Məhkəmə qərarları › İş №e-2(006)-163/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-163/2025

31.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-163/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X46 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evin müəyyən hissəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “evin müəyyən hissəsinə mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63.38 kv.m olan mənzilin 33.58 kv.m hissəsinə dair tam mülkiyyət hüququnun tanınması və mənzilin paylara müvafiq naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və ailəsi hazırki iddia ərizəsi üzrə mübahisəli mənzil olan ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Mübahisəli fərdi yaşayış evi 68,28 kv.m sahədən ibarət olmaqla 3 yerə bölünmüşdür. Qərb və cənub hissələri 2/4 payda iddiaçının atasının babası Əlibala Davud oğluna məxsus olmuş, Əlibala ilk miras qoyandır. Əlibala Leyla adlı qadınla nikaha daxil olmuş, bu nikahdan 3 övladı olmuşdur: Əzizağa adlı bir oğlu, Badamxanım və Tükəzban adlı iki qızı. Tükəzban iddiaçının nənəsidir. Əlibala 1942-ci ildə vəfat etmiş, həmin vaxt heç kim vərəsəliklə bağlı müraciət etməmişdir. X13 uzun isə müddət ağır xəstə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Yalnız o vəfat etdikdən sonra 1957-ci ildə Badam və Əzizağa vərəsəliklə bağlı müraciət etmiş, Bakı şəhəri 5 saylı DNK-da mülkün yalnız onlara məxsus olması barədə həmin paya vərəsəlik hüquqları tanınmışdır. İddiaçının nənəsi atası ilə birlikdə daima atasının evində yaşamış və 08 may 1957-ci ildə nənəsi vəfat etdikdən sonra da atası miras qoyulan evi faktiki qəbul edərək sözügedən evdə yaşamağa davam etmişdir. Atası - X39 1936-cı ildə həmin ünvanda doğulmuş, evləndikdən sonra da orada məskunlaşmış və ölən günə kimi də orada yaşamışdır. İddiaçı və bacıları da həmin ünvanda dünyaya gəlmiş və böyümüşlər. Onların uşaqlığı və gəncliyi orada keçmişdir. Hal-hazırda da həmin evdə qeydiyyatdadırlar. Həmçinin, atası uzun illər təsərüffat işləri ilə məşğul ola-ola həmin mənzilin 2-ci mərtəbəsini öz zəhməti ilə tikmiş və vəfat etdiyi günədək də o mənzildə yaşamışdır. Atasının uzun müddət anasının və nənəsinin hüquqlarının pozulması barədə məlumatı olmamış, anası və nənəsi xəstə olduqları vaxt onlara qulluq etmiş, vəfat etdikdən sonra onların dəfnini təşkil etmiş və dəfn xərclərini ödəmiş, bu səbəbdən də miras paya dair məsələlərlə məşğul ola bilməmişdir. Lakin atası rəsmi olaraq mirası qəbul etməsə də, faktiki olaraq qəbul etmiş, daim orada yaşamışdır. Həmin həyətdə 3 ev olmuş, onlardan birində iddiaçıgil yaşamışdır. Həmin ev bir otaqlı olduğundan atası otağın üstünü tikməklə 3 (üç) otağa düzəltmişdir. Öz vəsaiti hesabına həmin fərdi yaşayış evində zəruri təmir-tikinti işləri aparmış, qapı-pəncərələrini dəyişmiş, yeni hamam və tualet inşa etdirmiş, həyətdə kanalizasiya üçün quyu qazdırmışdır. Evin kommunal xərclərini iddiaçının atası ödəmişdir. Atası 17 may 2016-cı il tarixdə vəfat etmişdir. O öldükdən sonra da iddiaçı həmin evdə qeydiyyatda olmaqla yaşamışdır. Evin maddi-məişət, kommunal xərclərini ödəmiş, hazırda həmin ev və evin həyətyanı torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Həmçinin, iddiaçı əmlaka faktiki sahiblik edərək nənəsindən və atasından miras qalan əmlakı faktiki qəbul etmişdir. Atasının xalası Badamxanımın övladı olmamış, vərəsəsi isə övladlığa götürdüyü Elxan Davudovdur. Hazırkı iş üzrə cavabdehin həyat yoldaşı X35 xx.xx.2019-cu ildə vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən mənzil vərəsəlik qaydasında onun həyat yoldaşı Cavabdeh adına keçmiş və paylı mülkiyyətindədir. Lakin cavabdeh heç vaxt həmin evdə yaşamamışdır. Cavabdehə və digər mülkiyyətçilərə məxsus olan əmlakın bir çıxarışı vardır və qeyd edilən ünvanda olan fərdi həyət evinin ümumi sahəsi 119,3 kv.m. təşkil edir. Bu əmlakın 1/4 hissəsi İlhamə Davudovaya aiddir. Bu da 29,8 kv.m sahə olur. Ancaq tərtib edilmiş plan sxemdən də aydın görünür ki, iddiaçıgilin yaşadığı mənzil faktiki olaraq 63,38 kv.m sahədən ibarətdir. 63,38 kv.m sahədən İlhamə Davudovanın payına düşən 29,8 kv.m sahəni çıxaranda 33.58 kv.m sahə sənədsiz olaraq, amma faktiki mövcud olmuş olur. Bu artırmalar çox uzun illər bundan öncə atası tərəfindən öz şəxsi vəsaiti hesabına inşa etdirilmiş, çıxarışda əks olunmasa da, faktiki olaraq iddiaçıgilin istifadəsindədir. Göründüyü kimi, uzun müddətdir mərhum atasından iddiaçıya miras qalmış və faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilə nənəsinin və atasının mülkiyyət hüququ tanınmadığından o, əmlakla bağlı hər hansı hüquqi əməliyyatlarda iştirak etmək, o cümlədən konstutisiyon mülkiyyət hüququnun komponentlərindən yararlanmaq imkanından məhrum olmuşdur. Hələ bu azmış kimi, bərabərlik hüququ kimi vacib konstitusion hüququ da kobudcasına pozulur. Bir övlad kimi iddiaçı ata evindən pay ayrılmasını istəyir. Mübahisə predmeti olan əmlaka dair mülkiyyət hüququ tanınmalıdır. Odur ki, cavabdehlə mübahisəni aralarında həll edə bilməmələri səbəbindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir.

3. Cavabdeh (vəkili-nümayəndəsi Vəkil2) iddia tələbinə etiraz ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin yolverilməzliyi səbəbilə iş üzrə icraata xitam verilməsi və ya iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının atası Həsən Əli oğlunun 5 saylı DNK-ya qarşı “qeydiyyat vəsiqəsinin, vərəsəlik şəhadətnaməsinin qismən ləğv edilməsi” tələbinə dair iddiası Nəsimi Rayon Məhkəməsinin 2-1011-2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnaməyə əsasən iddiaçının atasının sözügedən mənzil üzrə miras almaq hüququnun mövcud olmadığı öz təsdiqini tapmışdır. Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin 2-1922-2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə X36 X2 qanun üzrə vərəsəsi sayılaraq ona məxsus ünvan 3 ünvanda yerləşən mirasın ½ hissəsini qəbul etməsi faktı müəyyən edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə X20 adına qeydiyyat vəsiqəsi verilməsi tapşırılmışdır. Bu qətnaməyə görə isə mübahisəli mənzilin Davidov Elxana məxsus olması, yəni miras keçməsi öz təsdiqini tapmışdır. Sözügedən mənzil üzərində cavabdehin mülkiyyət hüquqlarının olması yuxarıda qeyd olunan qətnamələr, həmçinin, çıxarışla təsdiq olunur, qanunvericiliyin tələbinə görə də bu hal mübahisələndirilə bilməz. Bundan başqa, hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Aqil Abbasovun icraatında 2(102)-1798/2024 nömrəli mülki iş vardır. Həmin iş üzrə də eyni əsaslar göstərilsə də, iddiaçı tərəfindən sadəcə olaraq tələb formal şəkildə dəyişdirilmişdir. İddiaçının məqsədi, həqiqətən, əmlakın mübahisələndirilməsi deyil, sadəcə iddia ərizəsi və mülki işlə cavabdehi bezdirmək, sıxışdırmaqdır.

5. İddiaçı iddianın həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63.38 kv.m olan mənzilin 33.58 kv.m hissəsinə dair tam mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Vəkil2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, iclasın onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, ünvan 4 ünvanında yaşayır. İddiaçı ilə uzun müddətdir qonşu olduqlarını, onun bacısı ilə Nazilə ilə yaşıd olduqlarını, birlikdə böyüdüklərini, bununla bağlı 2003-2009-cu illərə aid videoyazıların olduğunu, Cavabdeh isə tanımadığını əlavə etdi. Mübahisə predmeti olan evin əvvəllər 2 otaqdan ibarət olduğunu, lakin iddiaçının atası mərhum Həsən bəyin evə 2-ci mərtəbə əlavə etdiyini bildirib, həmin vaxt evdə onlardan başqa heç kimin yaşamadığını, Həsən bəyin 5-6 il əvvəl vəfat etdiyini qeyd etdi.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirdi ki, İddiaçı onun bacısıdır. Onlar atalarının mübahisə predmeti olan evdə doğulub-böyüdüyünü bilmiş, özləri də bu evdə doğulub-böyümüş, heç vaxt evin sənədinin başqa şəxsin adına olmasından xəbərləri olmamışdır. Evin 2-ci mərtəbəsini 1989-cu ildə atasının tikdiyini, Yanvar hadisələri zamanı ikinci mərtəbənin artıq mövcud olduğunu əlavə edib, cavabdehi tanımadığını, yalnız sənədlərlə bağlı problem yarananda onun ortaya çıxdığını və heç vaxt həmin evdə yaşamadığını bildirdi.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində bildirdi ki, İddiaçı onun bacısıdır. Mübahisə predmeti olan evdə özlərinin yaşadığını, cavabdehin isə heç vaxt həmin evdə yaşamadığını, 2-3 yaşında olarkən atasının evin 2-ci mərtəbəsini tikdiyini, Yanvar hadisələri zamanı ikinci mərtəbənin artıq mövcud olduğunu əlavə etdi.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində bildirdi ki, iddiaçının anabir bacısıdır. O, 3 yaşından mübahisə predmeti olan evdə yaşayıb. 10-11 yaşlarında olanda, təxminən 1988-1989-cu illərdə iddiaçının atası mərhum Həsən bəy bu evin 2-ci mərtəbəsini tikmiş, Yanvar hadisələri zamanı ikinci mərtəbə artıq mövcud olmuşdur.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində bildirdi ki, 1984-cü ildən gəlin köçüb ünvan 4 ünvanında yaşayır. Qonşuluqda olan, hazırkı mübahisənin predmetini təşkil edən evdə hər zaman iddiaçının ailəsinin yaşadığını bilmiş, cavabdehi heç vaxt görməmişdir. 1989cu ildə iddiaçının atası evin 2-ci mərtəbəsini tikəndən sonra onlar da öz evlərində ikinci mərtəbə inşa etmişlər. Yanvar hadisələri zamanı ikinci mərtəbə artıq mövcud oldumuşdur. İddiaçının anası da, atası da həmin evdə vəfat etmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirdi ki, 1983-cü ildən iddiaçıgillə qonşudurlar. Cavabdehi isə tanımır. İddiaçıgil birinci mərtəbədə yaşamış, sonradan iddiaçının atası mərhum Həsən bəy ikinci mərtəbəni də tikmişdir.

14. Məhkəmə proses iştirakçısının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

15. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 119,30 kv.m. olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ¼ hissədə Cavabdeh (xx.xx.2021-ci il), ¼ və 2/4 hissədə isə başqa şəxslərin adlarına qeydiyyata alınmışdır.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddia tələbinin təmin edilməsi, cavabdehlər İddiaçı və digərlərinin ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməklə mənzilin boşaldılması qət edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-680/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin yoxlanılan hissədə - cavabdeh İddiaçı aid hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2901/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-680/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1599/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37rşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və s.» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6212/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və digərlərinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və s.» tələbinə dair 2(103)-7731/2023 nömrəli mülki iş əsas iş olmaqla bir icraatda baxılması üçün - iddiaçı Cavabdehlər İddiaçı və digərlərinə qarşı “mənzilə istifadə hüququna xitam verilməklə mənzilin boşaldılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-6212/2023 nömrəli mülki işlə birləşdirilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-919/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1599/2023 saylı iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 nömrəli 13 yanvar 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

23. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 3 fərdi yaşayış evi ilkin olaraq Hüseyn Həbib oğlunun, Abdulla Həbib oğlunun və X41 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X45 məxsus hissəsi Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1957-ci il tarixli 10814 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1957-ci il tarixdə Davudova X17 və X32 adlarına qeydiyyatdan keçmişdir. Evin X38 məxsus hissəsi Bakı şəhəri 10 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1991-ci il tarixli K-102525 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1991-ci il tarixdə X15 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin Abdulla Həbib oğluna məxsus hissəsi Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli 2-V/1-149 və 2-V/1-150 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.1998-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Evin X4 məxsus hissəsi Nəsimi Rayon Məhkəməsinin 2- 1922/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə X20 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X22 məxsus hissəsi Bakı şəhəri 51 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-424 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir. X11 məxsus hissəsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-69 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X5 məxsus hissəsi 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-805 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. X10 məxsus hissəsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-556 reyestr nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X8 məxsus hissəsindən 14 kv.m hissəsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1137 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Hazırda həmin evin ¼ hissəsi Cavabdeh, 2/4 hissəsi X9, ¼ hissədən 14 kv.m hissəsi X1, ¼ hissədən qalan hissəsi X6 mülkiyyətlərindədir. Sözügedən əmlaka dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin təsdiq edilmiş surəti məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1798/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı (cavabdeh) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-919/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/5367 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən 143 nömrəli fərdi yaşayış evinin iş materiallarında olan texniki pasportunda (sənədlərdə) göstəriləndən əlavə olaraq, evin ikinci mərtəbəsində sahəsi 11,9 kv.metr olan yaşayış otağı, sahəsi 18,50 kv.metr olan digər yaşayış otağı və sahəsi 8,1 kv.metr olan açıq eyvan inşa edilmişdir.

26. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

27. İş materiallarına iddiaçının doğum haqqında və onun valideynlərinin ölüm haqqında şəhadətnamələri, mübahisə predmeti olan fərdi yaşayış evinin Nəsimi rayon İcra Hakimiyyəti MKTB 41 saylı MKİS tərəfindən tərtib edilmiş faktiki sxemi də əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

28. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 119,30 kv.m. olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 4 nəfərin mülkiyyətində olmaqla, xx.xx.2021-ci il tarixdə ¼ hissədə Cavabdeh adına qeydiyyata alınmışdır.

29. Yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilərək, hazırkı iş üzrə İddiaçı və digər şəxslərin evin Cavabdeh məxsus hissəsinə dair istifadə hüquqlarına xitam verilmiş və evin boşaldılması qət edilmişdir.

30. Həmçinin, yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37rşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və s.» tələbinə dair iddiası rədd edilmişdir.

31. Həmin işlərlə bağlı qanuni qüvvəsini almış məhkəmə aktlarında hazırkı iş üzrə iddiaçının mübahisə predmeti olan evin hazırkı iş üzrə cavabdehə məxsus hissəsindən əvvəllər istifadə hüququnun yaranması, lakin sonradan həmin hüququn itirilməsi, nə iddiaçının, nə də mərhum atasının sözügedən yaşayış sahəsinə dair hər hansı bir hüququnun olmaması müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələbinə əsasən bu faktlar hazırkı iş üzrə hər iki tərəfin sübut etməkdən azad olduğu, preyudisial əhəmiyyət daşıyan faktlardır.

32. Hazırda iddiaçı mübahisə predmeti olan evin cavabdehə məxsus hissəsinin miras əmlak olduğunu, belə ki, həmin hissənin əslində atası tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edildiyini, lakin atasının yaşlı və xəstə ailə üzvlərinə baxması səbəbindən kifayət qədər vaxtı olmadığından, bunu sənədləşdirmədiyini, halbuki, hər zaman həmin evdə yaşadıqlarını, evin cavabdehə məxsus hissəsinin üzərində ikinci mərtəbənin məhz atası tərəfindən inşa edildiyini, cavabdehin isə heç vaxt həmin evdə yaşamadığını bildirərək, atası tərəfindən inşa edildiyini iddia etdiyi hissəyə tam mülkiyyət hüququnun tanınmasını məhkəmədən xahiş edir. Cavabdeh isə qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən iddiaçının mübahisə predmeti olan evin ona məxsus hissəsinə hər hansı hüququnun müəyyən edilmədiyini və bu iddianın məhz onu incitmək, əsəbiləşdirmək məqsədilə irəli sürüldüyünü bildirərək, iddia tələbinin təmin edilməsinə hər hansı əsasın olmadığını qeyd edir.

33. Tələb üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədilə mübahisə predmeti olan evlə bağlı təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən 143 nömrəli fərdi yaşayış evinin iş materiallarında olan texniki pasportunda (sənədlərdə) göstəriləndən əlavə olaraq, evin ikinci mərtəbəsində sahəsi 11,9 kv.metr olan yaşayış otağı, sahəsi 18,50 kv.metr olan digər yaşayış otağı və sahəsi 8,1 kv.metr olan açıq eyvan inşa edilməsi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, ekspert rəyinin tədqiqat hissəsində istinad edilən texniki pasport məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmişdir və həmin sənədin 1997-ci ildə tərtib edilməsi müəyyən edilir. İddiaçının vəsatəti ilə hazırkı məhkəmə iclasında ifadələri alınmış şahidlər - iddiaçının qonşuları və bacıları isə evin ikinci mərtəbəsinin 1988-1989-cu illərdə iddiaçının atası tərəfindən inşa edildiyini, 1990-cı ildə baş vermiş qanlı Yanvar hadisələri zamanı ikinci mərtəbənin artıq mövcud olduğunu bildirmişlər. Lakin maraqlıdır ki, 1997-ci ildə tərtib edilmiş texniki pasportda tikilinin 1 mərtəbədən ibarət olması göstərilmişdir.

34. Beləliklə, mübahisə predmeti olan evin cavabdehə məxsus hissəsi üzərində ikinci mərtəbənin inşa edildiyi mübahisəsiz olsa da, həmin tikilinin iddiaçının və onun vəsatəti ilə hazırkı məhkəmə iclasında dindirilmiş şahidlərin bildirdiyi kimi, 1988-1989-cu illərdə deyil, məhz 1997-ci il tarixli texniki pasport tərtib edildikdən sonra inşa edilməsi müəyyən edilir. Deməli, şahidlərin tikilinin inşa edilməsi vaxtı ilə bağlı ifadələri həqiqəti əks etdirmir. Bununla yanaşı, sonradan artırıldığı mübahisəsiz olan ikinci mərtəbənin məhz iddiaçının atası tərəfindən inşa edilməsinə dair hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı bu dəlilini təsdiq etmək üçün yalnız şahidlərin dindirilməsi barədə vəsatət vermişdir. Həmin şahidlər isə iddiaçının bacıları və mübahisə predmeti olan evin qonşuluğundakı ünvanda yaşayan şəxslərdən ibarət olmuşdur. Şahidlər xüsusən 1980-ci illərdən son illərə qədər iddiaçının ailəsinin həmin evdə yaşadıqlarını, cavabdehin isə heç vaxt orada yaşamadığını, evin ikinci mərtəbəsinin məhz iddiaçının mərhum atası tərəfindən 1988-1989-cu illərdə tikildiyini bildirmişdir.

c) Məhkəmənin mövqeyi:

35. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

36. Belə ki, iddia tələbindən və iddiaçı tərəfin izahatlarından müəyyən edilir ki, iddiaçı mərhum atası tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin rəsmi reyestrdə məhz cavabdehin adına qeydə alınmış hissəsi üzərində ikinci mərtəbənin tikildiyini iddia edərək, həmin hissəyə dair özünün mülkiyyət hüquqlarının tanınmasını məhkəmədən xahiş edir. İş materiallarından isə müəyyən edilir ki, nəinki üzərində ikinci mərtəbənin inşa edildiyi iddia edilən fərdi yaşayış evinin (müəyyən hissəsinin) yerləşdiyi torpaq sahəsi iddiaçının (və ya mərhum atasının) mülkiyyətindədir və ya olmuşdur (torpaq dövlət mülkiyyəti olmaqla istifadədədir), hətta evin ikinci mərtəbəsinin inşa edildiyi iddia edilən hissəsi də başqasına – cavabdehə məxsusdur. Deməli, iddiaçının mərhum atası tərəfindən inşa edildiyi iddia edilən özbaşına tikilinin olduğu ünvan heç vaxt iddiaçının və ya onun mərhum atasının mülkiyyətində olmamışdır.

37. Bundan əlavə, özbaşına tikilinin iddiaçının atası tərəfindən inşa edilməsinə dair heç bir mötəbər sübut onun tərəfindən məhkəməyə təqdim edilməmiş, məhkəmə iclasında ifadələri alınmış şahidlərin tikilinin inşa edilmə vaxtı ilə bağlı dedikləri isə iş materiallarında olan mötəbər sübutlarla təkzib olunmuşdur. İş materiallarında olan, qanuni qüvvəsini almış qətnamələrdə iddiaçının və ailəsinin müəyyən zaman kəsiyində mübahisə predmeti olan evin hazırda cavabdehə (həmin vaxt mərhum ərinə) məxsus hissəsində yaşamalarının müəyyən edilməsi isə hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas hesab oluna bilməz. Çünki yuxarıda da qeyd olunduğu kimi, nə tikilinin inşa edildiyi ev, nə də onun yerləşdiyi torpaq sahəsi heç bir vaxt iddiaçının və/və ya onun mərhum atasının mülkiyyətində olmadığından, evdə yaşadıqları müddət ərzində hər hansı tikili inşa etsələr də belə, onların heç birinin özbaşına tikiliyə mülkiyyət hüquqları yaranmamışdır.

38. Bir sözlə, 1997-ci il tarixdə tərtib edilmiş texniki pasportdan sonrakı vaxtda inşa edildiyi və hazırda mövcud olduğu iş materiallarında olan, məhkəmə tərəfindən mötəbər sayılmış ekspert rəyi ilə mübahisəsiz olaraq müəyyən edilən evin ikinci mərtəbəsinin iddiaçının mərhum atası tərəfindən inşa edilməsi faktı onun tərəfindən mötəbər sübutlarla təsdiq olunsaydı da belə, iddiaçının həmin tikiliyə mülkiyyət hüququnun tanınması barədə tələbinin təmin edilməsi üçün ən vacib əsas - tikilinin yerləşdiyi sahənin tikilini aparmış şəxsin mülkiyyətində olması barədə qanunvericiliyin şərti hazırkı işdə müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməməsi qanunamüvafiqdir. Əks halda hansısa şəxsə, yaxud orqana məxsus torpağı zəbt etmiş və üzərində özbaşına tikili inşa etmiş istənilən şəxs bu cür vəziyyətdə iddia ilə məhkəməyə müraciət edib mülkiyyət hüququnun tanınmasına nail olmağa çalışardı ki, bu da açıq-aşkar arzuolunmaz vəziyyətin yaranmasına səbəb ola bilərdi.

39. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. Məhkəmə onu da qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

41. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

42. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

43. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “evin müəyyən hissəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir.

46. Məhkəmə mülki prosessual qanunvericiliyin xərclərin bölüşdürülməsi barədə tələbinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, xərclərin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən bu məsələyə qiymət verilməsi üçün tərəflərin tələbinə zərurət yoxdur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “evin müəyyən hissəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar