Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1576/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsinə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satışından əldə olunmuş 64000 ABŞ dolları və 5000 manat məbləğində pulu tanışı Cavabdeh vermişdir. Cavabdeh təxminən 2013-cü ildən tanıyır. Cavabdeh ticarətlə məşğul olurdu və iddiaçıda olan pulu ona versə, yüksək məbləğdə gəlir olmasını vət etmişdir. Lakin Rəfiqə vədini yerinə yetirməmiş, iddiaçıdan aldığı pulları geri qaytarmamışdır. Artıq Rəfiqə tərəfindən aldadığını görüb, bu barədə şikayət etmək qərarına gəlmişdir. Nəsimi rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi Orxan Əkbərovun 28.12.2021-ci il tarixli qərarı ilə iddiaçının Cavabdeh 64000 ABŞ dolları və 5000 manat məbləğində pulu verməsi iş materialları ilə təsdiqini tapsa da, Cavabdeh əməlində qeyd olunan faktla bağlı cinayət tərkibi olmadığından cinayət işinin icraatına xitam verilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı da bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh 64.000 ABŞ dolları və 5000 manat məbləğində pulun, hüquqi yardıma görə 250 manat və ödənilmiş 404,05 manat dövlət rüsumunun tutularaq, İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, iddiaçı Cavabdeh təxminən 2013-cü ildən tanımışdır. Cavabdeh ticarətlə məşğul olmuş və 2015-ci ildə iddiaçıda olan pulu ona verərsə, həmin pulla Türkiyədən alış-veriş edəcəyini və həmin malı burda bacısının dükanında sataraq yüksək məbləğdə gəlir olmasını, həmçinin həmin gəliri iddiaçı ilə bölüşəcəyini vət etmişdir. Bu məqsədlə ondan 64.000 ABŞ dolları borc və malların gömrükdən keçirilməsi üçün 5000 manat da əlavə borc almışdır. Bu sövdələşmənin üzərindən 1 ilə yaxın müddət keçsə də, nə borcdan, nə də mallardan gələn gəlirdən xəbər olmur. 2016-cı ildə iddiaçı polisə müraciət etməli olur və bu proseslər 2021-ci ilə kimi uzanır. Nəticədə cinayət işinin başlanmasının rədd olunması haqda qərar qəbul olunur. İstintaq prosesində iş üzrə fonoqrafik ekspertiza da keçirilir və burda iddiaçının oğlu ilə cavabdeh arasında məhz bu mövzudakı danışıqları tədqiq olunur. Orada cavabdeh özü iddiaçıya borcu olduğunu qəbul edir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında səsyazmada dediklərini təzyiq və hədə-qorxunun təsiri altında dediyini qeyd edir, lakin rəyin sonunda mübahisəli fonoqramda danışıqlarda iştirak edən şəxslərin emosional və psixoloji vəsiyyətlərində kəskin emosianallığın hiss olunmaması qeyd olunub. Cavbadeh qeyd edir ki, onun borcu 10.000 ABŞ dolları olub və bnunu üzərinə faizlər gələrək 64.000 manat tələb olunur. Bu ifadə absurddur, belə ki, aylıq 100% əlavə pul istənilsə belə məbləğin bu cür şişməsi mümkünsüzdür. Cavabdeh götürdüyü pulu övladının müalicəsinə xərclədiyi bildirir, halbuki səsyazmalarda dəfələrlə həmin pula mal alıb satacağını və gəlir əldə edəcəyini deyir. Hal-hazırda 64.000 ABŞ dolları və 5000 manat borcu olduğunu inkar edir. Lakin səsyazmalarda iddiaçının oğlu dəfələrlə bu məbləğlərin adını çəkir və heç birində iddiaçının bu borca etirazı olmur. O cümlədən iddiaçının sələmçiliklə məşğul olduğu deyilir. Əgər belədirsə, onun imkanı yaxşı olmalı idi və bu halda indiki kimi kirayədə yaşamazdı. Cavabdeh özü ilə oğlunun da şahid qismində dindirilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı mütəmadi olaraq ona və başqalarına sələmə pul verməklə məşğul olmuşdur. O, ondan 10.000 manat borc pul götürmüşdür və ayda 1000 manat faiz ödəməklə pulu qaytaracaqları ilə bağlı razılaşmışlar. İddiaçının göstərdiyi 64.000 ABŞ dolları və 5000 manat onun sələmə verdiyi pulun üzərinə gələn faizlərlə bağlı yaranmışdır. Uzun müddət özü və oğlu ona çox əzablar vermiş, demək olar ki, hər gün evinə gələrək ondan pul tələb etmişlər. Devalvasiyanın yaranması ilə əlaqədar o, borcu ödəyə bilmirdi və ondan əl çəksinlər deyə ödəcəyini deyib evindən çıxarmağa çalışırdı. İddiada göstərilənlər tamamən əsassızdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının rəfiqəsidir, onların evinə tez-tez gedib-gəlmişdir. 15 ildir ki, tanışdılar. Bir dəfə iddiaçının oğlu üçün əlil arabası gətirmişdir. Həmin gün bir qadın və bir oğlu evə girmişlər və qışqırmağa başlamışlar. Həmin günə kimi o, borc məsələsindən xəbərsiz idi. Rəfiqədən məsələnin nə olduğunu soruşmuş, o, da ona 10.000 ABŞ dolları borc götürdüyünü və faizlərini artıqlaması ilə qaytardığını, lakin yenə ondan pul istədiklərini demişdir. Onlardan bunun nə demək olduğunu soruşmuş, çünki bu, açıq-aşkar özbaşınalıq idi. Heç bir vergi ödəyicisi deyildilər və öz bizneslərini qurmuşdular. Onlar pul tələb etdikcə Rəfiqə ödədiyini və ondan əl çəkmələrini deyirdi. Ona davamlı təzyiqlər edib hədə-qorxu gəlirdilər. O, Rəfiqəyə polisə müraciət etməsini və ona bu qədər stres yaşatdıqları üçün mənəvi təzminat tələb etməsini demişdir. Çünki onlar banditlik edirdilər. Lakin iddiaçı tərəf onlardan qabaq polisə müraciət etmişdir. Borcun verilməsi və pulun qaytarılmasının şəxsən şahidi olmamışdır.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, cavabdehin oğludur. Anası iddiaçıdan borc almışdır, miqdarını bilmir. Borcu qaytarıb. Suğra və oğlu hər saatda qapılarına gəlib səs-küy salırdılar. Bir dəfə Suğra ona demişdir ki, narahat olmasın Sığradan ona bir zərər gəlməz. Amma zərər gəlmiş və bütün bunlar onları sarsıtmışdır. Oğlunun adını bilmir, amma o da gəlib anasının pulunu istəmişirdir. Hadisə təxminən 5 il qabaq olmuşdur. Anası Sığra ilə telefonla danışmışdır və ondan əl çəkməsini istəmişdir. Onların o qədər borcları olmamışdır. Anası bir dəfə Türkiyəyə gedib, lakin ona dərman almaq üçün. Xalası müəllimədir, mağazası yoxdur. Anası mal satmamış, evlərində satılmalı mal olmamışdır.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının qonşusudur. Gediş-gəlişləri var. Suğranı ilk dəfə 5-6 il bundan qabaq görmüşdür. Faizə pul verirdi. O, bir dəfə Rəfiqədən faizə pul istəmiş, o, da ona Suğranı məsləhət görmüş və onun bu işlərlə məşğul olduğunu demişdir. O, Suğradan əvvəlcə Rəfiqənin vasitəsilə iki dəfə borc pul götürmüş və faizlərini qaytarmışdır. Daha sonra Sığradan yuyucu tozlar alıb üzərinə biraz məbləğ qoyaraq satırdı. Suğranı bu cür tanımışdır. Borcun alınması və qaytarılması ilə bağlı hadisələri gözü ilə görmüşdür, lakin belə mübahisənin olduğunda sonradan xəbər tutmuşdur.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin cinayət işinin icratına xitam verilməsi haqqında 28.12.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı Abuzər qızının 2015-2016-cı illərdə Cavabdeh Çin Xalq Respublikasından birgə qazanc əldə etmək məqsədilə geyim paltarlarının Bakı şəhərinə gətirilməsi üçün 64000 ABŞ dolları və 5000 manat pul verməsi, Cavabdeh 64000 ABŞ dollarını və 5000 manat pulu alması iş üzrə təyin edilmiş fonoskopik ekspertizasının 13.09.2017-ci il tarixli 20720 nömrəli rəyində olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu və tədqiqi hissələ verilmiş yazılı mətnlər ilə də bir daha təsdiqini tapmışdır. İstintaq zamanı Cavabdeh ifadələrində İddiaçı Abuzər qızından 2011-ci ildən 2015-ci ilə kimi mütəmadi olaraq faizə pul götürməsini bildirmişdir. Lakin istintaq zamanı həmin xüsusat öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan diskə baxış protokolundan göründüyü kimi Cavabdeh və İddiaçı Abuzər qızı arasında olan pul münasibəti 2015-2016-cı illərdə baş vermişdir. Həmçinin Cavabdeh istintaq zamanı verdiyi ziddiyyətli ifadələrdəki xüsusatlar bir daha onu təsdiq edir ki, İddiaçı Abuzər qızından 64000 ABŞ dollarını və 5000 manat pulu birgə qazanc əldə etmək məqsədilə almış, lakin yaranmış mülki öhdəliklərin icrasında yayınmaq məqsədilə ziddiyyətli ifadələr verməyə üstünlük vermişdir. Beləliklə aparılmış ibtidai istintaqla Cavabdeh 2015-2016-cı illərdə İddiaçı Abuzər qızından Çin Xalq Respublikasından birgə qazanc əldə etmək məqsədilə geyim paltarlarının Bakı şəhərinə gətirilməsi üçün 64000 ABŞ dolları və 5000 manat pulu alması tam təsdiq edilsə də, həmin xüsusatda Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri yoxdur. Tərəflər arasında yaranmış pul mübahisəsi mülki xarakterlidir. Ona görə də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılaraq ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, zərərçəkmiş şəxs İddiaçı mülki qaydada məhkəməyə müraciət etməsi hüququ izah edilməsi, ona qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokuroruna, yuxarı prokurora, məhkəmə nəzarətini həyata keçirən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etməsi hüququ izah edilməsi qərara alınmışdır.
10. İş üzrə Nəsimi RPİ-nin İŞ tərəfindən ********* nömrəli cinayət işi üzrə təyin edilmiş 13.09.2017-ci il tarixli 20720 saylı məhkəmə fonoskopik ekspertiza rəyinin surətindən görünür ki, ekspertizaya təqdim olunmuş 4 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 4 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiq hissədə verilmiş yazılı mətnlərdə K1 kimi işarə olunmuş diktorun səsi və nitqi – Cavabdeh məxsusdur. Ekspertizaya təqdim olunmuş 4 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində Q2 kimi işarə olunmuş diktorun səsi və nitqi – X1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1,2.3 saylı CD disklərdə olan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 4 ədəd CD diskdə olan mübahisəli fonoqramlarda montaj əlamətlərinin olub olmamasını tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim ounmuş 4 ədəd CD diskdə olan mübahisəli fonoqramlarda danışıqlar spontandır. Ekspertizaya təqdim olunmuş 4 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən diktorların emosional və psixoloji vəziyyətlərində kəskin şəkildə ekstremallıq hiss olunmur. 11.İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışın surətindən görünür ki, X5 ikinci qrup əlildir.
12. İş üzrə 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.01.2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11.01.2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17.01.2013cü il tarixdə 02 № ilə qeyd edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir. 14.Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan yalnız 10000 manat məbləğində pulun alınması etiraf olunmuşdur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
16. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
17. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
20. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
21. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları – cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara, ekspert rəyinə və şahid ifadələrinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə yalnız 10.000 manat məbləğində pul tutulmalıdır.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
25. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
26. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır.
27. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
28. Azərbaycan Respublikası MPM-nin 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3).
29. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
30. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
31. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12.04.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz».
33. Məhkəmə qeyd edir ki, qeyd olunan Konstitusiya Məhkəməsinin qərarında əsasən danışıqlar mübahisəli əqdin hər iki tərəfinin danışıqlarından söhbət gedir. Səs yazısında isə cavabdeh əqdin bir tərəfi olsada digər tərəf isə başqa bir şəxs (iddiaçının qardaşı) olmuşdur. Bu halda isə əldə edilmiş səs yazısı qanuna zidd əldə edilmiş olmaqla Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinin təsir dairə düşür. Ümumiyyətlə nə iş materiallarında, nədə ki digər sənədlərdə iddiaçı ilə cavabdeh arasında hər hansı yazışmanın, ərizənin, telefon danışığının, video görüntünün, səs yazısına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş yalnız Cavabdeh məhkəmə prosesi zamanı 10.000 manat məbləğində pulun iddiaçıdan alınması və daha sonra qaytarılması müəyyən edilmişdir.
34. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh iddiaçıdan almış olduğu 10.000 manat məbləği ona qaytarıldığını bildirsədə bu barədə də (qaytarılması) sübutu məhkəməyə təqdim edə bilməmişdir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
36. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
37. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia borcun tutulması hissəsində qismən, yəni cavabdehin etiraf etdiyi həcmdə təmin edilməli, cavabdehdən 10.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.
39. İddianın qalan hissəsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə iddiaçı tələbini sübuta yetirə bilməmiş, cavabdehin ona 64.000 ABŞ dolları və 5000 manat məbləğində borcunun olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
40. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi).
41. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
42. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, tələb dövlət rüsumunun tutulması hissəsində də qismən təmin edilməlidir. Belə ki, təmin edilmiş tələb məbləğinə mütənasib olaraq cavabdehdən 120 manat məbləğində pul ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə tutulmalıdır.
44. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə 10000 (on min) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 (bir yüz iyirmi) manat, cəmi 10.120 (on min yüz iyirmi) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10.000 (on min) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 (bir yüz iyirmi) manat, cəmi 10.120 (on min yüz iyirmi) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov