Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1655/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmuş maddi ziyana görə 75.000 (yetmiş beş min) manat, mənəvi ziyana görə 100.000 (yüz min) manat olmaqla, cəmi 175.000 (yüz yetmiş beş min) manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X5 da Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə, CM-nin 66.5-ci maddəsinə əsasən isə qəti olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bununla yanaşı, hökmlə zərər çəkmiş şəxs və mülki iddiaçı X3 tərəfindən 3 sentyabr 2014-cü il tarixdə verilmiş 205.400 ABŞ dollarına ekvivalent olan 161.117,76 manat məbləğində mülki iddia təmin edilmiş və həmin məbləğdə pul vəsaitinin Azad Əliyevdən və İddiaçı tutularaq Xancan Həsənovun xeyrinə ödənilməsi qərara alınmışdır. Hökmdən məhkum İddiaçı müdafiəçisi və digər məhkum edilmiş şəxs X2 müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli hökmü ilə məhkum mərhum A.A.Əliyevin (o, 06 yanvar 2021-ci ildə həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasında ürək çatışmazlığından ölmüşdür) müdafiəçisi R.R.Nurəliyevin apellyasiya şikayəti təmin edilməmiş, məhkum İddiaçı müdafiəçisi Nümayəndə apellyasiya şikayəti təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ləğv edilmiş, A.A.Əliyev öldüyündən onun barəsindəki cinayət işi üzrə icraata ona münasibətdə xitam verilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Hökmlə həmçinin İddiaçı tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmişin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1289/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı 10 avqust 2020-ci ildə həbs edildikdən sonra16 dekabr 2021-ci ilədək 1 il 3 ay 6 gün müddətində onun azadlıq hüququ məhdudlaşdırılmış və o, əsassız və qanunsuz olaraq həbsdə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü ilə ona bəraət verilib, azadlığa çıxmasına baxmayaraq, həmin hökmdən verilmiş kassasiya protestinə və kassasiya şikayətinə baxılanadək keçən müddət ərzində də İddiaçı gərginlik və qorxu içərisində olmuş, mənəvi sarsıntılar keçirmiş, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı bərpaolunmaz maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı məhkum olunduğu cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, o, armatur və taxta satışı ilə məşğul olub yaxşı qazanc əldə etmişdir. Onun bildirdiyinə görə aylıq qazancı 5000 manat olmuş, həbsdə saxlanıldığı 15 ay ərzində o, 75000 manat qazancından məhrum olmuşdur. Bu faktı qeyd olunan dövrlərdə İddiaçıla eyni bazarda işləyən şəxslər təsdiq edə bilərlər və qeyd olunan şəxslərin şahid qismində dindirilmələri üçün məhkəmənin iclasında iştirakları təmin ediləcəkdir. Göstərilən müddət ərzində İddiaçı işini, gəlirini, işgüzar əlaqələrini itirmişdir. Ailədə yeganə qazanc gətirən şəxs olduğu üçün 4 nəfərdən ibarət ailəsi çıxılmaz maddi məhrumiyyətlərlə üzləşmişdir. Bundan başqa, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı ağır mənəvi ziyan da vurulmuşdur. Belə ki, heç bir təqsiri olmadan qanunsuz həbs və məhkum olunması nəticəsində həyatının 1 il 3 ay 6 gününü dəmir barmaqlıqlar arasında keçirməsi onun cəmiyyətdə nüfuzunun sarsılmasına, şərəf, ləyaqət və işgüzar nüfuziunun ləkələnməsinə, fəal ictimai həyat tərzindən məhrum olmasına, fəaliyyət göstərdiyi əhatədə barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsinə, ona neqativ münasibət bəslənməsinə, işgüzar əlaqələrini itirilməsinə səbəb olmuş, bütün bunlar İddiaçı mütəmadi psixoloji əsəb və stress, ağır mənəvi iztirab və sarsıntı yaşatmışdır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fıziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. İddiaçı özünə vurulmuş mənəvi ziyanı 100000 manat məbləğində qiymətləndirir. Hesab edir ki, bu məbləğ onun bütün məhrumiyyətlərini, iztirab və sarsıntılarını kompensasiya edə bilməsə də, sonrakı həyatının öz axarına düşməsinə, qaydaya salınmasına kömək ola bilər. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmuş maddi ziyana görə 80.000 (səksən min) manat, mənəvi ziyana görə 100.000 (yüz min) manat, cəmi 180.000 (yüz səksən min) manatın alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən məhkəməyə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmuş maddi ziyana görə 75.000 (yetmiş beş min) manat, mənəvi ziyana görə 100.000 (yüz min) manat olmaqla, cəmi 175.000 (yüz yetmiş beş min) manat ödənilməsinə dair iddia ərizəsi verilmişdir. Hazırda iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. Belə ki, İddiaçı 10 avqust 2020-ci ildən 16 dekabr 2021-ci ilədək həbsdə saxlanılması müddəti hesablanarkən səhvə yol verilərək həmin müddət 1 il 4 ay 6 gün əvəzinə 1 il 3 ay 6 gün göstərilmişdir. Bu səbəbdən də ayda 5000 manat dəyərləndirilən maddi ziyan 80.000 manat əvəzinə 75.000 manat məbləğində hesablanmışdır. Odur ki, göstərilənlər nəzərə alınmaqla iddia tələbinin həcmi artırılmalıdır. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia tələbinə etiraz ərizəsi təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 75.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. Bundan əlavə, iddiaçı mənəvi ziyana görə də 100.000 manat kompensasiya ödənilməsini tələb etmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008- ci il tarixli 7 N-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait 2 nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, cavabdehin etiraz ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 1(101)-134/2020 saylı Hökmdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş və ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbs olunmuş, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, İddiaçı ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 10 avqust 2020-ci il tarixdəb hesablanmış, zərərçəkmiş şəxs və mülki iddiaçı X3 tərəfindən verilmiş 3 sentyabr 2014-cü il tarixdə 205.400 ABŞ dollarına ekvivalenti olan 161.1117,76 manat məbləğində mülki iddia təmin edilmiş, 161.117,76 manat məbləğində pul vəsaiti Azad Əliyev və İddiaçı tutularaq dəymiş ziyanın ödənilməsi məqsədilə X1 ödənilməsi hökm edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(103)-82/2021 saylı Qərarına əsasən, məhkum edilmiş şəxs İddiaçı və müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə məhkum edilməsinə dair 10 avqust 2020-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı təqsirli bilindiyi AR CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 1(102)-1289/2022 saylı Qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxs X.M.Həsənovun nümayəndəsi S.S.Əliyev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinı dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Bakı İstintaq Təcridxanası tərəfindən verilən 25 avqust 2022-ci il tarixli məktubdan görünür ki, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum edilmiş İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 1(101)-134/2020 saylı Hökmünə əsasən, İddiaçı AR CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib və ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından həbs olunması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, İddiaçı ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğıcının 10 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 1(103)-82/2021 saylı Qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 10 avqust 2020-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı təqsirli bilindiyi AR CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 1(102)-1289/2022 saylı Qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinı dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş 80.000 manat maddi və 100.000 manat mənəvi ziyanın ödənilməsini tələb edir. Göründüyü kimi, İddiaçı cazasının əvvəli 10 avqust 2020-ci il tarixdən hesablanmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum edilmiş İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalində həbsdən azad edilmişdir, yəni İddiaçı oölu 13 (on üç) ay qanunsuz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 13000 manat məbləğində təmin olunmasını məhkəmə ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 13.000 (on üç min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 13.000 (on üç min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1655/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1655/2023
15.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver