Məhkəmə qərarları › İş №e-2(006)-1700/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1700/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1700/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, ** LF *** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsi 20.05.2018-ci il tarixində "xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 15.03.2019-cu il tarixində Cavabdeh1 sürücüsü Cavabdeh2 idarə etdiyi ** LF *** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** MH *** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. “xxxx” ASC tərəfindən tərtib olunmuş 01.04.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** MH *** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 650,00 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin 17.05.2019-cu il tarixli sığorta aktına əsasən, ** MH *** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 650 manat sığoıta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 650 manat məbləğində sığorta ödənişinin əvəzi, 30,40 manat dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 650 manat məbləğində sığorta ödənişinin əvəzi, 30,40 manat dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, onların həmin ünvanlarda yaşamamaları səbəbindən bildirişlər onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan Sabunçu rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 21.03.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 15.03.2019cu il tarixdə ** LF *** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 hərəkət edərkən yol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 04.07.2018-ci il tarixli qüsur aktından görünür ki, ** MH *** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 650 manat təşkil edir. İş materiallarında olan 17.05.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, 15.03.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Gənclik küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ** MH *** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsinə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, 15.03.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ** MH *** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 650 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 sürücüsü Cavabdeh2 ** LF *** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsi 15.03.2019-cu il tarixdə idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ** MH *** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncu avtomobilin sahibinə maddi ziyan vurulmuşdur, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti avtomobilə görə ödədiyi pulu subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (eyni Məcəllənin 1099.2-ci maddəsi). Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Eyni Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh1 sahibliyində, Cavabdeh2 etibarnamə əsasında istifadəsində olduğundan, həmçinin, DYP tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 21.03.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə öz (işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşığından) Cavabdeh1 və Cavabdeh2 məsuliyyət daşımalıdırlar. Ona görə də iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya hüququ əsasında 650 (altı yüz əlli) manat və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 680,4 (altı yüz səksən manat, qırx qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya hüququ əsasında 650 (altı yüz əlli) manat və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 680,4 (altı yüz səksən manat, qırx qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar