Məhkəmə qərarları › İş №e-2(006)-1536/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1536/2024

16.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1536/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X19 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh, vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137, 85 nömrəli mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 7, 23 nömrəli mənzilin təmiri üçün ödənilmiş 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitinin və 410 (dörd yüz on) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu ildə el adəti ilə toy edib ailə qurmuşlar. Cavabdehin şəxsiyyət vəsiqəsinin müddəti ötdüyünə görə nikah rəsmiləşdirilmədən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137, 85 nömrəli mənzildə uşaqları ilə birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə 27 aprel 2010-cu il tarixdə X10 və 27 dekabr 2012-ci il tarixdə X18 adında övladları dünyaya gəlmişdir. Lakin sonradan aralarında olan nikah münasibətləri pisləşmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı “atalıq faktının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə yaşayış zamanı 27 aprel 2010-cu il tarixdə anadan olmuş X10 və 27 dekabr 2012-ci il tarixdə anadan olmuş X16 atalığın müəyyən edilməsi və hər bir uşaq üçün hər ay sabit pul məbləğində 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2208/2022 saylı qətnaməsi ilə cavabdeh xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh 27 aprel 2010-cu il təvəllüdlü X10 və 27 dekabr 2012-ci il təvəllüdlü X12 atası olması faktı müəyyən edilmiş, uşaqların doğum haqqında şəhadətnaməsində ata qrafasında Cavabdeh qeyd olunması, X10 və X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Tərəflər birgə nikahda olduqları 12 ildən çox müddət ərzində birgə təsərrüfat aparmış, bunun nəticəsində iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 81 ünvanında yerləşən qeyriyaşayış sahəsi, ünvan 3nvanında yerləşən yaşayış sahəsi və “Kia Sportage” minik markalı **-MS- *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin adına qeydiyyata alınmaqla əldə olunmuşdur. Faktiki birgə nikah dövründə iddiaçının qazancı hesabına ünvan 3nvanında yerləşən yaşayış sahəsi (5 otaqlı mənzil) tam şəkildə təmir edilmişdir. Həmin mənzilin təmir xərci iddiaçının vəsaiti hesabına 100.000 (bir yüz min) manata başa gəlmişdir. Əlavə edilən şəkillərdən həmin mənzilin ilkin vəziyyətini müəyyən etmək də mümkündür. Həmçinin, faktiki nikah münasibətlərində olan zaman ünvan 2 də iddiaçının vəsaiti hesabına təmir edilmişdir. Göstərilən qeyri-yaşayış sahəsinin təmir xərci isə iddiaçının vəsaiti hesabına 20.000 (iyirmi min) manata başa gəlmişdir. Hər iki yaşayış sahəsinin təmir xərclərini ekspertiza təyin etməklə müəyyən etmək mümkündür. Odur ki, 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş: - X2 ifadəsində bildirdi ki, tikinti işi ilə məşğuldur. İddiaçı 2012-ci ildən tanıyır. Həmçinin, Cavabdeh də tanıyır. O, İddiaçı 28 May metrostansiyasının yaxınlığında yerləşən mənzilində hörgü və beton işlərini görmüşdür. İddiaçı müxtəlif vaxtlarda ona 1000, 500, 300 və s. məbləğlərdə pul ödəmiş, Cavabdeh isə heç vaxt ona pul verməmişdir. - X3 ifadəsində bildirdi ki, o, İddiaçı 10 ildən artıqdır ki, tanıyır. Cavabdeh isə Yeganə xanımın yanında görmüşdür. 2018-ci ilin mart-aprel ayında o, İddiaçı evini təmir etmiş, Cavabdeh həmin evə gəlib-getmiş, lakin pulu Cavabdeh deyil, İddiaçı vermişdir. - X4 ifadəsində bildirdi ki, o, İddiaçı 28 May metrostansiyasının yaxınlığında yerləşən mənzilinin təmiri zamanı fəhlə işləmişdir. İddiaçı işlədiyi hər gün üçün ona 30 manat pul ödəmişdir. Cavabdeh də həmin evə gəlib-getmişdir. - X13 ifadəsində bildirdi ki, o, 1979-cu ildən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 nömrəli binada yaşayır. Mübahisəli evin alıcısı kimi Cavabdeh tanıyır, İddiaçı isə uşaqları ilə birgə həmin evə girib-çıxarkən görmüşdür. Evi onlar 2019-cu ildə alıb, təmir elətdiriblər. İddiaçı bir dəfə ona demişdir ki, mənzili özünün almasına dair kağıza qol çəksin. Bundan başqa, Yeganə xanımla heç bir söhbəti olmayıb. - X1 ifadəsində bildirdi ki, Cavabdeh tanıyır, İddiaçı isə 1-2 dəfə görmüşdür. Cavabdeh uşaqlarının oxuduğu türk liseyinə yaxın olsun deyə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137 ünvanında yerləşən 85 nömrəli mənzili almış və təmir etdirmişdir. Lakin evdə heç kim yaşamamışdır. - X14 ifadəsində bildirdi ki, o, Cavabdeh tanıyır, lakin İddiaçı tanımır. Belə ki, o, Cavabdeh Yeni Yasamaldakı evinin qonşuluğunda yaşayır. Cavabdeh məxsus ünvan 6ında yerləşən 23 nömrəli mənzildə laminat, divar kağızı və santexnika işləri görüldüyündən xəbəri var. Mülki işin materiallarında olan: Müxtəlif tarixli xidmət müqavilələrindən və onlara əlavələrdən görünür ki, İddiaçı müxtəlif qurumlarla (və şirkətlərlə) yüksək məbləğlərdə qonorar müqabilində icraçı qismində müxtəlif layihələri yerinə yetirməyə dair razılığa gəlmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (Seriya: MH, № 0144822) görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində istifadədə olan 0.19592 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 9 mərtəbəli binada 28.88 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzil (reyestr nömrəsi: **********63-05301-093034) tam mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində (qeydiyyat nömrəsi: **********) 720 nömrəli reyestr kitabının 67544 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137, mənzil 85 (ümumi sahəsi 51.62 kv.m.) tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 10127 nömrəli (qeydiyyat nömrəsi: **********) vərəqində xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2208/2022 nömrəli qətnaməsindən görünür ki, cavabdeh xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X7 atası olması faktı müəyyən edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməsində ata adı qrafasında Cavabdeh qeyd olunması, xx.xx.2012- ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh adına ünvan 2 ünvanı xx.xx.2008ci il tarixdə, ünvan 3nvanı xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, ev 1, mənzil 21, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 52, mənzil 31, ünvan 2, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 81 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi,ev 137, mənzil 85, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 162a, mənzil 70, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 15, mənzil 105 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 409,38 manat məbləğində dövlət rüsumu tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2009-cu ildə İddiaçı ilə Cavabdeh toyları olmuş, lakin onlar nikaha daxil olmamışlar. Birgə yaşayışlarından 27 aprel 2010cu ildə X15 və 27 dekabr 2012-ci ildə X17 dünyaya gəlmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh həmin uşaqların atası olması faktı müəyyən edilmişdir. Hazırda iddiaçı xx.xx.2009-cu ildə cavabdehin şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün nikaha daxil olmadıqlarını, lakin həmin tarixdən etibarən cavabdehlə birlikdə yaşayıb birgə təsərrüfat apardıqlarını, birgə yaşadıqları dövrdə isə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 137 ünvanında yerləşən 85 nömrəli və ünvan 6ında yerləşən 23 nömrəli mənzilləri məhz iddiaçının özünün şəxsi vəsaiti hesabına 100.000 və 20.000 manat olmaqla, cəmi 120.000 manata təmir etdirdiyini, lakin sonradan 2019-cu ildə cavabdehlə münasibətlərinin pozulduğunu, 2021-ci ildə isə tam ayrıldıqlarını bildirib, cavabdehin mülkiyyətində olan mənzillərin təmiri üçün xərclədiyi həmin pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsini xahiş edərək, tələbini özünün tanınmış memar olması, müxtəlif şirkətlərlə müxtəlif tarixlərdə bağladığı podrat müqavilələrinə əsasən ona edilmiş ödənişlərin hesabına həmin əmlakları təmir etdirməsi, yəni təmir üçün materialları özünün alması, ustalara özünün ödəniş etməsi ilə əsaslandırır; cavabdeh isə mübahisə predmeti olan mənzilləri məhz öz vəsaiti hesabına təmir etdirdiyinə istinad edib, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. İşin obyektiv həlli üçün isə yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalı; bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalı; sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iş materiallarında olan sübutları, tərəflərin izahatları və şahid ifadələri ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, həmin sübutlar cavabdehin mülkiyyətində olan mənzillərə lazımi materialların alınması və mənzillərin təmiri üçün çəkilmiş xərcin məhz iddiaçı tərəfindən ödənilməsi faktını təsdiq etmir. Belə ki, iddiaçı tərəfin qazancı barədə məhkəməyə təqdim etdiyi müqavilələr, qiymət razılaşdırma protokolları, həmçinin, hazırkı baxış iclasında təqdim edilən evin təmiri üçün lazımi materialların alınmasına dair müxtəlif qaimələr, smeta, şahid ifadələri və s. – hamısı dolayı sübutlar olmaqla, xərcin məhz iddiaçı tərəfindən ödənildiyini deməyə əsas vermir. Bununla yanaşı, hazırkı iclasda təqdim edilmiş qaimələr və smeta məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, iddiaçının peşəsi və işi nəzərə alındıqda, onun tərəfindən hazırkı baxış iclasında məhkəməyə təqdim edilmiş smetanın şəxsi əlaqələrdən istifadə edilərək əldə edilməsi ehtimalı istisna edilmir. Qaimələrlə bağlı isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İş üzrə sübutetmə vasitələri kimi təqdim edilmiş qaimələr isə Azərbaycan Respublikası Vergi Məcəlləsində və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda təsvir olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı maddəsinə görə, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti və s. istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidir (maddə 16.1.8.). Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blankları verilməli və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etməlidirlər (maddə 16.1.9.). Bu qayda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 7-ci bəndində də nəzərdə tutulmuşdur (Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir, 2-ci hissə). Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, qaimələr müvafiq qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilməmiş, belə ki, həmin sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 №-li Qərarı ilə təsdiq etdiyi “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri”nin 7 və 8 saylı əlavələrində qaimə-fakturalar üçün nəzərdə tutulan tələblərə uyğun deyil, qaiməfakturaların nömrəsi, qaimə-fakturanın sifarişçisi olan hüquqi şəxsin və ya fiziki şəxsin VÖEN-i göstərilməmiş, rəhbər və baş mühasib, həmçinin, iddiaçı tərəfindən imzalanmamış, möhür vurulmamış, ciddi hesabat blankını çap edən şəxsin adı, VÖEN-i göstərilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qaimə-fakturalar mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin, qeyd edilməlidir ki, lap iddiaçı xərci birbaşa olaraq özünün çəkdiyini müvafiq qaydada sübuta yetirsəydi də belə, bu, cavabdehin əsassız varlanması hesab oluna bilməzdi. Məhkəmə qeyd etməyi zəruri bilir ki, iddianın təmin edilməsi üçün iddiaçının hansısa hüquqi əsasla tələb hüququna malik olması, buna müvafiq olaraq cavabdehin onun qarşısında icra edilməmiş öhdəliyinin mövcudluğu müəyyən edilməlidir. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. İddiaçı iddia tələbinin əsası kimi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarına (1091-1092-ci maddələr) istinad edərək bildirsə də ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır, bununla bağlı nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma normaları çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisiya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması və ya belə əsasın sonradan aradan qalxması müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, müqavilənin ləğvi və ya bağışlamadan imtina sonradan aradan qalxmış müqavilə əsasına dəlalət edir. Göründüyü kimi, cavabdehin sözügedən əmlakı bağışlama müqaviləsi əsasında əldə edibetməməsinin, əldə etmişsə bağışlama (müqavilə) münasibətlərinin sonradan aradan qalxıbqalxmamasının yuxarıda göstərilən hüquqi mövqelərə uyğun olaraq aydınlaşdırılması, iddiaya həm də əsassız varlanma qaydaları çərçivəsində hüquqi qiymət verilməsi üçün vacibdir. Hazırkı işdə isə iddiaçının izahatına əsasən məlum olur ki, iddiaçı cavabdehin varlanması üçün xərcləri könüllü olaraq çəkdiyini mübahisələndirmir. Mülki Məcəlləyə əsasən bir şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə əvəzsiz qaydada başqa şəxsə verməsi (onu zənginləşdirməsi) bağışlama hüquq münasibətlərinə (666.1-ci maddə) uyğun gəlir. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir şəxsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, mülki iş üzrə şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə başqa şəxsə verməsi müəyyən edilirsə və cavabdeh tərəfindən bunun bağışlama niyyəti olmadan verildiyi etiraf edilmirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükü də iddia edən tərəfin üzərinə düşür. Oxşar mübahisələr üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma qaydaları o halda tətbiq edilə bilər ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirdiyi əmlakı ona hədiyyə şəklində vermədiyini sübuta yetirmiş olsun və tərəflər arasında hər hansı digər əqdin bağlanmadığı və ya varlanmaya haqq qazandıran qanuni əsas olmadığı müəyyən edilsin. Deməli, hazırkı mübahisənin düzgün hüquqi həlli üçün həmin vəsaitin bilavasitə cavabdehə və ya üçüncü şəxslərə (ustalara, satıcılara və s.) verilməsinə dair tərəflər arasında müqavilə (və ya ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərinin mövcud olub-olmaması, həmçinin iddiaçı tərəfindən ödənildiyi iddia edilən pul vəsaitlərinin bağışlama olub-olmaması hallarına hüquqi qiymət verilməlidir. İddiaçı cavabdehlə olan faktiki nikah münasibətləri kəsildiyindən cavabdehin mülkiyyətində olan mənzillərin təmiri üçün xərclədiyini iddia etdiyi vəsaiti ondan geri tələb etsə də, iş üzrə müəyyən edilmiş hallar əsasında cavabdehin çəkilən xərcin qarşılığında faktiki nikah münasibətlərini davam etdirəcəyini öhdəsinə götürməsi, bu münasibətləri pozduğu halda iddiaçının onu zənginləşdirmək üçün çəkdiyi xərcləri (bağışlananları) geri qaytarmaq öhdəliyinin yaranması sübut edilmir. İddiaçı xərcləri çəkərkən faktiki nikahlarının davam edəcəyinə inanmış ola bilər, lakin bu hal pul vəsaitinin bağışlama niyyəti olmadan cavabdehə və ya onu zənginləşdirmək üçün üçüncü şəxslərə verilməsinin öz təsdiqini tapması üçün yetərli deyildir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını sübut edə bilmədiyi halda, onun cavabdehə verdiklərini geri qaytarması yalnız bağışlamaqdan imtina (673-cü maddə), bağışlama müqaviləsinin etibarsızlığı və ya bağışlamanın ləğvi (674-cü maddə) əsaslarının mövcud olduğu və sübuta yetirildiyi halda mümkündür. Belə ki, yarandığı hesab edilən hüququn əsasında duran müəyyən bir əqdin etibarlı olub-olmadığını, bu əqdin ləğv olunması üçün şərtlərin olub-olmadığını təsbit etmək üçün məhkəmə kollegiyası araşdırılmış hallara nəzər salır və bu halların qeyd edilən qanuni əsaslarının (əqdlərin etibarsızlığı, müqavilənin ləğvi) şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığını müəyyən edir. Belə olan halda, onun cavabdehə verdiklərini cavabdehin geri qaytarması tələbi ilə bağlı bağışlamaqdan imtina üçün (Mülki Məcəllənin 673-cü maddəsi) əsasların mövcud olub-olmadığı işdə olan sübutlara əsasən yoxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozulması bağışlamadan imtinanın əsası kimi çıxış edir. Tərəflərin olduğu münasibətlərin mahiyyətindən görünür ki, aralarında yaranmış qeyri-rəsmi nikah münasibətlərinin saxlanılıb davam etdirilməsi mümkün olduğu təqdirdə hazırki mübahisə yaranmazdı. Mübahisəli mənzillərin təmir olunması üçün iddiaçı tərəfindən xərclər çəkilmiş olsaydı da belə, varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından, yəni iddiaçı ilə faktiki nikah münasibətləri kəsildiyindən iddiaçının xərclədiyi vəsaiti cavabdehdən geri tələb etməsi məqsədə müvafiq deyildir. Çünki cavabdehin çəkilən xərcin qarşılığında faktiki nikah münasibətlərini davam etdirəcəyini öhdəsinə götürdüyü, bu münasibətləri pozduğu halda iddiaçının onu zənginləşdirmək üçün çəkdiyi xərcləri (bağışlananları) geri qaytarmaq hüququnun yarandığı, yəni bağışlamaqdan imtinanı və ya bağışlamanın ləğvini mümkün edən bu kimi hallar işə baxılan zaman məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə halların mövcudluğu öz təsdiqini tapsaydı da belə, məhkəmə hesab edir ki, iddiaçının bağışlamaqdan imtinası yalnız bunun əsasının ona məlum olduğu gündən, yəni özünün də münasibətlərinin pozulmasına əsas olduğunu iddia etdiyi kimi – 2019-cu ildə cavabdehin anası ilə əmlaklar barəsində olan telefon danışığını eşitdiyi gündən bir il ərzində imtina haqqında bildirişi cavabdehə verdiyi halda qüvvədə ola bilərdi (iddiaçı 2019-cu ildə cavabdehin məkrli niyyətindən xəbərdar olduğunu, 2021-ci ilin sonunadək barışıq üçün cəhdlər etdiklərini, lakin 2021-ci ilin sonunda münasibətlərinin tamamilə kəsildiyini bildirir və iddiaçının 2022-ci ilin mart ayında “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etməsi də onun cavabdehlə münasibətlərinin pozulmasından bir neçə il müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etməsinin göstəricisidir). Deməli, iddiaçının iddiasına bağışlamadan imtina kimi yanaşıldığı təqdirdə müəyyən edilir ki, iddiaçı həm də qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə, bu müddət kəsici müddət kimi qiymətləndirilmişdir. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci, 324.2-ci, 324.3-cü və 337.1-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 385.1, 386.1-ci maddələrinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 422.1-422.2, 422.2.4-cü maddələrinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər, işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 673-cü maddəsinə əsasən, hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: - hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; - hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; - o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: - bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; - vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; - vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. 674-cü maddəsinə müvafiq olaraq, aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: - bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; - hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. 1091.1-1091.2-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1093.1-ci maddəsinə görə, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kimi qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir. Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar