Məhkəmə qərarları › İş №e-2(006)-160/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-160/2023

19.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-160/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) – Nümayəndə1, Cavabdeh "xxxx" Firmasının və Cavabdeh3 Firmasının nümayəndəsi - Nümayəndə3, Cavabdeh - Cavabdeh6, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi- Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Firması (MTK), Cavabdeh3 Firması (MTK), "xxxx" ASC, Cavabdeh6, Cavabdeh1 və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı «maddi və mənəvi zərər» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Firması (MTK), Cavabdeh3 Firması (MTK), "xxxx" ASC, Cavabdeh6, Cavabdeh1 və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı «maddi və mənəvi zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 163.535 manat maddi və 150.000 manat mənəvi zərər olmaqla ümumilikdə 313.535 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, altı nəfər ailə üzvləri ilə birlikdə şəxsi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən evində uzun müddətdir ki, yaşayırmışlar. Evi ətrafdakı evlər ilə eynilikdə olmaqla köhnə tikilidir, iki mərtəbəli evin ikinci mərtəbəsində yerləşir. Evinin rəsmi ünvanı 28 may küçəsi 56 olduğuna baxmayaraq, ünvan 2cərələri Nizami küçəsinə baxır və evinin giriş qapısı daha yaxın Nizami küçəsindəndir. Evinin altında, yəni birinci mərtəbədə cavabdeh "xxxx" MMC-yə məxsus restoran, dönər evi yerləşir. Evinə demək olaraq bitişik, yəni aralarında 1.5 metr məsafədə yeni tikili olan çoxmərtəbəli binada digər cavabdehlər yerləşirlər. Aralarında həyətə və giriş qapısına dar bir keçid mövcuddur. Əvvəllər orada duran zibil qutularını tikintini həyata keçirən cavabdehlər, onun kəskin narazılığına və şikayətlərinə baxmayaraq onun pilləkanının altında yerləşdirmişlər. Dəfələrlə yanğın təhlükəsinin qarşısının alınması barədə etdiyi şikayət ərizələrinə baxmayaraq 19 avqust 2021-ci il tarixdə evinin altında, yəni həmin zibil qutularının altı ilə keçən və dönər evinə gedən elektrik kabelindən başlanan yanğın baş vermişdir və nəticədə evi, ev əşyaları, şəxsi əmlakı ilə birgə tamamilə yanaraq yararsız vəziyyətə düşmüşdür. Evinin yanıb tamamilə yararsız vəziyyətə düşməsi bilavasitə cavabdehlərin təqsirindən baş vermişdir və cavabdehlər buna görə məsuliyyətə cəlb olunmalıdırlar. Cavabdehlər evin yerləşdiyi ünvanda yerləşirlər, ünvan 4r. Onun evinin ətrafında problemlər təqribən 2007-ci ildən başlanmışdır, o zaman evinə bitişik Nizami küçəsi 203 ünvanda «Uğur - 97» və Cavabdeh3 MTK şirkətləri çoxmərtəbəli yaşayış evinin inşasına başlamışlar və bütün tikinti müddəti və daha sonra o və digər sakinlər müxtəlif səbəblərdən cavabdehlərdən şikayətlər etmişlər. İnşa olunan binalar daha yaxın onun mənzilinə olduğundan müxtəlif vaxtlarda evinin divarlarında və tavanında çatlar və çökmələr əmələ gəlmiş, evinin ətrafında zibil yığıldığından yanğınlar baş vermişdir. Bu səbəbdən o və qonşuları çoxsaylı şikayətlər etmişlər, lakin cavabdehlərin təzyiqləri nəticəsində ciddi tədbirlər görülməmişdir. O, ailə üzvləri, qonşular və digər vətəndaşların yanğınsöndürməkdə fəal iştirakına və köməkliklərinə baxmayaraq, yanğını söndürmək yalnız Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənlərin avtomobilləri və şəxsi heyyəti vasitəsi ilə mümkün olmuşdur. Cavabdehlər nəzərə almırdılar ki, evi köhnə tikili olduğundan və yeni tikiliyə sıx yaxın olduğundan tikintidə istifadə olunan ağır texnika evinə ciddi təsir edəcəkdir. Evinin çıxarış əsasında olan ünvanı 28 may küçəsi, 56 olmağına baxmayaraq, evinin əsas girişi ünvan 5 ünvanda taxta pilləkənlar ilə ikinci mərtəbədə yerləşən evinə əsas giriş yerləşirdi. Həmin pilləkənləri yeni bina tikən MTK-lar bağlamışlar, pillikənlərin böyrü ilə zibil qutuları yerləşdirmişlər və daha sonra taxta və dəmir listlər konstruksiyası ilə zibil qablarını, ümumi həyətə olan girişdən ayırmışlar. Bunlar evinin altında yerləşən "xxxx" adlı Dönər eviinin rəhbərliyinin razılığı və dəstəyi ilə həyata keçirilmişdir. Beləliklə, evinə qalxan pilləkənlər və evinin alt hissəsi, yəni həmin dönər evinin arxası və böyrü zibilxanaya çevrilmişdir. Evinin altında olan Dönər evi, kifayət qədər güclü elektrik gərginliyi işlətdiklərinə görə, həyətdə yerləşən elektrik şəbəkəsindən əlavə kabeli ilə elektrik xətti çəkmişlər və həmin elektrik xətti qeyd etdiyi evinin böyrü ilə keçən zibilliyin içi ilə keçirdi. Lakin həmin kabelin qalınlığı, istifadə olunan elektrik gərginliyə cavab vermirdi, açıq-aydın olaraq bilinirdi ki, həmin kabel həddindən artıq qızıb alışıb yanmağa başlaya bilər. Böyük ehtimal ilə bunu isti yay aylarında gözləmək olardı. MTK zibilliyi pilləkənin altına salıb, zibilliyi tikilən binadan təcrid etməklə yanğın təhlükəsini yaratmışdır və həmin yanğın, Dönər evinin məsuliyyətsiz formada zəif, gərginliyə uyğun olmayan istifadə etdikləri və həmin zibilliyin içi ilə keçirdikləri kabelin alışıb yanması nəticəsində baş vermişdir. Hesab edir ki, FHN-nin yanğına qarşı mubarizə idarəsi dəfələrlə həm MTK-da, həmdə Dönər evində yanğın təhlükəsizliyinə qarşı inspeksiyalar, yoxlamalar keçirmişlər. Artıq bir ilə yaxındır ki, yanğın baş verib və FHN gunahkarların təzyiqlərinə məruz qalaraq heç bir qanuni tədbir qörməmişlər. Faktiki olaraq yanğın ərazisi nəzərdən keçirilməyib və hadisə ətraflı olaraq aktlaşdırılmayıb. Hadisəni görənlər, qonşular, tərəflər dindirilməyib, hadisə barədə məlumat toplanılmayıb, foto və video material hazırlanmayıb. Dəfələrlə etdiyi həm yanğına qədər həmdə yanğından sonra muraciətləri, şikayətləri araşdırılmayıb, nəzərə alınmayıb. Təsədüfi xoşbəxtlikdən onun və ailə üzvlərinin cəld hərəkətləri nəticəsində ciddi xəsarət alan olmamışdır, lakin hadisə ilə əlaqədar cinayət işi başlanılmamışdır, müvafiq ekspertizalar keçirilməmişdir. Zərərçəkmiş qismində tanınmamış və dindirilməmişdir. Altıncı aydır ki, külli miqdarda zərər çəkmiş və zərərçəkməkdə davam edir. Ailəsinin geyim paltarlarından, ev əşyalarından başlayaraq mebellərinə, sənədləri və qiymətli kağızlarına qədər məhv edilmişdir. Ailə üzvləri altıncı aydır ki, kirayədə yaşayır, bir çox paltarı, mətbəx avadanlığını və digər gündəlik təlabat əşyalarını yenidən almalı olurlar. Ona qarşı qanunlar pozulur, Mülki Məcəllənin 21, 23, 1096, 1097, 1115-ci və digər maddələri pozulur, ona dəymiş zərər hər gün artır və bunda artıq FHN əməkdaşları bilərəkdən iştirak edirlər. Cavabdehlərin qanunsuz hərəkətləri, səhlənkarlıqları ücbatından ona və ailə üzvlərinə külli miqdarda maddi və mənəvi zərər yetirilmişdir və həmin zərərin yetirilməsi bü günə qədər davam edir. Qəfildən baş yermiş yanğın nəticəsində təmir etdiyim və rahat yaşayış üçün tam şərait yaratdığı evini, bütün ev əşyaları, paltarları, bir çox sənədləri, pulları, qiymətli kağızları, bir sıra qiymətli qızıl-zinyət əşyaları ilə birgə yanmışdır, məhv edilib itirilmişdir və ya tamamilə yararsız vəziyyətə düşmüşdür. Yanğın baş verdikdən sonra, özünü FHN istintaq idarəsinin əməkdaşı kim təqdim edən Vuqar Süleymanov adlı bir vətəndaş muraciət edib ki, hazırki hadisə ilə əlaqədar cinayət işi başlanılıb, ekspertizalar təyin olunub, güya onu zərərçəkmiş qismində tanıyıblar. Lakin bir müddət sonra aydın oldu ki, heç bir istintaq yoxdur, o, onu sadəcə olaraq yayındırır ki, şikayətlər etməsin, onunla görüşmək istədikdə görüşməkdən yayınmışdır. Beləliklə, 1-ci və 2-ci cavabdehlər, uzun müddət ərzində, evinin lap yaxınlığında, tikdikləri hündürmərtəbəli binanın tikintisi zamanı müxtəlif tikinti, təhlükəsizlik, yanğına qarşı təhlükəsizlik və anti-sanitariya normaların pozaraq, səhlənkarlıq, ehtiyatsızlıq və bəzən qəsdən, qərəzli olaraq, mənə və ailəmə təzyiqlər edərək qanun pozuntuların etmişlər. O və qonşular uzun müddət şikayətlər etsələr də heç bir səmərəli nəticə verməmişdir və nəticədə cavabdehlər tərəfindən, evinin altında yanğına tam şərait yaradılmışdır. 3-cü cavabdehə dair- dəfələrlə tələb etsə də, heç bir nəticə çıxarmadan, tədbir görülmədən səhlənkar və ehtiyatsız yanaşaraq, istifadə etdiyi elektrik enerjisinin həcminə uyğun olmayaraq elektrik kabelinin istifadəsi nəicəsində, birinci və ikinci cavabdehlər tərəfindən yaradılmış tez alışan, yanğına qarşı normalara riayət olunmadan materiallardan inşa etdikləri, yanğın mənbəyində 3-cü cavabdehin kabelinin alovlanması nəticəsində yanğın baş verib, nəticədə evi yanmışdır. 4-cü və 5-ci cavabdehlər isə bilavasitə onun və qonşuların dəfələrlə etdiyləri şikayətlərə məhəl vermədən, digər cavabdehlərin əməllərinə şəxsi maraqlarından göz yumaraq, baş verən yanğına və cinayətə şərait yaratmışlar. Ərazinin, cavabdehlərə aid sahə inspektorları, nəzarətçiləri var, xüsusəndə belə bir tikinti və elektirik istifadəsi cəhətdən belə bir təhlükə mənbəyi olan ərazidə 4-cü və 5-ci cavabdehləri daha ciddi nəzarət və yoxlamalar keçirmək əvəzinə, şikayətlərinə baxmayaraq, 1-ci və 2-ci cavabdehlərin səhlənkarlıqlarına, şəxsi maraqlarına görə göz yümub, cinayətin və yanğının əmələ qəlməsinə şərait yaratmışlar. Cavabdehlərin bir-birinə qarşı maddi maraqları olduğundan yanğına dair şərait yaradılmışdır. 4-cü və 5-ci cavabdehlərin nəzarətçiləri şəxsi maddi maraqlarına görə əraziyə yalnız pul yığmağa görə gəlirdilər, digər cavabdehlərin işini yüngülləşdirərək evinin altında yanğın mənbəyi yaratmışdılar. Yanğın artıq baş verməsinə baxmayaraq heç bir araşdırma aparılmadan, aktlaşdırılmadan, onu və şikayətlərini qəbul etmədən yanğına və nəticələrinə göz yümub, törədikləri cinayətin və vəzifə səhlənkarlığlarının izlərinin silinməsinə dair tədbirlər görmüşlər. Belə ki, dərhal yanğından sonra, bir neçə gün ərzində, üçüncü cavabdehə məxsus, yanğın yaradan elektrik kabeli, digər cavabdehlərin köməkliyi ilə dəyişdirilmişdir. Hadisə yerinə onun iştirakı ilə baxış keçirilib yanğın barədə akt və protokol tərtib edilməmişdir. Məhz bunlara görə hesab edir ki, hər cavabdeh və numayəndələri məsuliyyətə cəlb olunub, araşdırılıb cəzalanmalıdırlar, ona dəymiş zərər tam şəkildə, müştərək qaydada cavabdehlərdən tutulub ona və ailəsinə ödənilmədir. O və ailə üzvləri hər aya görə təqribən min yüz manat kirayə haqqı ödəməli olur və bu günkü günə təqribən 11000 manat ödəmişdir. Daha sonra yanıb məhv olan və ya yararsız vəziyyətə düşən bir çox ev əşyaları, paltarları, ev və mətbəx avadanlıqlardan almalı olmuşlar. Bunlar əsasən kirayə evlərdə qaldıqları, çatışmayan mebel, ev əşyaları, mövsümə uyğun paltarları və mətbəx avadanlığıdır. Bunlar, paltar, geyim əşyaları və ayaqqabılar, cəmi 3000 manat, Mətbəx avdanlığı (soyuducu, sobalar, massa, oturacaq, televizor, yataq və dəsmal dəsti, ət çəkən, paltar yuyan maşın) üç ədəd telefon 6000 manat. Daha sonra, evinin təmir işləri və evinin tam yaşayış vəziyyətinin bərpa edilməsinə görə evinin, texniki pasportuna uyğun olaraq yaşayış sahəsi 77 kv.m təşkil edir. Bundan əlavə, bir eyvanı, aynəbənd, dəhliz və sanitar qovşağına keçid olan ərazilər mövcuddur və bunlar ümumilikdə 36 kv.m təşkil edir. Beləliklə, tam təmir olunmalı ərazi 113 kvm təşkil edir və evinin tavanının hündürlüyü 4,2 metr təşkil edir. Bununla da hesab edir ki, evinin tam təmirinə görə cavabdehlərdən 44000 manat tutulub ona ödənilməlidir. Beləliklə ümumi olaraq evinin yandığına görə ona 163.535 manat maddi zərər vurulmuşdur. Hesab edir ki, maddi zərərdən əlavə o və ailə üzvləri ciddi mənəvi zərər çəkmişlər. Yanğın nəticəsində evini, rahatlığını itirmiş, hərtərəfli həyatı, iş fəaliyyəti pozulmuşdur, uzun müddət yeni həyat tərzinə, kirayədə yaşamağına uyğunlaşmalı olmuş, əsasən belə halda ailənin körpələri, azyaşlıları əziyyət və stress keçirmişlər. Körpələrini bu günə qədər bir təhər aldadaraq sakitləşdirib, qısa müddətə evə qayıtmağa inandırırlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirmişdir. Buna görə də əsəbləri pozulmuş, əsəb sakitləşdirici dərman preparatları qəbul etmişdir. Belə ki, mənzilinin yanıb kül olmasından təkcə o deyil, bütün ailə üzvləri iztirablar keçirmiş, cavabdehlərin kobud, məsuliyyətsiz davranışları nəticəsində dəfələrlə təzyiqi enmiş, mənəvi və fiziki iztirab keçirmişdir. Beləliklə hesab edir ki, ailəsinə bu 15 il ərzində 150.000 manat dəyərində mənəvi zərər yetirilmişdir və həmin zərər mütləq onlara ödənilməlidir. Baş vermiş hadisələrin və onların nəticələrini nəzərə alaraq hesab edir ki, tələbləri məntiqli və ağlabatan həcmdədir, heç bir qiymətlər şişirdilməyib və zamana, bazar qiymətlərinə, reallığa uyğundur. Hazırki iddia ərizəsinə görə 600 manat dəyərində dövlət rüsumu ödəlməli olmuş, həmin məbləğin cavabdehlərdən tutulmasın məqsədə muvafiq və düzgün hesab edir. Onun və ailə üzvlərinin ümumi tələbi 313.535 manat təşkil edir. Cavabdeh3 Firması məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh2 firmasının hüquqi ünvanı Nəsimi rayonu, Kərpic küçəsi 14 olmaqla ünvan 6 ünvandadır. Qeyd edilən bina ilə yanğın hadisəsi baş vermiş Nizami küçəsinin ara məsafəsi kilometrlərlə müəyyən edilir. Belə olduğu təqdirdə iddiaçının hansı əsasa və sübuta görə “Uğur- 97” firmasını cavabdeh qoyması qanunazidd hesab edilməlidir. Halbuki, iddiaçı tələbkar tərəf kimi MPM-nin 149-150-vci və 77-ci maddələrinin tələbinə əsasən iddianın əsasını təşkil edən sübutları, cavabdehin ünvanını, hadisə yaxud tələb üzrə cavabdehin bilavasitə məsuliyyət daşıyacağı halları özü müəyyənləşdirməli və məhkəməyə təqdim etməyə borcludur. Hazırki iddia üzrə iddiaçı qəsdən və bilərəkdən qərəzli şəkildə yanğın hadisəsinə heç bir aidiyyatı olmayan Cavabdeh2 firmasını əziyyətə salmaq, vaxtını aparmaq və incitmək və ehtimal ki, qanunsuz maddiyyat əldə etmək niyyəti ilə məhkəmə məsuliyyətinə vermişdir. Ona görə də cəzalandırılmalıdır. Cavabdeh2 Firması (MTK) məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı özü iddia ərizəsində konkret olaraq göstərir ki, “qeyd etməliyəm ki, evimin altında olan dönər evi”, ("xxxx" MMC-nin nəzdində fəaliyyət göstərir kursiv bizimdir), kifayət qədər güclü elektrik gərginliyi işlətdiyinə görə, həyətimizdə yerləşən elektrik şəbəkəsindən əlavə kabel ilə elektrik xətti çəkmişlər və həmin elektrik xətti, qeyd etdiyim evimin böyrü ilə keçən zibilliyin ilə keçirdi. Lakin həmin kabelin qalınlığı istifadə olunan elektrik gərginliyinə cavab vermirdi... Dönər evinin məsuliyyətsiz formada zəif, gərginliyə uyğun olmayan istifadə etdikləri kabelin alışıb yanması nəticəsində baş vermişdir”. Göründüyü kimi iddiaçı yanğının haradan və hansı səbəbdən baş verdiyini biləbilə qəsdən və bilərəkdən qərəzli şəkildə əlavə olaraq cavabdehlər, o cümlədən də yanğın nəticəsində xüsusi mülkiyyətdə olan mənzilinə zərər dəyən Cavabdeh3 firmasını da cavabdeh kimi qoymuşdur. Cavabdeh3 firması ünvan 8 ünvanında yerləşən mənzili alqısatqı müqaviləsi ilə firmanın adına rəsmiləşdirilmişdir. Mənzildə yaşayış olmamış, mənzilin elektrik verilişi yanğın hadisəsindən xeyli əvvəl elektrik açarlarından söndürülərək dayandırılmışdır. Mənzilin yerləşdiyi yaşayış binası iki mərtəbəlidir, birinci mərtəbəsində olan dönər evində yanğın hadisəsi baş vermişdir. Hadisə zamanı xəsarət alan olmamış, yanğın hadisəsi ilkin olaraq dönər evinin mətbəx otağında baş vermiş, nəticədə firmaya da maddi ziyan dəymişdir. Dəymiş ziyan barədə firmanın direktoru kimi xx.xx.2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin X7 xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə rəsmi ərizə ilə müraciət edərək məlumat vermişdir. Qeyd edilən fakt üzrə AR FHN-nin Əməliyyat-istintaq idarəsində aparılan araşdırma zamanı da Cavabdeh3 və Cavabdeh2 firmalarının yanğın hadisəsinə heç bir aidiyyatı olmadığı müəyyənləşdirilmişdir. Belə ki, istinad etdiyləri idarənin 07 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/937 saylı məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş “Arayışda əsasən tədqiq olunan tikilidə konstruktiv dəyişikliklər edilərək ölçüsü 6.5 m x 1.50 m olan əlavə tikilinin inşa edildiyi müəyyən olunur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996- cı il tarixdə tərtib edilmiş, "şəxsi mülkiyyətdə olan mənzilin Texniki Pasportu" sənədinə əsasən, tədqiq olunan tikilinin iki yaşayış otağı, mətbəx və sanitar qovşaqdan ibarət mənzil olduğu lakin, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərdiyini nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən 34 saylı mənzilin təyinatı üzrə istifadə olunmadığı müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən 34 saylı mənzilin istifadəsi zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin müvafiq bəndlərinin tələblərinin pozulduğu müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən 34 saylı mənzil faktiki olaraq təyinatı üzrə istifadə edilmir”. Beləliklə yoxlama zamanı hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh6 Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən "Peçat dönər" evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarf’nın 1.2, 3.19.3.1 və 3.19.4 bəndlərinin tələblərini pozaraq “Peçat dönər” evində yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən “Peçat dönər” evinin havalandırma sisteminin, elektrik qurğularında yaranmış qəza (qısaqapanma, yüksək keçid müqaviməti və s.) halından yanğın baş vermiş, nəticədə yanğın genişlənərək binanın 2-ci mərtəbəsində yerləşən 91 və 92 saylı mənzillərə yayılmışdır. Qərardan göründüyü kimi baş vermiş yanğın hadisəsində yalnız "xxxx" dönər evinin fəaliyyəti araşdırma obyekti olmuş digər cavabdehlərin və bilavasitə Cavabdeh3 firmasının yanğınla heç bir səbəbli əlaqəsi mövcud olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər "xxxx" Firmasının və Cavabdeh3 Firmasının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinə etirazların məzmunlarına uyğujn izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh6 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, onların nümayəndələri, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, iddiaçı qonşusudur. Hazırda kirayə qalır, lakin dəqiq ünvan barədə məlumat yoxdur. Axşam vaxtı evində arxa otaqda idi və "xxxx" dönər evindən oğlan gəlib qapını döydü. Onlara yanğın olduğunu bildirdi. Əri bu vaxt çölə çıxdı, lakin o, çölə çıxmadı, çünki həmin məhəllədə tez-tez yanğın hadisəsi baş verir. Lakin qızı bu dəfə yaxınlaşıb ona yanğının ciddi olduğunu və məhəllədə baş vermədiyini bildirdi. O da çıxıb görmüşdür ki, yanğın böyükdür. Polis əməkdaşı onlara sənədləri götürüb evdən çıxmağını bildirdi. Sənədləri götürmək üçün evə qayıdanda işıqların söndüyünü görmüşdür. Cavabdeh6 tanımır və həmin zaman oraya gəldiyini bilmir. Cavabdehin yanında əyləşən oğlanı tanıyır, amma həmin zaman orada olduğunu bilmir. İndiyə kimi iki dəfə böyük yanğın olmuşdur. Onların evi "xxxx" dönər evinin arxa hissəsində yerləşir. Hadisə iki il bundan əvvəl olmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, iddiaçı əridir. Yanğın hadisəsi 19 avqust 2021-ci il tarixdə baş verdi. Həmin gün axşam anasıgildən evə gəlmişlər. Saat təxminən on birə işləyirdi. Televizora baxan zaman işıqlar söndü. Qaranlıq otaqda mətbəx tərəfdən böyük bir işıq parıltısı görmüşdür. İddiaçı ona FHN-ə zəng etməyini bildirdi. Qaranlıq otaqda telefonu tapa bilməmiş, buna görə də eyvana çıxmış və görmüşdür kı, hamı aşağıda yanğına baxırlar. Orada meyvə satan oğlan ona FHN-ə zəng etdiklərini demişdir. Sənədlər olan çantanı götürüb evdən çıxmış və görmüşdür ki, hər kəs çöldədir. Cavabdeh X5 ilk dəfədir görür, lakin onun yanındakı oğlanı tanıyır. Həmin oğlan orada obyekt işlədir. Yanğın işıqdan baş verdi. Həmin zaman "xxxx" dönər evi açıq idi və işçilər də orada idilər. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: MH seriyalı 026051 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 9 ünvanında yerləşən 91 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Cavabdeh6 ünvan 9 ünvanında yerləşən "Peçat dönər" evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 1.2, 3.19.3.1 və 3.19.4 bəndlərinin tələblərini pozaraq “Peçat dönər" evində yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən “Peçat dönər" evinin havalandırma sisteminin elektrik qurğularında yaranmış qəza (qısaqapanma, yüksək keçid müqaviməti və s.) halından yanğın baş vermiş, nəticədə yanğın genişlənərək binanın 2-ci mərtəbəsində verləşən 91 və 92 saylı mənzillərə yayılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/995 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən 91 saylı mənzilə tikinti üzrə dəymiş maddi ziyan 11832.00 manat təşkil etmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 55 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli UNİ/İ 06-240/23 saylı Dəymiş maddi ziyanın qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, ünvan 10 ünvanında yerləşmiş mənzilə yanğın nəticəsində dəymiş ziyanın və onun nəticələrinin aradan qaldırılması üçün görülməli olan təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik, material və digər xərclər daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 44300 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddiaçının maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, yanğın hadisəsi Cavabdeh6 tərəfindən "Peçat dönər" evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 1.2, 3.19.3.1 və 3.19.4 bəndlərinin tələblərini pozaraq “Peçat dönər" evində yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi nəticəsində baş vermişdir. Göründüyü kimi iddiaçıya, onun mənzilinin yanması nəticəsində dəymiş maddi zərər məhz Cavabdeh6 təqsiri üzündən baş vermişdir ki, bu halda iddiaçıya dəymiş maddi ziyan Cavabdeh6 tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı vurulmuş ziyanın ödənilməsini Cavabdeh6 tələb etməkdə haqlıdır. Maddi ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı dəymiş maddi ziyan əvəzi kimi 163.535 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/995 saylı ekspert rəyi ilə mənzilə tikinti üzrə dəymiş maddi ziyan 11832.00 manat olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən ekspert rəyləri ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidirlər. Çünki, ekspert rəyləri hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdurlar. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə dəyən ziyana görə ekspert rəyi ilə müəyyən edilmiş 11832.00 manat Cavabdeh6 tutularaq iddiaçıya ödənilməklə iddia maddi ziyan hissəsində qismən təmin edilməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının Cavabdeh6 təqsiri nəticəsində mənzilinin yanması ilə əlaqədar iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənzilinin yanması nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 1000 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Məhkəmə cavabdehlər Cavabdeh2 Firması (MTK), Cavabdeh3 Firması (MTK), "xxxx" ASC, Cavabdeh1 və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə münasibətdə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı iddiaçıya ziyanın dəyməsində göstərilən cavabdehlərin təqsiri müəyyən olunmamış, eyni zamanda iddiaçı həmin cavabdehlərə qarşı iddia ərizəsində göstəridiyi dəlillərə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia yuxarıda göstərilən cavabdehlərə münasibətdə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən 91 saylı mənzilə vurulan maddi zərərin əvəzində 11832 manat, mənəvi zərərin əvəzində 1000 manat Cavabdeh6 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 55 manat məbləğində ekspertiza xərclərinin 27,5 manat məbləği Cavabdeh6, qalan 27,5 manat məbləği isə iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən 91 saylı mənzilə vurulan maddi zərərin əvəzində 11832 manat, mənəvi zərərin əvəzində 1000 manat Cavabdeh6 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 55 manat məbləğində ekspertiza xərclərinin 27,5 manat məbləği Cavabdeh6, 27,5 manat məbləği isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar