Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1552/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh1 QSC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Bakı şəhəri Xəzər rayon İcra şöbəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 QSC-yə və Cavabdeh2 MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bakı şəhəri Xəzər rayon İcra şöbəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 QSC-yə və Cavabdeh2 MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin sifarişi əsasında Cavabdeh2 tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsindəki 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi və həmin hərracın nəticələrinin ləğv edilməsi, yəni Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsindəki 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********27-10302 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilərək, həmin daşınmaz əmlakın iddiaçının mülkiyyətinə geri qaytarılaraq onun adına əvvəlki qeydiyyatının bərpa edilməsi, 100 manat dövlət rüsumu, 900 manat hüquqi xidmət xərci cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi, bu tələblər barəsində məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-570/2020 saylı qətnaməsi üzrə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icraatında e46001/2023-5-1 saylı icra işi başlanmışdır. Həmin icra işi üzrə xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən cavabdeh Capitals Auction MMC-yə hərrac sifarişi verilmişdir. Cavabdeh Capitals Auction MMC tərəfindən xx.xx.2023 tarixinə saat 11.00-a Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinin hərracı təyin olunmuşdur. Lakin həmin evin Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka qoyulmasına dair müqavilə iddiaçı X2 tərəfindən Xəzər rayon Məhkəməsinə iddia ərizəsi verilərək mübahisələndirilmişdir. Həmin iddia ərizəsi 15.08.23 tarixində e-2(003)-2979/2023 (yeni nömrə: e-2(003)-176/2024) saylı iş üzrə icraat götürülmüş və birinci hazırlıq iclası xx.xx.2023-cü il tarixinə saat 11.00-a təyin olunmuşdur. Həmin iş üzrə məhkəmənin növbəti iclası xx.xx.2024-cü il tarixinə saat 11.15-ə təyin olunub. Bundan sonra iddiaçı ərizə ilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə müraciət edərək Xəzər rayon Məhkəməsinin icraatında olan qeyd edilən iş yekunlaşana qədər həmin icra işinin və hərracının dayandırılmasını xahiş etmişdir. Bundan sonra Xəzər rayon İcra şöbəsinin, cavabdeh Capitals Auction MMC-yə yazdığı xx.xx.2023-cü il tarixli məktub ilə həmin icra işi və hərrac dayandırılmışdır. Buna baxmayaraq, xx.xx.2024-cü il tarixində Cavabdeh1ın əməkdaşı vvatsap yolu ilə göndərdiyi Çıxarışdan görünür ki, həmin ev və torpaq sahəsi Cavabdeh1ın qanunsuz olaraq mülkiyyətinə keçmişdir. Başqa bir ifadə ilə cavabdeh Capitals Auction MMC, Xəzər rayon İcra şöbəsi xx.xx.2023cü il tarixli məktub ilə ondan tələb etdiyi halda qanunu pozaraq hərracın dayandırmamış, qanunsuz olaraq onu keçirməyə davam etmiş, 2-ci hərracdan sonra həmin evi və torpaq sahəsini Cavabdeh1a təklif edərək, iddiaçının mülkiyyətini qanunsuz olaraq mənimsəmişdir. Bu proses, yəni 2-ci hərrac və Cavabdeh1a edilmiş təklif barədə isə cavabdeh Capitals Auction MMC, mülkiyyətçiyə heç bir məlumat verməmişdir. Bununla onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Bu isə qəbuledilməzdir. Bundan başqa, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1500 kv ümumi sahəsi olan 61 saylı fərdi yaşayış evi cavabdeh Capitals Auction MMC tərəfindən 140 000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Həmin fərdi yaşayış evi Bakı şəhərinin istirahət guşələrindən biri olan Buzovna qəsəbəsində yerləşir, ümumi sahəsi 1500 kv m olan villa tipli super təmiri və hər şəraiti olan bağ evidir. Həmin ərazidə bənzər bağ evlərinin 2023-cü ilə olan bazar qiyməti ən minimum 800 000 manatdır. Elə onun 12 sot olan torpağının belə qiyməti 120 000 manatdır. Qeyd edilən bağ evinin hərraca çıxarılacaq olan ilkin satış qiyməti, yəni 140 000 manat Yasamal rayon məhkəməsində xx.xx.2020-ci il tarixli 2(004)-570/2020 saylı iş üzrə aparılan icraat zamanı, xx.xx.2020-ci ildə müəyyən edilmişdir. Hal-hazırda həmin bağ evinin dəyəri isə ən aşağı 800 000 manatdır. Yasamal rayon məhkəməsinin göndərdiyi icra sənədi olduğu kimi icra edilərək üzərinə həbs qoyulmuş həmin bağ evinin ilkin satış qiyməti olan 140 000 manat ilə hərraca çıxarılması mülkiyyətçi-İddiaçı əsas insan hüquqlarından biri olan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Cavabdeh-Bank, iddiaçının mülkiyyətində olan üzərinə həbs qoyulmuş əmlakı bu yolla əldə edərək mülki hüquqlarından sui-istifadə etdiyi kimi, həm də iddiaçının əsas insan hüququ olan mülkiyyət hüququnu kobud şəkildə pozur. Belə ki, ən az bazar dəyəri hal-hazırda 800 000 manat olan bir bağ evini 90 % aşağı qiymətlə, yəni 89 250 manat ilə əldə edir ki, bu, qəbuledilməzdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin sifarişi əsasında Cavabdeh2 tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsindəki 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə dair keçirilmiş hərrac və həmin hərrac əsasında Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki vəziyyətin bərpa edilməsi, yəni Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsindəki 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********27-10302 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilərək, həmin daşınmaz əmlakın iddiaçının mülkiyyətinə geri qaytarılaraq onun adına əvvəlki qeydiyyatının bərpa edilməsi, 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi, bu tələblər barəsində məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə kredit müqaviləsinin biznes məqsədilə bağlanmasının mübahisəsiz olduğunu, lakin ipoteka müqaviləsi bağlandığı tarixdə iddiaçının VÖEN-inin olmadığını bildirərək, hazırki mübahisənin ipoteka müqaviləsindən irəli gələn mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar olduğunu qeyd edib, işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə razı olmadı. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 QSC-nin nümayəndəsi X7 belə böyük məbləğlərdə kreditin yalnız biznes məqsədilə verilə biləcəyini qeyd edib, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər Cavabdeh2 MMC-nin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Mikromaliyyələşdirmə Bankı ilə X9 arasında bağlanmış xx.xx.2004-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 40.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit vədini ifadə etmir. Müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 60 ay müddətinə xx.xx.2009-cu il tarixdən gec olmayaraq verilməlidir. Cavabdeh1 QSC ilə X9 (VÖEN: **********) arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2009-cu il tarixli, 95 №-li sazişdən görünür ki, bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 1.000.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit vədini ifadə etmir. Müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə xx.xx.2014-cü il tarixdən gec olmayaraq verilməlidir. Cavabdeh1 QSC ilə X9 (VÖEN: **********) arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 95 №-li sazişdən görünür ki, bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 2.000.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit vədini ifadə etmir. Müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 239 ay müddətinə xx.xx.2024-cü il tarixdən gec olmayaraq verilməlidir. Cavabdeh1 QSC ilə X9 (VÖEN: **********) arasında bağlanmış xx.xx.2004-cü il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, bank məbləği 250.000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1,4167 % olmaqla 36 ay müddətinə kredit alana verir. Kreditin məqsədinin fərdi kiçik kredit olması qeyd edilmişdir. Cavabdeh1 QSC ilə X9 (VÖEN: **********) arasında bağlanmış xx.xx.2004-cü il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli kredit razılaşmasından görünür ki, bank məbləği 50.000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1,4167 % olmaqla 36 ay müddətinə kredit alana verir. Kreditin məqsədinin fərdi kiçik kredit olması qeyd edilmişdir. Cavabdeh1 QSC, X9 (VÖEN: **********) və İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin borclu ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-570/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və digərlərindən müştərək qaydada ümumilikdə 219.111,95 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutularaq Cavabdeh1 QSC-nin xeyrinə ödənilməsi, tutmanın ... ilkin satış qiyməti 140.000 manat müəyyən edilməklə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə ... yönəldilərək, açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ..., ipoteka predmetlərinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra ... İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evindən çıxarılması və ipoteka predmetlərinin boşaldılması və s. qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində olan 0.12 ha torpaq sahəsi və üzərindəki 61 nömrəli fərdi yaşayış evi xx.xx.2024-cü ildə tam mülkiyyət hüququ əsasında Cavabdeh1 QSC-nin adına qeydiyyata alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN statusu: aktiv). Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı (VÖEN: **********), cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə ki, İddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs, cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC isə kommersiya hüquqi şəxsləridir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdehlər sahibkarlıq fəaliyyəti subyektləridir. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, iş materialları əsasında müəyyən edilir ki, İddiaçı Cavabdeh1 QSC ilə X9 (VÖEN: **********) arasında bağlanmış uzunmüddətli kredit xətti müqaviləsi üzrə zaminlik və ipoteka müqavilələri imzalayaraq, X5 fərdi kiçik kredit məqsədilə hissələrlə verilməsi nəzərdə tutulmuş 2.000.000 manat məbləğində kreditin təminatı kimi onunla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüş, eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İddiaçı tərəf və cavabdeh bank kredit müqavilələrinin məhz kommersiya məqsədilə bağlanması məsələsini mübahisələndirmirlər. X1 VÖEN-inin qeyd edilməsi, müqavilənin məqsədinin fərdi kiçik kredit kimi göstərilməsi, müqavilə üzrə tərəflər arasında bağlanmış razılaşmaların həm də qarantiya və ya akkreditiv açılması üçün razılaşmalar adlandırılması uzun müddətə bağlanmış və məbləği yüksək olan kredit müqaviləsinin məqsədinin hər iki tərəf üçün məhz gəlir əldə etmək olmasını deməyə əsas verir. Qeyd edilməlidir ki, İddiaçı tərəfi olduğu ipoteka müqaviləsi isə həmin müqavilədən törəmişdir. Deməli, ipoteka müqaviləsi əsas öhdəlikdən, yəni fərdi kiçik kredit məqsədilə fərdi sahibkarla bank arasında bağlanmış kredit müqaviləsindən törəmiş, yəni bu barədə öhdəliyin təminat üsulu olmuşdur. Hazırkı mübahisənin predmeti ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı kommersiya məqsədilə fərdi sahibkara verilmiş kreditin təminatı olan evinin kommersiya hüquqi şəxsi olan hərrac təşkilatının keçirdiyi hərrac vasitəsilə digər kommersiya hüquqi şəxsi olan bankın mülkiyyətinə keçməsi barədə məsələni mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh qismində cəlb edilmiş hərrac təşkilatı və bank kommersiya hüquqi şəxsləri olmaqla, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması, eyni zamanda, iddiaçının fərdi sahibkar olması, mübahisənin yaranma əsasının kommersiya məqsədli kredit müqaviləsi əsasında bağlanmış ipoteka müqaviləsinin predmetinin satışı və həmin satışın nəticəsində kommersiya hüquqi şəxsləri arasında bağlanmış alqı-satqı müqaviləsi ilə bağlı olması, yəni işə Nəsimi Rayon Məhkəməsində baxılmasına əsas olmaması nəzərə alınmalı və hazırki işə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26-cı maddəyə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bəndinə müvafiq olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Mülki Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə nəticələri mübahisələndirilən hərrac fərdi sahibkarla kommersiya hüquq şəxsi arasında biznes məqsədilə bağlanmış kredit müqaviləsi üzrə ipoteka predmetinin satışı ilə bağlı olduğundan, hazırki mübahisəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı Bakı şəhəri Xəzər rayon İcra şöbəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 QSC-yə və Cavabdeh2 MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və Cavabdeh2 MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1552/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1552/2024
14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver