Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1585/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh1 və X6 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MTK cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 30 m2 olan evin boşaldılaraq sökülməsi üçün İddiaçı MTK-ya təhvil verilməsi; İddiaçı MTK tərəfindən ünvan 1 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 30 m2 olan evin əvəzinə yeni tikiləcək binanın G bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 44 m2 olan 5 saylı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh6 təhvil verilməsi; sökülməsi nəzərdə tutulan evin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh6 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı MTK Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 39,86 m2 olan evin boşaldılaraq sökülməsi üçün İddiaçı MTK-ya təhvil verilməsi; İddiaçı MTK tərəfindən ünvan 1 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 39,86 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın G bloku, 3-cü mərtəbəsində yerləşən, təsdiq edilmiş layihə üzrə ümumi sahəsi 51,1 m2 olan 1 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh6 təhvil verilməsi; sökülməsi nəzərdə tutulan evin İddiaçı MTKya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh6 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 183 saylı Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Həmin Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı MMC tərəfindən həll edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 28 mart 2018-ci il tarixli rəyə əsasən, həmin ərazidə yerləşən yaşayış evlərinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki: - yaşayış evlərinin yükdaşıyan divarlarında müxtəlif yerlərdə keçici çatlar mövcuddur; - yükdaşıyan divarlarda suvaq qatının qopması baş vermişdir; - bünövrələrdə, torpaqla təmasda olan divarlarda xaricdə və daxildə nəmlik, aşınmalar müşahidə olunmuşdur; - qapı və pəncərələrdə fiziki köhnəlmə, çürümə və digər deformasiyalar mövcuddur; - yaşayış evlərinin dam örtüyü uzunmüddətli təmirsiz istismar edildiyindən yararsız vəziyyətə düşmüşdür; - yaşayış evlərinin mərtəbəarası örtük konstruksiyasında fiziki köhnəlmə mövcuddur; - yaşayış evlərinin mərtəbəarası örtüklərin ağac konstruksiyaları çürüyərək ciddi deformasiyalara uğramışdır; - atmosfer suları bəzi yerlərdə evlərin daxilində sızaraq tavanlar və divarların nəmlənməsinə səbəb olmuşdur; - döşəmələrdə qabarma və çökmələr mövcuddur; - yaşayış evlərinin komunikasiya xətləri yararsız vəziyyətdədir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və 12890 saylı inşaat pasportuna əsasən, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, № 1053 saylı icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 18/03-8/3573 saylı, xx.xx.2016-cı il tarixli məktubla Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binalarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin «Azərdövlətlayihə» DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 81 nömrəli məktubu ilə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən 1.1699 ha torpaq sahəsində İddiaçı MMC-yə yaşayış binalarının tikintisi məqsədilə obyektin tikintisinə icazə sənədi verilmişdir. İddiaçı MTK tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-ci il tarixli 183 saylı sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllə ünvanda yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və evlərin təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Nəzərə çatdırmaq istəyirlər ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə onlarla mülkiyyətçi köçürülmüş, tikilməli olan 8 blokdan ibarət binanın 2 bloku tikilərək sakinlərə təhvil verilmiş, 2 blok hazırda tikilməkdədir. İddiaçı MTK cavabdehə məxsus evin yerləşdiyi Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllə ünvanda yerləşən evlərin 30-dan artıq sakini ilə evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən evlərin sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları evlərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 1 ünvanda yerləşən evin mülkiyyətçisi olan Cavabdeh6 ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər ev sahibləri kimi, sahib olduğu ünvan 1 ünvanda yerləşən 30 m2 faktiki sahədən ibarət olan evin əvəzinə yeni tikiləcək binada təmirli 44 m2 yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 400 manat kirayə haqqı, alternativ variant kimi isə cavabdehə məxsus olduğu evin əvəzinə kompensasiya variantı da təklif olunur. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, şəhərsalma əsaslandırılmasına, ayrıc aktına, obyektin tikintisinə icazə sənədinə və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, ev problemli evdir. 2 otaq qaynanası tərəfdədir, 3 otaq isə onlar tərəfdədir. O, ev istəmir. Ayrıca ev dəyərində pul məbləği istəyir ki, uşaqlarına ev ala bilsin. Uşaqları böyükdür, əri həbsdədir, uşaqlarını və özünü mənzillə təmin etmək istəyir. Ancaq onun qaynanasına 1ev verilsə, onlar bir evdə yaşaya bilməzlər. Evlər 90-100 min civarındadır. İddiaçıdan 3 otaqlı ev istəmir. Sadəcə pul istəyir. Məhkəmədən xahişi ondan ibarətdir ki, onu razı salsınlar və pul vesinlər. Cavabdeh X8 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, tələbdən narazıdır. Onlar şirkətə problem yaratmamışlar. Əlavə ev və yaxud villa istəmir. Evinin dəyərini istəyir. Ailəsi narahat ailədir. Anası yataq xəstəsidir. Gəlinləri 2 uşaqla həmin evdə yaşayır. Qardaşı həbsdədir. Mümkündürsə, 2 ev versinlər. Mümkün deyilsə, pul versinlər ki, həm qardaşına, həm də anasına ev ala bilsin. Hazırda iş üzrə cavabdeh olan anası onunla birlikdə yaşayır, anasına özü baxır, gəlinləri isə həmin evdə yaşamaqla 2 övladına baxır. Qışda qarın suyu evə axmışdır. Buna baxmayaraq, iddiaçını incitməmişlər. Məhkəmədən xahişi ondan ibarətdir ki, onları razı salsınlar və pul vesinlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı MTK-nın Nizamnaməsindən (2-ci redaksiyada) və Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X7 Haqqında şəhadətnamədən görünür ki, İddiaçı MTK ********** X3 Nömrəsi ilə 04 noyabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 183 saylı sərəncamından görünür ki, İddiaçı MMC-nin xx.xx.2014-cü il tarixli 03 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. Sərəncamda bununla bağlı həll edilməli digər məsələlər də öz əksini tapmışdır. 04 may 2015-ci il tarixli 1053 saylı torpaq icarə müqaviləsindən görünür ki, Bakı şəhər İHB ilə İddiaçı MMC arasında Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə ayrılmış 11699 m2 torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İcarə haqqının 05 iyun 2014-cü il tarixdən hesablanması, hər il 9.344 manat 23 qəpik icarə haqqı ödəniləcəyi şərtləşdirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 29 noyabr 2016cı il tarixli 18/03-8/3573 saylı məktubundan görünür ki, İddiaçı MTK-nın xx.xx.2016-cı il tarixli 044 saylı məktubu nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 183 saylı sərəncamına və 12890 saylı inşaat pasportuna əsasən, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binalarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi «Azərdövlətlayihə» DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması razılaşdırılır. xx.xx.2017-ci il tarixli 81 saylı obyektin tikintisinə icazədən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə 1,1699 ha torpaq sahəsində yaşayış binalarının (C, D, E, F, G və H bloklarının) tikintisinin layihələndirilməsinə icazə verilmiş, bu zaman müvafiq ekspertiza rəyi, rəylər və əlavə şərtlər nəzərə alınmışdır. 23 fevral 2018-ci il tarixdə 18/37 sayla qeydiyyata alınmış ayrıc aktından görünür ki, İddiaçı MMC-yə icarəyə verilmiş torpaq sahəsinə dair istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı tərtib olunmuşdur. «Azərdövləttikintilayihə» DLİ tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli rəydən göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən yaşayış evlərinin mövcud vəziyyəti haqqında texniki rəy verilmişdir. Həmin yaşayış evlərinin halhazırda istismar olunduğu, yaşayış evlərinin uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Yaşayış evlərinin texniki məhdud işlək vəziyyətdə olduğu qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Dövlət Baş Ekspertiza ilə razılaşdırılmış Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə inşası nəzərdə tutulmuş yaşayış binalarının C,D,G eyni tipli və H bloklarının planlarının korrektə edilməsi ilə bağlı layihədən görünür ki, G blokunda 1 otaqlı 51,1 kv m. sahəsi olan mənzil mövcuddur. "xxxx" MMC-nin 05 mart 2025-ci il tarixli UNİ/M 06-084/2025 saylı məktubu ilə məhkəməyə göndərilmiş ekspert rəyindən görünür ki, qiymətləndirilən fərdi yaşayış evində aparılan ölçü işləri əsasən Cavabdeh6 mülkiyyətində olan evin faktiki sahəsi (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) faktiki olaraq 39,86 m2 təşkil edir. Cavabdeh6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin faktiki vəziyyəti nəzərə alınmaqla 1 m2-nin dəyəri 2.300 manat təşkil edir. ünvan 1 ünvanda yerləşən Cavabdeh6 mülkiyyətində olan mənzilə uyğun mənzillərin kirayə dəyəri 430 manat təşkil edir. Qiymətləndirmə xərci 400 manat təşkil etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 169.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Bundan əlavə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 84.0, 84.0.1 və 84.0.2ci maddələrinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə, yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də ərizəçinin üzərinə həddindən artıq yük qoyub-qoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir.Bununla əlaqədar olaraq mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq qeyri-mütənasib müdaxilədir.Müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktı nəzərə alınaraq tam kompensasiyanın ödənilməməsi, ərizəçinin əmlakının alınması, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyi nəzərə alınaraq qanuna zidd hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh6 ona məxsus olan istifadəyə yararsız əmlakının yeni tikilmiş, müasir standartlara cavab verən binada təmirli əmlak sahəsi ilə əvəzləşdirilməsi təklif olunsa da, cavabdeh iddiaçı tərəfin qanunauyğun və ədalətli təklifi ilə razılaşmayaraq, cəmiyyətin maraqlarına cavab verən tikinti işlərinin aparılmasını yubadır. Bununla qeyd edilən ərazidə inşa edilməli əmlaklarda yaşamalı olan çoxsaylı vətəndaşların hüquqları və mənafeləri sual altına alınır. Bu səbəbdən, MTK öz üzərinə düşən vəzifələri vaxtında və tam şəkildə icra etməmək təhlükəsi ilə üzləşir. Qanunvericiliyin müddəalarına və ayrılmaz hüquqlarla bağlı prinsiplərə əsasən cavabdehin xüsusi mülkiyyətində olan daşınmaz əmlakı üzərində hüquqlarının və mənafeələrinin qorunma qalxanı altında olması digər şəxslərin də eyni dərəcədə tanınan hüquqlarından üstün tutulmamalıdır. Hazırki mübahisənin predmetini cavabdehin xüsusi mülkiyyətində olan sahənin iddiaçıya təhvil verilməsi müqabilində onun yeni tikiləcək binada təmirli mənzillə təmin edilməsi və həmin yeni mənzilin təhvil veriləcəyi müddətədək yaşayış sahəsi ilə təmin olunması məqsədilə kirayə haqqının verilməsindən ibarətdir. İş üzrə mənzilin sahəsinin və kirayə haqqının müəyyən edilməsi məqsədilə təyin edilmiş qiymətləndiricinin verdiyi rəyə əsasən mənzilin sahəsi və həmin ərazidə oxşar şəraitli mənzillərin kirayə haqqları müəyyən edilərək iddiaçının tələbinin ədalətli olub-olmaması araşdırılmışdır. Cavabdehin xüsusi mülkiyyət hüququndan irəli gələrək mənzilin hər hansı formada əvəzləşdirilməsinə etirazı iddiaçının həyata keçirdiyi tikinti və abadlaşdırma fəaliyyətinin, eyni ərazidə mülkiyyətləri ədalətli kompensasiya edilmiş digər sakinlərin yeni yaşayış sahələri ilə təminatının əsassız şəkildə qarşısını alır. Cavabdehlərin dəlilləri ondan ibarətdir ki, cavabdehlər iki ailə olmaqla həmin yaşayış sahəsindən istifadə edirlər, belə olan təqdirdə hər bir ailəyə münasibətdə mənzil sahəsi verilməsi və ya iki ailənin mənzillə təmin oluna bilməsi üçün müvafiq məbləğdə kompensasiya ödənişi onları razı sala bilər. Lakin, mövcud məhkəmə təcrübəsində mənzilin kompensasiya olunması şərti kimi mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin ölçüləri əsas meyar olaraq nəzərə alınmaqdadır. Mülkiyyətçiyə məxsus daşınmaz əmlakda yaşayan şəxslərin sayının mülkiyyətin əvəzləşdirilməsində meyar götürülməsi əsassızdır. Hər bir halda hazırki mübahisəli yaşayış sahəsində yaşayan şəxslər mənzilin sahəsindən asılı olmayaraq orda yaşamışlar və onlara ədalətli kompensasiya şəklində təklif edilən mənzildən də öz mülahizələrinə uyğun istifadə etmək səlahiyyətinə malikdirlər. Məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın qarşılığında iddiaçının təklif etdiyi qaydada mənzillə təminat və müvafiq dövr üçün kirayə haqqı ödənişi ədalətli kompensasiya kimi qiymətləndirilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 39,86 m2 olan ev boşaldılaraq sökülməsi üçün İddiaçı MTK-ya təhvil verilməli; İddiaçı MTK tərəfindən ünvan 1 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 39,86 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın G bloku, 3-cü mərtəbəsində yerləşən, təsdiq edilmiş layihə üzrə ümumi sahəsi 51,1 m2 olan 1 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh6 təhvil verilməli; sökülməsi nəzərdə tutulan evin İddiaçı MTKya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh6 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatların dəyərini təşkil edən 400 manat cavabdeh X1 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 39,86 m2 olan ev boşaldılaraq sökülməsi üçün İddiaçı MTKya təhvil verilsin. İddiaçı MTK tərəfindən ünvan 1 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 39,86 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın G bloku, 3-cü mərtəbəsində yerləşən, təsdiq edilmiş layihə üzrə ümumi sahəsi 51,1 m2 olan 1 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh6 təhvil verilsin. Sökülməsi nəzərdə tutulan ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 39,86 m2 olan ev Cavabdeh6 tərəfindən İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh6 hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Aparılmış ekspertiza tədqiqatların dəyərini təşkil edən 400 (dörd yüz) manat cavabdeh X1 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1585/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1585/2025
02.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver