Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1635/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 23 000 manat, mənəvi ziyana görə 200 000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 sentyabr 2021-ci il tarixdə AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz şəkildə saxlanılaraq və zor tətbiqinə məruz qalaraq həmin idarəyə aparılmış, daha sonra isə ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə əsassız ittiham nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-476/2022 nömrəli 13 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək və cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 il azadlıqdan məhrum etmə cəzaya məhkum edilmiş, eyni zamanda barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Cəzaçəkmənin əvvəli isə 04 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1574/2023 nömrəli 01 avqust 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbir ləğv edilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının1(103)-1574/2023 nömrəli 21 noyabr 2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cümaddəsi ilə məhkum olunmasına dair 13 may 2022-ci il tarixli hökmü müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri ləğv edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının1(103)-1574/2023 nömrəli 21 noyabr 2023-cü il tarixli hökmü ilə tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsimənə izah edilmişdir. Beləliklə, ona qarşı verilmiş əsassız ittiham və aparılmış cinayət təqibi nəticəsində o, 2 ilə yaxın – 01 il 10 ay 28 gün müddət ərzində azadlıqdan məhrum olunmağa tam əsassızşəkildə məruz qalmışdım. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının1(103)-1574/2023 nömrəli 21 noyabr 2023-cü il tarixli hökmü ilə ona bəraət verilərkən, həmçinin aşağıdakılar əsas tutulmuşdur: «… İş materiallarında olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Anatomiya birliyi Publik hüquqi şəxsin 307/MEŞ saylı, 07 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı bədən səthində aşkar olunmuş xəsarətlər – sol bazunun, sağ dirsək oynağı nahiyyəsinin, sağ milbilək oynağı nahiyyəsinin, hər iki baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4 – 5 gün əvvəl əmələ gəlmişdir. Müxtəlif şəraitdə yetirilə bilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi E.Ə.Mehdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 oktyabr 2021-ci il tarixli qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı üzrə həmin idarənin baş əməliyyat müvəkkilləri X2 və X3 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Müəyyən olunmuşdur ki, ona qarşı irəlisürülmüş ittiham tamamilə əsassız olmuş, cinayət təqibi kobud prosessual pozuntularla, o cümlədən ona qarşı yol verilmiş qanunsuzluqlarla aparılmış və ona qarşı zorakılıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə özə əksini tapmışdır. Ömründən iki il müddətinin puç olması, təqsiri olmadan azadlıqdan məhrum edilməsi ona və ailə üzvlərinə həm maddi, həm də mənəvi cəhətdən əhəmiyyətli sarsıntılara səbəb olmuşdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının ərizəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdeh qismində cəlb edilməklə, vurulmuş maddi və mənəvi zərərin əvəzinin iddia ərizəsində göstərilən məbləğdə hər iki cavabdehdən müştərək qaydada tutulması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi isə etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışıdır ki, iddiaçı aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 23.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın(məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s) konkret növləri göstərilmişdir. İddiaçı həmçinin mənəvi ziyana görə 200.000 manat kompensasiya ödənilməsini tələb edir. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda "Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur.«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etirazını, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-476/2022 saylı hökmü ləğv edilməklə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməklə ona bəraət verilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (01 il 10 ay 27 gün) müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Eyni zamanda iş materialları ilə həmçinin müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (03 ay 20 gün) qüvvədə olmuşdur. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində bir ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, azadlıqdan məhrumetmə ilə bağlı olmayan (“polisin nəzarəti altına vermə”) seçilmiş qətimkan tədbirinin 1 ayına görə şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 300 manat müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3095/2023 xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün azadlıqdan məhrum edildiyi müddətinin hər ayı üçün 1000 manat hesablanmaqla 23000 manat, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə olduğu müddətinin hər ayı üçün 300 manat hesablanmaqla 1200 manat, cəmi 24.200 manat məbləğində müəyyən olunmalıdır. İddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etmədiyinə görə, məhkəmə həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 24200 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 24200 manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1635/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1635/2024
09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver