - Bununla bağlı iddiaçıya bank tərəfindən OTP kodu və kodu kənar şəxslərlə paylaşmamasına dair sms xəbərdarlıq göndərilmişdir. - Sms xəbərdarlığa baxmayaraq, OTP kodunu kənar şəxslərlə paylaşan iddiaçıya ona dair Unibank mobil bankinqinin digər smartfonda qeydiyyata alınmasına dair sms göndərilmişdir. Bundan sonra iddiaçının banka müraciəti və Bank əməkdaşlarının səyi nəticəsində silinən məbləğin 3338.80 AZN məbləğ iddiaçıya qaytarılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Ümumi oferta müqaviləsinin 3.1-ci bəndinə əsasən “Müştəri öz hesabının müstəqil sərəncamçısıdır.” Ofertanın 2.6-cı bəndinə əsasən “Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır.” 2.13-cü bəndinə əsasən isə “kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır.” Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2020-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "X4" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "X4" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddiası rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-1508/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1508/2023
15.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver