Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1510/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X5 oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh1 ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 848.96 manat maddi zərərin, 150 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun (cəmi 1028.96 manat) iddiaçının xeyrinə cavbdehdən tutulması üçün qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus **********414125 nömrəli VİSA kartından məlumatlarını skan edərək həyat yoldaşına məxsus **********110294 nömrəli bir bank kartına 848.96 manat maliyyə vəsaitinin göndərilməsi üçün təsdiq etmişdir. Göndərmək istədiyi 848.96 AZN maliyyə vəsaiti bank tərəfindən başqa 523915******9341 nömrəli karta mobil tətbiq təhlükəsizlik kodu tələb edilmədən köçurülmüşdür. Bu hadisə bankın təqsiri ucbatından baş vermişdir. İddiaçı banka ərizə ilə müraciət etmiş, cavabında polis orqanlarına müraciət etmək tövsiyə edilmişdir. İddiaçı polisə ərizə ilə müraciət etmişdir. Verilmiş cavab məktubunda məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Cavabdeh tərəfindən iddiaçının iradəsindən kənar özbaşına olaraq sərəncam verilməsi nəticəsində ona 848.96 manat maddi ziyan dəymişdir. Cavabdeh həmin maliyyə vəsaitini və proseslər zamanı çəkdiyi iztirablar üçün iddiaçıya mənəvi zərərin əvəzi olaraq 150 manat ödəməlidir.
3. Cavabdeh1 ASC-nin nümayəndəsi X2 yazılı izahat təqdim edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh bankın izahatı onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi qəbzdən görünür ki, əməliyyat xx.xx.2024-cü il tarixdə saat 09:23-də baş tutmuşdur. İddiaçıya məxsus **********01 mobil nömrəsinə həmin tarixdə saat 09:23:06-da bank tərəfindən təhlükəsizlik kodu göndərilmişdir (çıxarış əlavə edilmişdir). Yalnız kod təsdiq ediləndən sonra əməliyyatın icra edilməsi mümkün idi. Kodun təsdiq edilməsi isə əməliyyatın iddiaçının öz iradəsi ilə icra edilməsini göstərir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar həqiqətə uyğun deyil. Belə ki, əgər iddiaçı vəsaiti yanlış karta köçürsəydi, o, əməliyyatdan imtina edə bilərdi (təhlükəsizlik kodunu “Birbank” mobil tətbiqində təsdiq etməməklə). Bundan başqa, skaner vasitəsilə kartın rəqəmlərini oxudanda ekranda həmin rəqəmlər əks edilir. Əgər vəsait köçürüləcək plastik kart Cavabdeh1a məxsusdursa, əməliyyat təsdiq edilərkən ekranda vəsaiti alacaq şəxsin soyad və adının ilkin hərfləri açıq formada, digər hərflər isə * asterisklə maskalanmış formada görünür. Əgər vəsaiti alan adamın inisialları və ya kart nömrəsi fərqlidirsə, müştəri zamanında əməliyyatdan imtina edə bilər. Göründüyü kimi, iddiaçının qeyd etdiyi əməliyyatı icra edərkən bir neçə dəfə əməliyyatdan imtina etmək imkanı olmuşdur. Lakin o, həmin əməliyyatı öz istifadəsində olan mobil nömrəyə gələn təhlükəsizlik kodu ilə təsdiq edərək sonlandırmışdır.
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ikinci cavabdeh qismində işə cəlb olunmasını, iddiaçıya vurullmuş 848,96 manat maddi zərərin, 150 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edib bildirdi ki, xx.xx.2024-cü il tarixdə onun kartına 848,96 manat məbləğində pul gəlmişdir. Səhəri gün bankın əməkdaşı pulu geri qaytara bilib-bilməməsini soruşduqda isə buna imkanı olmadığını bildirmişdir. Hazırda da pulu tam ödəməyə imkanı olmadığını, hər ay hissə-hissə ödəyə biləcəyini qeyd edib, iddianın təmin edilməsinə etiraz etmədi.
8. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
10. **********414125 nömrəli kartın üzərində “Mr. Javid Abbaszada” adı qeyd edilmişdir.
11. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 416973******4125 nömrəli kartdan 523915******9341 nömrəli karta 848,96 manat məbləğində köçürülmüşdür.
12. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh banka ərizə ilə müraciət edərək, kart hesabından yanlışlıqla başqa karta köçürülmüş vəsaitin geri qaytarılmasını xahiş etmişdir.
13. Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun ərizəsi əsasında toplanmış material üzrə bir cinayət, inzibati xəta hadisəsi qeydə alınmadığından, material üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etməsinin məqsədə müvafiq olması qeyd edilmişdir.
14. Cavabdeh1 ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron məktubdan görünür ki, vəsaitin qaytarılması istiqamətində digər müştəri ilə aparılan danışıqlar nəticə verməmişdir. Qanunvericiliyə əsasən, digər müştərinin kartına müdaxilə edilməsinin olmaması, əlavə olaraq məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edə biləcəyi, hüquq mühafizə orqanlarından qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən daxil olan sorğuya müvafiq qaydada baxılacağı bildirilmişdir.
15. Cavabdeh1 ASC tərəfindən təqdim edilmiş sistemdən çıxarışdan görünür ki, **********949341 nömrəli kartın sahibi Cavabdeh2dır.
16. Cavabdeh2 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçının kartından onun kartına 848,96 manat məbləğində pul köçürülmüşdür.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2024-cü il tarixində İddiaçı məxsus kartdan səhvən Cavabdeh2 məxsus karta 848,96 manat məbləğində pul köçürülmüş, cavabdeh iddiaçının vəsaiti hesabına həmin məbləğ həddində əsassız varlanmışdır.
18. Tərəflərin izahatları ilə, həmçinin, müəyyən edilmişdir ki, onlar arasında hər hansı şifahi və ya yazılı razılaşma olmamış, beləliklə, iddiaçı tərəfindən 848,96 manat məbləğində pulun cavabdehə məxsus karta köçürülməsinin hər hansı qanuni və ya müqavilə əsası müəyyən edilməmişdir. Cavabdeh pulun ona məxsus karta köçürüldüyü gündən sonrakı gün bankın əməkdaşının onunla əlaqə saxlayaraq, pulu geri qaytarmasını xahiş etdiyini, lakin buna imkanı olmadığını bildirdiyini inkar etmir.
19. İş materiallarından müəyyən edilir ki, iddiaçı pulunun geri qaytarılması üçün dərhal cavabdeh banka, daha sonra müvafiq polis orqanına müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. İş materiallarında iddiaçıya qeyd olunan məbləğdə zərər dəyməsində cavabdeh bankın təqsirinin olmasına dəlalət edən hər hansı bir sübut müəyyən edilmir.
c) Məhkəmənin mövqeyi:
20. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Məhkəmə hesab edir ki, cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçıya məxsus 848,96 manat manat məbləğində pul həddində əsassız varlandığından və istifadəsində olan karta səhvən köçürülmüş pulu geri qaytarmağa məsuliyyəti məhz Cavabdeh2 özü daşıdığından, iddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ona münasibətdə təmin edilməli, Cavabdeh2 848,96 manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı verilməlidir.
22. Cavabdeh2 kartına səhvən köçürülmüş pulu dərhal geri qaytarmadığından, onun hərəkətsizliyi nəticəsində iddiaçı əvvəlcə banka, sonra müvafiq polis şöbəsinə və hazırda məhkəməyə müraciət etməyə məcbur olduğundan məhkəmə hesab edir ki, bütün bu proseslər zamanı iddiaçı mənəvi zərərə məruz qalmışdır. Məhkəmə iddiaçı tərəfindən mənəvi zərərin əvəzi kimi tələb edilən 150 manat məbləğini ədalətli kompensasiya kimi qiymətləndirərək hesab edir ki, iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi də Cavabdeh2 münasibətdə təmin edilməli, Cavabdeh2 150 manat məbləğində mənəvi zərərin əvəzi alınaraq İddiaçı verilməlidir.
23. Məhkəmə hesab edir ki, digər Cavabdeh1 ASC-nin iddiaçıya zərər dəyməsi ilə nəticələnən əməliyyatın həyata keçirilməsi zamanı heç bir təqsiri müəyyən edilmədiyindən, bank hazırkı iş üzrə əsl cavabdeh deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1091 və 1092.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
25. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
26. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
28. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 848,96 manat maddi zərər, 150 manat mənəvi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1028,96 manat (bir min iyirmi səkkiz manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi Cavabdeh1 ASC-yə aid hissədə təmin edilməməlidir.
Nəticə:
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 848,96 manat maddi zərər, 150 manat mənəvi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1028,96 manat (bir min iyirmi səkkiz manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 ASC-yə aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X6