Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1729/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı dəymiş 151606 manat maddi, 50000 manat məbləğində mənəvi zərərin Cavabdeh vasitəsilə dövlət büdcəsindən tutulması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 1-ci tağımının komandiri, leytenant, barəsində həbs qətimkan tədbiri seçilmiş Əliyev X3 Hərbi Məhkəməsinin 1(098)-91/2018 saylı xx.xx.2018-ci il tarixli Hökmü ilə Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirli bilinmiş və 2 il müddətinə azadlıqdan mehrumetmə cəzasına, CM-nin 150.2.1, 150.2.4, 150.2.5-ci maddələri ilə təqsirli bilinmiş və 7 il müddətinə azadlıqdan mehrumetmə cəzasına, CM-nin 151-ci maddəsi ilə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan mehrumetmə cəzasına, CM-nin 274-cü maddəsi ilə təqsirli bilinmiş və 20 il müddətinə azadlıqdan mehrumetmə cəzasına, CM-nin 329.3-cü maddəsi ilə təqsirli bilinmiş və 9 il müddətinə azadlıqdan mehrumetmə cəzasına, CM-nin 331.2-ci maddəsi ilə ilə təqsirli bilinmiş və aylıq pul təminatından 20% məbləğində pul tutulmaqla 1 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, CM-nin 331.3-cü maddəsi ilə ilə təqsirli bilinmiş və 6 il müddətinə azadlıqdan mehrumetmə cəzasına, CM-nin 338.2-ci maddəsi ilə təqsirli bilinmiş və 5 il müddətinə azadlıqdan mehrumetmə cəzasına, CM-nin 341.3-cü maddəsi ilə təqsirli bilinmiş və 9 il müddətinə azadlıqdan mehrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)-79/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə “dövlət ittihamçısı tərəfindən verimiş vəsatət təmin edilmiş, .....Tərtər Hərbi Məhkəməsinin 1(098)-91/2018 saylı xx.xx.2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclasına qaytarılmışdır .... “ Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-219/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının Qərarı ilə İddiaçı barəsində cinayət işinin icraatına xitam verilmiş cə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. AR Baş Prokurorluğunun İstintaq İdrəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə Qərarı ilə İddiaçı barəsində olan cinayət işinə CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərarın “Qərara aldım” bölməsinin 3- cü bəndinə əsasən tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası təqsirləndirilən şəxsə izah edilmişdir. AR CPM-in 39.3-cü maddəsinə əsasən Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Nəticədə İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək5 il 7 aymüddətinə əsassız olaraq azadlıqdan məhrum edilmişdir. İddiaçı barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilənə qədər yəni xx.xx.2022-ci il tarixədək bütün hüquqlarından əsassız olaraq məhrum olunmuşdur. İddiaçının o zamanki əmək haqqısı 870 manat idi, hal-hazırda həmin vəzifə maaşı 1647 manat olmaqdadır, 5 il 7 ay ərzində (67 ay X 1647 =110349) İddiaçı 110349 manat məbləğində maaşdan, həmçinin həmin müddət ərzində iddiaçı məzuniyyət pulu olaraq 8235 manatdan, əldə edəcəyi iş stajına görə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 saylı qərarına 2 saylı əlavəyə görə) 15% 16552 manat əlavədən, birdəfəlik maddi yardım olan 16470 manat məbləğində vəsaitdən, ümumilikdə 151606 manat əmək haqqından məhrum olmuşdur. Bundan başqa iddiaçı əsassız azadlıqdan məhrum olduğundan haqqında çox ciddi ittihamlarla onun nüfuzuna xələl vurulmuşdur. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. İşin ictimailəşdirilməsi nəinki onun hətta onun ailəsinin nüfuzuna ciddi xələl gətirmişdir. ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində dəymiş mənəvi zərərə görə 50000 (əlli min) manat məbləğində mənəvi zərərə uğramışdır. Hal-hazırda iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş zərərin əvəzinin cavabdeh vasitəsilə dövlət büdcəsindən iddiaçının xeyrinə ödənilməsini xahiş edir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı dəymiş 151606 manat maddi zərərin cavabdeh vasitəsilə dövlət büdcəsindən tutulması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə heç bir sübut göstərməmişdir. İddiaçı maddi zərərə məruz qalması ilə əlaqədar sübut qismində Kapital Bankdan əldə etdiyi ödəniş kartı üzrə çıxarışı Nəsimi Rayon Məhkəmsinin elektron sitemində yerləşdirmişdir. Bununla əlaqədar bildiririk ki, təqdim edilmiş çıxarış sübut qismində qəbul edilə bilməz. Belə ki, ilk növbədə çıxarışda müştəri adı qismində İddiaçı deyil, X1 göstərilmişdir. Digər tərəfdən çıxarışda mövcud əməliyyatlar qismində təkcə karta mədaxil deyil, həmçinin müxtəlif ödəniş sistemlərindən karta daxilolmalar, o cümlədən digər əməliyyatlar göstərilmişdir. Həmçinin iddia ərizəsində iddiaçının baş leytenant deyil, leytenant rütbəsinin olduğu göstərilir. Lakin çıxarış üzrə təqdim edilmiş hərbi qulluqçu X1 leytenant deyil, baş leytenant rütbəsində hərbi qulluqçu qismində qulluq keçir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərardan çıxarışın surətindən görünür ki, İddiaçı Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3 və 349.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2023-cü il tarixli, 906 №-li məktubundan və eyni tarixli, 437 №-li arayışından görünür ki, leytenant İddiaçı taqım komandiri vəzifəsində xidmət etməklə, 2017-ci il tarixdə pul təminat aşağıdakı kimi olmuşdur: yanvar ayı üzrə - 870,08 manat, fevral ayı üzrə - 870,08 manat, mart ayı üzrə 715,90 manat, aprel ayı üzrə - 870,08 manat, may ayı üzrə - 870,08 manat, iyun ayı üzrə 535,85 manat. Leytenant İddiaçı hərbi rütbə maaşı 122,00 manat, hərbi vəzifə maaşı 380,00 manat və xidmət illərinə görə faiz əlavəsi 25,10 manat təşkil etmişdir. Bundan əlavə cəbhə bölgəsində xidmət etdiyi üçün bir hərbi rütbə, bir hərbi vəzifə və bir faiz əlavəsi miqdarında pul təminatı, 2017-ci il üçün nəzərdə tutulmuş 502,00 manat miqdarında maddi yardım və məzuniyyətə çıxarkən əlavə bir vəzifə maaşı miqdarında 380,00 manat miqdarında məzuniyyət pulu ödəmişdir. (İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində (xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək – 5 il 7 ay müddət ərzində) əsassız yerə azadlıqdan məhrum edilmiş, həmçinin ona qarşı irəli sürülmüş ittihamla bağlı ordu sıralarından tərxis olunmuşdur. İddiaçıya bununla bağlı işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı və digər ödənişlər miqdarında maddi ziyan vurulmuşdur. (122+380+25.1)*2=1054.2/ 1054.2*12=12,650.4/ 12,650.4+502+380=13,532.4/ 13,532.4:12=1,127.7/ 1,127.7*67=75,555.9 Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində ona maddi ziyan bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 75555,9 (yetmiş beş min beş yüz əlli beş manat doxsan qəpik) manat məbləğində maddi ziyan tutulmalıdır. Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirdən məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş maddi zərərə görə 75555,9 (yetmiş beş min beş yüz əlli beş manat doxsan qəpik) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş maddi zərərə görə 75555,9 (yetmiş beş min beş yüz əlli beş manat doxsan qəpik) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-1729/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1729/2023
31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver