Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1679/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 manat sığorta məbləği və xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixə qədər 2.915 gün gecikdirildiyinə görə sığorta məbləğinə hesablanmış 12.826 manat dəbbə pulu olmaqla, cəmi 17.226 manatın və vəkilə hüquqi yardım göstərdiyinə görə ödənilmiş 110 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. xx.xx.2010-cu il tarixdə xidmət müddəti - 18 ay tamam olduğuna görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli Qərarına əsasən, İddiaçı “Kəskin respirator xəstəlik, Kəskin bronxit” diaqnozu qoyulmuş və bu xəstəliyin hərbi xidmət dövründə alındığı təsdiq edilmişdir. İddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2012-ci il tarixdə İİİ qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2014-cü il tarixli, 08/11-23 saylı məktubda bildirilmişdir ki, Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda sığorta məbləğini almaq hüququna malikdir. TSEK-in 06 dekabr 2012-ci il tarixli SER TSE-01 №078111 saylı arayışından göründüyü kimi, ona əlillik dərəcəsi xidməti vəzifənin icrası zamanı deyil, hərbi xidmət dövründə alınması qeyd olunmuşdur. Qeyd olunanlarla əlaqədar ona sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin iddiaçıya yazdığı xx.xx.2014-cü il tarixli, 08/H-23 saylı cavab məktubu tam əsassızdır. Ona görə ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli Qərarına əsasən iddiaçıya təyin olunan xəstəliyin hərbi xidmət dövründə alması öz təsdiqini tapmışdır. İddiaçı ordu sıralarında qeyd olunan tarixlərdə əsgər vəzifəsində xidmət etdiyinə görə, hərbi xidmət dövründə də xidməti vəzifələrini yerinə yetirmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq qanunvericiliyin tələblərinə əsasən, hərbi qulluqçular üçün müəyyən edilmiş 11.000 manat sığorta məbləğinin 40 faizi, yəni 4400 manat məbləğin və qanunvericiliyə uyğun olaraq ödənilməli olan sığorta ödənişini gec verdiyinə görə hesablanmış faizləri ona ödənilməsini tələb edir. xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ciil tarixədən artıq 2.915 gündür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətin iddiaçıya sığorta ödənişini ödəmir. Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınaraq, İddiaçı on bir min manat sığorta məbləğinin 40 faizi, 4400 (dörd min dörd yüz) manat sığorta ödənişi və xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixə qədər 2915 gün gecikdirildiyinə görə 12.826 (on iki min səkkiz yüz iyirmi altı) manat dəbbə pulu ödənilməlidir. Həmçinin məhkəmədə iddia qaldırılması üçün “Femida” vəkil bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında 12 aprel 2021-ci il tarixdə hüquqi yardımın göstərilməsi haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən vəkilə 110 (bir yüz on) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 15 fevral 1992-ci il tarixli 99-6 nömrəli və 4 avqust 1992ci il tarixli 426-20 nömrəli Qərarlar ilə sığorta tədiyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həyata keçirilməsi Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya təqdim edilmiş Azərbaycan Respublikası MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 307 nömrəli Qərarına əsasən, şəxsin xəstəliyi (diaqnoz: kəskin bronxit, orta ağır dərəcə. Lümbalgiya) və müalicə olunduğu xəstəliyi (diaqnoz: kəskin respirator xəstəlik. Kəskin bronxit) hərbi xidmət dövründə alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏƏSMN-nin X1 Sistemindən çıxarılmış sosial müavinət və təqaüd haqqında arayışdan məlum olur ki, iddiaçıya ümumi xəstəlik səbəbindən xx.xx.2011-ci ildə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Həmçinin sözügedən arayışa əsasən, iddiaçıya hərbi xidmət dövründə xəstələnməsi əsasına görə xx.xx.2021-ci ildə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DTSERA tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, iddiaçıya hərbi xidmət dövründə xəstələnməsi əsasına görə ilk dəfə xx.xx.2014-cü ildə əlillik təyin edilmişdir. Adıçəkilən qurum tərəfindən sorğuya verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, iddiaçıya xx.xx.2014-cü ildə təyin edilmiş hərbi xidmət dövrü ilə əlaqədar 3-cü dərəcə əlillik xx.xx.2016-cı ildə “əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Adıçəkilən qurum tərəfindən sorğuya verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda da əvvəlki cavabda verilmiş məlumat eynilə təsdiqlənmişdir. İddiaçının təqdim etdiyi hərbi biletdən məlum olur ki, şəxs xx.xx.2010-cu ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçıya sağlamlığına dəymiş zərərlə əlaqədar 2 dəfə müxtəlif əsaslarla 3-cü dərəcəli əlillik təyin edilmişdir ki, bunlardan biri ilk dəfə xx.xx.2011-ci ildə (“ümumi xəstəlik səbəbindən”), ikincisi isə xx.xx.2014-cü ildə (“hərbi xidmət dövründə xəstələnməsi əsasına görə”) təyin edilmişdir. İddiaçı hərbi xidmət dövründə xəstələnməsinə görə ona 2011-ci ildə əlilliyin təyin olunmasını iddia etsə də, iş materiallarında olan sənədlər baxımından bu iddianın absurd olması açıq-aşkar görünür. Belə ki, qanunvericiliyə uyğun olaraq sığorta olunanın hərbi xidmət dövründə xəstələnməsinə görə ona əlilliyin təyin olunması üçün bu faktı təsdiq edən sənəd mərkəzi hərbi həkim komissiyasının qərarıdır. Sözügedən qərar qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş sənəd olmaqla, həmin sənəddə şəxsin əlilliyinin səbəbi, habelə ona TSEK tərəfindən verilmiş diaqnoz təsbit olunur. Bu diaqnoz mərkəzi hərbi həkim komissiyasının qərarı ilə eynilik təşkil etdikdə həmin xəstəliyin (yaxud xəsarətin) hərbi xidmət dövründə alınmış olduğu təsdiq olunur. Eyni zamanda qeyd olunan hüquqi mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin də təcrübəsi nəzərə alınmalıdır. Belə ki, iddiaçı H.H.H.-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2406/2022 nömrəli Qərarın 15-ci bəndində qeyd olunur ki, “Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəsarətin məhz hərbi xidmət dövründə alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətidir. Baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəsarəti hərbi xidmət dövründə aldığı müəyyən olunur.” Qərarın 30-cu maddəsinə görə, “məhkəmə kollegiyası qeyd edir ki, sığorta ödənişinin verilməsi ilə bağlı hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxıldığı tarixdən 3 il müddətində əlilliyin müəyyən olunması qanunun birbaşa tələbidir. Odur ki, istinad edilən qanunun tələbi baxımından cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tam əsassız olmamışdır. Apellyasiya məhkəməsinin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 5-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuş müddətin hazırki qərarın 15ci bəndində qeyd olunmuş formada şərh edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Qərara əsasən, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Həmçinin, Qərarda qeyd olunur ki, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarına və mövcud məhkəmə təcrübəsinə əsasən, bildirir ki, iddia əsassızdır və rədd edilməlidir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı həmin tarixdə yararlı hesab edilərək hərbi xidmətə göndərilmiş, xx.xx.2010-cü il tarixdə hərbi xidmətin müddəti başa çatdığına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli Qərarından görünür ki, Sumqayıt ŞHK tərəfindən 2008-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı, xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: «Kəskin bronxit, orta ağır dərəcə. Lümbalgiya» və xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: «Kəskin respirator xəstəlik. Kəskin bronxit» (Sumqayıt şəhər idarəsinin xx.xx.2012-ci il tarixli 4/808 nömrəli, xx.xx.2012-ci il tarixli 4/5 nömrəli göndərişləri, xx.xx.2012-ci il tarixli 4/252 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2008-ci il tarixli, N saylı hərbi hissədən verilmiş xx.xx.2009-cu il tarixli çıxarış epikrizləri, MN MHHKnın həkim mütəxəssisi- terapevtin və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-0 seriyalı, ******* saylı arayışın surətindən görünür ki, İddiaçı hərbi xidmət dövründə xəstələnməsi ilə əlaqədar müddətli (xx.xx.2013-cü il) üçüncü qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2014-cü il tarixli, 08/H-23 nömrəli cavabın surətindən görünür ki, hərbi biletdən göründüyü kimi, o, hərbi xidmətdən səhhətin ilə deyil, xidmət müddəti (xx.xx.2008-xx.xx.2010) başa çatdığına görə tərxis olunmuşdur. Azərbaycan Respublikası MHHK-nın Qərarı ona 25 may 2012-ci il tarixdə, yəni hərbi xidmətdən tərxis olunandan (xx.xx.2010) 2 il 4 ay sonra verilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda sığorta məbləğini almaq hüququna malikdir. TSEK-in 06 dekabr 2012-ci il tarixli SER TSE-01№07811 i saylı arayışından göründüyü kimi, ona əlillik dərəcəsi xidməti vəzifənin icrası zamanı deyil, hərbi xidmət dövründə alınması qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq ona sığorta ödənişinin verilməsi qeyri mümükün hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, verilmiş müayinə barədə məlumatın surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı xx.xx.2011-ci il tarixdə İİİ qrup əlilliyə görə müavinət təyin edilmişdir. Əlilliyin səbəbi ümumi xəstəlik ilə əlaqədardır. Növbəti müayinə tarixi xx.xx.2024-cü ildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2014-cü ildə təyin edilmiş “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən üçüncü dərəcə əlillik xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə vətəndaş xx.xx.2022-ci il də Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Yekun nəticə barədə vətəndaşa SMS vasitəsi ilə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2014-cü ildə təyin edilmiş “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən üçüncü dərəcə əlillik (Diaqnoz: Bronxial astma infeksion-allergik mənşəli, orta ağır gedişli. Tənəffüs çatışmazlığı İİ dərəcə) xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə vətəndaş dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlərin və əyani müayinənin nəticəsi olaraq İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubda texniki yanlışlıq olduğundan etibarsız hesab edilməsi xahiş edilmişdir. İş materiallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2012-ci il tarixdə (sığorta hadisənin baş verdiyi tarix) yarandığından hazırki mübahisə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 03 dekabr 2013-cü il tarixdə edilmiş dəyişikliyə qədər olan müddəalarına əsasən həll edilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir: a) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda (öldükdə) — 100 faiz; b) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman: - ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində, yaxud səhhəti pozulduğuna (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə) görə hərbi xidmətə yararsız hesab edildikdə — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yararlı hesab edildikdə — 5 faiz. İşin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı Bakı şəhəri Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən xidmətə yararlı sayılaraq xx.xx.2008-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.2010-cü ildə isə hərbi xidmətin müddəti başa çatdığına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçı ilkin olaraq xx.xx.2011-ci ildə “ümumi xəstəlik” səbəbi ilə 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixdə şəhadətləndirildikdən sonra isə ona təyin olunmuş əlilliyinin səbəbi dəyişdirilərək “hərbi xidmət dövrü ilə əlaqədar” kimi qeyd edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 03 dekabr 2013-cü il tarixdə edilmiş dəyişikliyə qədər olan müddəalarına görə sığorta olunan xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq xidmətdən (toplanışdan) buraxıldıqda sığorta hadisəsi baş vermiş hesab edilir, bununla da sığorta məbləğinin müvafiq faizi məbləğində sığorta ödənişinin verilməsi üçün zəmin yaradılır. Belə olan halda sözü gedən Qanunun 5-ci maddəsinə istinadən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar deyil, hərbi xidmətin müddəti başa çatdığına görə buraxıldığı üçün onun, Qanunun sığorta hadisəsinin baş verdiyi tarixə qüvvədə olan müddəalara əsasən, sığorta ödənişinin ödənilməsini tələb etmək hüququ yaranmamışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia “sığorta ödənişinin verilməsi” hissəsində rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1679/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1679/2022
28.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver