Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1742/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" BOKT QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona vurulmuş 5.418 manat 54 qəpik pulun faizlə birlikdə məhkəmə aktının çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, "xxxx" BOKT QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 avqust 2013-cü ildə "xxxx" ASC-də tapşırıq müqaviləsi əsasında satış mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur. 2015-ci ilin sentyabr ayının 01-də tapşırıq müqaviləsinin müddəti bitdiyinə görə işdən azad olunmuşdur. Orada işlədiyi müddətdə "xxxx" ASC ilə aralarında 49xx.xx.2014.SM12 nömrəli 21 noyabr 2014-cü il tarixli Təminatlı Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 2-ci bəndinə əsasən borc verən bank ona 5.200 manat kredit verməyi, o isə borc alan olaraq krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış, bir yerdə işlədiyi X17 zamin olmuşdur. Həmin kredit müqaviləsinə görə 5.200 manat pul kassa məxaric orderinə əsasən ona verilmişdir. Həmin məbləği aralarında olan qarşılıqlı razılaşmaya görə ona borclu olduğu üçün zamin Elvin Cəfərov ödəməli idi. O, işlədiyi müddətdə kredit mütəmadi olaraq ödənilmişdir. "xxxx" ASC ilə onun arasında bağlanması qeyd olunmuş 34.xx.xx.2015.SM12 nömrəli, 30 yanvar 2015-ci il tarixli Təminatsız Kredit Müqaviləsində göstərilən 5.209 manat kredit ona verilməmişdir. "xxxx" ASC ilə onun arasında bağlanması qeyd olunmuş xx.xx.2015.SM12 nömrəli, 10 aprel 2015-ci il tarixli Təminatsız Kredit Müqaviləsində göstərilən 15.000 manat kredit ona verilməmişdir. Qubadlı rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(028)-31/2021 saylı qətnaməsi ilə BOKT "xxxx" QSC-nin iddiası təmin olunmuş, "xxxx" ASC ilə onun arasında bağlanmış 49xx.xx.2014.SM12 №-li, 21 noyabr 2014-cü il tarixli Təminatlı Kredit Müqaviləsi üzrə ödənilməmiş 1956.15 manat məbləğində əsas kredit borcu, 8.09 manat məbləğində faiz olmaqla, cəmi 1964.24 manat pulun ondan və X7, "xxxx" ASC ilə onun arasında bağlanmış 34.xx.xx.2015.SM12 №-li, 30 yanvar 2015-ci il tarixli Təminatsız Kredit Müqaviləsi üzrə 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat faiz olmaqla, cəmi 3928,74 manat pulun və xx.xx.2015.SM12 №-li, 10 aprel 2015-ci il tarixli Təminatsız Kredit Müqaviləsi üzrə ödənilməmiş 11387.59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz olmaqla, cəmi 14933,59 manat pulun isə ondan BOKT "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-833/2022 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin olunmuş, Qubadlı rayon Məhkəməsinin 05 fevral 2021ci il tarixli, 2(028)-31/2021 nömrəli qətnaməsi xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmuş, BOKT "xxxx" QSC-nin ona qarşı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz olmaqla, cəmi 14933,59 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz olmaqla, cəmi 3928,74 manat pul tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin qətnaməsi qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-833/2022 saylı qətnaməsindən sonra məhkəməyə təqdim edilmiş sənədlər əsasında ona tam məlum olmuşdur ki, həmin müqavilələr görə onun cavabdeh qarşısında heç bir öhdəliyi olmadığı halda, cavabdeh tərəfindən onun "xxxx" ASC-də olan ******************** №-li bank hesabından qanunun tələblərini pozaraq onun razılığı və xəbəri olmadan, onun tanımadığı, lakin cavabdehin tanıdığı ayrı-ayrı şəxslərin bankda olan hesablarına 5418.54 manat pul köçürülməklə ona 5418.54 manat maddi ziyan vurulmuşdur. Hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən vurulmuş 5418.54 manat pulun faizlə birlikdə məhkəmə aktının çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ona ödənilməlidir. O, məcburi köçkündür və dövlət rüsumu ödəməkdən azaddır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Həmçinin bildirmişdir ki, irəli sürdükləri iddia tələbinin əsasını bank tərəfindən onun təmsil etdiyi şəxsə maddi ziyan vurulması təşkil edir, iddiaçının əmək haqqı onun mülkiyyətidir və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur, bununla bağlı isə iddia müddəti tətbiq olunmur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 izahatında iddia tələbini müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, oğlunun əmək haqqından qanunsuz tutulmaların aparılmasından yalnız Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən xəbər tutmuşlar. Belə ki, oğlu ilə bağlanmış əsasız kredit müqavilələrinə əsasən ona heç bir məbləğdə pul verilməmişdir və oğlunun əmək haqqından digər şəxslərin kreditlərinin ödənilməsi üçün qanunsuz tutulmalar aparılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, məhkəmənin icraatında olan hazırki mülki işlə bağlı hesab edir ki, iddiaçı ərizəsində qeyd edilən tələblər üzrə iddia müddətini ötürmüşdür, bu da öz növbəsində qanunvericiliyin tələblərinin onun tərəfindən kobud şəkildə pozulması deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırki iş üzrə iddiaçının tələbi ondan ibarətdir ki, onun əmək haqqı hesabından 2015-ci il ərzində Bank tərəfindən əsassız olaraq müəyyən məbləğdə pullar tutulmuşdur və həmin pulların hansı təyinatla silindiyindən xəbəri yoxdur. Hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür və iddia tələbi rədd olunmalıdır. Birincisi, ilk növbədə qeyd edilməlidir ki, iddiaçı öz iddia tələbinin hüquqi əsasını, yəni Bank tərəfindən tutulan pulun hansı hüquqi əsasa görə qaytarılmalı olduğunu öz ərizəsində əsaslandırmamış, məhkəmə iclaslarında cavabdehin nümayəndəsinin bu barədə olan suallarını da cavabsız qoymuşdur. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı Bank tərəfindən onun əmək haqqı hesabından əsassız verə tutulduğunu iddia etdiyi pulun geri qaytarılması tələbi ilə məhkəmədə çıxış edir və aydın məsələdir ki, bu tələbin əsasını hüquqi təbiəti baxımından hansısa delikt münasibətləri təşkil etmir və edə bilməz. Bu zaman geriyə əsassız varlanma və ya müqavilə münasibətləri əsasları qalmış olur. Əvvəla, cavabdehin nümayəndəsi olaraq hesab edir ki, iddiaçının iddia tələbinin hüquqi əsasını bunların içərisindən məhz əsassız varlanma təşkil edir və hazırki mübahisəyə Mülki Məcəllənin məhz əsassız varlanmanı tənzimləyən normaları tətbiq edilməlidir. Çünki, iddiaçı 2015-ci il ərzində Bank tərəfindən onun əmək haqqı hesabından tutulmalar aparıldığını və bu tutulmaların bir qisminin onunla Bank arasında bağlanmış müqavilələr üzrə borc məbləğinə, digər hissəsinin isə tanımadığı şəxslərin hesabına köçürüldüyünü (iddiaçı belə iddia edir) bildirir və bu tutulmaları əsassız hesab etdiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddianın əsaslı və ya əsassız hesab olunması da məhz Bankın, həqiqətən, əsassız olaraq varlanıb-varlanmaması baxımından, o cümlədən həmin hüquq münasibətlərinin digər aspektləri - iddia müddətləri baxımından qiymətləndiriləcəkdir. İddianın əsassızlığı ilə bağlı məhkəmə prosesinin gedişində kifayət qədər dəlillər təqdim edərək Bank tərəfindən aparılan tutulmaların hər birinə dair qanuni əsasları sübut etmişlər. Hazırda isə hesab edir ki, iddia tələbi həm də iddia müddətinin ötürülməsi əsası ilə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Hazırki iş üzrə istər iddiaçının öz bildirdiklərindən, istərsə də təqdim edilmiş hesabdan çıxarışlardan və işin faktiki hallarından göründüyü kimi iddiaçının əmək haqqı hesabından aparılan tutulmalar 2015-ci ili əhatə edir və üstəlik bundan sonra ABB tərəfindən iddiaçının kredit müqavilələri üzrə tələb hüququnun "xxxx" QSC BOKT-yə ötürülməsi nəticəsində sonuncu tərəfindən iddiaçıya qarşı borcun tutulması tələbi ilə bağlı məhkəməyə də müraciət edilmişdir. Yəni həmin müraciətdə İddiaçı ödənilməsi tələb olunan məbləğlər də məhz həmin tutulmalar aparıldıqdan sonra yerdə qalan borc məbləğindən ibarət olmuşdur. Lakin buna baxmayaraq iddiaçı nə həmin pullar tutulan zaman, nə də sözügedən məhkəmə proseslərinin gedişatında həmin pulların tutulması ilə bağlı hər hansı narazılığını bildirməmiş, pul tələbi ilə bağlı hansısa qarşılıqlı iddia tələbi və ya ayrıca iddia tələbi ilə müraciət etməmişdir. Halbuki hələ 2015-ci ildə pullar tutulan zaman artıq bundan, iddiaçının öz dili ilə ifadə etdikdə, hüququnun pozulduğundan xəbərdar olmuşdur. Həmçinin onu da qeyd edir ki, nə qədər mümkünsüz olsa da, iddiaçı həmin vaxt bundan xəbərdar olmamış olsa idi belə, yuxarıda göstərilmiş məhkəmə işinin gedişatında xx.xx.2021-ci il tarixdə iş materialları ilə tanış olma barədə ərizə vermiş və elə həmin gün də bütün sənədlərlə, o cümlədən hesabından çıxarışlar və maliyyə arayışları ilə tanış olaraq surətlərini çıxarmışdır (Qubadlı Rayon Məhkəməsinin icraatında olmuş 2(028)-31/2021 saylı işin 129-cu vərəqindəki ərizədən göründüyü kimi). Bu da o deməkdir ki, ən geci həmin tarixdə artıq hesabından çıxarışlarda hazırki iddia tələbində göstərdiyi pulların Bank tərəfindən tutulduğundan xəbərdar olmuşdur. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi hər bir halda iddiaçı Bank tərəfindən əsassız olaraq tutulduğunu iddia etdiyi pulların qaytarılması ilə bağlı ərizə ilə hüququnun pozulduğunu bildiyi və hətta bilməli olduğu vaxtdan nəinki qanunvericiliyə əsasən iki il, çox daha uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. İkincisi, hərçənd ki, hazırki iddia tələbinin hüquqi əsasının mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı münasibətlərini tənzimləyən normalarının olması mübahisəsiz olsa da, hər bir halda iddiaçının bunu müqavilə üzrə tələblərdən irəli gələn mübahisə kimi qələmə verməsi ehtimalını nəzərə alaraq buna da münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iddiaçının fərziyyəsinə əsasən cavabdeh olaraq ABB tərəflər arasında bağlanılan xx.xx.2015 və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə tutulmalı olmayan məbləği iddiaçıdan tutaraq müqavilə öhdəliklərini pozmuş ola bilər. Bu cür hüquqi əsasa münasibətdə isə qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Beləliklə, iddiaçının hazırki mübahisəni tərəflər arasında bağlanılan kredit müqavilələri üzrə tələblərdən irəli gəldiyini iddia etməsi halında belə həmin kredit müqavilələri üzrə pulların silindiyi 2015-ci ildən etibarən ən azı 3 il ərzində bu barədə məhkəmədə iddia irəli sürülməli idi. Lakin iddiaçı bu müddətə də əmək etməmiş və işə bu aspektdən baxdıqda da iddia müddətini ötürmüşdür. Beləliklə, bütun bunlar onu təsdiqləyir ki, iddiaçı istər iddia tələbinin əsassız varlanma, istərsə də müqavilə üzrə münasibətlərdən irəli gəlməsindən asılı olmayaraq hər bir halda məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən olunan müddət tələbini kobudcasına pozmuşdur və bu hal da iddia tələbinin əsassız olması ilə yanaşı qeyd edilən xüsusat nəzərə alınmaqla da rədd olunmasına əsas təşkil edir. Bu səbəbdən, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT QSC-nin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini bildirmişdir. İş materialları: Cari bank hesabı haqqında (fiziki şəxs üçün) xx.xx.2015-ci il tarixli müqavilədən aydın olur ki, müqavilənin predmetini İddiaçı adına həm milli, həm də xarici valyutada cari hesabın açılması və müştərinin tapşırığı ilə bank əməliyyatlarının aparılmasından ibarətdir. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" ASC tərəfindən 2014-2015-ci il tarixlərində iddiaçıya məxsus hesablardan aparılan silinmələr onun Bankla bağladığı xx.xx.2014, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli kredit müqavilələri nəticəsində yaranmış borcun ödənilməsi məqsədilə aparılmış və bu silinmələrin hamısının əsasında qeyd edilən müqavilələrin hər birinin «Borcverənin hüquqları» adlı bölməsindəki borcun ödənilmədiyi təqdirdə borclunun Bankda olan bütün hesablarından akseptsiz qaydada silinmə hüququnun təsbit olunması durmuşdur. Bundan əlavə, daha öncəki məhkəmə iclaslarında da bildirildiyi kimi iddiaçı xx.xx.2015 və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə borcun tutulması ilə bağlı tələbin təmin olunmamasına istinad etsə də, bir daha qeyd etmək istəyirlər ki, işə baxan məhkəmələr borcun yalnız məhkəmə qaydasında tutulması barədə iddianı təmin etməmişlər. Yəni nə hazırki iş üzrə iddiaçının həmin iş üzrə borcun silinməsinə dair hər hansı iddiası olmamış, nə həmin əqdlərin etibarsız hesab olunması, özü tərəfindən bağlanmaması və s. əsaslarla mübahisələndirməmiş (hazırki iddia üzrə də müqavilələrə onun tərəfindən imza atıldığı və öz iradəsi ilə bağlandığı faktını inkar etmir, iclas protokollarında da mövcuddur), nə də məhkəmə qeyd edilən hallara dair hər hansı hüquqi mövqe bildirməmişdir. "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə Əlavənin surətindən görünür ki, "xxxx" ASC İddiaçı aid problemli aktivlərlə bağlı sənədlər "xxxx" QSC-yə təhvil vermişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(028)-31/2021 saylı qətnaməsindən görünür ki, "xxxx" BOKT QSC-nin İddiaçı və X13 qarşı «əsas borcun və hesablanmış faizin qaytarılması» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və X7 "xxxx" BOKT QSC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas kredit borcu, 8,09 manat faiz olmaqla, cəmi 1964,24 manat, həmçinin İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11.387,59 manat məbləğində əsas kredit borcu, 3.545,86 manat məbləğində faiz olmaqla, cəmi 14.933,59 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3.663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz olmaqla, cəmi 3.928,74 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 may 2022-ci il tarixli 2(105)-833/2022 saylı qətnaməsinin məzmunundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1702/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh X12 apellyasiya şikayəti təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin bu iş üzrə 05 fevral 2021-ci il tarixli 2(028)-31/2021 saylı qətnaməsi cavabdeh X17 hissəsində ləğv edilmiş, iddiaçı "xxxx" BOKT QSC-nin cavabdehlər X13 və İddiaçı qarşı əsas borc və hesablanmış faizin qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı "xxxx" BOKT QSC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas kredit borcu, 8,09 manat məbləğində faiz, cəmi 1964,24 manat, həmçinin, İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz borcu, cəmi 14933,59 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz, cəmi 3928,74 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulması, iddiaçı "xxxx" BOKT QSC-nin cavabdeh X13 əsas borc və hesablanmış faizin qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-126/2022 nömrəli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1702/2021 nömrəli qətnaməsi 30 yanvar 2015-ci il və 10 aprel 2015-ci il tarixli kredit müqavilələri üzrə iddianın təmin edilən hissəsində ləğv edilərək, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 may 2022-ci il tarixli 2(105)-833/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Qubadlı rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(028)- 31/2021 nömrəli qətnaməsi xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, "xxxx" BOKT QSC-nin İddiaçı qarşı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz borcu, cəmi 14933,59 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz olmaqla, cəmi 3928,74 manat pul tələbinə dair iddiası təmin edilməmişdir. "xxxx" ASC-nin 30 dekabr 2023-cü il tarixli 6-2-41/2-36624/2023 saylı məktubunun məzmunundan görünür ki, "xxxx" ASC-nin Müştəri xidməti departamentinin əməkdaşı olmuş İddiaçı vəzifə səlahiyyətləri çərçivəsində «Banklarda kreditlərin verilməsi» Qaydalarına zidd olaraq öz yaxın ətrafına, yəni qardaşı X6 və xalası oğlu X10 adlarına kreditlər rəsmiləşdirdiyi bank tərəfindən aşkar edilmiş və İddiaçı öz razılığı və təşəbbüsü ilə ona məxsus ******************** saylı əmək haqqı hesabından müxtəlif tarixlərdə həm özünün, həm də qardaşı və xalası oğlunun adlarına rəsmiləşdirilmiş kreditlər üzrə silinmələr həyata keçirilmişdir. Sonradan yuxarıda qeyd olunan kredit müqavilələrinə əsasən yaranmış qalıq borc üzrə tələb hüququ "xxxx" BOKT QSC-yə ötürülmüşdür. İddiaçı adına açılmış xx.xx.2015-ci il tarixli hesab üzrə xx.xx.2015-ci il tarixdən etibarən xx.xx.2019-cu il tarixədək aparılmış əməliyyatlara dair çıxarışdan aydın olur ki, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il,xx.xx.2015-ci il, xx.xx.2015-ci il tarixlərdə əmək haqqı hesaba daxil olduqdan sonra fərqli hesablara kredit borcu və faizləri üçün ödənişlər edilmişdir. “X20 Edilməsi Agentliyi” MMC-nin İddiaçı xx.xx.2021-ci il tarixli məktubuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, şəxsin müraciətində qeyd etdiyi sənədlər "xxxx" QSC tərəfindən Qubadlı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunarkən təqdim edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq "xxxx" ASC xx.xx.2024-cü il tarixli ərizə ilə bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus hesabdan - 1) onun özünə aid xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1200,58 manat; onun özünə aid xx.xx.2015-ci il tarixli müqavilə üzrə 797,68 manat; onun özünə aid xx.xx.2015-ci il tarixli müqavilə üzrə 1541,90 manat; 2) Xalası oğlu X11 xx.xx.2015-ci il tarixli 5000 manat məbləğində olan kredit müqaviləsi üzrə 563,90 manat; 3) Xalası oğlu X11 xx.xx.2015-ci il tarixli 10000 manat məbləğində olan kredit müqaviləsi üzrə 1292 manat; 4) Xalası oğlu X11 ipoteka krediti üzrə 250 manat; 5) X16 krediti üzrə 197,38 manat məbləğində vəsait tutulmuşdur. Cavabdeh bank tərəfindən təqdim edilmiş müştəri İddiaçı aid hesab üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək aparılmış əməliyyatlara dair çıxarışda bank tərəfindən şəxsin hesabından İddiaçı özünün bağladığı xx.xx.2014-cü il,xx.xx.2015-ci il, xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə və həmçinin də qardaşı X2 və xalası oğlu olduğu deyilən X10 adına rəsmiləşdirilmiş kredit müqavilələri üzrə tutulmalar aparıldığı qeyd edilmişdir. Məhkəməyə təqdim olunmuş AA seriyalı 473574 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkün olmaqla, dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Qubadlı Rayon Məhkəməsinin icraatında olmuş 2(028)-31/021 saylı mülki iş materiallarında olan X1 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, müraciət müəllifi məhkəməyə müraciət edərək iş materiallarında olan sənədlərin surətlərinin ona verilməsini xahiş etmiş və sənədlərin surətlərini əldə etmişdir.(cild 1. S.129) Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən istər əsassız varlanmadan irəli gələn (Mülki Məcəllənin 1095-ci maddəsi) mübahisə üzrə, istərsə də müqavilə şərtlərindən irəli gələn (Mülki Məcəllənin 373.2-ci maddəsi) mübahisə üzrə müəyyən olunmuş iddia müddətləri ötürülmüşdür. İddiaçı bu müddətlərin üzürlü səbəblərdən ötürülməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı özünün də ərizəsində göstərdiyi kimi xx.xx.2013-cü ildən etibarən cavabdeh hüquqi şəxsdə (iddiaçının nümayəndəsinin bildirməsinə görə əmək fəaliyyəti) fəaliyyət göstərmiş və təbii ki onlar arasında olan müvafiq müqavilədə onun almalı olduğu haqq (əmək haqqı, xidmət haqqı) və haqqın köçürülməli olduğu hesab müəyyənləşdirilmişdir. İddiaçı özünün də bildirdiyi kimi cavabdehlə 3 fərqli tarixlərdə kredit müqaviləsi imzalamış və həmin müqavilələr üzrə öhdəliklərin icrasını öz öhdəsinə götürmüşdür. Bank tərəfindən 2 kredit müqaviləsi üzrə müvafiq kredit məbləğinin şəxsə verilməməsi əsası ilə bankın borcalana qarşı iddiası tərəflər arasında olan digər məhkəmə icraatında aparılmış araşdırma nəticəsində təmin edilməmişdir. Lakin həmin məhkəmə araşdırması zamanı müəyyən edilən hal ondan ibarət olmuşdur ki, borcalanın, hazırki iş üzrə iddiaçının hesabından şəxsin tərəf olmadığı öhdəliklərə görə də tutulmalar aparılmışdır. Şəxs, hazırki iş üzrə iddiaçı həmin tutulmaların onun öz kredit müqavilələrinə münasibətdə aparılmasını düşünsə də, bundan əvvəl tərəflər arasında aparılmış məhkəmə araşdırmasında şəxs bu tutulmaların onun tərəf olmadığı, lakin tərəfin müəyyən qohumluq münasibətlərində olduğu borcalanların kredit müqavilələrinə görə aparılmasından xəbər tutmuşdur. Hətta hazırki iddia tələbi ilə müraciət edərkən də tərəfin irəli sürdüyü məbləğ məhz həmin tutulmalara görə özünün riyazi qaydada hesabladığı məbləğdən ibarət olmuşdur. Yəni iddiaçının nümayəndəsi bildirmişdir ki, iddia tələbində irəli sürdüyü məbləği şəxsin hesabından aparılan tutulmalara əsasən müəyyən etsə də, dəqiq olaraq hansı məbləğin hansı kredit müqaviləsi üzrə tutulmasını müəyyən edə bilməmişdir. Bununla bağlı məsələni dəqiqləşdirmək üçün məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş cavabda iddiaçının özünə aid olan xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə 1200,58 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 797,68 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 1541,90 manat, xalası oğlu X11 xx.xx.2015-ci il tarixli 5000 manat məbləğində olan kredit müqaviləsi üzrə 563,90 manat, xalası oğlu X11 xx.xx.2015-ci il tarixli 10000 manat məbləğində olan kredit müqaviləsi üzrə 1292 manat, xalası oğlu X11 ipoteka krediti üzrə 250 manat və X16 krediti üzrə 197,38 manat məbləğində vəsait tutulması aydın olmuşdur. İddiaçı tərəfindən verilmiş izahatlarda və irəli sürülmüş fikirlərdə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə aparılmış tutulmalar mübahisələndirilməmişdir. İddiaçı məhz onun hesabından əsassız olaraq digər-xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli müqavilələr üzrə və üstəlik də digər şəxslərin borcları üçün tutulmaların aparılmasının əsassız olduğunu və pulun ona geri qaytarılmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, bank hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul) əldə etmiş, bank tərəfindən qanuni əsas və ya müqavilə əsası olmadan aparılan bu tutulmalarla bank əsassız olaraq varlanmışdır və iddia özlüyündə əsaslıdır. Lakin məhkəmə cavabdeh tərəfindən irəli sürülən iddia müddətinin tətbiqi barədə ərizəni əsaslı hesab edir və iddia tələbinə qarşı həmin ərizəni tətbiq etməklə iddianın təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə xatırladır ki, iddia müddətinin tətbiqində şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gün mütləq dəyərləndirilməlidir. Konstitusiya Məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən şəxsin öz əmlak və qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür.Hazırda iddia tələbinə qarşı cavabdeh tərəfindən irəli sürülmüş iddia müddətinin tətbiqi barədə ərizəyə qarşı olaraq iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü səbəbləri barədə hər hansı mövqe bildirilmişdir. Həmçinin iddiaçının nümayəndəsi qeyd etmişdir ki, İddiaçı əmək haqqı ona ödənilənədək onun hesabından tutulmalar aparılmışdır, bu səbəbdən o, bu tutulmalardan xəbərdar ola bilməzdi. Məhkəmə bu dəlillə bağlı qeyd edir ki, şəxsin özünün əmək haqqı məbləğindən məlumatsız olması qeyri-mümkündür və həmçinin də hesab üzrə əməliyyatlara dair çıxarışdan görünür ki, əmək haqqı məbləği hesaba köçürüldükdən sonra mübahisələndirilən tutulmalar aparılmışdır. Odur ki, iddiaçının istər əmək haqqı məbləğindən və istərsə də aparılan tutulmalardan xəbərsiz olması barədə dəlilləri əsassızdır. Belə ki, iddiaçı tərəf iddia ərizəsində iddiasının qanuni əsasını bank hesabı müqaviləsindən irəli gələn münasibət kimi qiymətləndirmiş, məhkəmə iclasında isə cavabdeh tərəfindən ona maddi ziyan dəyməsini və həmin pulun mülkiyyət olması əsası ilə mülkiyyətin müdafiəsi münasibətlərinə iddia müddətinin şamil olunmamasını qeyd etmişdir. Məhkəmə “Jura novit curia” prinsipini əsas tutaraq xatırladır ki, iddiaçı tərəfindən onun bank hesabında olan vəsaitdən əsassız tutulmalarla bağlı mülkiyyət hüquqlarının müdafiəsinə istinad etməsi əsaslı sayıla bilməz. Ümumiyyətlə istər bank hesabı müqaviləsi üzrə, istər maddi ziyan vurulması, istərsə də əsassız varlanma halında tərəfin pozulmuş hüququ onun əmlak mənafeyi ilə (nəticədə hər hansı əmlakı və ya pulu əldə etmək (geri qaytarılmasını təmin etmək) niyyəti ilə) bağlıdır, lakin bütün əmlak mənafeyi ilə bağlı halları mülkiyyət hüququnun müdafiəsi ilə uzlaşdırmaq düzgün deyil. Eləcə də hazırki halda mübahisənin həllində qanuni əsas məhz bank tərəfindən hüquqi əsas olmadan şəxsin hesabından digər şəxslərin kredit müqavilələri üzrə tutulmaların aparılması nəticəsində bankın əsassız olaraq varlanmasıdır. Beləliklə məhkəmə işin araşdırılan hallarından bu qənaətə gəlir ki, iddia tələbi özlüyündə əsaslı olsa da, cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə təqdim etmişdir və bu, iddianın rədd edilməsi üçün əsasdır. Belə olduğu təqdirdə, iddia təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1742/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1742/2024
06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver