Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1589/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında ASC-nin xeyrinə dəymiş ziyana görə 1267,50 manat sığorta ödənişinin, 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** SK *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsi ilə 03 noyabr 2019-cu ildə "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PU *** dövlət qeydiyyat nişanlı Nissan Micra markalı avtonəqliyyat vasitəsinə, yol-nəqliyyat hadisəsi nəticəsində zərur vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşı tərəfindən 03 noyabr 2019-cu il tarixli AP ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. ASC tərəfindən tərtib edilmiş zərər aktına əsasən ** PU *** dövlət qeydiyyat nişanlı Nissan Micra markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi 6267,50 manat müəyyən edilmişdir. ASC-nin 30 dekabr 2019-cu il tarixli sığorta aktına əsasən ASC tərəfindən 100 manat azadolma çıxılmaqla dəymiş ziyana görə 6267,50 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən sığorta şirkəti tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat məbləğində sığorta ödənişi ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 1267,50 manat məbləğində vəsaitin ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianın qismən təmin, yəni ekspert rəyi ilə təmin edilməsini Məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Beləliklə, Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "xxxx" ASC-nin iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan,19 nömrəli 16 dekabr 2019-cu il tarixli hesab aktından göründüyü kimi, «Nissan Micra» markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyişdirilməsi və təmir işlərinin görülməsi üçün hesablanmış yekun məbləğ 6267,50 manat təşkil etmişdir. İş materiallarında olan Binəqədi rayon DYPŞ-nin TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən məlum olur ki, Cavabdeh2 03 noyabr 2019-cu il tarixdə törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan, 27.12.2019-cu il tarixli «sığorta aktından» aydın olur ki, 03 noyabr 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" QSC-yə məxsus “Nissan Micra” markalı ** PU *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə dəymiş zərərin məbləği 6267,50 manat müəyyən edilərək, 5000 manat sığorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X1 hesabına köçürülür. İş materiallarında olan, 30.12.2019-cu il tarixli «sığorta aktından» aydın olur ki, 03 noyabr 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" QSC-yə məxsus “Nissan Micra” markalı ** PU *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə dəymiş zərərin məbləği 6267,50 manat müəyyən edilərək, 1267,50 manat zərər məbləği avtomobilin təmiri üçün fərdi sahibkar X1 hesabına köçürülür, 5000 manat sığorta ödənişi CCL-7634/2019 saylı iş üzrə ödənilir, sığortalı tərəfindən 100 manat azadolma ödəniləcək. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ətrafdakılar üçün yüksək təhlükə mənbəyi olan “Chevrolet Cruze” markalı avtomobili idarə edərkən "xxxx" ASC tərəfindən sığortalanmış, "xxxx" QSC-yə məxsus “Nissan Micra” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. İş materiallarından göründüyü kimi, avtomobilə dəymiş zərərin həcmi ASC tərəfindən 6267,50 manat məbləğində müəyyən edilmiş və sığortalı "xxxx" QSC-yə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının” şərtlərinə uyğun olaraq cəmi 5000 manat sığorta ödənişi ödəmişdir. Lakin, iddiaçının iddia tələbində göstərdiyi 1267,50 manat məbləğində maddi ziyan tam həcmdə təmin edilə bilməz. Belə ki, Məhkəmə baxışı zamanı təyin edilmiş “məhkəməəmtəəşünaslıq ekspertizasının” 16 may 2021-ci il tarixli 9/2200 saylı rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, X2 tərəfindən təqdim edilmiş 16 dekabr 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Nissan Micra” markalı 10 Pul 142 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5194 manat müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Bu səbəbdən məhkəmə 16 may 2021-ci il tarixli 9/2200 saylı rəyini MPM-nin 101.3-cü maddəsinə əsasən sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən vurulmuş zərərin məbləği məhz 194 (ekspert rəyi 5194 manat- ödənilmiş 5000 manat=194 manat) ilə müəyyən edilməli və həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissədə isə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Azərbaycan Respublikası MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, Azərbaycan Respublikası MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin Azərbaycan Respublikası MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdehlərdən tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdelərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 194 (yüz doxsan dörd) manat dəymiş ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulsun və Dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1589/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1589/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver